Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-362/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-2738/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya aid SN ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 01 aprel 2016-cı il tarixdən 04 aprel 2016-cı il tarixədək 1-ci və 2-ci ordu korpuslarının müdafiə zolağında gedən döyüş əməliyatlarında iştirak etmişdir.
2. AR Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli (03 noyabr 2016-cı il tarixli 438 nömrəli Qərar) Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə’nin 1-ci hissəsinin 8-ci yarımbəndinə uyğun olaraq 12 may 1994-cü il tarixdən sonra “Müharibə Veteranı” adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının və "Аzərbаусаn Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi və 01 уаnvаr 2022сi il tarixdən Аzərbаусаn Respublikası Рrеzidеntinin aylıq təqaüdünün (80 manat) hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək hərbi xidmətdə olarkən 01-04 aprel 2016-cı il tarixlərdə baş vermiş döyüşlərində Fizuli rayonunda döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə hərbi biletinin müvafiq səhifəsində qeydiyyat aparılmış və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. O, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh iznibati orqana müracit etsə də, oradan imtina cavabı almışdır.
6. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-ii Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən 1991 -ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991 -ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edirəm ki, iddia tələbi əsassızdır. Belə ki, Aərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 8-ci yarımbəndinə uyğun oilaraq 12 may 1994-cü il tarixdən sonra “Müharibə Veteranı” adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
7. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)-2738/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunmuşdur (hakim V.Əzizova).
8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
b) İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində bildirir ki, 2016-cı il tarixdə aprel döyüşlərində iştirak etmiş hərbi qulluqçulara “Müharibə Veteranı” adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak etdiyi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) aldığı təqdirdə verilə bilər. Lakin 2022-ci il tarixli müvafiq qərarla Fizuli və Ağdam rayonlarında döyüşlərdə iştirak etmiş hərbi qulluqçulara (yaralanma, travma, kontuziya) almadığı təqdirdə də verilə bilər. 2016-cı ildə 01-04 aprel tarixlərində Fizuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 44 günlük müharibədə iştirak edən hərbi qulluqçılara “Müharibə Veteranı” adı verilir, AR Konstitusiyasının bərabərlik hüququnun təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, Fizuli rayonu istiqamətində gedən döyüşlərdə artilleriya bölməsində iştirak etmişdir. Yaralanma, travma, kontuziya almamışdır. Fizuli rayonunun hansı kəndlərində döyüş əməliyyatlarında iştirak etdiyini dəqiq bilmir, böyük ehtimalla işğal altında olmuş bölgə deyildi. Döyüş əməliyyatlarının getdiyi dörd gün ərzində artilleriya atışı həyata keçirmişdir. Artilleriya atışının nə qədər məsafədən həyata keçirildiyini bilmir.
10. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, apellyasiya şikayətində məhkəmə iclasının AR MPM-nin 185.1-ci maddəsinə əsasən iştirakları olmadan baxılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-)
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; [6] Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
14. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
18. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2).
19. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslanmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmənin verdiyi sorğular nəticəsində əldə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı hərbi xidmətə Gəncə şəhərində başlamış, daha sonra Ağcabədidə davam etdirmiş, həmin müddətdə 2016-cı ilin aprel ayının 01-dən 04-dək Füzuli istiqamətinə ezam olunmuş və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. Müvafiq normanın tələblərindən də göründüyü kimi göstərilən tarix aralığında döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçuya, o yaralanmasa, travma və kontuziya almasa belə ona müharibə veteranı adı verilməlidir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar;
23. 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir.
24. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara müharibə veteranı adının verilməsi üçün əsas şərt onların yaralanma, travma, kontuziya almasıdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır: 1) 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 2) 1994-cü il 12 may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular.
26. Hazırkı işin hallarına görə iddiaçının hərbi xidməti vəzifələrini yerinə yetirərkən döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almaması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsində qeyd etmişdir ki, müvafiq qərarda görüldüyü kimi 2020-ci ilin 27 sentyabr tarixinədək yəni “Vətən Müharibəsi” başlanan tarixədək Füzuli və Ağdam rayonlarının ərazisində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara yaralanma, travma, kontuziya almasa belə “Müharibə Veteranı" adı verilməlidir. Həmçinin, 02 may 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə kollegiyasının suallarını cavablandıraraq yaralanma, travma, kontuziya almadığını bildirmişdir.
27. Yuxarıda qeyd olunan Əsasnamənin 1-ci hissəsindən göründüyü kimi 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara müharibə veteranı adının verilməsi üçün ümumi şərt onların yaralanma, travma, kontuziya almasıdır. Lakin müvafiq əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara münasibətdə istisna qayda müəyyən edilmişdir. Belə ki, həmin şəxslərə müharibə veteranı adının verilməsi üçün yalnız döyüş əməliyyatlarında iştirak etmələri tələb olunur, yaralanma, travma, kontuziya almaq tələbi yoxdur.
28. İş materiallarında olan, iddiaçıya məxsus SN ******* nömrəli hərbi biletdən və məhkəmənin sorğularına verilmiş cavablardan aydın olur ki, iddiaçı Fizuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu ünvanlayaraq AR Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin işğal altında olan ərazilərdə gedən döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olub-olmaması barədə məlumat verməsini xahiş etmişdir.
30. Məhkəmənin sorğusuna müvafiq olaraq AR Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən cavab olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissə 2016-cı ilin aprel döyüşlərində iştirak etmək məqsədilə xx.xx.2016-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 1ci və 2-ci ordu korpuslarının müdafiə zolağında gedən döyüş əməliyyatlarında iştirak edib.
31. Məhkəmə kollegiyası cavabdeh inzibati orqana təkrar sorğu verilməsini zəruri hesab etmiş və AR Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin hansı ərazilərdə (konkret ərazi adı qeyd edilməklə) gedən döyüş əməliyyatlarında iştirak etməsi, həmin ərazinin işğal altında olan ərazi hesab edilib-edilməməsi barədə məlumat verməsini xahiş etmişdir.
32. AR Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən müvafiq sorğuya cavab olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı 2016-cı ilin aprel döyüşlərində iştirak etmək məqsədilə xx.xx.2016-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində) 1-ci və 2-ci ordu korpuslarının müdafiə zolağında gedən döyüş əməliyyatlarına cəlb edilib.
33. Məhkəmə araşdırması nəticəsində internet informasiya ehtiyyatlarından əldə edilmiş məlumatlara əsasən Yuxarı Kürdmahmudlu kəndi Fizuli rayonunun 2020-ci ilin 27 sentyabr tarixinədək işğal altında olan ərazisi olmamışdır.
34. İddiaçı tərəfindən isə Fizuli rayonunun 2020-ci ilin 27 sentyabr tarixinədək işğal altında olan ərazilərində gedən döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.
35. İşin qeyd olunan halları nəzərə alındıqda iddiaçı 1994-cü il 12 may tarixindən sonra döyüş əməliyyatlarında iştirak etsə də, qanunvericiliyin tələbinə uyğun olaraq yaralanma, travma, kontuziya almadığı müəyyən edildiyindən, o cümlədən, bu şərti istisna edən ərazilərdə, yəni Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində xidmət etmədiyindən hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz.
36. Hərbi doktrinada və terminologiyada qəbul olunmuş anlayışa görə, döyüş əməliyyatları hərbi əməliyyatların aparılması forması olub, hərbi vəzifələrin yerinə yetirilməsi üçün qüvvə və vasitələrin təşkil olunmuş tətbiqi vasitəsilə müəyyən ərazidə və müəyyən zaman kəsiyində hərbi hissələr, hərbi birləşmələr tərəfindən həyata keçirilən əməliyyatdır.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
38. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
39. Müvafiq normaların tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar xəsarət aldığını və ya Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində xidmət etdiyini sübut etməlidir. Lakin qeyd edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud deyildir. Bu baxımdan iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz.
41. Nəticə etibarı ilə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
42. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)-2738/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.