Məhkəmə qərarları › İş №2-1(105)-368/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-368/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-368/2021 17.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-123/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evdə yerləşən 40 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiriliməsinə dair ərizə verərək tələbini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı yönəltmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Anaşkin küçəsi 17 saylı evdə yerləşən 4 saylı mənzil onun mülkiyyətində olmuşdur. Həmin mənzili o, 1993-cü il tarixdə mənzil dəyişmə müqaviləsinə əsasən qaynı X2 Abşeron rayonu, Xırdalan şəhəri (qəsəbəsi), 28-ci məhəllədə, 14 saylı evdə yerləşən 3 otaqlı 40 saylı mənzili ilə dəyişmişdir. Həmin vaxtdan mənzil onun və ailə üzvlərinin istifadəsindədir. Mənzilə dair 4151 A reyestr nömrəli qeydiyyat vəsiqəsi də verilmişdir. Lakin iddiaçı mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müracitə etdikdə ona mənzilin ayrılmasına dair arxiv əsaslarının olmaması bildirilərək imtina cavabı verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-123/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki halların araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Məhkəmə qərarı araşdırılarkən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı 09 dekabr 2019-cu il tarixli müraciət etmişdir. Müraciət üzrə əlavə edilmiş 4151A reyestr nömrəli qeydiyyat vəsiqəsində göstərilən mənzilə dair arxiv əsaslarının olmadığı və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Mülki Məcəllənin 244-cü maddəsinə əsasən, dəyişmə müqaviləsinə əsasən tərəflər arasında bir əmlak digəri ilə dəyişdirilir. Dəyişmə müqaviləsinə alğı-satqı müqaviləsinin müvafiq qaydaları tətbiq edilir. Həmin Məcəllənin 230-cu maddəsinə əsasən, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən on gün gec olmayaraq qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0 və 8.0.5-ci maddələrinə əsasən, 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Hazırki işin hallarından görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 40 saylı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarında olan Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş və reyestr kitabında 4151 A nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən (səh.56) görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri (qəsəbəsi), 28-ci məhəllə, 14 saylı evdə yerləşən 40 saylı mənzil şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 saylı 29 yanvar 1988-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08 saylı 29 yanvar 1988-ci il tarixli qərarından çıxarışdan görünür ki, həmin qərar Abşeron rayonu ərazisində yaşayan vətəndaşların özlərinə məxsus fərdi yaşayış evlərinə “Qeydəalma” vəsiqəsi verilməsi haqqında olmuşdur. Cavabdeh isə 4151A reyestr nömrəli qeydiyyat vəsiqəsində göstərilən mənzilə dair arxiv əsaslarının olmadığına və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığına istinad edərək imtina cavabı vermişdir. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apelyasiya şikayətinin eyni dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.12.2020-ci il tarixli **********14 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 17 saylı evdə yerləşən 4 saylı mənzil 30.11.1989-cu il tarixli 105467 saylı orderə əsasən 12.03.1993-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Abşeron rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 1-2-36 reyestr nömrəli 29.06.1993-cü il tarixli mənzilin dəyişdirilməsi müqaviləsinə əsasən mənzil 24.07.1993-cü il tarixdə X2 adına qeydiyyatdan keçmiş və Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 21.09.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 05.10.2020-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Abşeron rayon 2 saylı dövlət notariat kontoru tərəfindən 29.06.1993-cü il tarixdə təsdiq edilmiş mənzillərin dəyişdirilməsi müqaviləsinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Anaşkin küçəsi 17 saylı evdə yerləşən 4 saylı mənzilini qaynı X3 məxus olan Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 14 saylı evdə yerləşən 3 otaqlı 40 saylı mənzillə dəyişdirmişdir. Mənzilin dəyişdirilməsi haqqında müqavilənin surətindən (səh. 74) görünür ki, Bakı şəhəri, Anaşkin küçəsi 17 saylı evdə yerləşən 4 saylı mənzil Bakı şəhər inventarlaşdırma bürosunun 26.06.1993-cü il tarixli 30/391 №-li arayışına və 30/4987 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 14 saylı evdə yerləşən 3 otaqlı 40 saylı mənzil Abşeron rayon texniki inventarlaşdırma bürosunun 25.06.1993-cü il tarixli 3202 saylı arayışına və 4151 saylı qeydiyyat vəsiqəsinə əsasən X3 məxsus olmuşdur. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin, 40 saylı mənzili iddiaçının mülkiyyətinə 29.06.1993-cü il tarixdə mənzilin dəyişdirilməsi haqqında müqaviləyə əsasən verilmişdir. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mənzil iddiaçının mülkiyyətinə mənzilin dəyişdirilməsi haqqında müqaviləyə əsasən verildiyindən, həmin vaxt dəyişdirilən mənzillər üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış olduğundan, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan, cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və imtinasını əsaslandırdığı hallar daşınmaz əmlak üzərində idiidaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-123/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar