Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-360/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli 19 saylı qərarın ləğv edilməsi və verginin hesablanmasının vergi qanunvericiliyinin tələbinə uyğun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(118)-2972/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli 19 saylı qərarın ləğv edilməsi və verginin hesablanmasının vergi qanunvericiliyinin tələbinə uyğun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 19 saylı protokol qərarı ilə İddiaçı 20.680,5 manat əmlak vergisi və 96.594,69 manat torpaq vergisi üzrə, ümumilikdə 117.275,23 manat vergi borcu hesablanmış və ödənilməsi ilə bağlı tələb irəli sürülməsi qərara alınmışdır. Həmin borc məbləği, Sumqayıt şəhəri, Kimya məhsulları anbarı ərazisində yerləşən mülkiyyətində olan 6,46735 ha torpaq sahəsi və üzərində mövcud olmuş 6492,90 kv.m tikili olduğuna istinadən hesablanmışdır. Bunun hüquqi əsası kimi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 11, 16.1.1, 77.1, 203.1 və 206.3-cü, həmçinin "Yerli (bələdiyyə vergilər və ödənişlər haqqında " Azərbaycan Respublikası Qanununun 3.2-ci və 5.1-ci maddələrin tələbləriə istinad edilmişdir. Qərarın məzmununa görə vergilər üzrə borc 2016-2023-cü illər üçün hesablanmışdır. Yəni qeyd olunan vergilər ötən 7 illik dövr üçün hesablanmışdır. Göründüyü kimi cavabdeh daşınmaz əmlaklarla bağlı vergiləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsaslanaraq hesablandığını və vergilərin hesablanıb ödənilmədiyinə görə əmlak sahibi İddiaçı həmin Məcəllənin tələblərini pozduğu qeyd edilmişdir. Halbuki, cavabdeh adı çəkilən vergilərin hesablanmasında özü həmin Məcəllənin tələblərinə riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsində təsbit olunmuş maddi normalar, yalnız vergilərin riyazi hesablanmasından ibarət olmayıb, vergilərin müddətlər üzrə hesablanması tələbi də mövcuddur. Vergilər hesablanılan və tələb edilməsi zamanı Vegi Məcəlləsinin bütün qarşılıqlı tələbləri nəzərə alınmalı və riayət olunmalıdır. Bu baxımdan cavabdehə müraciət edilmiş, qərarında yol verilmiş pozuntuların aradan qaldırılması və vergi borcuna dair yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Lakin cavabdeh müraciəti müsbət həll etməmiş və bununla bağlı xx.xx.2024cü il tarixli, 2530 nömrəli cavab məktubu ilə imtina vermişdir. Yol verdiyi qanun pozuntusunu aradan qaldırmaqda hərəkətsizlik davam etməkdədir. Bu da həmin məbləğin ödənilməsi ilə bağlı üzərinə əlavə öhdəlik qoyulması ilə nəticələnmişdir. Bu barədə cavabdeh bələdiyyənin bir neçə səlahiyyətli vəzifə sahiblərinin qəbulunda olaraq məsələni mübahisəyə çevrilmədən həll edilməsin xahiş edilmişdir. Lakin cavabdeh məsələni qarşılıqlı həllini rədd etdiyindən, qanunda müəyyən olunan hüququn müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Birinci instansiya məhkəməsinin qərarı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2972/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardan iddiaçı məlumatlı olmasına baxmayaraq qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixli, 2530 nömrəli məktubun surətindən görünür ki, iddiaçı cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 19 saylı qərarının varlığından xəbəri olmuşdur.İddiaçı müvafiq orqanın mübahisələndirilən qərarından yuxarı səlahiyyətli orqana və ya məhkəməyə müraciət etməli idi. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü ildə məhkəmədə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim olunduğu (elan, olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu) vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunvericiliyin tələbinə görə inzibati aktdan şikayət vermə müddətinin axımı onun barəsində bildiyi deyil, onun təqdim edildiyi gündən başlayır. Qərardada istinad edilən Cavabdeh xx.xx.2024-cü il tarixli, 2530 nömrəli məktubu, barəsində şikayət olunan qərarın təqdim edilməsi deyil, iddiaçının müraciətinin təmin edilməməsi ilə bağlıdır. İddiaçının müraciətində isə qərara mailk olduğu deyil, belə bir qərarın olduğu göstərilmişdir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru xx.xx.2024-cü il tarixli bildiriş verərək, vergi borcunun tələb olunduğu və tələbkarın Summqayıt Bələdiyyəsi olduğu bildirilmişdir. Cavabdeh maliyyə şöbəsində olanda, verginin hesablanması tədiyyə bildirişi təqdim edilmiş və vergini bələdiyyənin qərarı əsasında hesablandığı bildirilmişdir. Bununla bağlı müraciətə Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir. Məktubda verginin düzgün hesablandığı bildirilmiş, lakin məktuba qərarın surəti əlavə edilməmişdir. Məsələnin həlli ilə bağlı iddiaçı tərəf (nümayəndəsi) bir neçə dəfə Cavabdeh səlahiyyətli şəxslərin qəbulunda olmuş, məsələ həllini tapmadığından, son olaraq xx.xx.2024cü il tarixdə sədr müavinin qəbulunda qərarın surəti təqdim edilmişdir. İddia ərizəsinin məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olduğu qəbul edilirsə, iddia 30 gün müddətində vaxtında verilmiş hesab edilməlidir. Lakin məhkəmə mümkünlük məsələsinə baxarkən, müddət axımını bələdiyyənin xx.xx.2024-cü il tarixli məktuba nisbətdə nəzərə almış, məktubun mövcudluğu dəlili ilə kifayətlənmiş, digər halları aydınlaşdırmamışdır. Bu da müddətlə bağlı düzgün olmayan nəticəyə səbəb olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 19 saylı qərarın ləğv edilməsi və əmlak vergisinin hesablanmasının vergi qanunvericiliyinin tələbinə uyğun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlı olmuşdur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçıya mübahisəli müvafiq qərarın surəti rəsmi qaydada təqdim edilməmiş, iddiaçı sonradan qərarın surətini əldə etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçının müraciətinə cavab olaraq cavabdeh bələdiyyə özünüz xx.xx.2024-cü il tarixli 2530 saylı məktubunda onun mülkiyyətində olan torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi ilə əlaqədar torpaq və əmlak vergisinin hesablandığını və iddiaçı tərəfindən ödənilmədiyini nəzərə alaraq müvafiq inzibati aktların icra edilməai üşün aidiyyəti üzrə gönədirldiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, həmin məktubda qərarın nömrəsi və tarixi kimi vacib rekvizitlər qeyd olunmamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən mübahisələndirilən qərarın iddiaçıya hər hansı förmada göndərilməsi, elan edilməsi və ya təqdim edilməsini təsdiq edən sübutu cavabdehdən tələb etmədən və iddia müddətini ötürülmüş hesab etdiyi halda iddia müddətinin bərpa edilməsi üçün iddiaçının müvaiq vəsatətlə məhkəməyə müraciət etmək hüququ ilə bağlı iddiaçıya zəruri hüquqi yardım göstərmədən iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Halbuki, qəbul etdiyi inzibati aktı qanunvericiliklə müəyyən edilmiş formada və müddətdə maraqlı şəxsə (bu halda iddiaçıya) göndərmək birbaşa inzibati orqanın vəzifəsi olmuşdur. Məhkəmənin istinad etdiyi məktubda bələdiyyə qeyri-müəyyən şəkildə inzibati aktların aidiyyəti orqana göndərilməsini bildirmişdir. Həmin inzibati aktların nədən ibarət olması, nə vaxt və hansı orqana göndərilməsi müəmmalı olaraq qalmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 3-cü bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Qeyd edilən hallara əsasən məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə yalnış olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən mübahisənin faktiki və hüquqi halları iddiaçı ilə təkrar müzakirə edilməli, mübahisələndirilən inzibati aktın iddiaçıya göndərilməsini təsdiq edən sübutu cavabdehdən tələb etməli, məhkəmə iddia müddətini ötürülmüş hesab etsə belə, iddiaçıya iddia müddətinin bərpa edilməsi ilə bağlı vəsatətlə müraciət etmək hüququnun izah edilməsi ilə bağlı zəruri hüquqi yardım etməli və bu əsaslarla iddianın mümkünlük məsələsi yenidən yoxlanılmalı, iddia mümkün sayıldığı halda, işə mahiyyəti üzrə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(118)-2972/2025 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-360/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-360/2025
19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver