Məhkəmə qərarları › İş №2-1(105)-366/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-366/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-366/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: bələdiyyə qərarı əsasında ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsi və onun üzərində olan tikiliyə vahid əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122.53 kv.m torpaq sahəsi və üzərindəki tikiliyə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)- 61/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN-01202 30800096 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə satılmış İddiaçı 0,012253 ha torpaq sahəsinin mülkiyyətçisi kimi qeyd edilmişdir. Abşeron rayon Masasır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarından görünür ki, İddiaçı faktiki istifadə etdiyi 123 kv m torpaq sahəsinin alqı-satqı qaydasında onun istifadəsinə verilməsi qərara alınmışdır. 05 aprel 2006-cı il tarixli torpaqların alqı-satqına dair aktdan görünür ki, Abşeron rayon Masasır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən 123 kv m torpaq sahəsi Abşeron rayon Masasır bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. xx.xx.2006-cı il tarixli aktdan görünür ki, 122.5 kv.m torpaq sahəsi İddiaçı təhvil verilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 10 aprel 2007-ci il tarixli sərəncaməndan görünür ki, vətəndaş İddiaçı 123 kv m torpaq sahəsi üzərinə ticarət obyektinin tikintisinə icazə verilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Abşeron rayon Masazır kəndində yerləşən İddiaçı məxsus olan ticarət obyekti barəsindədir. Abşeron rayon Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsindəki elektirik verilişi xətti 1973-cü ildə istismara verilmişdir. 2013-cü ildə AZEKO şirkəti tərəfindən mövcud istismara yararsız beton dayaqlar heç bir sxem dəyişikliyi olmadan yeni beton dayaqlarla əvəz olunmuşdur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi 10 kV-luq, 72 saylı Komplekt transformator məntəqəsinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş imtina barədə bildirişin məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin 85 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin və yolun mühafizəsi zolağında yerləşdiyi aşkar edildiyindən, ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə satılmış 0,012253 ha torpaq sahəsinə ləğv edilmiş DTXK-si tərəfindən İddiaçı adına verilmiş Torpağın Mülkiyyət Hüququna dair JN-0102 Dövlət Aktı ilə torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında elektron məlumat bazasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün torpaq sahəsinin və üzərində inşa edilmiş tikilinin yüksək gərginlikli elektirik xəttinin və yolun mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan Abşeron rayon Masazır kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsinin 0,0080 ha (80 kv m) hissəsi 6 kVt yüksək gərginlikli elektirik hava xəttinin mühafizə zolağında yerləşir. Elektrikləşmənin hansı dövrdə həyata keçirilməsinin müəyyən etmək səlahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh dövlət orqanının iddiaçının mülkiyyət hüququnun qeydə alınması barədə müraciətinə xx.xx.2020-ci il tarixli imtinasını qanunsuz hesab edərək, Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122.53 kv m torpaq sahəsi və üzərindəki tikiliyə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi baradə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122.53 kv.m torpaq sahəsi və üzərindəki tikiliyə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122.53 kv.m torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçı tikili (mağaza) inşa etmişdir. İddiaçı torpaq sahəsi və üzərində yerləşən tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciət etmişdir. İddiaçının müraciətinə cavabdeh idarə tərəfindən xx.xx.2020-ci il tarixli məktubla imtina edilmişdir. İmtinaya səbəb kimi iddiaçıya məxsus torpaq sahəsinin 85 kv m hissəsinin yüksək gərginlikli elektrik xəttinin və yolun mühafizə zolağında yerləşdiyinin aşkar edildiyi göstərilmişdir. Əmlakın yaxınlığından keçən elektrik xəttinin gərginliyi, ara məsafəsi, eləcə də avtomobil yolunun kənd, şəhər, respublika əhəmiyyətli olması və təsnifatından asılı olaraq mühafizə zolağının, ara məsafəsinin müəyyən olunmasına subyektiv yanaşılmışdır. Yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi olmalıdır. İddiaçının əmlakı mövcud olarkən elktrik xətti yeraltı aparılmış, sonradan isə elektrik xətti hava ilə aparılmışdır. İddiaçı iddia tələbini dəqiqləşdirilməsi baradə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122,53 kv.mtorpaq sahəsinin faktiki yerləşdiyi yerdəki vəziyyətinə uyğun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq səhəsinin 85 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin və yolun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-61/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia qismən təmin edilmiş, Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122.53 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəlyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən torpaq sahəsinin yolun və yüksək gərginılikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı imtina etmişdir. Məhkəmə həmin dəlillərin yoxlanılması məqsədi ilə mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 sayulı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Mütəxəssis öz rəyində iddiaçının fakitki istifadəsində olan torpaq sahəsinin 80 kv m hissəsinin 6 kVt yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında yerləşməsi barədə rəy vermişdir. Yolun mühafizə zolağı barədə sual qoyulsa da, mütəxəssis tərəfindən həmin suala cavab verilməmişdir. Cavabdehin bu dəlili torpaq sahəsinə dair münasibətdə tətbiq edilməsi onun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən, torpaq sahəsinə aid hissədə təmin edilməli, tikilinin üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair hissədə rədd edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.012253 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 06 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin 85 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin; yolun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-61/2022 saylı qərarı ilə iddia təmin edilmiş, lakin üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı olan torpaq sahəsinin faktiki istifadədə olan yer, yaxud da sənəd üzrə yerləşdiyi yer olmasına aydınlıq gətirilməmişdir. Belə ki, torpaq sahəsinin-sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Məhkəmə tərəfindən işin halları tam və ətraflı araşdırılmamışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalı və iddanın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini,habelə iddia tələbini dəqiqləşdirilməsi baradə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Abşeron rayon Masazır bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 122,53 kv.mtorpaq sahəsinin faktiki yerləşdiyi yerdən vəziyyətinə uyğun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 56. 2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 56. 6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların:

1. mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr.

3. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir: a) mühafizə zonaları: hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi; yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;....

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq;...... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə əsasən 1-20 kv-luq gərginliyə qədər olan elektrik şəbəkəsinin mühafizə zolağı 10 metr təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı müvafiq bələdiyyə qərarı əsasında ona satılmış torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə dair mülkiyyət hüququnun qeydə alınmasını tələb edir, cavabdeh inzibati orqan isə həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin və yolun mühafizə zonasında yerləşdiyini əsas gətirərək, hüququn qeydə alınmasından imtina edir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları əsasında müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi 29 mart 2006-cı il tarixli müvfai Bələdiyyə Qərarı ilə ticarət obyekti məqəsdilə iddiaçıya satılmışdır. Həmçinin, həmin torpaq sahəsinin iddiaçıya satılması barədə 05 mart 2006-ı il tarixdə alqısatqı aktı tərib edilmiş, həmin aktda iddiaçı tərəfindən torpağın dəyərinin ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan 28 №li 29 mart 2006-cı il tarixli ödəniş qəbzinin məzmunundan görünür ki, iddiaçı tərəfindən müvafiq Bələdiyyəyə torpaq alqı-satqısı ilə bağlı pul vəsaiti ödənilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçının adına həmin torpaq sahəsi ilə bağlı torpağa mülkiyyət hüququna dair JN-0102 KOD 30800096 Dövlət Aktı verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinə dair DTXK tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli rəy və yerququruluş planından çıxarış mövcuddur. Eyni zamanda məhkəmə araşdırması zamanı tədqiq edilmiş müayinə aktı əsasında müəyyən edilmişdir ki, həmin torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir, 1 ədəd 2 mərtəbəli qeyri-yaşayış sahəsi icazəsiz tikili kimi mövcuddur, torpaq sahəsinin qərb istiqamətindən keçən avtomobil yolunun hərəkət istiqamətinin mərkəzi ilə arasındakı məsafə 7,65 metr təşkil edir və eyni istiqamətdən keçən 6 KV-luq elektrik xətti ilə arasındakı məsafə 2,17 metrlə 2,57 metr arasında dəyişir. Faktiki torpaq sahəsində 2 mərtəbli qeyri-yaşayış sahəsi yerləşir, qeyri-yaşayış sahəsinin bir hissəsi faktiki olaraq torpaq sahəsindən kənarda yerləşir, faktiki istifadədə olan torpaq sahəsi ilə sənəd üzrə yerləşməsi arasında fərq mövcuddur. Məhkəmə kollegiyası torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun mövcudluğu ilə bağlı qeyd edir ki, həmin torpaq sahəsinin müvafiq bələdiyyə tərəfindən iddiaçıya satılması məhz yuxarıda qyed edilən sənədlər əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd olunmalıdır ki, bununla bağlı mövcud olan qərar ləğv edilməmiş, etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Qeyd olunmalıdır ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi).İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Həmçinin, həmin qərarda qeyd edilmişdir ki, Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İndiki halda cavabdehin imtinası iki əsasa istinad edilmişdir ki, həmin hallar torpaq sahəsinin yolun və elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyindən görünür ki, həmin torpaq sahəsinin 80 kv.m hissəsinin 6 kvt yüksək gərginlik elektrik hava xəttinin mühafizəsi zonasına yerləşməsinin müəyyən edildiyi qeyd edilmişdir, yolun mühafizə zonasında yerləşməsi halının müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. Cavabdeh tərəfindən bu halı təkzib edən və həmin əsasa dair heç bir dəlilə istinad edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan hallara dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı mövqeyini haqlı hesab edərək, qeyd edir ki, müvafiq Qaydalarda elektrik şəbəkəsinin mühafizə zonasında qadağan olunan işlər kimi məhz binaların və qurğuların tikintisi ilə bağlı hallar qeyd edilmişdir. Göründüyü kimi, həmin normalarda torpaq sahəs ilə bağlı hər hansı məhdudiyyət və ya qadağa müəyyən edilməmişdir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin hallarla bağlı hissədə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət vermiş, torpaq sahəsinə aid hissədə iddia tələbini təmin etməklə, habelə cavabdehin imtinasını əsassız hesab etməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə yerləşməsi arasında fərq mövcud olduğundan, bununla bağlı iddiaçıya hüquqi yardım edilərək, qeyd olunan ziddiyyətli hal aradan qaldırılmış və iddiaçının tələbinin məhz faktiki istufadəsində olan 0,012253 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı olması müəyyən edilmiş, bu barədə yazılı ərizə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən fərq mövcud olduğu halda, həmin hal dəqiləşdirilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının hüquqi marağına uyğun olaraq, yazılı ərizəsi nəzərə alınmaqla, məhz iddiaçının faktiki istifadəsində olan qeyd olunan ölçüdə torpaq sahəsində dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulmalı, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri yuxarıda istinad olunan hallar və iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qeyd olunan hissədə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-61/2022 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı ayrılmış Abşeron rayonu, Masazır kəndi ərazisində, Ə.Vahid küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşən 0,012253 ha ölçüdə torpaq sahəsinin üzərində faktiki istifadəsində yerləşdiyi yerdəki vəziyyətinə uyğun olaraq, torpaq sahəsinin ölçüsü 0,012253 ha olmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar