Məhkəmə qərarları › İş №2-1(105)-366/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-366/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-366/2024 10.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Məmmədov Zaur İkram oğlu, X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3, X6, X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15 iyul 2003-cü il tarixdə 3M/480 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında əldə etiyi 0.22 ha torpaq sahəsi üzərində plan və ölçü sənədi (texniki pasport) tərtib edilmədən mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3315/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: JN-0031 Kod 30800108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı əsasında X8 və onun ailə üzvlərinə 0.70 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15 iyul 2003cü il tarixli, ЗМ-480 reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı X5 0.22 ha torpaq sahəsini alğı-satqı qaydasında əldə etmişdir. Cavabdehin xx.xx.2022-cü il tarixli **********16 saylı imtina bildirişindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.22 ha torpaq sahəsinə dair təqdim edilmiş Abşeron rayon 1 saylı Dövlət Notariat Konturunun 15 iyul 2003-cü il tarixli, 3M/480 reyestr nömrəli alğı-satqı müqaviləsində dövlət aktında qeyd edilən hüquq sahiblərinin hamısının adlarının qeyd edilmədiyi, torpaq sahəsinin notarial qaydada təsdiqlənmiş bölgü planın idarəyə təqdim edilmədiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15 iyul 2003- cü il tarixdə 3M/480 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında əldə etiyi 0.22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 iyul 2003-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,70 hektar torpaq sahəsindən 0,22 hektar torpaq sahəsini X5 almışdır. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə ona imtina cavabı verilmişdir. Səbəb kimi alğı-satqı müqaviləsində dövlət aktında qeyd olunan hüquq sahiblərinin hamısının adlarının qeyd olunmaması və torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş bölgü planının müraciətə əlavə edilməməsi göstərilmişdir. Qeyd edir ki, dövlət aktında adları qeyd olunan şəxslər alğı-satqı etdiyi Fuad İsmayılovun valideynləridir. Həmin şəxslər 1998ci ildə vəfat etmişlər, F.İsmayılovdan başqa vərəsələri olmamışdır. Buna görə də notarius tərəfindən alğı-satqı müqaviləsi təsdiq edilmişdir. Bununla da torpaq sahəsinin ona qanuni əsaslarla satıldığı sübuta yetirilir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazı imtina ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi, yəni iddia müddəyinin ötürüldüyünü qeyd etmişdir. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 27 sentyabr 2022-ci il tarixli müraciətinə imtina xx.xx.2022-ci il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3315/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15 iyul 2003-cü il tarixdə 3M/480 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında əldə etiyi 0.22 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən 0.22 torpaq sahəsi 0.70 ha torpaq sahəsinin tərkibində X9, X10 və X11 ayrılmışdır. X10 xx.xx.1998-ci il tarixdə, X9 isə xx.xx.1998-ci il tarixdə vəfat etmişlər. xx.xx.2003-cü il tarixdə notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən X13 torpaq sahəsinin 0.22 ha hissəsini iddiaçıya satmışdır. Həmin torpaq sahəsi naturada ayrılmış və hazıradək iddiaçının istifadəsindədir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçı tərəfindən əldə edilməsinin əsası kimi çıxış edən alğı-satqı müqaviləsi hazıradək qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv və ya etibarsız hesab edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması daşınmaz əmlaka dair çıxarış və plan və ölçü sənədinin verilməsini özündə ehtiva edir. Mübahisə predmeti olan torpaq sahəsinə dair bölgü sxeminin təqdim edilməməsi barəsində alğı-satqı müqaviləsi bağlanmış 0.70 ha torpaq sahəsinin məhz hansı hissəsinə dair plan və ölçü sənədinin verilməsinin müəyyənləşdirilməsini qeyrimümkün edir. Torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş şəxslər iş üzrə icraata cəlb edilməmiş, iddiaçının alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi və sahibləndiyi 0.22 ha torpaq sahəsinin mübahisə predmeti olub-olmaması araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qeyd olunmalıdır ki, hazırkı inzibati iş üzrə iddiaçının tələbi 0.22 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, alğı-satqı müqaviləsində dövlət aktında adları qeyd edilən hüquq sahiblərinin hamısının adları qeyd edilməmiş, notarial qaydada təsdiq edilmiş bölgü planı əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırkı inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən sözügedən torpaq sahələri notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında satın alınmış, müqavilənin predmeti qismində məhz 0,22 ha torpaq sahəsi çıxış etmişdir. Qeyd edilən müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilməklə, təsdiq edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsinin alğı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi satıcı qismində çıxış edən şəxsə Dövlət Aktı əsasında məxsus olmuşdur. X21 məzmunundan torpaq sahəsinin sahibi kimi satıcının adı ilə yanaşı, iki şəxsin adı da qeyd edilmiş, həmin şəxslər satıcı qismində çıxış edən şəxsin atası və anası olmuş, torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanan vaxtda hər iki şəxs vəfat etmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna verilmiş cavabda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur, həmçinin, faktiki və sənəd üzrə torpaq sahəsi başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzirplənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Məmmədli kəndi ərazisində fiziki və hüquqi şəxslərin müikiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər apanldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. İndiki halda sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən əldə edilməsinin əsası qismində məhz notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi çıxış etmişdir. Hazırda da həmin müqavilə qüvvədə olmaqla, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edir. Nəticə etibarilə iddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan alğı-satqı müqaviləsinin predmeti qismində çıxış edən torpaq sahəsinin müvafiq Dövlət Aktı əsasında satıcıya məxsus olduğunu, həmin Dövlət Aktında satıcı ilə yanaşı digər iki şəxsin də adının qeyd edildiyini, lakin alğı-satqı müqaviləsində həmin şəxslərin adının qeyd edilməməsi halına istinad edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən müqavilə hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi və ya etibarsız sayılması halı müəyyən edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, həmin müqavilə bağlandığı vaxtda müvafiq dövlət aktında adları qeyd edilmiş iki nəfər şəxs artıq vəfat etmişdir, habelə həmin şəxslər dövlət aktında adı qeyd edilmiş və müqavilə üzrə satıcı qismində çıxış edən şəxsin valideynləri olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtina əsası kimi həmin hala formal olaraq istinad etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi digər hallarla bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən torpaq sahəsinə dair notarial qaydada bölgü planının təqdim edilməməsi halı iddiaçının əmlak üzərində mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etmir. Belə ki, hazırkı halda iddiaçının iddia tələbi məhz mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmaqla, həmin əmlaka dair plan və ölçü sənədinin tərtib edilməsi ilə bağlı olmamışdır. Cavabdehin istinad etdiyi hal məhz torpaq sahəsinin texniki vəziyyətinin müəyyən edilməsi və texniki göstəricilərini əks etdirən sənədlərin tərtib edilməsi zamanı zəruri olmuşdur. İndiki halda isə iddiaçının bunula bağlı tələbi olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi həmin arqumenti əsassız olmuşdur. Həmçinin, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15 iyul 2003cü il tarixdə 3M/480 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında əldə etiyi 0.22 ha torpaq sahəsi üzərində plan və ölçü sənədi (texniki pasport) tərtib edilmədən mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibatı iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3315/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar