Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-363/2022 10.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X18 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X8, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı X9 Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə X17 08 dekabr 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş, sonuncu xx.xx.2008-ci ildə vəfat etmişdir.
2. “Kauçuk” X10 Heyətinin 01 saylı protokolundan çıxarışa əsasən, X17 23 avqust 1988-ci ildə “Kauçuk” Bağçılıq Yoldaşlığın üzvlüyünə qəbul edilmiş və onun adı üzvlüyün adlıq siyahına daxil edilmişdir. Bunun əsasında X11 üzvlük kitabçası verilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən mərhum əri X9 “Kauçuk” X5 heyətinin xx.xx.1988-ci il tarixli 01 nömrəli protokulundan çıxarışı ilə əldə etdiyi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsini xahiş etmişdir.
4. Cavabdeh **********42 saylı, 18 sentyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, 2 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus 511 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kauçuk” X5 Heyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən, X9 Sumqayıt şəhəri, “Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X17 ilə 1988-ci il tarixdə nikaha daxil olmuş, əri X17 29 mart 2008-ci il tarixdə vəfat etmişdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışa əsasən, əri X11 23 avqust 1988-ci il tarixdə 511 saylı ünvanda yerləşən torpaq sahəsi verilmişdir. “Kauçuk” X5 Heyətinin 01 saylı Protokolundan çıxarışdan da görünür ki, X17 “Kauçuk" Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilmişdir. Əri öləndən sonra həmin torpaq sahəsini öz adına keçirtmək üçün birinci növbəli vərəsə kimi müvafiq torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün Sumqayıt şəhər 4 saylı Notariat ofisinə müraciət etmişdir. Sumqayıt şəhər 4 saylı Notariat ofisində aparılan V-32/2009 saylı vərəsəlik işi üzrə birinci növbəli vərəsələr arasında olduğundan 29 mart 2008-ci ildə vəfat etmiş əri - X9 ünvan 1 ünvanda yerləşən torpaq sahəsi ilə bağlı, həmin əmlakın X11 məxsus olub-olmaması, müsbət olduğu halda, daşınmaz əmlakın dövlət reyestrindən texniki pasport, kadastr, çıxarış və əmlakın yüklü olub-olmaması barədə arayış verilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu göndərilmişdir. Daha sonra iddiaçı özü Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən, mərhum X9 “Kauçuk” X5 Heyətinin 01 saylı Protokolundan çıxarış ilə əldə etdiyi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Halbuki, həmin torpaq sahəsi artıq 31 ildir ki, onların istifadəsindədir, onlar orda tikdikləri evdə uzun illərdir ki yaşayırlar, yəni ki, bağ sahəsi faktiki olaraq onların mülkiyyətindədir.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 saylı qərarı ilə iddia təmin edilmiş, “Kauçuk” X7 Heyətinin 23 avqust 1988-ci il tarixli 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən Sumqayıt şəhəri, ”Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində X9 adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mübahisə predmeti olan 511 saylı torpaq sahəsinin koordinatlarının 522 saylı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb düşməsinin aydınlaşdırılması məqsədi ilə bir neçə dəfə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət olunmuş, lakin qeyd olunan müraciətlər heç bir nəticə verməmişdir. Belə ki, mübahisəli əraziyə iddiaçının vəkilinin iştirakı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən bir neçə dəfə baxış keçirilməsinə baxmayaraq, qeyd olunan təşkilat 511 və 522 saylı torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbindən müvafiq rəyi məhkəməyə təqdim etməkdən imtina etmişdir. Bundan başqa, 522 saylı torpaq sahəsi üzrə hüquqlar DƏDRX-də dövlət qeydiyyatına alınmamışdır. DƏDRX-in 2 saylı Ərazi İdarəsi məhkəməyə ünvanladığı 21 noyabr 2019-cu il tarixli **********24 saylı məktub ilə 522 saylı torpaq sahəsinin kimə ayrılması ilə bağlı “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinə müraciət olunmasını məhkəməyə tövsiyyə etmişdir. “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri X13 məhkəmədə verdiyi izahatda qeyd etmişdir ki, 522 saylı bağ sahəsinin Yadigar Qurbanov adlı şəxsə ayrılmasına baxmayaraq, həmin şəxsin ata adı və ünvanı barədə hər hansı bir məlumat yoxdur. Ona görə də məhkəmə tərəfindən Yadigar Qurbanov adlı şəxsin iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən Yadigar Qurbanovun iş üzrə 3-cü şəxs qismində cəlb edilməsinin təmin edilməsi məqsədi ilə cəmiyyətin sədri Qulam Bayramov tərəfindən 522 saylı torpaq sahəsi ayrılmış Yadigar Qurbanov adlı şəxsin “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng vurulmasına baxmayaraq, həmin nömrənin abonenti tərəfindən Yadigar Qurbanov adlı şəxsin həmin ünvanda yaşamadığı və onun barəsində hər hansı bir məlumatın olmaması müəyyən olunmuş və məhz bu səbəbdən məhkəmə tərəfindən 522 saylı bağ sahəsinin sahibinin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi mümkün olmamışdır. “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri Qulam Bayramovun məhkəmədə verdiyi izahatdan məlum olmuşdur ki, mübahisə predmeti olan 511 saylı torpaq sahəsi mərhum Qulu Ağayevin ailə üzvlərinin istifadəsindədir və həmin torpaq sahəsi faktiki olaraq sxematik planda göstərilən yerdə yerləşir, yəni mərhum Qulu Ağayevin ailə üzvlərinin istifadə etdikləri torpaq sahəsi 522 saylı deyil, 511 saylı torpaq sahəsidir.
