Məhkəmə qərarları › İş №2-1(105)-365/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-365/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-365/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya əmək haqqında artımın minimum miqdarının 1,2 faiz məbləğində müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(118)-268/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, 2514ş/h-001- 18 saylı əmrinə əsasən, polis mayoru İddiaçı Lerik rayon polis şöbəsinin X1 rəisi, “istefada olan polis mayoru sayılmaqla 08 mart 2018-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətdən xaric edilmişdir. 05 mart 2018-ci il tarixə xidmət müddəti təqvim hesablaması ilə 35 il 05 ay 00 gün, imtiyazlı hesablama ilə 44 il 07 ay 10 gün təşkil etmişdir. Lerik Rayon Polis Şöbəsinin rəisinin 21 yanvar 2016-cı il tarixli əmri ilə İddiaçı 1 saylı inzibati əraziyə (Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Ambudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir) təhkim olunmuş, daha sonra Lerik Rayon Polis Şöbəsinin rəisinin 21 yanvar 2017-ci il, 02 mart 2017-ci il, 18 may 2017-ci il tarixli və 08 yanvar 2018-il il tarixli əmrlərinə əsasən müxtəlif vaxtlarda 3 saylı inzibati əraziyə (Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Ambudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir) təhkim olunmuşdur. İddiaçı xidmətdən xaric edildikdən sonra ona pensiya təyin edilməsi üçün məlumat vərəqi pensiya təyin edən orqana göndərilmişdir. İddiaçı dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrində müvəqqəti vəzifənin icrasına görə aldığı əlavənin də nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib edilməsini xahiş etsə də, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bundan imtina etmişdir. İddiaçı cavabdehə bir neçə dəfə müraciət edərək pensiya təminatına 20 % əlavənin nəzərə alınmasını xahiş etsə də, cavabdeh xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli məktublarla bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 5-ci bəndinə və iddiaçının işlədiyi ərazilərin həmin qərarın 2 nömrəli əlavəsinə əsasən, dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısında olduğunu nəzərə alaraq iddiaçıya əmək haqqında artımın minimum miqdarının 1,2 faiz məbləğində müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 yanvar 2016-cı ildə Lerik Rayon Polis Şöbəsinin rəisinin “Lerik RPŞ-nın sahə rəisi və sahə inspektorları arasında ərazi bölgüsünün aparılması barəsində” Ə-24-153-16 saylı əmrinə əsasən 1 saylı inzibati əraziyə təhkim olunmuşdur. Bu əraziyə Lerik rayonunun Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Anbudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir. Sonralar 21 yanvar 2017-ci il, 02 mart 2017-ci il, 18 may 2017-ci il tarixlərində Lerik Rayon Polis Şöbəsinin rəisinin “Lerik RPŞ-nın sahə rəisi və sahə inspektorları arasında ərazi bölgüsünün aparılması barəsində” əmrlərinə əsasən 3 saylı inzibati əraziyə təhkim olunmuşdur. Bu əraziyə də Lerik rayonunun Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Anbudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən, nazirliklər, dövlət komitələri və baş idarələr Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla bu qərarın 1-ci bəndinə uyğun olaraq tabeliklərindəki büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və zərərli olan iş yerlərində peşə və vəzifələrin siyahısının müvafiq artım əmsalları göstərilməklə təsdiq etmələri qərara alınmışdır. Həmin qərarın 5 və 6-cı bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin və Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına 2 nömrəli əlavəyə əsasən, Lerik rayonunun Hilədərə, Coqara, Qoşmalyan, Hivəri, Xocadoy, Lələkəran, Yuxarı Ambudərə, Məhləabad, Kələxan, Hüseynabad, Gövdərə, Tatoni, Digov, Kəlvəz, Aşağı Amburdərə, Sonaçola kəndlərinın adları dəniz səviyyəsindən 1500 metrdən - 2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin adları siyahısında qeyd olunmuşdur. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən dəniz səviyyəsindən hündürlükdə yerləşən yaşayış məntəqələrinin siyahısına əsasən yüksəkliyə görə 20 faiz əlavə ödənilməsi nəzərdə tutulmuş ərazilərdə vakant ştatı müvəqqəti əvəz edərək xidmət etməsinə baxmayaraq, Lerik RPŞ-nin İTB-nin rəisi (yüksəkliyə görə əlavə - 10 faiz) vəzifəsindən DİO-da xidmətdən xaric olunmuşdur. Bu baxımdan, iddiaçının xidmətdən xaric olunduğu xx.xx.2018-ci il tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən (təminat xərcliyi – hərbi qulluqçuların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzi verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) DİO-da sonuncu vəzifəsi olan İTB-nin rəisinin vəzifə maaşı - 432,0 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə 50 faiz əlavə - 291,0 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 151,20 manat, yüksəkliyə görə 10 faiz əlavə - 102,42 manat və ərzaq payı əvəzinə kompensasiya 64,0 manat daxil olmaqla, aylıq pul təminatı əsasında məlumat vərəqi tərtib edilərək pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(118)-268/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İ.Burcayev). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Lerik Rayon Polis Şöbəsi tərəfindən bir gün aralıq fərqi ilə (xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə) 02 nömrəli pul attestatları tərtib olunmuşdur. İkin tərtib olunan pul attestatında yüksəkliyə görə 1,2 əmsal (20 faiz-157:77 manat) müəyyən edilsə də, sonradan, növbəti gün tərtib olunmuş pul attestatına dəyişiklik edilməklə əmsal 10 faiz-78:88 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, ”Yəni qeyd olunan qərarla iddiaçının sonuncu xidmət yeri Lerik RPŞ-nin yerləşdiyi Lerik şəhəri dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında göstərildiyindən pul attestatında dəyişikliklər edilərək yüksəkliyə görə 10 faiz əlavə nəzərdə tutulmuşdur. İddiaçının iddia etdiyi Lerik RPŞ-nin xx.xx.2016; xx.xx.2017; xx.xx.2017 və xx.xx.2017-ci il tarixli əmrləri ilə RPŞ-də vakant olan inzibati əraziyə aid yaşayış məntəqələrinin ona təhkim olunması ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı ona təhkim olunmuş ərazilərdə xidmət etməsi müqabilində xidmətdən buraxıldığı günədək əmək haqqına artım əldə etmişdir. Lakin, Azərbaycan Respublikası DİN-in xx.xx.2018-ci il tarixli əmri ilə iddiaçının Lerik RPŞ-nin X1 rəisi olaraq xidmətdən xaric edilməsi iş materialları ilə müəyyən edilmişdir’’. Qeyd edir ki, Lerik RPŞ-nin xx.xx.2016; xx.xx.2017; xx.xx.2017 və xx.xx.2017-ci il tarixli əmrləri ilə rayon polis şöbəsində vakant olan inzibati əraziyə aid yaşayış məntəqələrin ona təhkim olunması ilə bağlı əmək haqqı almağı iddianın əsaslı olmasını sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 5 və 6-cı bəndləri dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərə münasibətdə nəzərdə tutulmuşdur. Hesab edir ki, həmin vəzifədə işləməyi iddianın rədd edilməsi üçün əsas ola bilməz, məhkəmə hüquq normasını düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı Lerik Rayon Polis Şöbəsinin rəisinin əmrlərinə əsasən bir neçə dəfə 3 saylı inzibati əraziyə təhkim olunmuş və həmin ərazidə polis sahə rəisi vəzifəsini müvəqqəti icra etmiş, rəsmi iş yeri həmin ərazi olmamışdır. Həmin dövrdə iddiaçı vəzifə maaşına əlavələr də almışdır. Cavabdehin nümayəndəsi və vəkili şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Lerik rayon Polis şöbəsi tərəfindən bir gün aralıq fərqi ilə (xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə) 02 №-li Pul Attestatları tərtib olunmuşdur. İlkin tərtib olunan pul attestatında yüksəkliyə görə 1,2 əmsal (20% - 157-77 manat) müəyyən edilsə də, sonradan növbəti gün tərtib olunmuş pul attestatında yanlışlıq aradan götürülmüş və həmin əmsal 1,1 (10% - 78-88 manat) məbləğində müəyyən edilmişdir. İddiaçının xx.xx.2018-ci il tarixində DİO-da xidmətdən xaric edildikdən sonra pensiya təyini üçün xidmət illəri, sonuncu tutduğu Lerik RPŞ-nin İTB-nin rəisi vəzifəsi və polis mayoru rütbəsinin maaşları, faziləsiz xidmət illərinə görə 50 faiz əlavə, məharət dərəcəsinə görə 35% əlavə, yüksəkliyə görə 10% əlavə və ərzaq payı əvəzinə kompensasiya daxil olmaqla aylıq pul təminatı əsasında məlumat vərəqi tərtib edilmiş və pensiya təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Hazırda həmin vəzifə maaşı – 432,0 manat, rütbə maaşı – 150,0 manat, xidmət illərinə görə 50% əlavə - 291,0 manat, məharət dərəcəsinə görə 35 % əlavə - 151,20 manat, yüksəkliyə görə 10% əlavə - 102,42 manat və ərzaq payı əvəzinə kompensasiya – 64,0 manat nəzərə alınmaqla cəmi 1190,62 manat məbləğində müəyyən edilmişdir. Yəni, qeyd olunan qərarla iddiaçının sonuncu xidmət yeri - Lerik RPŞ-nin yerləşdiyi Lerik şəhəri dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında göstərildiyi baxımından pul attestatındakı səhv aradan qaldırılmış və yüksəkliyə görə 10% əlavə nəzərdə tutulmuşdur. İddiaçının iddia etdiyi Lerik RPŞ-nin xx.xx.2016, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli əmrlərilə rayon polis şöbəsində vakant olan inzibati əraziyə aid yaşayış məntəqələrinin ona təhkim olunması ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı həmin vəzifələrdə müvəqqəti xidmət etməsi müqabilində əmək haqqına artım əldə etmişdir. Lakin Azərbaycan Respublikası X3 xx.xx.2018-ci il tarixli əmri ilə iddiaçının Lerik rayonunun polis şöbəsinin X1 rəisi olaraq xidmətdən xaric edilməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı iş üzrə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı ona pensiyanın hesablanması üçün aiddiyyatı orqana göndərilən məlumat vərəqində yüksəkliyə görə əmək haqqında artımın (əmsalın) miqdarının düzgün göstərilməsi ilə bağlıdır. Belə ki, iddiaçı qeyd edir ki, Lerik Rayon Polis Şöbəsinin rəisinin 2016-cı il tarixli əmri ilə 1 saylı, 2017, 2018-ci il tarixli əmrlərinə əsasən isə 3 saylı inzibati əraziyə təhkim olunmuşdur və həmin əraziyə Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Ambudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına 2 nömrəli əlavəyə əsasən, Lerik rayonunun Hilədərə, Coqara, Qoşmalyan, Hivəri, Xocadoy, Lələkəran, Yuxarı Ambudərə, Məhləabad, Kələxan, Hüseynabad, Gövdərə, Tatoni, Digov, Kəlvəz, Aşağı Amburdərə, Sonaçola kəndlərinın adları dəniz səviyyəsindən 1500 metrdən - 2000 metrədək yuxarıda yerləşən yaşayış məntəqələrinin adları siyahısında qeyd olunmuş və dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilmişdir. Bu səbəbdən, hesab edir ki, məlumat vərəqində əmək haqqında artımın minimum miqdarı 1,2 faiz məbləğində müəyyən edilməlidir. Cavabdehin etirazının yeganə dəlili ondan ibarətdir ki, iddiaçı təhkim olunduğu 3 saylı inzibati ərazidə polis sahə rəisi vəzifəsini müvəqqəti icra etmiş, rəsmi iş yeri həmin yer olmamışdır. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə, pensiya hesablanan zaman əlavələrin nəzərə alınması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır. Kollegiya qeyd edir ki, pensiya təminatı zamanı iddiaçının yalnız tutduğu vəzifənin əmək haqqısının nəzərə alınması, səlahiyyətlərini müvəqqəti icra etdiyi vəzifəyə görə ödənilən əlavə əmək haqqının (əgər ödənilibsə) nəzərə alınmaması iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular -... Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, ... xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Qayadaların 2-ci bəndinə görə bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” nın normaları hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə olan pul təminatından (həmin günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən) hesablanmasını imperativ qaydada tələb edir. İddiaçının xidmətdən xaric olunması ilə əlaqədar pensiya təminatı məqsədilə məlumat vərəqi onun sonuncu aldığı əmək haqqı nəzərə alınmaqla tərtib olunmalıdır. Belə ki, iddiaçının xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalıdır. Belə olan halda, iş üzrə nəzərə alınmalı olan hal iddiaçının xidmətdən xaric edildiyi gün hansı məbləğdə vəzifə maaşı və digər əlavələri alması halıdır. Başqa sözlə, iddiaçı xidmətdən xaric edildiyi gün almadığı əlavələrin məlumat vərəqində qeydə alınmasını tələb edə bilməz. Eyni zamanda, iddiaçı müvəqqəti icra etdiyi vəzifələrə görə əmək haqqına əlavə alıbsa, həmin əlavələrin qeydə alınmasını tələb edə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Lerik Rayon Polis Şöbəsinin rəisinin 08 yanvar 2018-ci il tarixli, Ə1-153-18 saylı əmrindən görünür ki, İddiaçı 3 saylı inzibati əraziyə (Qosmalian, Hiveri, Tathoni, Şonayçola, Divağac, Çökərə, Digah, Lələhiran, Qələsər, Hoveri, Kələxan, Kəlvəz, Ambudərə, Göydərə, Hilidərə, Hüseynəbad, Məhləbad, Xocadoy, Qışlaq kəndləri daxildir) təhkim olunmuşdur. Yəni, iddiaçı sonuncu dəfə 08 yanvar 2018-ci il tarixli əmrə əsasən 3 saylı inzibati əraziyə təhkim olunmuş və 08 mart 2018-ci il tarixində daxili işlər orqanlarında xidmətdən xaric edilənə qədər sözügedən ərazidə qulluq etmişdir. Bundan əlavə işin hallarından görünür ki, iddiaçıya münasibətdə cavabdeh orqan tərəfindən 2 dəfə pul attestatı tərtib edilmişdir. Belə ki, iş materiallarında olan (iş vərəqə səh.28) iddiaçı barəsində ilkin tərtib edilmiş 02 nömrəli pul attestatından görünür ki, iddiaçı 321.00 manat vəzifə maaşı, 130.00 manat rütbə maaşı, 50 % fasiləsiz xidmət illərinə görə 225.50 manat əlavə, 64.00 manat ərzaq payı əvəzinə pul kompensasiyası, 157.77 manat yüksəkliyə görə əlavə əmək haqqı (20%), 150.00 manat gəzinti pulu olmaqla, ümumilikdə 1160.62 manat təminat xərcliyinə malikdir. Həmçinin, iddiaçıya münasibətdə 2ci dəfə tərtib edilmiş (iş vərəqə səh.112) 02 nömrəli pul attestatından görünür ki, 78.88 manat yüksəkliyə görə əlavə əmək haqqı (10%) olmaqla, ... , ümumilikdə 931.73 manat təminat xərcliyi hesablanmışdır. Beləliklə, iddiaçı xidmətdən xaric edildiyi gün 321.00 manat vəzifə maaşı, 130.00 manat rütbə maaşı, 50 % fasiləsiz xidmət illərinə görə 225.50 manat əlavə, 64.00 manat ərzaq payı əvəzinə pul kompensasiyası, həmçinin, yüksəkliyə görə 20 % əlavə əmək haqqı almışdır. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında iddiaçının 3 saylı inzibati əraziyə təhkim olunduğu və xidmətdən xaric edilənədək vəzifə və rütbə maaşına müvafiq əlavələr aldığını bildirmiş, bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, işdə olan (iş vərəqə səh.111) iddiaçı barəsində tərtib edilmiş “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi qulluqçu) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi” ndən görünür ki, İddiaçı ... 10% müəyyən edilməklə 78.88 manat yüksəkliyə görə əlavə əmək haqqı, ... , ümumilikdə 931.73 manat təminat xərcliyinə malikdir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına 1 nömrəli əlavə ilə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı təsdiq edilmişdir. Həmin Siyahıda iddiaçının sonuncu dəfə 08 yanvar 2018-ci il tarixində təhkim olunduğu 3 saylı inzibati əraziyə daxil olan kəndlərdən Hilədərə, Coqara, Xozavi, Təngəbin, Qoşmalyan, Hivəri, Xocadoy, Lələkəran, Yuxarı Ambudərə, Aşağı Ambudərə, Məhləabad, Kələxan, Hüseynabad, Gövdərə, Tatoni, Kəlvəz, Şonaçola kəndləri 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinə aid edilmişdir. Göründüyü kimi, Nazirlər Kabineti yuxarıda qeyd olunan qərarında 3 saylı inzibati əraziyə daxil olan adları çəkilən kəndləri 1500 metrdən 2000 metrədək və 2000 metrdən yüksəklikdə yerləşən yaşayış məntəqələrinə aid etmiş, həmçinin, 1500 metrdən 2000 metrədək hündürlükdə yerləşən yaşayış məntəqələrində çalışan işçilərin əmək haqqında artımın (əmsalın) minimum miqdarını 1,2 məbləğində müəyyən etmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı xidmətdən xaric edilənə qədər 3 saylı inzibati əraziyə daxil olan yaşayış məntəqələrində xidmət etdiyindən, həmin dövrdə ona yüksəkliyə görə pul əlavəsi ödənildiyindən, həmin yaşayış məntəqələrində xidmət edən şəxslərin əmək haqqısında artımın miqdarı 1,2 məbləğində müəyyən edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Göstərilənlərə nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(118)-268/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xidmətdən buraxıldığı günə aldığı əmək haqqında artımın (əmsal) minimum miqdarının 1,2 məbləğində müəyyən edilərək yeni məlumat vərəqinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar