Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-361/2025 10.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X10 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, üçüncü şəxs X4 və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2-1(118)-1369/2024 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “cavabdehin üzərinə X1, X4, X6, X7 ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2-1(118)-5002/2023 nömrəli qərardadı ilə X12 və X4 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. X12 əvvəlki mülkiyyətçi, X4 isə iddiaçının bacısı oğlunun keçmiş həyat yoldaşı, azyaşlı X6, X13 isə X2 uşaqlarıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, X24 küçəsi, ev 50 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. X1, X8, X6, X7 mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar, mənzilində yaşamırlar, onlara məxsus mənzilində heç bir əşya yoxdur. Həmin şəxslərinin pasport qeydiyyatından çıxarılması üçün ilk olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən onun müraciəti təmin edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə münasibətdə bildirmişdir ki, Abşeron rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş **********18-10301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, X24 küçəsində 0,0575 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 18.9 kv.m yaşayış, 16.7 kv.m köməkçi sahədən ibarət 50 nömrəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-5989/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh Raqif Süleymanova qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin sözügedən qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X4 ilə Raqif Süleymanov arasında xx.xx.2007-ci il tarixdə Səadət Sarayı-Bakı Nikah Evində bağlanmış 154 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 anası X2 yanında saxlanması, cavabdeh Raqif Süleymanovdan iddiaçı X2 xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X24 küçəsi, ev 50 ünvanında X6, X13, X12, X9, X11 və X4 qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2-1(118)-1369/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, X12, X4, X6, X7 Abşeron rayonu, Saray qəsəbəsi, X24 küçəsi, ev 50 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslər X12, X4, X6, X7 mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması və ya təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşı X5 xalasıdır. O, 2006-cı ildə ailə qurduqdan sonra Sumqayıt şəhəri, 4-cü mikrorayonda yoldaşı və qaynanası ilə birlikdə yaşayırdı. 2008-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, X24 küçəsi, 50 saylı evi alıb, həmin evə köçmüşdürlər. Həmin evə köçməyinin əsas səbəbi o idi ki, qayınanası ikinci dəfə ailə həyatı qurmuşdu, ev balaca olduğundan 50 saylı evi almışdır ki, orada həyətdə olan iki otaqlı tikilidə həyat yoldaşı ilə, digər bir otaqlı tikilidə isə qayınanası həyat yoldaşı ilə yaşasın. Lakin evi alarkən, həm qayınanası, həm də həyat yoldaşı Gürcüstan Respublikasının vətəndaşı olduqlarından evi həyat yoldaşının xalası hazırki İddiaçı adına qeydiyyatdan keçirdilər. 2008-ci ildən onlar keçmiş həyat yoldaşı ilə Abşeron rayonu, Saray qəsəbəsi, X24 küçəsi, 50 saylı evdə yaşamağa başladılar. Həmin vaxtı ev çox köhnə idi, buna görə də qalacaqları iki otaqlı evi söküb iki mərtəbəli (100-120 kvm) üç otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət ev tikmişdirlər. xx.xx.2012-ci il tarixdə həmin evdə yaşadığı vaxt qızı X6, xx.xx.2014-cü i tarixdə isə oğlu X13 doğulmuşdur. 2022-ci ildə ailə münasibətləri pozulduğu üçün həmin evdə yaşamağına imkan vermədiklərindən məcbur olub uşaqları ilə birlikdə anasının evinə getməli oldu. Lakin bu günə qədər bütün cehiz əşyaları, sonradan aldığı əşyalar, uşaqlarının əşyaları həmin evdədir. Qeyd edilir ki, 16 il mübahisəli evdə yaşamışdır, yaşadığı ev keçmiş həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmiş gəlirlər hesabına inşa edilmişdir, o, bir çox işlərin görülməsi üçün kreditə də pul götürüb evin təmirinə xərcləmişdir. Qeyd etdiklərini məhkəmə iclasında mübahisəli evdə yaşadığı vaxtda qonşuları olmuş şəxslər də təsdiq edə bilər. Abşeron rayonu, Saray qəsəbəsi, X24 küçəsi, 50 saylı evdə qeydiyyatdan çıxarılmağını isə təsadüfən xx.xx.2024-cü il tarixdə ASAN xidmət mərkəzinə arayış almaq üçün müraciət etməli olduğunda xəbər tutdu və bundan sonra məhkəməyə müraciət edərək qərarın surətini əldə etdi. Bütün göstərilənləri nəzərə alaraq hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1369/2924 saylı xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və ədalətsizdir. İddiaçı məhkəməyə yalnış məlumatlar verərək məhkəməni aldatmışdır. O ancaq mübahisəli mənzil üzrə məhkəməyə çağırıldığı üçün məhkəmədən xəbəri olmamışdır. Halbuki, iddiaçı istəsəydi, onun telefon nömrəsini məhkəməyə təqdim edərdi və ya keçmiş həyat yoldaşı, ya da uşaqlarla ona məhkəmə barədə məlumat verə bilərdi. Belə ki, uşaqları bu gün də həmin evdə ataları ilə görüşüb ünsiyyətdə olurlar. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, onun yetkinlik yaşına çatmayan uşaqları ilə bərabər mübahisəli mənzildən qeydiyyatdan çıxarılmağına dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1369/2924 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verilmiş suallara cavab olaraq üçüncü şəxsin əvvəllər mübahisəli mənzildə yaşadığını, hazırda yaşamadığını bildirərək, ona məxsus əşyaların sözügedən evdə olduğunu qəbul etmiş və istənilən zaman həmin əşyaların götürülə biləcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı ona məxsus olan mənzildə pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-5989/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh Raqif Süleymanova qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin sözügedən qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X4 ilə Raqif Süleymanov arasında xx.xx.2007-ci il tarixdə Səadət Sarayı-Bakı Nikah Evində bağlanmış 154 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 anası X2 yanında saxlanması, cavabdeh Raqif Süleymanovdan iddiaçı X2 xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda iddiaçı onun mülkiyyətində olan mənzildən hazırkı iş üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, **********18-10301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, X24 küçəsində 0,0575 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 18.9 kv.m yaşayış, 16.7 kv.m köməkçi sahədən ibarət 50 nömrəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir, eyni zamanda üçüncü şəxslər isə həmin mənzildə yaşamırlar. Qeyd olunan dəlillərə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətində də istinad olumuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, istər üçüncü şəxslərin yaşayış sahəsinə əmlak hüququnun olmaması baxımından, istərsə də onların həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Lakin kollegiya əlavə olaraq qeyd edir ki, hazırki inzibati mübahisəyə baxılması gələcəkdə iddiaçı və üçüncü şəxslər arasında istifadə hüququnun tanınması ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırılmasını istisna etmir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə yaşamadığı halda onların həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2-1(118)-1369/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.