Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-364/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X8rşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, NA00034306 saylı qərarının ləğv edilməsi, Rusiya Federasiyası Cənub X6 “Hüquqşünaslıq” ixtisasını bitirməsinə dair xx.xx.2005-ci il tarixli, ******* saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2- 1(118)-3788/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 2001-2005-ci illər tarixində Cənubi X7nun Bakı şəhərində yerləşən filialında “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil almış və ona bu barədə АВБ ******* saylı bakalavr diplomu verilmişdir. İddiaçı diplomun tanınması ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 28 iyul 2023-cü il tarixli, NA00014499 saylı qərarı ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarınm tanınması Qaydaları" nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2023-ci il tarixində NA00014499 saylı hüquqi aktın etibarsız hesab edilməsi və iddiaçının diplomunun tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3788/2024 nömrəli aralıq qərardadı əsasında İddiaçı Rusiya Federasiyası Cənubi X7 tərəfindən verilmiş “Hüquqşünaslıq” (bakalavr/əyani) ixtisası üzrə verilmiş xx.xx.2005-ci il tarixli, АВБ ******* nömrəli xarici kvalifikasiyanin tanınması barədə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra- Qaydalar) əsasən yenidən inzibati icraat aparılmış və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA00034306 saylı qərarı ilə iddiaçının müraciətinin icrasından yenidən imtina edilmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Həmçinin iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, NA00034306 saylı qərarının ləğv edilməsi, Rusiya Federasiyası Cənub X6 “Hüquqşünaslıq” ixtisasının bitirməsinə dair xx.xx.2005-ci il tarixli, ******* saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci il tarixində Cənubi X7n Bakı şəhərində yerləşən filialında Hüquqşünaslıq fakültəsində əyani şöbədə oxumağa başlamışdır. Həmin fakültəni 2005-ci il tarixində müvəffəqiyyətlə oxuyub bitirmişdir. Diplomun tanınması ilə əlaqədar təhsil nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi NA00014499 saylı cavab məktubunda bildirir ki, “müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarınm tanınması Qaydaları" nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Bildirmək istəyir ki, cavabdeh orqan tərəfindən iddiaçının diplomunun hüquqi əsasının olmaması tamamilə yanlış bir qənaətdir. Belə ki, iddiaçı əziyyət çəkərək universitetdə 4 il təhsil almışdır. Hər il də təhsil haqqlarını ödəmişdir, bu diplomun hüquqi əsasının olması ilə bağlı cavabdeh orqanın rəsmi cavab məktubları digər sənədlər, protokol və arayışlar mövcuddur. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Belə ki, inzibati orqanın xx.xx.2023cü il tarixli, NA00014499 nömrəli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli, NA00014499 nömrəli inzibati aktdan ən gec xx.xx.2023- cü il tarixdə məhkəmədə iddia tələbi qaldıra bilərdi. Lakin iddiaçı sözügedən iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(118)-3788/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2397/4- 488 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Cənubi X7n Bakı filialının fəaliyyəti dayandırılmışdır. Yəni iddiaçının təhsil aldığı universitetin filialının fəaliyyəti onun təhsil aldığı müddətdə, 2001-2005-ci illər ərzində deyil, əksinə təhslini bitirdikdən 2 il sonra - 2007-ci ildə dayandırılmışdır. Cavabdeh inzibati orqanın imtinası sadalanan maddi hüquq normalarının tələblərinə uyğun gəlmir və əsassızdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı müəssisənin Bakı filialının təhsil fəaliyyəti göstərilməsi üçün lisenziyası olmamışdır, qanunsuz fəaliyyət göstərmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Rusiya Federasiyası X1suz Bakı filialında əldə etdiyi diplomun tanınması üçün cavabdeh quruma müraciət etmişdir.Onun müraciəti üzrə icraat prosessual normalar üzrə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılmışdır. İşin faktiki halları baxımından imtinanın mahiyyət üzrə əsasını təşkil edən maddi normalara baxış keçirdikdə müəssisənin fəaliyyət göstərdiyi dövrdə, habelə ərizəçinin təhsil aldığı dövrdə də tanınan və qanuni müəssisə olmadığı müəyyən olunur. Belə ki, Rusiya Federasiyası Cənub X6 Bakı filialının fəaliyyət göstərdiyi və xüsusilə ərizəçinin məzun olduğu dövrdən əvvəl qüvvəyə minmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Lissabon Konvensiyasına əsasən Ali təhsil müəssisəsi, ali təhsil səviyyəsi üzrə təhsil verən, Tərəfin təhsil sisteminin bir hissəsi olan və səlahiyyətli orqanı tərəfindən tanınan qurumdur. Yuxarıda qeyd olunmuş Qanunun icrası ilə bağlı "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, № 346 Sərəncamının 1-ci maddəsinə əsasən ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə , Sərəncamın 3-cü maddəsində isə Azərbaycan Respublikası Təhsil Nazirliyi ali təhsil sistemi üzrə məlumatların təmin edilməsi barədə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanı təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan"nın 1.1-ci bəndində qeyd olunur ki, Bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000- ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Göstərilən normativ hüquqi aktlara əsasən ərizəçinin təhsil aldığı dövrdə də xarici dövlətin ali təhsil müəssisəsinin səlahiyyətli orqan tərəfindən tanınması, yaxud onun təhsil sisteminin bir hissəsi olması məsələsi üzrə tələb mövcud olmuşdur. Qanunun icrası ilə bağlı Sərəncamın mətnində açıq şəkildə bu səlahiyyətli orqanın Azərbaycan Respublikası Təhsil Nazirliyi olduğu vurğulanmışdır ki, Nazirlik də heç vaxt Dağıstan Dövlət Universitetinin Bakı filialını Azərbaycan Respublikası təhsil sisteminin hissəsi kimi qəbul etməmiş və ya həmin müəssisənin xarici dövlətin ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında yerləşən qanuni filialı yaxud nümayəndəliyi kimi qəbul etməmişdir. Qeyd olunanlardan aydın olur ki, Rusiya Federasiyası Cənub X6 Bakıdakı filialının ölkədə tanınmayan müəssisə kimi qəbul edilməsi normativ hüquqi aktlar çərçivəsində əsaslıdır və Təhsil Nazirliyi bu barədə səlahiyyətli orqan olduğu üçün bu cür mövqe göstərməsi qanunidir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydalarf’na (bundan sonra -Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınır. Qaydaların 4.1.1-ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməli və fəaliyyəti üzrə zəruri olduğu hallarda dövlət lisenziyası olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifıkasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1-ci bəndinə əsasən Hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblər arasında əsaslı fərqlər olmadığı halda tanımayacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçının ali təhsilə aid kvalifikasiyasının tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (-). Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-) 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanı: 2.2-ci bənd. Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydaları: 1.2-ci bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6-ci bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 1.7-ci bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. 2.3-cü bənd. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.5-ci bənd. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.6-cı bənd. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.4-cü bənd. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; - qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). 5.5-ci bənd. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus xx.xx.2005-ci il tarixli, ******* saylı diplomun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsindən imtinası təşkil edir. Cavabdeh tərəf imtinanı belə əsaslandırmışdır ki, iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilən dəlil apellyasiya şikayətində də göstərilmişdir. Məhkəmə kollegiyası imtinanın, həmçinin apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, hazırki işin halları ilə oxşarlıq təşkil edən iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2023-ci il tarixli, 2-1(102)-494/2022 saylı qərarından görünür ki, X4 X5 X7 tərəfindən “hüquqşünaslıq” ixtisası üzrə verilmiş 28 avqust 2020-ci il tarixli, 136124 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasını ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi tələbi Bakı İnzibati məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ilə təmin edilmiş, qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Həmin qərarda qeyd olunan işin hallarından görünür ki, iddiaçı Rəna Babayeva 2002-ci ildə Cənubi X7nun Bakı filialına daxil olmaqla, həmin uniuversitetdə “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almışdır. Dövlət İmtahan Komissiyasının qərarı ilə 06 iyun 2007-ci il tarixdə, 158 nömrəli protokolla ona “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Bu barədə verilmiş diplom apostil edilmiş və xx.xx.2021-ci ildə Təhsildə Keyfiyyət Təminat Agentliyinə elektron qaydada müraciət edərək, 28 avqust 2020-ci il tarixli, 136124 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasını ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir. Onunla ekspert qrupu online qaydada “ZOOM” proqramı vasitəsi ilə müsahibə aparımış və 23 fevral 2021-ci il tarixli qərarla müraciətindən imtina edilmişdir. Ali Məhkəmənin istinad edilmiş qərarından göründüyü kimi, hazırkı mübahisə ilə eyni hüquqi mahiyyətdədir. Belə ki, 2001-2005-ci illəri əhatə edən dövrlər üzrə 4 il müddətində Azərbaycan Respublikası yurisdiksiyasında fəaliyyət göstərən Cənubi X6 Bakı Filialında təhsilin əyani formasında təhsil alaraq “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi almış, diplom apostil edilmişir. İşin hallarından və iş materiallarında olan digər məhkəmə qərarlarından aydın olur ki, Cənubi X7nun Bakı filialına daxil olmuş və bakalavr təhsil almış başqa məzunların diplomlarının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi tələbləri təmin olunmuş və həmin şəxslərin diplomları qeyd olunan qərarlar əsasında tanınmışdır. Həmçinin Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə o da müəyyən olunur ki, Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2397/4488 nömrəli, 05 mart 2007-ci il tarixli qətnaməsi ilə Cənubi X6 Bakı filialının fəaliyyəti Azərbaycan Respublikasında dayandırılmış, Cənubi X6 Bakı filialında təhsil alan şəxslərin hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə ünvanlanmış11-11-05/12 nömrəli məktubda 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007ci il tarixli qətnaməsi və Nazirliyə (və ya ali təhsil müəssisələrinə) etdikləri fərdi müraciətlər əsasında filialda təhsil alan tələbələrin müvafiq ali təhsil müəssisələrinə köçürüldükləri qeyd olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı qeyd edilən təhsil müəssisəsində 2001-2005-ci illərdə təhsil aldığından, qətnamə isə 2007-ci il tarixində qəbul edildiyindən diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması əsası ilə cavabdehin imtinası qanunauyğun olmamışdır. Bundan əlavə, qətnamədə Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılmasına dair hər hansı müddəa mövcud deyildir. Yuxarıda sadalanan hallardan da göründüyü kimi universitet filialının fəaliyyət dövründə daxil olmuş tələbələr, filial fəaliyyətini Azərbaycan Respublikasında dayandırdıqdan sonra digər Azərbaycan Respublikasının ali təhsil müəsissələrinə köçürülmüş və aidiyyəti unversitetlərdə bakalavr təhsili alaraq müvafiq diplomlarla təmin olunmuşlar. Bu hal da ona əsas verir ki, həmin tələbələrin fililala daxil olmalarının qanuniliyini cavabdeh orqan həmin müddətdə qəbul etmişdir. Odur ki, cavabdeh tərəfin filialın lisensiyasız fəaliyyəti ilə bağlı münasibəti əsassız hesab olunmalıdır. Çünki universitet filialı Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş, Rusiyada yerləşən universitetin təhsil funksiyalarını icra etmişdir. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərindən biri də məhz diskrision səlahiyyətlə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər-qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Göründüyü kimi, bu barədə qəbul edilmiş qərar qanunauyğun olmalıdır. Lakin hazrıkı mübahisənin qanunverciliyin normaları ilə qarşılıqlı təhlili əsas verir ki, iddiaçının müraciəti ilə bağlı qəbul edilmiş imtina qərarı mümkün qanunuyğunluq xarakteri daşımır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə iddiaçıya məxsus diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası formal tələblərə əsaslanır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(118)-3788/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-364/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-364/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver