Məhkəmə qərarları › İş №2-1(105)-362/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-362/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-362/2025 10.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyinin səbəb-əlaqəsinin dəyişdirilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-3798/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən iddiaçının döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın xəstəliyin səbəb-əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbinə dair dəqiqləşdirmə ərizəsini təqdim edərək, barəsində verilmiş 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərəkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, birinci dəfə həqiqi hərbi xidmətdə xx.xx.2012-ci ildən, xx.xx.2014-cü ilədək əsgər kimi, ikinci dəfə isə 44 günlük Vətən Müharibəsi zamanı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək isə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra səhhətində ciddi problemlər yaranmağa başlamışdır. Gözlərinin zəifləməsi, əsəb sistemi gərginliyi, sayıqlamalar, yuxusuzluq, rahatlaşmamaq, bir yerdə qərar tuta bilməmək, bərbad vəziyyətə düşmüşdür; xəstəlik haqqında şəhadətnamədə gözlərilə əlaqəli qoyulan diaqnozun “ümumi xəstəlikdir” səbəbi kimi qeyd edilməsi ilə qətiyyən razı deyil, çünkü iddiaçı iki dəfə ayrı-ayrı vaxtlarda hərbi xidmətdə olmuşdur, gözlərilə əlaqədar heç bir problemi olmamışdır. Əgər problem olsa idi, 44 günlük Vətən Müharibəsi zamanı kəşfiyyat bölməsində xidmət edib, hər hansı bir tapşırığı yerinə yetirə bilməzdir. Bundan başqa, əgər gözləri doğurdan da xəstə idisə, bir dəfə deyil, iki dəfə hərbi xidmətə aparıb və üstəlik də kəşfiyyat bölməsində döyüş tapşırığına göndərməzdilər; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”sinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarına uyğun olaraq, döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətin Komissiyada şəhadətləndirilib tibbi yoxlanışdan keçmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin xətti ilə cavabdehə təkrar müraciət etmişdir, cavabdeh tərəfindən öz növbəsində 22 fevral 2024-cü il tarixdə rəsmi olaraq imtina verilmişdir; aldığı travmanın səbəbləri bu gün də özünü büruzə verməkdədir və şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə hərbi qulluqçunun şəhadətləndirilməsinə, hərbi qulluqçunun almış olduğu travmanın və xəstəliyinin səbəbəlaqəsinin hərbi xidmətlə əlaqəsinin olub-olmamasına birbaşa Komissiya cavabdehdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ərizəsində ona dair 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan “Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci-üçüncü) dərəcəli keratokonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir” diaqnozu ilə olan xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilərək “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin o, travma almasına dair çıxarış epikrizi və hansı şəraitdə xəsarət almasına dair hərbi hissə komandirinin verməli olduğu travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Göstərilən bu xəstəlik diaqnozlarının travma ilə heç bir əlaqəsi yoxdur və travma nəticəsində yaranması mümkün deyildir. Elmi ədəbiyyata əsaslanaraq bildirilir ki, Keratokonus xəstəliyi (30b) həm anadangəlmə, həm də uşaqlıq dövründən yaranıb inkişaf etməyə başlayır. Bu xəstəliyin dərəcəsindən asılı olmayaraq yarandığı vaxtdan hərbi xidmətə yararsız hesab olunur. Əgər xəstədə keratokonus varsa, mütləq “qeyri-düzgün astiqmatizm”də yaranır və getdikcə zəifləyir. Bu xəstəliklərin 2 ay ərzində yaranması heç bir halda mümkün deyildir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 1 il 6 aydan artıq ötürmüşdür. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Çağırış məntəqəsinə təhkim edilmə haqqında” 26 yanvar 2011-ci il tarixli, 181 nömrəli vəsiqədən görünür ki, İddiaçı 26 yanvar 2011-ci il tarixdə tibbi komissiyanı keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir“ Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayış”dan görünür ki, İddiaçı 26 iyun 2012-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək, 5 oktyabr 2020-ci il tarixdən 6 dekabr 2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N noyabr 2021ci il tarixli, 2896 nömrəli İddiaçı barəsində “Travma haqqında arayış”dan görünür ki, 26 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması, qapalı kəllə-beyin travması, sağ əlin, sağ ayağın yumşaq toxumalarının əziyi” xəsarəti alınmışdır. “Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən almışdır. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”lardan görünür ki, İddiaçı 29 mart 2022-ci il tarixdə “ümumi xəstəlik-gözdən əlil” səbəbi ilə “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-Ə. solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnoza əsasən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Həkim Psixiatr Komissiyasının 11 dekabr 2023-cü il tarixli, 2928 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar F 07.0” qoyulmuşdur. 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli İddiaçı barəsində “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, Hərbi Həkim Komissiyasının qərarı ilə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Partlayış travması (26 oktyabr 2020), keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, Partlatış travması (26 oktyabr 2020), sağ əlin İİİ (üçüncü) daraq sümüyünün, İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kanari, natamam, horizontal yırtığı. Alının yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-ə, solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnozu isə “Ümumi xəstəlik” səbəbi ilə qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 22 fevral 2024-cü il tarixli İddiaçı göndərilmiş məktubundan görünür ki, 29 yanvar 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-həkim komissiyası tərəfindən şəhədatləndirilmiş, “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyaları, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci-üçüncü) dərəcəli keratokonusu” qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir. Partlayış travması (26 oktyabr 2020): keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (26 oktyabr 2020): sağ əlin İİİ (üçüncü) daraq sümüyünün İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kənari, natamam, horizontal yırtığı. Alnın yumşaq toxumalarının yad cismi (metal qəlpə) diaqnozu ilə “Xəstəliklər cədvəli”nin 14a, 35a, 30b maddələrinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” rəyi verilmiş və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən diaqnoz: Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, teztez baş verən dekompensasiyaları, intihar fikirləri, kognitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Partlayış travması (26 oktyabr 2020): keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (26 oktyabr 2020): sağ əlin İİİ (üçüncü) daraq sümüyünün İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kənari, natamam, horizontal yırtığı. Alnın yumsaq toxumalarının yad cismi (metal qəlpə) “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, Diaqnoz: Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə İİ-İİİ (ikinci-üçüncü) dərəcəli keratokonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir”. “Ümumi xəstəlikdir” səbəb-əlaqəsi ilə qərar verilmişdir. Məlumat üçün bildirilmişdir ki, keratokonus xəstəliyi gözün irsi köklərə bağlı degenerativ xəstəliyidir və buynuz qişanın strukturunun problemidir, erkən yaşlardan yaranır, 30-40 yaşa qədər proqressivləşir, bu səbəbdən buynuz qişa incəlir və zəif görmə yaranır. Hərbi xidmətə çağırılarkən SHXÇDX-nın hərbi-həkim komissiyası tərəfindən müayinə zamanı gözlərinin görmə itiliyi hər iki gözdə yararlılıq dərəcələrinə uyğun olduğundan hərbi xidmətə yararlı hesab edilmişdir. Keratokonusu həmin dövrdə aşkar etmək üçün müvafiq şikayətlər əsasında daha dərin müayinə metodlarından istifadə olunmalı idi (məs: Korneal Topoqrafiya, Paximetriya və s.). Buna baxmayaraq müayinə zamanı korreksiya verməməsi keratokonus xəstəliyindən şübhələnmək üçün əsasdır. Ərizədə qeyd edildiyi kimi, 5 oktyabr 2020-ci il tarixdən 6 dekabr 2020-ci il tarixədək Vətən müharibəsində hərbi qulluçu kimi iştirak etdiyi zaman aldığı xəsarət göz və gözətrafı nahiyyəni əhatə etmədiyi üçün keratokonus xəstəliyi mövcud travması ilə bağlı əlaqələndirilə bilməz. Yuxarıda sadalanmış şərtlərə əsasən, “Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə İİ-İİİ (ikinci-ücüncü) dərəcəli keratokonusu, qeyridüzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir.” diaqnozu “ümumi xəstəlikdir” səbəb-əlaqəsi ilə təsdiq olunması qanunauyğundur. Həmçinin, göstərilən tarixlərdə döyüş əməliyyatları zamanı göz və gözətrafı nahiyyədən xəsarət alması barədə xidmət etdiyi hərbi hissənin verməli olduğu “Travma haqqında arayış” (Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 nömrəli əmrinə 11 nömrəli Qoşma) təqdim edilməyib. “Travma haqqında arayış” (bu Təlimata 11 nömrəli Qoşma) olmadıqda xəsarətin səbəb əlaqəsi haqqında qərar çıxaran zaman HHK tərəfindən xəsarətin alınmasının səbəbləri və şəraiti haqqında aşağıdakı sənədlər (əgər onlar xəsarətin alınmasından 3 aydan gec olmayaraq tərtib olunubsa) nəzərə alına bilər: xidməti və tibbi xasiyyətnamələr, tibbi yardım üçün ilkin müraciət edən xəstələrin ambulator uçot kitabından çıxarış, travmanın uçot vərəqəsi, inzibati və ya xidməti araşdırma, təhqiqat və ya cinayət işi materialları, attestasiyalar, dövlət səhiyyə sistemi müəssisəsinin, hərbi tibb müəssisəsinin və digər tibb müəssisələrinin arayışları, xəstəlik tarixi və ya ondan çıxarış, xəstəlik haqqında şəhadətnamə, hərbi tibb müəssisəsinin həkim-mütəxəssisinin hərbi qulluqçunun (hərbi toplanış keçmiş vətəndaşın) tibb kitabçasında tibbi yardım üçün ilkin müraciəti haqqında qeydləri, arxiv müəssisəsinin arayışı. Verilmiş qərar düzgündür, dəyişmək üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 adına Milli Oftalmologiya Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, 476 nömrəli məktubundan görünür ki, keratokonus xəstəliyi ilə əlaqədar aşağıdakı məlumatlar verilmişdir (Hərbi Həkim Komissiyasının sədri Samira Hüseynli, X2 həkimi Nərminə Hümbətova və Baş həkim Aygün Məmmədbəylinin imzaları ilə təsdiq edilmişdir): Səbəb genetik və ya sonra yarana bilər, yəni hər iki səbəbdən mümkündür. Gözün allergik xəstəlikləri xəstəliyin proqressivləşməsinə səbəb ola bilir. Eyni zamanda, genetik, ətraf-mühit (ekoloji) faktoru xəstəliyin yaranması və inkişafında rol oynayır. Xəstəlik adətən yeniyetmə və gənc yaşlarda özünü birüzə verir və sürətlə inkişaf edir. Şəxsin bilməməsi mümkündür, ixtisaslı həkim xəstəliyin erkən mərhələsində xəstəliyin olmasını ancaq xüsusi diaqnostik avadanlığın tətbiqi ilə aşkarlaya bilir. 30 yaşdan sonra prosses stabilləşir, proqressivləşmə ehtimalı azalır. Xəstəliyin bütün mərhələlərində hərbi xidmətə yararsızdır. Travma nəticəsində yarana bilər, xüsusən göz ovuşdurma ilə əlaqədar yaranan mikrotravmalar xəstəliyin proqressivləşməsinə səbəb olur. Xəstəliyin partlayış travması, qapalı kəllə-beyin silkələnməsi ilə hər hansı bir əlaqəsi ola bilməz. Travma bu xəstəliyin ağırlaşmasına səbəb ola bilər, proqressivləşmə sürətlənə bilər. Xəstəlik əsasən qeyri-düzgün astiqmatizm və proqressivləşən görmə zəifliyin yaranmasına səbəb olur. Xəstəlik nəticəsində yaranan qeyri-düzgün astiqmatizm adətən eynəklə korreksiya olunmur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-3798/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində verilmiş 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərəkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarını və xəstəliyin xüsusiyyətlərini nəzərə alaraq, müəyyən edilir ki, iddiaçıda keratokonus xəstəliyi hərbi xidməti və müharibədə iştirak etdiyi müddətdən sonra əmələ gəlməmişdir. Hərbi xidmət dövründə xəstəliyin proqressivləşməsi mümkündür. Lakin iddiaçı 26 yanvar 2011-ci il tarixdə hərbi tibbi komissiyanı keçmiş, hərbi xidmətə yararlı hesab edilmişdir. Halbuki, həmin xəstəlikdən əziyyət çəkən şəxslər xəstəliyin hər mərhələsində hərbi xidmətə yararsız hesab olunmalıdırlar. Məhkəmə hesab edir ki, “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyridüzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-ə, solda 0.04-ə qədər azalmasının hərbi travma olması mübahisəsiz haldır, mübahisə səbəb-əlaqəsinin ümumi xəstəlik olması ilə bağlı olmasıdır. Bu isə o deməkdir ki, hərbi travma olan bu xəstəliyin səbəbi hərbi xidmət dövründən əvvəl yaranmışdır. Lakin həmin dövrə dair olan sənəddə iddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. Xəstəliyin yaranmasını iki əsası ola bilər ki, bu halda “anadangəlmə” faktoru aradan qalxır. İddiaçı 2011-ci ildə hərbi xidmətə yararlı olmuş və 26 iyun 2012-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək hərbi xidmət vəzifələrini icra etmişdir. Daha sonra yenidən hərbi xidmət keçmişdir. Deməli, şəxs hərbi xidmətə yararlı olmuşdur ki, yenidən hərbi xidmətlə bağlı vəzifələrini icra edə bilmiş və ona ilk dəfə 2020-ci il tarixdə hər iki gözün keratakonusu qoyulmuşdur. Məhkəmə nəzərə alır ki, hətta gözün ovuşdurma ilə əlaqədar yaranan mikrotravmalar xəstəliyin proqressivləşməsinə səbəb ola bilər, gənc yaşlarda özünü birüzə verə bilər. Xəstəlik sürətlə inkişaf edir. Ətrafmühit (ekoloji) faktoru xəstəliyin yaranması və inkişafında rol oynayır, travma onun ağırlaşmasına və proqressivləşmənin sürətlənməsinə gətirib çıxara bilər ki, iddiaçının travma alması işin mübahisəsiz halıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş hər iki rəydə bu xəstəliyin adətən yeniyetmə və gənc yaşlarda özünü biruzə verdiyi və sürətlə inkişaf etdiyi qeyd olunur. Hər iki rəydə vurğulanır ki, genetik, mexaniki travmalar və ətraf mühit (ekoloji) faktoru xəstəliyin yaranması və inkişafında həlledici rol oynayır. Hər iki rəydə qeyd olunur ki, bu xəstəliyi olan şəxslər xəstəliyin yarandığı bütün mərhələlərdə hərbi xidmətə yararsız sayılırlar. Yuxarıda şərh olunan ekspert rəyində və X4 adına Milli Oftalmologiya Mərkəzinin məktubunda bu xəstəliyin travma nəticəsində (istər partlayış travması, qapalı kəllə-beyin travması,istərsə də mexaniki travmalar, yəni gözün tez-tez olunması, sərt kontakt linzaların istifadəsi və.s) yaranması tam inkar olunur və qeyd olunur ki, “travmalar yalnız bu xəstəliyin ağırlaşmasına və proqressivləşməsinə səbəb ola bilər. Həmçinin məhkəmə özü də çıxardığı qərarın 41-ci bəndində qeyd edir: "Məhkəmə tərəfindən mövcud elmi ədəbiyyatlar araşdırılan zaman müəyyən edilmişdir ki, keratokonusun səbəbi tam olaraq bilinməsə də, inkişafında ən əhəmiyyətli rolu genetika və mexaniki travmalar oynayır. Hətta gözün tez-tez ovulması, sərt kolmtakt linzaların istifadəsi kimi ətraf mühit faktorları xəstəliyin inkişafına səbəb ola bilər” Lakin Sumqayıt İnzibati Məhkəməsi bütün bunlara əhəmiyyət verməmiş və tamamilə yanlış olaraq keratokonus xəstəliyinin “Hərbi travma” olmasını işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Həmçinin MN MHHK-nın T.Şabıyevin xəstəliyini səbəb əlaqəsinin dəyişdirilməsindən imtinasına dair xx.xx.2024-cü il tarixli məktubunda göstərilən xüsusatlar da yuxarıda qeyd olunan ekspert rəyləri İlə eynilik təşkil edir. Həmin məktubda qeyd olunur ki, bu xəstəliyin ilkin mərhələsində SHXÇDX-nin nəzdində fəaliyyət göstərən hərbi həkim komissiyalarından keçən çağırışçılarda gözlərin görmə itiliyi hər iki gözdə yararlılıq dərəcəsinə uyğun olduğundan və əlavə müayinəyə ehtiyac duyulmadığından onlar səhv olaraq hərbi xidmətə yararlı hesab olunurlar və onların görməsində şübhə yaranmadığından xüsusi müayinə metodlarından istifadə olunmaqla müayinələrə göndərilmirlər. Belə ki, “Əsasnamə”nin Xəstəliklər Cədvəlinin 35-ci maddəsinin “c” bəndindən görünür ki, çağırışçılarda və hərbi qulluqçularda yararsızlıq - görmə bir gözdə 30%, digər gözdə isə 40% və ondan aşağı olduqda başlayır, yəni ki, şəxs hər iki gözü ilə * cədvəlin 4-cü sırasını görürsə o, hərbi xidmətə yararlı hesab olunur. Beləliklə onlarda “Keratokonus” xəstəliyi olsa da görmə itiliyi normal, yəni bir gözdə 30% , digər gözdə isə 40% - ə qədər və ondan yuxarı olduğu hallarda onlar həkimlər tərəfindən yanlış olaraq hərbi xidmətə yararlı hesab olunurlar. Və bu səbəbdən də praktikada belə çağırışçılar həkimlər tərəfindən xüsusi müayinələrə göndərilmirlər. Bundan başqa hakim qərarın 47-ci bəndinin 1-ci və 2-ci abzaslarında iddiaçının xx.xx.2011-ci il tarixdə tibbi komissiyadan keçib hərbi xidmətə yararlı hesab edilməsinə əsaslanaraq onda “Keratakonus” xəstəliyinin olmaması qənaətinə gəlmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi şəxsin görmə itiliyinə görə hərbi xidmətə yararlı olması onda “Keratakonus” xəstəliyinin olmamasına əsas vermir. Bir daha bildirilir ki,hər hansı bir şəxsdə “Keratakonus” xəstəliyi olub-olmamasını müəyyən etmək üçün daha dərin və xüsusi müayinə metodlarında (Korneal Topoqrafiya, Paximetriya və s.) istifadə olunmalıdır. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi tərəfindən vətəndaş T.Şabıyevin xx.xx.2020-ci il tarixdə təkrar həmin hərbi xidmətə göndərilərkən SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin nəzdində fəaliyyət göstərən tibbi komissiyadan keçib-keçmədiyi ,əgər keçmişdirsə göz həkimi tərəfindən yuxarıda qeyd olunan müayinə metodlarından istifadə olunub-olunmaması aydınlaşdırılmamışdır. Belə ki, elmi ədəbiyyata əsaslanaraq söylə ki, T.Şabıyevin hərbi xidmətdə olduğu qısa bir müddətdə (xx.xx.2020-xx.xx.2020) onda “Kerotokonus” xəstəliyinin yaranması və ikinci-üçüncü dərəcəyə çatması mümkün deyildir. Həmçinin məhkəmə qərar çıxararkən “Əsasnamə”nin 7.2-ci maddəsinin “c” yarımbəndinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, şəhadətləndirilən şəxslərin hərbi xidmət dövründə aldığı xəstəliklərin səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin olunması halları “Əsasnamə”nin 7.2-ci maddəsinin “c” yarımbəndinin 2-ci, 3-cü və 4-cü abzaslarında aydın göstərilmişdir. T.Şabıyevdə müəyyən edilmiş “Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli,sol gözdə ll-lll (ikinci və üçüncü) dərəcəli keratokonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1- ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir” diaqnozu ilə olan xəstəliyi isə “Əsasnamə”nin yuxarıda qeyd olunan hallarına aid etmək mümkün deyildir. Lakin brinci instansiya məhkəməsi tərəfindən T.Şabıyevdə təyin edilmiş yuxarıda qeyd olunan diaqnoz xəstəlik kimi deyil, yanlış olaraq xəsarət kimi qiymətləndirilmiş, yəni “Əsasnamə”nin 7.2-ci maddəsinin “c” yarımbəndinin 1-ci abzasına əsaslanmışdır. Halbuki, “Əsasnamə”nin 7.2-ci maddəsinin “c” yarımbəndinin 1-ci abzasında söhbət şəhadətləndirilən şəxsin xidməti vəzifələrini yerinə yetirərkən xəstələnməsindən deyil, yalnız xəsarət almasından gedir. Xəsarət və xəstəlik isə tam fərqli anlayışlardır. "Əsasnamə”nin 7.2-ci maddəsinin “c” yarımbəndinin 1-ci abzasında qeyd olunur: əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa ... Göründüyü kimi burada söhbət şəhadətləndirilən şəxsin xəsarət almasından gedir. T.Şabıyev isə müharibədə olduğu iki ay müddətində gözlərindən hec bir xəsarət almamışdır və işdə bunu sübut edən heç bir dəlil yoxdur. Həmçinin bildirilir ki, MN MHHK-sı tərəfindən bugünədək “Keratokonus” diaqnozu ilə şəhadətləndirilmiş demək olar ki, bütün hərbi qulluqçuların xəstəliklərinin hərbi xidmətlə səbəb-əlaqəsi “ÜMUMİ XƏSTƏLİKDİR” kimi təyin edilmişdir. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş T.Şabıyev gözlərindən xəsarət alması ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini komissiyaya təqdim etməmişdir. N nömrəli hərbi hissə komandirinin T.Şabıyevin travma almasına dair verdiyi xx.xx.2020-ci il tarixli 2896 nömrəli travma haqqında arayışda isə onun gözlərindən xəsarət almasına dair heç bir qeyd yoxdur. Göstərilən xüsusatlara əsasən hesab edilir ki, bu xəstəliyin İddiaçı hərbi xidmətdə olduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan qısa müddət ərzində yaranması və bu dərəcəyə çatması mümkün deyildir. Məsələyə tam aydınlıq gətirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilməli və ekspertlərin qarşısında aşağıdakı sual qoyulmalıdır: “Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə lllll (ikinci və üçüncü) dərəcəli keratokonusu,qeyri düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1- ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir”. diaqnozu ilə olan xəstəlik İddiaçı hərbi xidmətdə olduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə , yoxsa həmin dövrədək olan 28 il 5 ay müddətində yaranmışdır? Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara görə hesab edilir ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı və qərar çıxarılarkən maddi və prosessual hüquq pozuntularına yol verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixil 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “c” yarımbəndinin və 7.3-cü maddəsinin tələbləri kobud surətdə pozulmuş, həmçinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının hüquq və vəzifələri nəzərə alınmamış, iş üzrə bütün faktiki hallar araşdırılmamış, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsasının olmadığı nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi izahatında əlavə olaraq qeyd etmişdir ki, sözügedən xəstəlik hərbi travma ilə əlaqələndirilə bilməz. Travma yalnız bu xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı izahatında əlavə olaraq qeyd etmişdir ki, 2 dəfə ayrı-ayrı vaxtlarda hərbi xidmətdə olmuşdur, gözləri ilə əlaqədar heç bir problemi olmamışdır. Əgər problem olsa idi, 44 günlük Vətən Müharibəsi zamanı kəşfiyyat bölməsində xidmət edib, hər hansı bir tapşırığı yerinə yetirə bilməzdi. Bundan başqa, əgər gözləri doğurdan da xəstə idisə, bir dəfə deyil, iki dəfə hərbi xidmətə aparıb və üstəlik də kəşfiyyat bölməsində döyüş tapşırığına göndərməzdilər. Aldığı travmanın səbəbləri bu gün də özünü büruzə verməkdədir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə V. Hərbi qulluqçuların şəhadətləndirilməsi Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. ..... Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. .... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı Hərbi Həkim Komissiyasının 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərəkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı 26 yanvar 2011-ci il tarixdə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. 26 iyun 2012-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək, 5 oktyabr 2020-ci il tarixdən 6 dekabr 2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. 29 mart 2022-ci il tarixdə “ümumi xəstəlik-gözdən əlil” səbəbi ilə “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-Ə. solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnoza əsasən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həkim Psixiatr Komissiyası tərəfindən müayinə nəticəsində “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar F07.0” diaqnozu qoyulmuşdur. Hərbi Həkim Komissiyasının qərarı ilə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Partlayış travması (26 oktyabr 2020), keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, Partlayış travması (26 oktyabr 2020), sağ əlin İİİ (üçüncü) daraq sümüyünün, İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kanari, natamam, horizontal yırtığı. Alının yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-ə, solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnozu isə “Ümumi xəstəlik” səbəbi ilə qoyulmuşdur. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N noyabr 2021-ci il tarixli, 2896 nömrəli İddiaçı barəsində “Travma haqqında arayış”dan görünür ki, 26 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması, qapalı kəllə-beyin travması, sağ əlin, sağ ayağın yumşaq toxumalarının əziyi” xəsarəti alınmışdır. “Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən almışdır. Birinci instansiya məhkəməsi tərəfindən zəruri araşdırılma aparılmaqla Səhiyyə Nazirliyi X4 adına Milli Oftalmologiya Mərkəzinə sorğu ilə müraciət edilmişdir. Həmin sorğu əsasında məhkəməyə təqdim edilmiş məktubda qeyd edilir ki, keratokonus xəstəliyinin səbəbi genetik və ya sonra yarana bilər, yəni hər iki səbəbdən mümkündür. Gözün allergik xəstəlikləri xəstəliyin proqressivləşməsinə səbəb ola bilir. Eyni zamanda genetik, ətraf-mühit (ekoloji) faktoru xəstəliyin yaranması və inkişafında rol oynayır. Xəstəlik adətən yeniyetmə və gənc yaşlarda özünü birüzə verir və sürətlə inkişaf edir. Şəxsin bilməməsi mümkündür, ixtisaslı həkim xəstəliyin erkən mərhələsində xəstəliyin olmasını ancaq xüsusi diaqnostik avadanlığın tətbiqi ilə aşkarlaya bilir. 30 yaşdan sonra prosses stabilləşir, proqressivləşmə ehtimalı azalır. Xəstəliyin bütün mərhələlərində hərbi xidmətə yararsızdır. Travma nəticəsində yarana bilər, xüsusən göz ovuşdurma ilə əlaqədar yaranan mikrotravmalar xəstəliyin proqressivləşməsinə səbəb olur. Xəstəliyin partlayış travması, qapalı kəllə-beyin silkələnməsi ilə hər hansı bir əlaqəsi ola bilməz. Travma bu xəstəliyin ağırlaşmasına səbəb ola bilər, proqressivləşmə sürətlənə bilər. Xəstəlik əsasən qeyri-düzgün astiqmatizm və proqressivləşən görmə zəifliyin yaranmasına səbəb olur. Xəstəlik nəticəsində yaranan qeyri-düzgün astiqmatizm adətən eynəklə korreksiya olunmur. Daha sonra Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(118)- 3789/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 14 noyabr 2024-cü il tarixli, T 716/204 nömrəli ekspert rəyinin nəticə hissəsindən qeyd olunur ki: iddiaçı “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “a” bəndinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hər iki gözün keratokonusu sağ gözdə İİ dərəcəli, sol gözdə İİ-İİİ dərəcəli keratokonusu qeyri-düzgün astiqmatizim nəticəsində görmə itiliyinin sağda 0,1-ə solda 0,004-ə qədər azalması korreksiya etmir”, “Ümumi Xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Resbublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşmaya əsasən hərbçilərin xəstəliklərinin səbəb əlaqəsinin təyini birbaşa Hərbi-Həkim Komissiyası ekspertlərinin səlahiyyətlərinə aiddir. Keratokonus, buynuz qişanın nazikləşməsi və itiləşməsi nəticəsində irəliləyən miopiyaya və astiqmatizmə səbəb olan bir xəstəlikdir. Xəstəlik adətən yeniyetmə dövründə başlayır və 20 yaşa qədər xəstələr tərəfindən bilinmir. Xəstəlik 20-40 yaş arasında inkişaf edir və 40 ildən sonra sabitləşir. Keratokonusun səbəbi tam bilinməsə də inkişafında ən əhəmiyyətli rolu genetika və mexaniki travmalar oynayır, gözün tez-tez ovulması, sərt kontakt linzaların istifadəsi kimi ətraf mühit faktorları və genetik meyil bu xəstəliyin inkişafına səbəb olur (daimi allergiya və ya gözlərin qaşınması, yüngül göz qıcıqlanması). Xəstəliyin müalicəsi görmə qabiliyyətini artırmır, yalnız xəstəliyin irəliləməyini dayandırır. Diaqnoz adətən yetkinlik dövründə qoyulur və xəstəliyin ən ağır mərhələsinə isə iyirmi ya da otuz yaşlarında çatır. Bu xəstəliyə düçar olmuş şəxslərin xəstəliyini bilməməsi mümkündür, ixtisaslı həkim xəstəliyin erkən mərhələsində ancaq xüsusi diaqnostik avadanlığın tətbiqi ilə bu xəstəliyi aşkarlaya bilər. Xəstəlik 30 yaşdan sonra stabilləşir, belə ki, prosesin proqressivləşmə ehtimalı azalır. “Keratokonus” xəstəliyindən əziyyət çəkən şəxslər xəstəliyin bütün mərhələlərində hərbi xidmətə yararsızdır. Keratokonusun yaranma səbəbi tam bilinməsə də mexaniki travmalar (gözün tez-tez ovulması, sərt kontakt linzaların istifadəsi kimi ətraf mühit faktorları) xəstəliyin inkişafına səbəb olur. Xəstəliyin partlayış travması nəticəsində alınmış qapalı kəllə-beyin silkələnməsi ilə hər-hansı bir əlaqəsi ola bilməz, travma bu xəstəliyin proqressivləşməsinə səbəb ola bilər. Xəstəlik əsasən qeyri-düzgün astiqmatizm və proqressivləşən görmə zəifliyinin yaranmasına səbəb olur. Xəstəlik nəticəsində yaranan qeyri-düzgün astiqmatizm adətən eynəklə korreksiya olunmur. Məhkəmə kollegiyası iddianın əsaslı olması ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçının hüquqi marağı baxımından hazırkı iddiaya münasibət bildirməyi zəruri sayır. İddiaçının yekun hüquqi marağı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya izah olunmuşdur ki, hazırki iş üzrə iddiaçıda mübahisə predmeti olan diaqnozla yanaşı “F07.0” diaqnozu da mövcuddur. Belə ki, qismən mübahisələndirilən hərbi həkim komisiyasının qərarından başqa, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Həkim Psixiatr Komissiyasının 11 dekabr 2023-cü il tarixli, 2928 nömrəli rəyindən də görünür ki, iddiaçıya “Üzvi ( İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar F07.0) diaqnozu qoyulmuşdur. “Əlilliyin müəyyən olunması meyarları” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarına əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 diaqnozu şəxsə əlillik təyin olunması üçün əsas təşkil edir. Lakin iş materiallarından görünür ki, iddiaçıya “Keratokonus” xəstəliyi ilə əlaqədar ümumi səbəbdən əlillik təyin edilmiş, İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar F07.0 diaqnozu nəzərə alınmamışdır. İddiaçıya izah olunmuşdur ki hazırkı iddia tələbi olmadan da (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar F07.0) diaqnozu ilə cavabdehlik daşıyan orqanlardan əlillik tələb edə bilər. Bu zaman əlilliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olması mübahisə predmeti olmayacaqdır. Lakin iddiaçı onun gözündə olan problemin də 44 günlük müharibə zamanı alınmış qapalı kəllə beyin travmasından sonra yarandığını bildirmiş, iddiasını müdafiə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı və birinci instansiya məhkəməsində icraat zamanı “Keratokonus” xəstəliyi ilə bağlı araşdırma aparılmış, lakin mübahisələndirilən qərarda karatakonus diqnozundan basqa digər hissə yəni qərarın “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Partlayış travması (26 oktyabr 2020), keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, Partlayış travması (26 oktyabr 2020), sağ əlin İİİ (üçüncü) daraq sümüyünün, İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kanari, natamam, horizontal yırtığı. Alının yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” hissəsi nəzərə alınmamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, “Əsasnamə”nin 7.2-ci maddəsinin “c” yarımbəndinin 2-ci, 3-cü və 4-cü abzaslarında aydın göstərilmişdir. T.Şabıyevdə müəyyən edilmiş “Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli,sol gözdə ll-lll (ikinci və üçüncü) dərəcəli keratokonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1- ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir” diaqnozu ilə olan xəstəliyi isə “Əsasnamə”nin yuxarıda qeyd olunan hallarına aid etmək mümkün deyildir. Lakin brinci instansiya məhkəməsi tərəfindən T.Şabıyevdə təyin edilmiş yuxarıda qeyd olunan diaqnoz xəstəlik kimi deyil, yanlış olaraq xəsarət kimi qiymətləndirilmiş, yəni “Əsasnamə”nin 7.2-ci maddəsinin “c” yarımbəndinin 1-ci abzasına əsaslanmışdır. Halbuki, “Əsasnamə”nin 7.2-ci maddəsinin “c” yarımbəndinin 1-ci abzasında söhbət şəhadətləndirilən şəxsin xidməti vəzifələrini yerinə yetirərkən xəstələnməsindən deyil, yalnız xəsarət almasından gedir. Xəsarət və xəstəlik isə tam fərqli anlayışlardır. "Əsasnamə”nin 7.2-ci maddəsinin “c” yarımbəndinin 1-ci abzasında qeyd olunur: əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa ... Göründüyü kimi burada söhbət şəhadətləndirilən şəxsin xəsarət almasından gedir. T.Şabıyev isə müharibədə olduğu iki ay müddətində gözlərindən hec bir xəsarət almamışdır və işdə bunu sübut edən heç bir dəlil yoxdur. Eyni zamanda inzibati orqanın mövqeyi ondan ibarətdir ki, keratakonus xəstəliyi iddiaçıda əvvəldən olmuş, lakin xəstəlik əlamətləri sonradan meydana gəlmiş, ona görə də iddiaçı hərbi xidmətə gedərkən onda keratakonus xəstəliyi müəyyən edilməmişdir, iddiaçının gözündə yaranmış xəstəliyin partlayış travması ilə əlaqəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinə əsasən Komissiyanın “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; .... əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa... Qeyd olunan normalardan göründüyü kimi şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etmək mümkün olduğu hal “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iki dəfə hərbi xidmətdə olmuş, ikinci dəfə 44 günlük müharibə zamanı partlayış travması almışdır. İşdə olan mütəxəssis və ekspert rəylərindən görünür ki, keratokonus xəstəliyinin səbəbi tam olaraq bilinmir, genetik və ya sonradan yarana bilər, yəni hər iki səbəbdən mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, hər iki halda da, yəni iddiaçının gözündə yaranmış problem partlayış travması zamanı yaransa da və yaxud həmin vaxt ağırlaşsa da yuxarıda qeyd edilən əsaslara görə səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmasına aid edilə bilər. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məsələyə tam aydınlıq gətirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilməlidir. Kollegiya həmin dəlillə razılaşmayaraq hesab edir ki, cavabdeh inzibati orqan təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməli olduğunu qeyd etsə də, bunun üçün mövcud olan əsasları qeyd etməmişdir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Hazırki iş üzrə ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-3798/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar