Məhkəmə qərarları › İş №2-1(105)-365/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-365/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-365/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1988-cü il tarixdən xx.xx.1994- cü il tarixədək Şuşa 1 nömrəli Tikinti İdarəsində 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-1040/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya aid AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4582/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1981-xx.xx.1984-cü il tarixədək “Əvəz Verdiyev adına (əvvəlki adı Həzi Aslanov) sovxozda fəhlə,xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixə qədər həmin sovxozda qaynaqçı işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. İddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 752138 seriyalı diplomun surətindən görünür ki, o, xx.xx.1984xx.xx.1985-ci illərdə Bakı şəhər 4 nömrəli orta texniki peşə məktəbində əl ilə qaynaq edən elektik qaynaçısı ixtisası üzrə kursu bitirmişdir. İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1988-xx.xx.1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti idarəsində, xx.xx.1994-xx.xx.2001ci illərdə “Adil-A” İKF-da, xx.xx.2001-xx.xx.2004-cü illərdə “Xəzərdənizneftdonanma” İdarəsində, xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də, xx.xx.2009-xx.xx.2011-ci illərdə “Xəzər GLF”-da, xx.xx.2011-ci ildə "xxxx" MMCyə işə qəbul edilmiş, xx.xx.2019-cu ildən hazırki tarixədək orada işləyir. "xxxx" MMC xx.xx.2020-ci il tarixli HR-2020/BOSGA/R-00/3865 saylı güzəştli arayışdan görünür ki, İddiaçı Məlik oğlu xx.xx.2004-xx.xx.2007-ci illərdə qaynaqçı (əl ilə qaynaqda) peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdə xitam verilmişdir. Daha sonra o, xx.xx.2011-ci ildə yenidən əmək fəaliyyətinə başlamış və hazıradək qaynaqçı (əl ilə qaynaqda) peşəsində işləyir. Həmin peşə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsində (Ümumi peşələr) əks olunmuşdur. Onun həmin müəssisədə güzəştli əmək şəraitində iş müddəti 12 il 6 ay 10 gün təşkil edir. Bibiheybət Gəmi Təmiri Zavodunun xx.xx.2019 –cu il tarixli 92 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2004-cü illərdə “Xəzərdənizneftqaz” idarəsinin XXL Partiya qurultayı adına Gəmi təmiri zavodunda əl ilə işləyən elektrik qaynaqşısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şuşa 1 nömrəli Təmir Tikinti idarəsinin sənədləri arxivə dövlət mühafizə verilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə birlikdə 1988-1992-ci illərdə Şuşa 1 saylı Təmir Tikinti İdarəsində işləmişdir. O, hazırda əlilliyə görə əmək pensiyası alır. Əmək kitabçası işğal zamanı Şuşada qaldığından sonradan Şakıda yeni əmək kitabçası doldurulmuşdur. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 1987-1988-ci illərdə Şuşa Təmir Tikinti İdarəsində işləmişdir. İddiaçı da onunla birlikdə 1988-ci ildə həmin idarədə qaynaqçı işləmişdir. Əmək kitabçası Şuşada qaldığından sonradan Bakı şəhərində yeni əmək kitabçası yazılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 Arif Malik oğluna ünvanldığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci madəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi işlələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək səraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz ИТ-İ ******* nömrəli əmək kitabçanız saxtalaşdırılaraq ona ******* nömrəli titul vərəqinin (40-43-cü səhifələrə) əlavə edildiyi aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən əmək kitabçanıza və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olğundan sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X1 yenidən təşkil edilməsi, ləğv edilməsi və ya hüquqi varisi barədə hər hansı məlumat aşkar edilməmişdir. Uçot baza məlumatlarına əsasən bildiririk ki, "xxxx" X1 xx.xx.1999-cu il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə, xx.xx.2004-cü il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. "xxxx" X1 sahibkarlıq və ya digər vergi tutulan əməliyyatların dayandırılması ilə əlaqədar vergi orqanına müraciət etməsi barədə məlumat müəyyən olunmamışdır. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Arif Malik oğlu X7 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, xx.xx.2006-ci il tarixindən sonra onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 78474,01 manat təşkil edir. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli 13-3-3/1-S-1xx-xx/2023 nömrəli ərizə ilə “Bibiheybət” Gəmi Təmiri Zavoduna müraciət etmişdir. Məktuba əsasən, İddiaçı ərizədə qeyd olunan illər üzrə güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şuşa 1 nömrəli Tikinti İdarəsində elektrik qaynaqçısı işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1977-ci ildə əmək fəaliyyətinə başlamışdır. Belə ki, o, xx.xx.1977-xx.xx.1979-cu illərdə “Həzi Aslanov” adına sovxozda işləmişdir. xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdir, hərbi xidmətdən qayıtdıqdan sonra həmin sovxozda xx.xx.1981-xx.xx.1984-cü illərdə əmək fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə sovxozun adı dəyişdirilərək “Əvəz Verdiyev” adına olmuşdur. xx.xx.1984-xx.xx.1985-ci illərdə Bakı şəhəri 4 nömrəli orta texniki peşə məktəbində təhsil alaraq məktəbin tam kursunu bitirmişdir. xx.xx.1985-xx.xx.1988-ci illərdə həmin sovxozda qaynaqçı, 1988-1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti İdarəsində 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. İşğaldaln sonra həmin idarə Bakı şəhərində Çermet adlanan ərazidə qarajda fəaliyyət göstərmişdir. 1994-cü ildən hazıradək müxtəlif işlərdə və peşələrdə işləyir. Məlum hadisələrlə əlaqədar Laçın rayonunda əmək fəaliyyətini təsdiq edən əmək kitabçası işğal zonasında qaldığından o, yeni əmək kitabçası almaq məcbuiriyyətində qalmışdır. Həmin illər yeni əmək kitabçasında əks olunmadıından o, xx.xx.1981-xx.xx.1984-cü illərdə “Əvəz Verdiyev” sovxozunda fəhlə və xx.xx.1984xx.xx.1988-ci illərdə həmin sovxozda qaynaqçı işləməsinə dair hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi ilə əlaqədar Abşeron rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli 2(012)-4582/2021 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Hazırda o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 1988-1994-cü illərə aid olan dövrü mübahisəli hesab etdiyindən ona imtina cavabı vermişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəmə məhkəməsinə müraciət edərək, ona 60 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-1040/2022 nömrəli (hakim Vəfa Əzizova) qərarı ilə iddia təmin eilmiş, İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1988-1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti İdarəsində işləməsinə dair qeydinin aparıldığı vərəqdə əmək kitabçasının seriya nömrəsi göstərilməmişdir. Həmin uyğunsuzluq onun “Adil L” kommersiya firmasında işləməsinə dair qeydin aparıldığı vərəqdə vardır ki, buna görə onun Şuşa 1 nömrəli Tikinti İdarəsində işlədiyi dövrün staja daxil edilməsindən imtina əsassızdır. İddiaçının həmin dövrdə göstərilən idarədə işləməsi şahidlərin ifadələri və əmək kitabçşasında aparılan qeydlə öz təsdiqini tapır. Həmin dövrə aid əmək kitabçası məlum olan səbəblərdən işğal zonasında qaldığından göstərilən qeydlər işəgötürən tərəfindən sonradan aparılmışdır. Məlum olduğu kimi əmək kitabçasında aparılan qeydlərin düzgünlüyü və mötəbərliyinə məsul şəxs işəgötürəndir və işçi, hazırki halda iddiaçı buna görə cavabdehlik daşımamalıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul olunmuşdur. Bu səbəbdən iş üzrə qəbul edilmiş qərar apellyasiya instansiya qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Ne-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur: 1. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il olmalı; 2. Bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar. İş üzrə icraat materiallarına əlavə edlmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından məlum olur ki, iddiaçı xx.xx.1988-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. İddiaçı tərəfindən təqdim edilən etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasına ИТ-İ ******* nömrəli titul vərəqinin (40-43 səhifələrə) əlavə edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci maddəsində əmək stajını təsdiq edən əsas sənədin əmək kitabçası olduğu qeyd edilmişdir. Həmin Qaydalarda qeyd edilmişdir ki, əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Bu Əsasnamənin 3.10-cu bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşə götürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. İstinad olunan Qaydalara əsasən, əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. İddiaçının qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İndiki halda iddiaçının əmək kitabçasına səhifələr əlavə edildiyi üçün, əmək kitabçasının mötəbərliyi şübhə doğurur. Birinci instansiya məhkəməsinin qərarında əmək kitabçasında saxtalaşdırma faktlarına münasibətdə onun hansı dövrləri əhatə etməsinə münasibət bildirilmiş, həmin faktın müəyyən olunması ilə bağlı hər hansı hərəkətlər edilməmişdir. Belə ki, qərarda yalnız, iddiaçının 1988-1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti dərəsində işləməsinə dair qeydin aparıldığı vərəqdə əmək kitabçasının seriya nömrəsinin göstərilmədiyini, həmin uyğunsuzluğun “Adil L” kommersiya firmasında işləməsinə dair qeydin aparıldığı vərəqdə olduğunu qeyd etmişdir. Halbuki indiki halda mübahisənin predmeti əmək kitabçasında saxtakarlıq faktlarının mövcud olması ilə bağlı olmuş, həmin faktın hansı dövrləri əhatə etdiyi və ya ondan irəli gələn səbəblərdən iddiaçının sığorta stajı ilə bağlı olmamışdır. Məhkəmə qeyd edilən hallara düzgün qiymət verməmiş, həmçinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələblərinin pozulması yolu ilə qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 60 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə çalışdığından, 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlə pensiya hüququnun yarandığından, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin eidlməsini tələb etmişdir. Cavabdeh inzibati orqan tərəfindən imtinanın əsası kimi əmək kitabçasının saxtalaşdırılaraq, əlavə titul vərəqə əlavə edildiyindən, əmək kitabçası və onda olan məlumatların həqiqiliyində əsaslı şübhələr olduğunda, yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması halına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına tərtib edilmiş əmək kitabçasının mötəbərliyi mübahisələndirilir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının adına olan ИТ-İ ******* nömrəli əmək kitabçasının saxtalaşdırılaraq, ona ИТ-İ ******* nömrəli titul vərəqənin (40-43-cü səhifələrə) əlavə edilməsi halına istinad edərək, əmək kitabçasının mötəbərliyini mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübutetmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan isə yalnız əmək kitabçasının nömrəsi ilə fərqli nömrəli titul vərəqinin əlavə edilməsi halına istinad etmiş, bununla bağlı inzibati icraat çərçivəsində həmin titul vərəqində aparılmış qeydlərin mötəbərliyinin yoxalnılması ilə bağlı araşdırma aparmamış, formal olaraq əsaslandırma aparılmışdır. Qeyd olunmalıdır ki, indiki halda cavadeh inzibati orqanın mübahisələndirdiyi əmək kitabçasının 40-43 nömrəli titul vərəqi iddiaçının ad, soyad, ata adı, doğulduğu tarix, imzası lə bağlı məlumatlarına dair, habelə iddiaçının xx.xx.1988-ci il tarixdən Şuşa 1 №li Tikinti İdarəsi 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə işə qəbul edilməsi və xx.xx.1989-cu il tarixdə həmin idarədə 5-ci dərəcəyə keçirilməsi, xx.xx.1994-cü il tarixdən öz ərizəsinə əsasən işdən azad olunması ilə bağlı aparılmış qeydlərdən ibarət olmuşdur. Cavabdeh inzibati orqan yalnız bu hissəyə istinad etməklə, ümumilikdə əmək kitabçasının mötəbərliyini şübhə altına almış, iddiaçının əmək kitabçasında aparılmış digər qeydlərlə bağlı heç bir araşdırma aparmamışdır, nəticə etibarilə iddiaçının pensiya hüququnun yaranması əsasları tam araşdırılmamış, formal olaraq pensiya təyinatından imtina edilmişdir. Halbuki cavabdeh inzibati orqan tərəfindən əmək kitabçasının mötəbərliyi şübhə altına alınırsa, bununla bağlı əsaslı araşdırma aparılmalı, formal olaraq deyil, bu cür şübhə məhz əsaslandırılmış şəkildə istinad edilməli, habelə pensiya hüququnun yaranması baxımından ona təsir edən bütün hallar, o cümlədən əmək kitabçasında əks olunmuş bütün digər qeydlərin əsaslılığı məsələsi aydınlaşdırımalı idi. Göründüyü kimi əmək kitabçasında aparılmış qeydlərin əsaslılığının müəyyən edilməsi halı özlüyündə əmək kitabçasının mötəbərliyinin müəyyən edilməsi üçün zəruri olduğu halda cavabdeh inzibati orqan tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış, yalnız bir hala (əmək kitabçasının 40-43 nömrəli titul vərəqi ilə bağlı hissədə) istinad etməklə, əmək kitabçasının saxtalaşdırılması qənətinə gələrək, onun mötəbərliyini şübhə altına almışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanının imtinasının əsası kimi əmək kitabçası və onda olan məlumatların həqiqiliyinə əsaslı şübhələrin olması halına istinad etməsi formal xarakter daşımaqla, inzibati icraatın aparılmasının norma və prinsiplərinin tələblərinə və mahiyyətinə zidd olmuş və nəticə etibarilə iddiaçının pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əmək kitabçasında aparılmış qeydlər, işlədiyi dövrlərdən hansının sosial sığorta stajına daxil edilib-edilməməsi, mübahisələndirilən dövrlərlə bağlı məlumat verilməsi tələb olunmuş, bununla bağlı məlumat təqdim edilməmiş və onun əsası kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus olan əmək kitabçasının mötəbərliyi mübahisələndirildiyindən, bu barədə məlumat olmaması halına istinad edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərfindən imtina əsası kimi formal olaraq qeyd edilən əsasa istinad edilmiş, iddiaçının pensiya hüququnun yaranmasına təsir edən bütün hallar araşdırılmamışdır. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının adına olan əmək kitabçasında aparılmış bir qisim işlədiyi dövrlərlə bağlı və güzəştli iş stajına malik olması halına dair hətta işəgötürən tərəfindən arayışlar təqdim edilmiş, habelə həmin müəssisələr hazırda da fəaliyyət göstərməklə, iddiaçı hazırda da həmin müəssilərdən birində əmək fəaliyyətini davam etdirir. Göründüyü kimi həmin halların araşdırılması iddiaçının pensiya hüququnun yaranması məsələsinin həllinə təsir etdiyi halda, cavabdeh inzibati orqan tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış, həmin hallara diqqət yetirməmiş, nəticə olaraq iddiaçının pensiya hüququnun yaranmasına birbaşa təsir edən hallara əhəmiyyət verməmiş, bu hərəkətləri isə onun hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranıbyaranaması əsasları müəyyən edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) iddiaçının 60 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi. İddiaçı xx.xx.1960-ci il təvəllüdlü olmaqla, onun 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Əmək kitabçasında qeyd edilmiş məlumatlardan görünür ki, xx.xx.1988-ci il tarixdən əmək fəaliyyətinə başlaması, qısa fasilələrlə müxtəlif yerlərdə işləmiş və hazırda da əmək fəaliyyətini davam etdirir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il traixədək olan dövrdə hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdən 01 iyun 1985-ci il tarixədək əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsi üzrə orta texniki peşə məktəbini tam kursunu bitirmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4582/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək “Əvəz Verdiyev adına (əvvəlki adı Hzi Aslanov)”sovxozunda fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixə qədər həmin sovxozda qaynaqçı işləməsi faktı müəyyən edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Nəticə etibarilə həmin məhkəmə qətnaməsi ilə iddiaçının sosial sığorta stajının müddəti 2 il 8 ay 14 gün və 6 il 2 ay 14 gün olmaqla, cəmi 8 il 10 ay 28 gün sosial sığorta stajına malik olması halı müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana 21.07.202-ci il tarixli ərizə ilə müracaiət etmişdir. Göründüyü kimi iddiaçının 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixədək ümumi iş stajı 25 ildən çox iş stajına malik olmaıs halı iş materialları əsasında öz təsdiqini tapır. Həmçinin, iş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışın məzmunundan görünür ki, iddiaçı həmin müəssisədə xx.xx.2004- cü il tarixdən xx.xx.2007-ci il tarixədək qaynaqçı (əl ilə qaynaqda) peşəsində işləmiş, 01.3- 2011-ci il tarxdən əmək fəaliyyətinə başlamış və hal-hazırda da qaynaqçı (əl ilə qaynaqda) peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən İddiaçı Məlik oğlunun güzəştli şərtlrlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. O sahədə daim və bilavasitə məşğul olduğu üçün işini gündəlik iş vaxtı ərzində yerinə yetirmişdir. Onun "xxxx" MMC-də güzəştli əmək şəraitində iş müddəti 12 il 6 ay 10 gün təşkil edir. Eyni zamanda iş materiallarında olan "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı Məlik xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək İdarənin XXİ Partiya Qurultayı adıan Gəmi Təmiri zavodunda işləmiş, işlədiyi vəzifənin xüsusiyyətləri qeyd edilməklə, əl ilə işləyən elektrik qyanaqçılarına aid olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndi ilə müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. Eyni zamanad məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Şuşa 1 №li Tikinti İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan işlədiyi dövrlərlə bağlı müvafiq sorğu göndərilsə də, həmin İdarənin sənədlərinin arxivə təhvil verilmədyindən, bu barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Bundan əlavə müvafiq vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası “Azərsənayetikinti” Dağlıq Qarabağ Layihə Sənaye Tikinti Birliyinin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı, onun ləğv edilməsi, yenidən təşkil olunması və hüquq varisliyi barədə hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin, müvafiq yeri icra hakimiyyəti orqanı tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, Dağlıq Qarabağ Layihə Sənaye Tikinti Birliyinin arxivi işğal dövründə Xankəndi şəhərində qaldığı üçün həmin müəssisənin fəaliyyəti ilə bağlı hər hansı məlumat verilməsi mümkün olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əmək kitabçasında iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrdə "xxxx" X2 əl qaynaqçısı peşəsi üzrə işləməsinə dair aparılmış qeydlərlə bağlı müvafq sorğular göndərilmişdir. Bununla bağlı müvafiq vergi orqanı tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda qeyd edilən müəssisənin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı, yenidən təşkil edilməsi, ləğv edilməsi və hüquqi varisi barədə mlumat şakar edilməməsi, hazırda fəaliyyətinin aktiv olması qeyd edilmişdir. Həmçinin, bununla bağlı müvafiq arxiv idarəsi tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda isə həmin müəssisə tərəfindən arxiv sənədləri təqdim edilmədiyindən, məlumat aşkar edilməməsi qeyd edilmişdir. "xxxx" X3 qeyd olunan hallarla bağlı sorğu ünvanlasa da, sifarişli poçt məktubu məhkəməyə geri qaytarılmışdır (“bu ünvanda yaşamır” qeydi əsasında). Göründüyü kimi indiki halda məhkəmə araşdırması zamanı tədqiq edilmiş işəgötürən tərəfindən təqdim edilmiş güzəştli arayışlar əsasında iddiaçının 60 yaşı tamam olan vaxtadək 12 il 6 aydan çox güzəştli iş stajının olması halı da öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçı barəsində pensiya kapitalı ilə bağlı şərt də ödənilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 78474,01 maat olmuşdur, tələb olunan pensiya kapitalı məbləği isə 40320 manat təşkil etmişdir. Göründüyü kimi indiki halda iddiaçının yaşa görə pensiya hüququnun yaranması üçün zəruri olan pensiya kapitalı ilə bağlı şərt də mövcud olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbinin dəqiqləşdiirlməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətləri təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(118)-1040/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar