Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-363/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-2986/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, 1975-1976-cı il tarixlərində 85 saylı Texniki Peşə Məktəbində təhsil almışdır.
2. İddiaçıya məxsus ИТ№ ******* seriyalı əmək kitabçasında onun texniki peşə məktəbində təhsil alması, xx.xx.1976-xx.xx.2002-ci illərdə Sumqayıt Üst Trikotaj fabrikində işləməsi qeyd edilmişdir.
3. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli imtinasında “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad etməklə bildirmişdir ki, təqdim edilmiş sənəndlərə əsasən iddiaçının sığorta stajı 18 il 10 ay 29 gün təşkil edir və bu hal qanunun tələblərinə uyğun olmadığından əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun AbşeronX5rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixdən 85 saylı texniki peşə məktəbində oxuduğu və xx.xx.1976-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Sumqayıt Üst Trikotaj fabrikində işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərardadı ləğv edilmiş və inzibati işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-xx.xx.2002-ci illərdə Sumqayıt Üst Trikotaj fabrikinin nəzdində İplik Kooperativində işlədiyi dövrün onun sığorta stajına daxil edilrək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun AbşeronX7 üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. xx.xx.1975-ci il tarixində 85 saylı Texniki peşə məktəbinə toxucu-motorist peşəsinə daxil olmuş və həmin peşəni xx.xx.1976-cı il tarixində bitirmişdir. Daha sonra o, təyinatla Sumqayıt Üst Trikotaj Fabrikinə göndərilmişdir. xx.xx.1976-cı il tarixdə həmin fabrikdə əmək fəaliyyətinə başlamış və xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2002-ci il tarixdə ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyə görə əmək pensiyasını xx.xx.2002-ci il tarixindən xx.xx.2021-ci il tarixədək hər ay almışdır. Yaşa görə əmək pensiyası almaq hüququ yarandığı üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə X10 Şəxsin 1 saylı regional ərizəsi filialına müraciət etmişdir. Lakin ona cəmi 18 il 10 ay 29 gün sosiaj sığorta stajının mövcud olması bildirilərək yaşa göprə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
7. Cavabdeh iddia tələbinə etirazda göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı 18 il 10 ay 29 gün təşkil edir. Belə ki, onun adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, əmək kitabçasının surətində xx.xx.1993-ci il tarixdən xx.xx.2002-ci il tarixədək qeyd olunmuş “İplik” kooperativinin əmək haqqı cədvəlləri və arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmiş, eyni zamanda müəssisənin hüquqi ünvanı məlum olmadığından həmin dövrün araşdırılması və sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İş materiallarından aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
8. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-2986/2022 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.1993-xx.xx.2002-ci illərdə “Sumqayıt Üst Trikotaj” fabrikinin nəzdində “İplik” kooperativində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilrək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, "xxxx" ASC-nin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Sumqayıt Üst Trikotaj fabriki olan işçilərin siyahısında İddiaçı adı da qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli dövr iddiaçının sosial sığorta stajına daxil edildikdə onun sosial sığorta stajı 26 ilə yaxın təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas yaradır.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, əmək kitabçasının surətində xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək qeyd olunmuş “İplik” kooperativinin əmək haqqı cədvəlləri və arxiv sənədləri Dövlət Arxivinin Sukqayıt filialına təhvil verilməyib, eyni zamanda müəssisənin hüquqi ünvanı məlum olmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istiinad edilərək göstərilmişdir ki, qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Şikayətdə iddiaçının mübahisələndirilməyən 18 il 10 ay 29 gün mübahisəsləndirilməyən stajı qeyd edilmiş, xx.xx.1993-xx.xx.2002-ci illərin (“İplik kooperativi) mübahisələndirildiyi göstəilmişdir. Şikayət onunla əsaslandırılır ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
16. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
19. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdeh imtinasında iddiaçının tələb olunan 25 illik sığorta stajının olmamasına istinad etmişdir.
25. Cavabdehin imtinası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçının əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1993-cü il tarixədək Sumqayıt Üst Trikotaj Fabrikində, o cümlədən xx.xx.1993-cü ildən xx.xx.2002-ci il tarixədək həmin kooperativin nəzdində fəaliyyət göstərən “İplik” kooperativində işləməsi onun əmək kitabçası ilə təsdiq edilir. Arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının həmin müəssisədə işləməsini təkzib etmir.
26. Cavabdehin müvafiq dəllillər gətirmklə mübahisələndirdiyi xx.xx.1993xx.xx.2002-ci illərə gəldikdə isə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci ii tarixli 335 nömrəli sərəncamı ilə “Xalq üçün Mallar" Dövlət Konserninin tabeliyində olmuş, ünvan 2 ünvanında yerləşən Sumqayıt Üst Trikotaj fabrikinin bazasında “Sumqayıt Trikotaj" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2006-cı il tarixdə cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. “Sumqayıt Trikotaj" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən xx.xx.2000-ci il tarixinə hazırlanmış sənədlərə əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir.
27. Cavabdeh inzibati orqanın etirazında və apellyasiya şikayətində göstərdiyi müvafiq dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmur. Hazırkı işdə yuxarıda istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
28. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyasının tələblərinə əsasən iddiaçıya pensiya təyin etməkdən imtina edən cavabdeh inzibati orqanın iddiaçının əmək kitbaçasındakı müvafiq qeydləri şübhə altına alması kifayət deyildir, cavabdeh inzibati orqan həmin qeydlərin həqiqətə uyğun olmadığını sübuta yetirməlidir.
29. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)-2986/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.