10. Daha sonra məhkəmə qeyd etmişdir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının mərhum ərinə ayrılmış 511 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 517/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
13. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar məhkəmə baxışına qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 288/2022 nömrəli, 01 fevral 2022-ci il qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-517/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətində işin hallarına istinad edilməklə göstərilir ki, qeydiyyat orqanı haqlı olaraq mərhum X1 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Lakın işə baxmış məhkəmə işin hallarına düzgün qiymət verməmiş və iddianın təmin edilməsi haqqında qanunsuz və əsassız qərar qəbul etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh idarə bir xidmət orqanıdır və qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. Lakin göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas (torpaq sahəsinin digər şəxsə məxsus 522 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşməsi) mövcud olduğu halda həmin torpaq sahəsi üzərində mərhum X9 mülkiyyət huququnun qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi isə nədənsə bunu nəzərə almayaraq, idarə tərəfindən sözügedən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının mümkün olmaması ilə bağlı İdarənin gətirdiyi arqumenti əsassız hesab etmişdir. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 2.1, 9 və 11-ci maddələrinə istinad edilməklə göstərilir ki, iddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. Göründüyü kımı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özluyündə bır hüquqi aktdır, başqa sozlə huquqı hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur kı, məhkəməyə müraciət edən şəxs hüquqların qeydiyyatı üçün əsas mövcud olduğu halda qanunsuz olaraq hüquqların qeydiyyata alınmamasından müdafiə üçün deyil, yəni mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqların qeydiyyatı üçün məhkəmə tərəfindən əsas yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazı İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. Göründüyü kımı, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsinə dair sənədlərdə çatışmazlıq olmasına baxmayaraq formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, işə baxmış məhkəmə tərəfimizdən verilmiş etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarnın pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamış, eyni zamanda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 12-ci, 29-1-ci maddələrinin tələbləri də pozulmuşdur. Şikayət daha sonra onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşına ayrılmış 511 saylı torpaq sahəsi “Kauçuk” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən idarəyə təqdim olunan, “Kauçuk” bağçılıq yoldaşlığının ərazisinin sxematik planına əsasən 522 nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Sxematik plana əsasən 511 nömrəli torpaq sahəsi vətəndaşın istifadə etdiyi faktiki torpaq sahəsindən Bakı-Quba magistral yoluna tərəf 20 metr məsafədə yerləşir. Qeyd olunanları nəzərə alaraq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Sumqayıt şəhəri, Yaşma bağları, “Kauçuk” bağçılıq yoldaşlığı ərazisində yerləşən 522 nömrəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin bağ torpaq sahəsinin kimə ayrılması ilə bağlı Sumqayıt Bələdiyyəsinin nəzdində olan “Kauçuk” Bağçılıq Yoldaşlığı Cəmiyyətinə sorğu ünvanlanması məhkəməyə tövsiyyə olunsa da, məhkəmə bununla bağlı “Kauçuk” Bağçılıq Yoldaşlığı Cəmiyyətinə müraciət etməmişdir. Bütün bu hallar özü-özlüyündə məhkəmənin mövqeyinin tamamilə qərəzli olduğunu və hansısa maraqlara əsaslanaraq hazırkı qərarı qəbul etdiyini bır daha sübut edir. Bundan başqa, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri X14 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
23. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
24. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iddiaçının kasasiya şikayətini təmin edərək işi təkrar baxılması üçün apellyasiya intansiyası məhkəməsinə göndərən Ali Məhkəmənin hazırkı iş üzrə qərarında göstərilir ki, “...29. Hazırkı iş üzrə iddiaçının mərhum ərinin “Daşınmaz əmlakın reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində qeyd olunan hüquqi sənədləri mövcuddur və həmin sənədlərin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilmir. 30. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı iddiaçının məhrum ərinə verilmiş torpaq sahəsinin yerləşmə yeri ilə bağlıdır. 31. İşə baxan apellyasiya instansiya məhkəməsi də bu halın araşdırılması üçün cavabdehə torpaq sahəsi ilə bağlı məlumatın verilməsini (511 və 522 saylı bağ sahələrinin plan və ölçülərinin üst-üstə düşməsinə dair elektron kadastr məlumatının təsdiq edilmiş surətini) cavabdehdən xahiş etmiş, cavabdeh tərəfindən də kadastr xəritəsindən çıxarış təqdim edilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi işin hallarının araşdırılması ilə bağlı vəzifəsini bununla da bitmiş hesab etmiş və iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. 32. Halbuki, qeyd edilən xəritədən çıxarışda iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin koordinatları və həmin koordinatların elektron baza məlumatları ilə müqayisəsi öz əksini tapmamışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan məlumatlar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilir. 33. Bu baxımdan, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının faktiki istifadəsində olan ərazinin koordinatları (zərurət yaranarsa, yerli baxış da həyata keçirilə bilər) ilə elektron baza məlumatlarındakı koordinatların müqayisəli təhlili ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməli olduğu halda bunu etməmişdir” “...35. Qeyd edilənlərdən əlavə, məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci növbə vərəsələrin dairəsi tam müəyyən edilməmişdir”.
28. İşə təkrar apellyasiya qaydasında baxılarkən kollegiya tərəfindən Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq qərarda göstərilən hallarla bağlı araşdırma aparılmış, “Kauçuk” Bağçılıq Yoldaşlığının üzvlərinin iş materiallarında olan adlı siyahısından çıxarış və məhkəməyə təqdim edilmiş “Kauçuk” Bağçılıq Yoldaşlığının xəritəsinin təsdiq edilmiş surəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilməklə məhkəmə tərkibinin iddiaçının və üçüncü şəxsin nümayəndələrinin və cavabdehin GPS aparatı ilə təchiz edilmiş müvafiq mütəxəssisinin iştirakı ilə Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsində yerli baxış keçirilmişdir. Baxış zamanı iddiaçının nümayəndəsi – bağ sahəsi ayrılmış mərhum X9 qızı X4 atalarına ayrılan, uzun müddət və hazırda da istifadə etdikləri hasara aldıqları 511 saylı torpaq sahəsinin yerini göstərmiş, “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri X13 da həmin sahənin məhz Qulu Ağayevə ayrılmış 511 saylı torpaq sahəsi olduğunu bildirmiş, mütəxəssis tərəfindən GPS aparatı vasitəsi ilə iddiaçının nümayəndəsinin göstərdiyi torpaq sahəsi üzrə ölçmə işləri aparılmışdır.
29. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 14 oktyabr 2022-ci il tarixli, **********01 saylı məktubla birlikdə mütəxəssis rəyi 25 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mütəxəssis rəyində Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsində heç bir qeydiyyat aparılmadığı, vətəndaşın göstərdiyi ərazinin “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin təqdim etdiyi sxematik plana əsasən 522 saylı bağın ərazisi ilə üst-üstə düşdüyü qeyd edilmişdir.
30. Bundan əlavə, təkrar apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Sumqayıt 4 şəhər saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2099 saylı məktubunu təqdim edərək (həmi məktubda xx.xx.2008-ci ildə vəfat etmiş mərhum X9 miras əmlakına dair Sumqayıt şəhər 4 saylı Notariat ofisində xx.xx.2012-ci il tarixdə 2V/162 reyestr nömrə ilə vərəsəlik işi üzrə arvadı İddiaçı və oğlu X15 vərəsə kimi tanınaraq hər biri miras əmlakının ½ hissəsinə dair irs almaları barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi göstərilmişdir) iddaçı ilə digər birinci növbə vərəsə olan oğlu arasında hər-hansı mübahisə olmadığını, inzibati qaydada qaldırılmış hazırkı iddianın isə müvafiq bağ sahəsinin iddiaçının deyil, məhz vərəsəlik hüquqlarının reallaşdırılması üçün mərhum ərinin adına qeydiyyata alınması ilə bağlı olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi və vəkilinin qeyd edilən mövqeyi ilə razılaşan və hazırkı iş üzrə iddia tələbinin məzmunu nəzərə alan məhkəmə kollegiyası digər birinci növbə vərəsənin qeyd edilən torpaq sahəsinə iddia edib-etməməsinin aradşrılımasına lüzum görməmişdir.
31. Beləliklə, yuxarıda istinad edilən “Kauçuk” X10 heyətinin 01 saylı protokolundan çıxarışa əsasən X17 xx.xx.1988-ci ildə “Kauçuk” Bağçılıq Yoldaşlığın üzvlüyünə qəbul edilmiş və onun adı üzvlüyün adlıq siyahına daxil edilmişdir. Bunun əsasında X11 üzvlük kitabçası verilmişdir.
32. İddiaçı qeyd olunan sənədlər əsasında sözügedən bağ sahəsi üzərində onun mərhum ərinin hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş, cavabdeh isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxsə məxsus, 522 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyünü əsas gətirərək ərizənin icrasından imtina etmişdir.
33. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
34. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
35. Hazırkı iş üzrə iddiaçının mərhum ərinin “Daşınmaz əmlakın reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində qeyd olunan hüquqi sənədləri mövcuddur və həmin sənədlərin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilmir.
36. iddiaçının məhrum ərinə verilmiş torpaq sahəsinin yerləşmə yeri - torpaq sahəsinin 511 deyil 522 saylı torpaq sahəsi olması, 511 saylı torpaq sahəsinin Bakı-Quba magistral yoluna tərəf 20 metr məsafədə yerləşdiyi və buna görə də 511 saylı torpaq sahəsi üzərində Qulu Ağayevin mülkiyyət hüquqlarını qeydə alınmasının mümkün olmaması ilə bağlı ilə bağlı cavabdehin dəlillərinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin apardığı araşdırma və əlavə olaraq təkrar apellyasiya baxışı zamanı müəyyən edilmiş hallara istinad etməklə hesab edir ki, cavabdehin iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin 511 deyil 522 saylı torpaq sahəsi olması barədə gətirdiyi arqument əsassızdır. Belə ki, iddiaçının nümayəndəsi – torpaq sahəsi ayrılmış Qulu Ağayevin qızı A.Bayramova, habelə “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri Q.Bayramov yerli baxış zamanı iddiaçının istifadə etdiyi torpaq sahəsinin məhz ayrılmış 511 saylı torpaq sahəsi olduğunu bildirmiş, verilmiş mütəxəssis rəyində də həmin 511 saylı torpaq sahəsində heç bir qeydiyyat aparılmadığı göstərilmişdir. Digər tərəfdən 522 saylı torpaq sahəsi barədə də daşınmaz əmlakın dövlət reyesterində hər-hansı qeydiyyat aparılmadığından və həmin sahənin koordinatları məlum olmadığından cavabdeh tərəfindən mərhum Qulu Ağayevin ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsinin 511 deyil 522 saylı torpaq sahəsi olmasının hansı qaydada və hansı normalar əsasında müəyyən etməsi də aydın deyildir.
37. Təkrar apellyasiya baxışı zamanı “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri Q.Bayramov surəti iş materiallarına əlavə edilmiş “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sxematik planına əsasən iddia edilən torpaq sahəsinin yerləşmə mövqeyinə görə məhz 511 saylı torpaq sahəsi olduğunu, reyestr xidməti tərəfindən əvvəllər bir neçə bağ sahəsi üzrə aparılmış qeydiyyat zamanı sürüşmələrə yol verildiyini, cavabdeh tərəfindən bağ sahələrinin nömrələrinin düzgün qeyd edilmədiyin bildirmişdir.
38. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir.
39. Beləliklə, təkrar apellyasiya baxışı zamanı cavabdehin iddia etdiyi kimi müvafiq torpaq sahəsinin 511 deyil 522 saylı torpaq sahəsi olması mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı kollegiya hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanına istinadən qeyd edir ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, həmin uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla iddiaçının mərhum ərinin müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasını təmin etmək cavabdeh inzibati orqanın vəzifəsidir.
40. Məhkəmə kollegiyası eyni zamana qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın hər hansı digər əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, qanuni və ədalətli qərar çıxarmışdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.