Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-364/2021 21.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun 1 saylı Regional Ərazi filialına qarşı iddiaçının 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və 01.01.2008-ci il tarixdən bu günədək yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-201/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və 01.01.2008-ci il tarixdən bu günədək yaranmış fərqin ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. Məhkəmənin 05.11.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 xx xxxxxxxx 1955-ci il təvəllüdlüdür. O, 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə kimi Çernobıl AES-in 30 kilometrlik zona daxilində Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işlərdə fəal iştirak etmişdir. 10 dekabr 2000-ci il tarixli arayışdan da göründüyü kimi, ona əmək haqqı və digər gəlirlər kimi 1420 rubl pul ödənilmişdir. İddiaçı 13 aprel 1992-ci il tarixə qədər 1 nömrəli Tikinti Quraşdırma idarəsində 6-cı dərəcəli çilingər vəzifəsində işləmiş, 13 aprel 1992-ci il tarixdə 21 nömrəli əmrə əsasən işdən azad edilmişdir. Hal-hazırda həmin idarənin bazasında “Tikinti-Servis” ATSC yaradılmışdır. İddiaçı Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməsi nəticəsində ciddi şüalanmaya məruz qalmış və nəticədə İİ qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 №-li qərarına əsasən bütün Çernobıl əlilləri kimi, ona da o vaxt işlədiyi müəssisədən əmək haqqının dörd qat məbləği qədər mükafat ödənilmişdir. «X2 haqqında» Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləği Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğin özü 4-ə vurulduğu üçün həmin əmək haqqı müasirləşdirilməklə alınmış məbləğ vətəndaşın pensiya hesablanması üçün orta aylıq əmək haqqı sayılır. Həmin Qanunun müvafiq maddəsinə əsasən 01.01.1993-cü il tarixdən əvvəlki dövrdə pensiya hesablanması üçün 1996-cı ilin yekununa respublika üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş orta aylıq əmək haqqı məbləğinin pensiya hesablanması üçün nəzərə alınmış əmək haqqının ödənildiyi ildə mövcud olmuş orta aylıq əmək haqqının məbləğinə olan nisbəti dəfə artırılır. Bununla bağlı iddiaçı 11 avqust 1986cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə iddiaçıya ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətləri indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və 01.01.2008-ci il tarixdən bu günədək yaranmış fərqin iddiaçıya birdəfəlik ödənilməsini təmin etmələri üçün DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh cavab məktubunda qeyd etmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı 02.04.1992-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmiş, ümumi stajı - 30 il, toplanmış pensiya kapitalı isə 8946,54 manat təşkil edir. 01.01.2020-ci il tarixdən aldığı pensiya məbləği isə 389.87 manat təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin 30 noyabr 2018-ci il tarixli "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə sərəncamına əsasən bu Qanunun 28-ci maddəsi ləğv edilmişdir. Həmin normanın ləğv edilməsi ilə əlaqədar pensiyaların yenidən hesablanması mümkün deyildir. Bununla əlaqədar olaraq iddiaçı iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-201/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və 01.01.2008-ci il tarixdən bu günədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 37.3.2-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. 11.08.1986-cı ildən 11.11.1986-cı il tarixinədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə 1228,16 rubl 4 qat məbləğ Çernobil AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən əmək pensiyasının məbləğinin yenidən hesablanması mümkün deyildir. İddiaçı Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir, iddiaçı daha sonra DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və 17.03.1994-cü il tarixdən ona əlilliyə görə pensiya təyin olunmuşdur. 01.01.2020-ci il tarixdən iddiaçıya ödənilən pensiyanın məbləğini 389 manat 87 qəpik təşkil edir. İddiaçı 06.05.2020-ci il tarixində DSMF-in müvafiq şöbəsinə müraciət edərək ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının ona Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 saylı qərarı əsasında əmək haqqının dörd qat məbləğində ödənilmiş mükafat əsasında yenidən hesablanmasını tələb etmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda ifadə olunduğu kimi əmək pensiyasının dörd qat əmək haqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyri-mümkündür və bu səlahiyyət ‘‘X2 haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 30.1 -ci maddəsində (birinci və ikinci cümlələrində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 21 dekabr tarixli 577 saylı Qərarına əsasən, əmək haqqının dörd qat məbləğində mükafat ödənilir və əmək haqqından pensiya hesablanması ‘‘X2 haqqında” Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dörd qat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir. Yəni Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 saylı qərarına əsasən orta aylıq əmək haqqının müasirləşdirilməsi qeyri mümkündür. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: 269546 seriyalı vəsiqədən görünür ki, İddiaçı 2-ci qrup Çernobıl əlilidir. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 11.08.1986-11.11.1986-cı tarixlərdə Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş və SSRİ Ali Sovetinin Nazirlər Kabinetinin Qərarının 05.06.1986-cı il tarixli Qərarından irəli gələn imtiyazlardan istifadə etmək hüququna malikdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10.09.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 13 mart 1998-ci il tarixli sərəncamına əsasən 1-ci Sumqayıt Mexaniki Quraşdırma İdarəsinin bazasında “1-ci Sumqayıt Tikinti-Quşardırma” Açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır. “1-ci Sumqayıt Tikinti-Quşardırma” ATSC-nin səhmdarının 13.07.2005-ci il tarixli qərarına əsasən Cəmiyyətin təşkilatı hüquqi forması dəyişdirilərək yenidən təşkil olunmuş və “1-ci Sumqayıt Tikinti-Quşardırma” Məhdud məsuliyyətli cəmiyyətinə (VÖEN **********) çevrilmişdir. “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 11.08.1986- 11.11.1986-cı tarixlərdə “xxxx” MMC-də işləmiş, həmin dövrlərdə 315 nömrəli Sumqayıt QVK-nın arayışına əsasən Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş və ona həmin dövrlər üzrə 4 qat məbləğində əmək haqqı 100% (282.66+292.12+309.58+343.8=1228,16 rubl) ödənilmişdir. Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş 1994-cü il tarixli arayışdan görünür ki, İddiaçı 11.08.1986-11.11.1986-cı il tarixlərdə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmişdir. “Azneftteximmontaj” montaj idarəsinin 19.11.1986-cı il tarixli 207 k saylı əmrindən görünür ki, Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etdiyi üçün İddiaçı əmək haqqının 100% həcmində ödəniş edilmiş və 6 günlük əlavə məzuniyyət verilmişdir. 07.03.2007-ci il tarixli 58 saylı Müdafiə Nazirliyi MHHK-nın qərarından müəyyən olunur ki, iddiaçı 1986-cı ildə Çernobıl AES-də baş verən qəzanın aradan qaldırılmasında iştirak etmiş və onun orada tutulduğu xəstəlik “Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. SER TSE-01 № 296189 saylı təkrar müayinədən keçən əlillər üçün TSEK-də müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya Çernobıl AES-də baş verən qəzanın aradan qaldırılması səbəbi ilə təyin edilmiş İİ dərəcəli əlillik müddətsiz müəyyən edilmişdir. İddiaçının Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməsi, bununla əlaqədar ona ikinci qrup əlillik təyin edilməsi, eləcə də bu səbəbdən dördqat mislində əmək haqqı alması iş materiallarına əlavə edilmiş 269546 seriyalı vəsiqə, “xxxx” MMC tərəfindən verilmiş arayış, НЗ № ******* seriyalı hərbi bilet, Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş 1994-cü il tarixli arayış, “Azneftteximmontaj” montaj idarəsinin 19.11.1986-cı il tarixli 207 k saylı əmri, 07.03.2007-ci il tarixli 58 saylı Müdafiə Nazirliyi MHHK-nın qərarı, SER TSE-01 № 296189 saylı təkrar müayinədən keçən əlillər üçün TSEK-də müayinə aktından çıxarışla təsdiq olunur. Hazırda iddiaçı keçmiş Çernobıl AES qəzasının əlili kimi “X2 haqqında” Qanununun 83-cü maddəsinə əsasən iş yerində mükafat kimi aldığı dördqat əmək haqqının cavabdeh tərəfindən pensiya təyin olunarkən nəzərə alınmadığını iddia etmiş, işə baxan məhkəmə isə iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası öz növbəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanunun (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər; 81-ci maddəsinin 1-ci abzasına əsasən, bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir; 83-cü maddəsinə əsasən, pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1-18 saylı 10 sentyabr 1993-cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”na (2-ci bəndi) əsasən isə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir, yeni dördqat məbləğdən hesablanmış orta aylıq əmək haqqının yuxarıda qeyd edilən səbəblərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 saylı qərarına görə müasirləşdirilməsi qeyri-mümkündür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə 01 yanvar 2010-cu il tarixdən edilmiş dəyişikliklər iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ-hüquqi akt olmadığından həmin akt iddiaçıya münasibətdə geriyə şamil edilə bilməz. «Əmək pensiyaları haqqında» Qanunun maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. (maddə 31.1, 32.1) “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu Qanunun 32.1-1-ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının pensiyanın yenidən hesablanması barədə ərizəsini icra etməkdən imtinası əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belə olduğu halda kollegiya hesab edir ki, iddiaçı hazırki iddiası ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmiş, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh isə iddiaçıya imtina cavabı verməkdə haqlı olmamış, bu barədə cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. İşdən göründüyü kimi, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 1 iyul 2017-ci il tarixdən sonra – 1 iyun 2020-ci il tarixdə müraciət etmişdir. (iş mat. səh 10) Buna görə də “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-201/2021 saylı qərarı dəyişdirilməli və cavabdehin üzərinə iddiaçının 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 01 iyun 2020-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-201/2021 saylı qərarı dəyişdirilsin və iddia aşağıdakı məzmunda təmin olunsun: Cavabdehin üzərinə iddiaçının 11 avqust 1986-cı il tarixdən 11 noyabr 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 01 iyun 2020-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-364/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-364/2021
21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver