Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-366/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına qarşı aktın qanunsuz hesab edilməsi və əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-423/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyə görə əmək pensiyasının bərpa edilməsindən imtina edilməsinin qeyri-qanuni hesab edilərək 01 yanvar 2006-ci il tarixdən əmək pensiya hüququ yarandığı tarixədək olan 6 il 4 ay olan dövrü sğorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 28 dekabr 2016-cı il tarixdə Tibbi Sosial Ekspert X5 ilə elektron qaydada 2-ci qrup əlillik təyin edilmişdir. Həmin əlillik dərəcəsinə görə sosial müavinət təyin edilmişdir. Əmək fəaliyyətinə 31.08.1990-ci il tarixdə başlamışdır. Əmək fəaliyyətinin 31.08.1990-ci il tarixdən 25 dekabr 1993-cü il tarixədək olan 3 il 10 gün stajı dövrü Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli 2-1(85)-3343/2017 saylı qanuni qüvvəyə minmiş qərarı ilə və 01 yanvar 2009-cu il tarixdən 01 iyun 2017-ci il tarixədək olan 6 il 04 ay staj dövrü isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar şöbəsinin 23.06.2017-ci il tarixli, 37/365 saylı arayışı ilə təsdiq olunmuşdur. Beləliklə, onun əlilliyə görə əmək pensiya hüququ yaranan günə 9 il 4 ay 10 gün sosial sığorta stajı və 616,13 manat məbləğində pensiya kapitalı olmuşdur. DSMF-nin Qusar rayon şöbəsi tərəfindən ona 01 iyul 2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan DSMF-nin Qusar rayon şöbəsi tərəfindən ona heç bir məlumat verilmədən, əsassız və qeyri-qanuni olaraq pensiyanın verilməsi dayandırılmış və hal-hazıra kimi həmin pensiyanın verilməsini bərpa etməmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və aidiyyəti olan digər orqanlara şifahi və yazılı müraciətlər etsə də, tutarlı və hüquqi əsası olan cavab ala bilməmişdir. Sonuncu müraciətini isə cavabdeh təşkilat olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialı 06 oktyabr 2020-ci il tarixli **********4 saylı məktubla cavablandıraraq, pensiya təyin edilərkən DSMF-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş 23.06.2017-ci il tarixli, 37/365 saylı arayışın öz əksini tapmadığını göstərmiş və pensiyanın bərpa edilməsindən imtina etmişdir. Hesab edir ki, həmin cavab qeyri-qanuni və əsassızdır. Belə ki, 01 yanvar 2009-cu il tarixdən 01 iyun 2017-ci il tarixədək olan müddətdə tərəfindən tələb olunan 616.33 manat əvəzinə 1087.53 manat sosial sığorta ödənişləri etmişdir. Həmin ödənişlərin bir hissəsi şəxsən özü, digər hissəsi isə işəgötürən X3 tərəfindən edilmişdir. Həmin ödənişlərin aparılmasına dair müvafiq bank tərəfindən təsdiq olunmuş mədaxil qəbzləri mövcuddur. Bundan əlavə həmin ödənişlərin mövcudluğu e-sosial.az elektron portalından əldə edilmiş sosial arayışda da öz əksini tapmışdır. Odur ki, 01 iyul 2017-ci il tarixdə təyin edilmiş və hal-hazırda əsassız olaraq dayandırılmış əlliliyə görə əmək pensiyası bərpa olunmalıdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı tərəfindən təqdim edilən 4 nömrəli forma arayışına əsasən 01.07.2017-ci il tarixdən İİ dərəcə əlilliyə görə 129 manat 65 qəpik əmək pensiyası təyin edilərək ödənilmişdir, lakin sonradan aparılmış araşdırma nəticəsində iddiaçının tələb olunan pensiya kapitalının olmadığı müəyyən edilərək pensiyanın ödənilməsinin dayandırılması barədə qərar qəbul edilmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 28.12.2016-ci ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Qanunvericiliyə görə İddiaçı 01.07.2017-ci ildə pensiya təyin edilərkən sosial sığorta stajı ilə yanaşı pensiya kapitalı da tələb olunurdu. “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 1 yanvar 2006-cı il tarixindən 1 iyul 2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 1 iyul 2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.3-cü bəndinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir, iddiaçı xx.xx.1973-cü il təvəllüdlü olduğu üçün müraciət edilən tarixə 9 il 4 ay sığorta stajının olması vacibdir. Belə ki, iddiaçıya münasibətdə tələb olunan sosial sığorta stajının hesablanma qaydası aşağıdakı kimidir: 1. 43 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 28 il (əmək qabiliyyətli yaş dövrü):
2. 28 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 112 ay: 3. 112 ay : 12 ay = 09 il 04 ay. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı isə 9240 manatdır. 1. 9 il x 12+ 4 x 144 : 192 = 84 ( gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı): 2. 84 x 110 (2017-ci il üçün əmək pensiyasının minimum məbləği) = 9240 manat, lakin İddiaçı 2006-cı ildən sonraki dövr üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 3100.4 manat təşkil edir. Belə ki, iddiaçının pensiya kapitalı: 3 il x 306 manat + 102 (306:12x4ay) + 8,3% +16,7% +20,8% 1.5% + 5,7% +7,9% +1,1% +2,4% +1.4% +4% +12,4% +5,7% =1991.2. İddiaçının təqdim etdiyi arayışa əsasən 2009-cu il tarixdən 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 616 manat 33 qəpik pensiya kapitalı vardır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə 10 mart 2017-ci il tarixli edilən dəyişikliyə əsasən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Buna əsasən 616 manat 33 qəpiyi 80% artırırlar. (493.064+616.33=1109.4+1991=3100.4 manat). Göründüyü kimi, iddiaçıya 2-ci qrup əlilliyə görə pensiyanın təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmadığına görə, ona 2-ci qrup əlilliyə görə pensiyanın bərpası mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-423/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan iddiaçı apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında düzgün araşdırma aparılmamış, əlilliyə görə pensiyanın tələb edilməsi üçün tələb olunan pensiya kapitalının çatmadığı qənaətinə gəlinmişdir. İddiaçı tərəfindən edilmiş ödənişlər düzgün hesablanmamış, ödəmələr nəzərə alınmamışdır. Edilən ödənişlər barədə bank tərəfindən təsdiq olunmuş mədaxil qəbzləri mövcuddur. Bundan əlavə, həmin ödənişlərin mövcudluğu e-sosial.az elektron portalında əldə edilmiş sosial arayışda öz əksini tapmışdır. Hətta DSMF-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş mədaxil qəbzi ilə sübut olunur ki, 2008-ci ilin borc qalığı 25 manatdır. Bütün bu illər üzrə tərəfindən ödəmələr olub, lakin 2007-2008-ci illər üzrə ödənişlər ümumiyyətlə nəzərə alınmamışdır. 2006-cı ilə qədər ödənişlərin nə qədər olması müəyyənləşdirilməyib. Belə olan halda mütləq şəkildə tərəfindən aparılmış ödəmələr barədə yenidən hesablama aparılmalıdır. Onun nəzərdə tutulan dövr üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının nə qədər olması yenidən araşdırılmalıdır. Hesab edir ki, tələb olunan pensiya kapitalı kifayət qədər olduğundan əmək pensiyası bərpa olunmalıdır. İşə apellyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiyanın dayandırılması barədə aktın qanunsuz hesab edilməsi, cavabdehin əliliyə görə əmək pensiyasının bərpa edilməsindən imtina edilməsinin qeyri-qanuni hesab edilərək 01 yanvar 2006-ci il tarixdən əmək pensiya hüququ yarandığı tarixədək olan 6 il 4 ay olan dövrü sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. İşə apellyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yolverilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. Birinci instansiya məhkəməsini iddianı təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi iş materiallarına əsasən ona İİ qrup əlilliyə görə pensiya təyin etmək mümkün deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən 11.12.2020-ci il tarixli **********244800 nömrəli məktubuna əsasən iddiaçının 16.11.2006-cı il tarixdən 11.12.2020-ci il tarixinədək şəxsi hesab vərəqəsində vergilər üzrə ümumilikdə 724 manat ödənişi olmuşdur. İddiaçının pensiya kapitalı 9.240 manat olmalı olduğu halda 3100 manat təşkil etmişdir. Bu isə onun əlilliyə görə pensiya ilə təmin edilməsi üçün yetərli deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Hazırkı işin hallarından görünür ki, iddiaçıya 28.12.2016-cı il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1973-cü il təvəllüdlü iddiaçıya əlillik 2016-cı ilin dekabr ayında təyin olduğundan, həmin vaxt qüvvədə olan pensiya qanunvericiliyinin müddəaları tətbiq olunmalıdır. 28.12.2016-cı il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik dövrü üçün təyin olunur. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması barədə cavabdeh tərəfin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sadalanan normalardan göründüyü kimi iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması şərt deyil. Qeyd olunan normalara əsasən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 9 il 4 ay sığorta stajı olmalıdır. İş materiallarına əlavə edilmiş Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Altıağac birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 197577 nömrəli 17 may 2021-ci il tarixli, 038679 nömrəli 14 avqust 2013-cü il tarixli, 038688 nömrəli 21 avqust 2013-cü il tarixli,198521 nömrəli 11 may 2013-cü il tarixli, 981577 nömrəli 18 avqust 2014-cü il tarixli, 529489 nömrəli 20 iyun 2015-ci il tarixli, 529071 nömrəli 03 sentyabr 2016-cı il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən həmkarlar ittifaqına üzvlüyə görə üzvlük haqqı ödənilmişdir. İddiaçının minimum toplamalı olduğu sosial sığorta stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-3343/2017 nömrəli, 16 noyabr 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı 31.08.1990-cı ildən 17.03.1992-ci ilədək Qusar rayon sabiq Lenin adına sovxozda işlədiyi müddətin və 15.04.1992-ci ildən 25.12.1993-cü ilədək hərbi xidmətdə olduğu dövrün onun iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin 11.12.2020-ci il tarixli **********244800 nömrəli məktubundan görünür ki, İddiaçı 16.11.2006-cı ildə vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır, onun 16.11.2006-cı il tarixdən 11.12.2020-ci il tarixədək şəxsi hesab vərəqəsində vergilər üzrə ümumilikdə 724,00 manat ödənişi olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin 23 iyun 2017-ci il tarixli, 37/365 nömrəli arayışından isə görünür ki, iddiaçının 01.01.2009-c il tarixdən 01.06.2017ci il tarixədək 6 il 4 ay sosial sığorta stajı var. Beləliklə, göstərilən dövrləri cəmlədikdə iddiaçının 9 il 4 aydan artıq sığorta stajı yaranmış olur. Həmçinin cavabdeh iddiaçının bu stajının mövcud olduğunu qəbul etmişdir. Sonradan yuxarıda qeyd olunan arayışın təsdiqini tapmaması və ya əsassız olması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçıya əmək pensiyasının dayandırılması şərtlərinə uyğun olan hər hansı halın mövcudluğu müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.2-ci maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçıya ödənilən pensiyanın dayandırılması barədə hərəkəti qanunsuz olduğundan ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-423/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməli, pensiyanın dayandırılması barədə cavabdehin hərəkəti qanunsuz hesab edilərək, 01 yanvar 2006-ci il tarixdən əmək pensiyası hüququ yarandığı tarixədək olan 6 il 4 ay İddiaçı sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-423/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Pensiyanın dayandırılması barədə cavabdehin hərəkəti qanunsuz hesab edilsin, 01 yanvar 2006-ci il tarixdən əmək pensiyası hüququ yarandığı tarixədək olan 6 il 4 ay İddiaçı sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.