Məhkəmə qərarları › İş №2-1(105)-365/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-365/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-365/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı Qusar rayon XDS İK-nin xx.xx.1994-cü il tarixli, 48 nömrəli qərarı ilə ayrılmış 400 kv.m torpaq sahəsinin naturada təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3304/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Qusar şəhəri Yaşıl Təpə massivində ayrılmış 400 kv.m torpaq sahəsinin plan və ölçü sənədinin, texniki pasportun tərtib edilməklə torpaq sahəsinin naturada təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Qusar rayon XDS-nin 48 saylı, xx.xx.1994-cü il tarixli qərarı əsasında ayrılmış 400 kv.m torpaq sahəsinin naturada təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3304/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün hesab edilməsi və işə aidiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını əsassız və qanunsuz hesab edir. Belə ki, Qusar şəhər vətəndaşlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında Qusar rayon XDS-nin 48 saylı, xx.xx.1994-cü il tarixli protokoluna əsasən rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər inzibati ərazisi üzrə Nümayəndəliyinin 212 saylı, xx.xx.1994-cü il tarixli vəsatətinə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün ona Yaşıl Təpə massivində 400 kv.metr həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin naturada ona təhvil verilməsi üçün Qusar Bələdiyyəsinə müraciət edib imtina aldıqdan sonra iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(118)-1449/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbim mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, “...qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyətlər verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Hazırki işdə Qusar rayon XDS İK-nin xx.xx.1994-cü il tarixli, 48 nömrəli protokoluna əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qusar rayonu, Yaşıltəpə ərazisində ona ayrılmış 400 kv.metr torpaq sahəsinin yerində təhvil verilməsini tələb edir ki, Bələdiyyənin bununla bağlı qanunvericilikdən irəli gələn bir öhdəlliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə bələdiyyə məcbur edilə bilməz. Buna görə də həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır”. Bundan sonra Qusar rayon İcra Hakimiyyətinə qarşı eyni iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin hazırki qərardadı ilə iddia tələbim yenə də mümkün sayılmamışdır. Torpaq sahəsi ona fərdi yaşayış evinin tikintisi üçün Qusar rayon XDS-nin 48 saylı, xx.xx.1994-cü il tarixli protokoluna əsasən rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər inzibati ərazisi üzrə Nümayəndəliyinin 212 saylı, xx.xx.1994-cü il tarixli vəsatətinə uyğun olaraq ayrılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi Qusar rayon XDS-nin 48 saylı, xx.xx.1994-cü il tarixli qərarı əsasında ayrılmış 400 kv.m torpaq sahəsinin naturada təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Cavabdeh iddia tələbinə etirazını iddiaçıya 400 kv.m torpaq sahəsinin ayrılmasına baxmayaraq, torpaq sahəsinin ona naturada təhvil verilməməsi, plan və ölçü sənədinin hazırlanmaması, texniki pasportun tərtib edilməməsi, iddiaçının aidiyyatı qrumlara müraciət etməməsi, iddia tələbi üzrə iddia müddətinin ötməsinə hallara istinad etməklə, əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti torpaq sahəsinin ayrıldığı vaxt, yəni 1994-cü ildə qüvvədə olan Azəbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına görə yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılmasına dair səlahiyyətləri olsa da, 1999-cu ildə qüvvəyə minmiş və hazıradək qüvvədə olan Torpaq Məcəlləsinni müddəalarına görə yerli icra hakimiyyəti orqanları tərəfindən torpaq sahəsinin ayrılması səlahiyyəti nəzərdə tutulmaması, Bələdiyyələr yarandıqdan sonra torpaq ayırma və torpaq sahəsinin naturada təhvil verilməsi səlahiyyəti bələdiyyələrə verilməsi, qərar qəbul edilən vaxt torpaq sahəsi faktiki ayrılmamışdırsa və hazırda iddiaçının ona ayrılmış torpaq sahəsinin yerini faktiki tanımadığı halda rayon İcra Hakimiyyətinin üzərinə belə bir öhdəlik qoyula bilməməsi hallara istinad etməklə, əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.5-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 65.8-ci maddəsinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. İş materiallarından görünür ki, Qusar Rayonu İcra Hakimiyyəti Başçısının Qusar şəhəri inzibati ərazi üzrə nümayəndəliyinin 23 noyabr 1994-cü il tarixli vəsatətinə əsasən Qusar rayon XDS İK-nin xx.xx.1994-cü il tarixli, 48 saylı protokolu ilə iddiaçıya 400 kv.m torpaq sahəsi ayrılmışdır. İndiki halda iddiaçının hüquqi marağı məhz ona ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilərək, ona təhvil verilməsi, yerləşmə yerinin müəyyən edilməsindən (yerləşmə cizgisinin verilməsindən) ibarət olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən həmin torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi, yerləşmə yerinin müəyyən edilməsi, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilərək, ona dair yerləşmə cizgisinin tərtib və təsdiq edilməsi məhz cavabdeh müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmuşdur. Buna baxmayaraq, qeyd edilən hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, həmin səlahiyyətin bələdiyyələrə aid olması ilə bağlı gəldiyi qənaəti torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericilik normalarının tələbinə uyğun olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi ayrılan torpaq sahəsinin yerinin iddiaçı tərəfindən tanımaması halına istinad etmişdir ki, bu hal özlüyündə iddiaının öhdəlik daşıdığı hal kimi çıxış etməmiş, torpaq sahəsinin naturada təhvil verilməsi həmin vaxtı qüvvədə olan qnaunvericiliyin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olmuşdur. Belə olan halda isə iddiaçının öhdəlik daşımadığı əsasa istinad etməklə onun hüququnun məhdudlaşdıırlması halı özlüyündə qanunvericilik normasının mahiyyətinə və prinsiplərinə ziddir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İndiki halda iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalı olduğundan həmin hissədə şikayət əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3304/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinə qarşı Qusar rayon XDS İK-nin xx.xx.1994-cü il tarixli, 48 nömrəli qərarı ilə ayrılmış 400 kv.m torpaq sahəsinin naturada təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar