Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-361/2024 26.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)- 4640/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletə əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-cu il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Sənayekommunal tikinti” birliyinin 3 nömrəli filialında (xx.xx.1999-cu il tarixində “Sənayekommunal tikinti” birliyinin 3 nömrəli filialının adı dəyişdirilərək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlandırılmışdır) işləmişdir. İddiaçı 27 yanvar 2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 17 may 2023-cü il tarixli, 3-17-1/2-M-109504/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin araşdırılması zamanı məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar, fevral, mart ayları üzrə əksini tapmadığından xx.xx.1992xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə iş stajına dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən, filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən müəssisədə əmək haqqı cədvəlləri saxlanılmadığından həmin dövr ərzində işləyib-işləmədiyini və ona əmək haqqı ödənilibödənilməməsini müəyyən etmək mümkün olmamışdır. Bu fakt "xxxx" SC-nin 2 saylı müəssisəsinin 02 mart 2023-cü il tarixli aktı ilə təsdiq edilmişdir. Buna görə də xx.xx.1992xx.xx.2006-cı il tarixləri arasındakı dövrü iş stajına daxil edilməmişdir. Göstərilən səbəblərdən də onun ümumi iş stajı 25 iİdən az (10 il 7 ay 9 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il üzrə 1 ay), güzəştli iş stajının isə 12 il 6 aydan az (8 il 4 ay 12 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1985xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir və bu qanunvericiliklə tələb edilən müddətdən az təşkil edir. Eyni zamanda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 9787,46 manat təşkil edir ki, bu da pensiya təminatına imkan verən minimum pensiya kapitalından (40320,00 manat) azdır. Belə olan halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt 17 saylı texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Azərsənayetinkti” SC-nin 2 saylı müəssisəsində izolyasiyaçı peşəsində işləmişdir. 13 il zərərli peşədə işlədiyi müddət də daxil olmaqla, ümumi əmək stajı 26 ilə yaxın təşkil etmişdir. Bu baxımdan, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh 17 may 2023-cü il tarixli məktubunda güzəştli iş stajının 10 il 7 ay 9 gün olduğunu göstərərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)-4640/2023 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt 17 saylı texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında mövcud olan sübutlarla iddiaçının xx.xx.2006-cı il tarixədək AR NK-nın xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə 12 il 06 ay xüsusi və 25 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin tələblərinə əsasən 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin Siyahıya görə izoləedici peşəsi 2290000a-12520 şifrə altında güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən peşələrə aid edilmişdir. Məhkəmə hesab etmişdir ki, hər hansı müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi vətəndaşın sosial təminat hüquqlarını məhdudlaşdırmamalıdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi hal-hazırda fəaliyyətini davam etdirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi sözügedən müəssisə ilə iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər həqiqətən də həmin müəssisədə işləyib-işləmədiyini dəqiqləşdirməyə ehtiyac duymamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək xx.xx.2006-cı il tarixədək olan dövr üzrə iş stajı nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67.1-2. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 4.1-ci bənd. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; (-)
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; (-) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının və hərbi biletin qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Sənayekommunal tikinti” birliyinin 3 nömrəli filialında (xx.xx.1999-cu il tarixində “Sənayekommunal tikinti” birliyinin 3 nömrəli filialının adı dəyişdirilərək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlandırılmışdır) işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (24 il 09 ay 09 gün). Azərbaycan SSR X9 Təhsil Komitəsi tərəfindən verilmiş B 681736 nömrəli, 28 iyun 1982-ci il tarixli diplomdan görünür ki, iddiaçı 01 sentyabr 1981-ci ildə Sumqayıt şəhər 17 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 24 iyun 1982-ci ildə suvarıcı rəngsaz peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir (09 ay 23 gün). Cavabdeh tərəfindən iddiaçının təhsil müddət onun ümumi iş stajına daxil edilməmişdir. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmçinin, cavabdeh apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar, fevral, mart ayları üzrə məcburi dövlət sosial sığorta haqları əksini tapmadığından xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində onun "xxxx" SC-də işlədiyinə dair əsaslı şübhələr yarandığını və həmin dövrün iş stajına daxil edilmədiyini, bu səbəbdən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az, güzəştli stajının isə 12,5 ildən az olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası şikayətin qeyd edilən əsassız hesab edərək qeyd edir ki, iddiaçının əmək kitabçası məlumatlarına əsasən, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək hazırkı "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işləmişdir. Həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının işlədiyi dövrdə və hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir. Mübahisələndirən xx.xx.1992-xx.xx.2006-cı illərdə də iddiaçının "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının yuxarıda qeyd edilən müddəalarında xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddətinin fərdi uçot məlumatlarına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. İnzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçının işlədiyi müəssisə tərəfindən 2006-cı ilin yanvar-mart ayları üzrə məcburi sığorta haqları ödənilmədiyindən, ümumilikdə, xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı müddətin iş stajına daxil edilməli olmaması ilə bağlı cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Həmçinin, bununla bağlı "xxxx" SC-in 2 saylı müəssisəsinin direktoru X2 tərəfindən məhkəməyə təqdim edilən əmək haqqı cədvəllərindən, eləcə də “Sənayekommunal tikinti” birliyinin 3 nömrəli filialının 01 iyul 1982-ci il tarixli, 80/k nömrəli və 28 fevral 1985-ci il tarixli, 34/k nömrəli əmrlərinin əslindən müəyyən edilir ki, o, həqiqətən də, 1982-2006-cı illərdə həmin müəssisədə işləmiş, xx.xx.2006-cı il tarixdə işdən azad edilmiş, ona 1992- 2005-ci illərdə əmək haqqı ödənilmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Kollegiya iddiaçının işlədiyi xx.xx.2006-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrə münasibətdə isə qeyd edir ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 27 mart 2023-cü il tarixli məktubundan görünür ki, Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində "xxxx" ASC tərəfindən 2006-cı il üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar hqqında hesabatda hazırkı iş üzrə iddiaçının məlumatları qeyd edilməmişdir. Bununla bağlı, iddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək, xx.xx.2006-cı il tarixədək iş stajının nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdeh iddiaçının güzəştli iş stajını xüsusi olaraq mübahisələndirməmiş, yuxarıda qeyd olunan səbəblərdən onun bu stajının 12,5 ildən az olduğunu hesab etmişdir. İddiaçıya məxsus əmək kitabçasından və "xxxx" SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə izoləedici peşəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 2290000a-12520 şifrə (kodu) üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verir. İddiaçının "xxxx" SC-də işlədiyi izoləedici peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmasına münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısından görünür ki, həmin peşə Siyahının 22900000 kodlu XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a—12520 şifrinə (izolyasiyaçılar) uyğun gəlir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 2 nömrəli siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu 06 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt 17 saylı texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)-4640/2023 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt 17 saylı texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.