Məhkəmə qərarları › İş №2-1(105)-368/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-368/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-368/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 və Azərbaycan Respublikası Dövlət X4 Hüquqi Şəxsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “Quba rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-297/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuş, Quba Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 09№-li əmri ilə həmin tarixdən RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi vəzifəsinə təyin edilmişdir.

2. Quba Rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021-ci il tarixli, 71 nömrəli əmri ilə Quba Rayon İcra Hakimiyyəti başçısının Küpçal kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi İddiaçı dövlət qulluğuna, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, 30 avqust 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Əmrdə göstərilir ki, X3 Rayon İcra Hakimiyyətinə göndərdiyi xx.xx.2021-ci il tarixli, 01/xx-xx/2019 saylı məktubda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətində çalışan İddiaçı adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş “B” seriyalı, 450368 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Mərkəzin elektron arxiv məlumatlarına əsasən İddiaçı hər-hansı ali təhsil müəssisəsinə qəbul olmamış və onun barəsində qəbul əmri verilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmrin ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayon İcra Hakimiyyəti Başçısının Kupçal kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsində işləmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunun 33.1.4cü maddəsi ilə işdən azad edilmişdir. Buna səbəb göstərilən qanunun 13.2-ci maddəsinə istinad edilməsidir. Hesab edir ki, Quba rayon İcra Hakimiyyəti Başçısının 30 avqust 2021ci il tarixli 71 nömrəli əmri qanunvericiliyin normalarına zidd qəbul edilmiş və ləğv edilməlidir. Belə ki, göstərilən əmrin əsaslandırıcı hissəsində göstərilmişdir ki, qanunvericiliyin tələbi pozularaq işə qəbul edilməmişdir. Lakin “Dövlət qulluğu haqqında” qanunun 28-ci maddəsinin tələbinə əsasən qanunvericiliyin tələbinə tam olaraq cavab verən qaydada işə qəbul edilmiş və əmək müqaviləsi bağlanmışdır. İnzibati orqanın istinad etdiyi “Dövlət qulluğu haqqında” qanunun 13.2-ci maddəsində isə qeyd edilir ki, İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. İşə qəbul edilərkən, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli, 58-0506597/65 saylı məktubu ilə göstərilmişdir ki, ona Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş ВN: 450368 diplom dövlət nümunəli sənəddir və həmin sənədi cavabdehə orqana təqdim etmişdir. Cavabdeh orqanın əmrdə istinad etdiyi hal isə onun tərəfindən pozulmasıdır. Qeyd edilənlərə əsasən hesab edir ki, 30 avqust 2021-ci il tarixli 71 nömrəli əmr ləğv edilməlidir.

5. Cavabdeh iddiaya etirazında X3 xx.xx.2021-ci il tarixli 01/xx-xx/2019 saylı məktubuna istinad edərək həmin məktuba əsasən İddiaçı barəsində müvafiq əmr verildiyini göstərmiş, "Dövlət qulluğu haqqında" Qanunun 13.2-ci və 33.1.4-cü maddələrinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Üçüncü şəxs Azərbaycan Respublikası X5 etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət X4 hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.28-ci yarımbəndinə əsasən Mərkəz dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənir və bu barədə hesabat hazırlayır, 2.1.29-cu yarımbəndinə əsasən dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər verir, 2.1.34-cü yarımbəndinə uyğun olaraq isə dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir. Mərkəz dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini, həmçinin Dövlət Qulluqçularının Reyestri vasitəsi ilə öyrənir. Dövlət Qulluqçularının Reyestrinə dövlət qulluqçuları barəsində daxil edilən məlumatların yoxlanılması məqsədilə Mərkəzin elektron arxiv məlumatları araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2004-2005-ci tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə İİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, test imtahanı nəticəsində 166 bal toplayaraq heç bir ali təhsil müəssisəsinə qəbul olmamışdır. Belə ki, həmin il üzrə müsabiqədə iştirak balı 200 bal olaraq müəyyən edilmişdir. Bundan əlavə, Mərkəzin elektron arxiv məlumatlarında X5 (ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən İddiaçı hər hansı təhsil müəssisəsinə qəbul əmrinin verilməsi aşkar edilməmişdir. Həmçinin, diplom məlumatlarının həqiqiliyinin yoxlanılması məqsədilə bir sıra şəxsin, o cümlədən İddiaçı malik olduğu diplomun dövlət nümunəli olubolmamasına dair rəy verilməsi məqsədilə Mərkəz tərəfindən Təhsil Nazirliyinə xx.xx.2020- ci il tarixli 01/xx-xx/1313 nömrəli məktubla müvafiq sorğu göndərilmişdir. Nazirliyin xx.xx.2020-ci il tarixli 01-31-955/16 nömrəli məktubunda İddiaçı aid В seriyalı 450368 nömrəli diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə uyğun olaraq inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. "Azərbaycan Respublikasının Dövlət X4 hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.34-cü yarımbəndinə uyğun olaraq (dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir) müvafiq məsələ ilə bağlı xx.xx.2020-ci il tarixli 01/xx-xx/2013 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna (surəti Quba Rayon İcra Hakimiyyətinə) müraciət edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilən 30 dekabr 2020-ci il tarixli 02\2-2229çıx-20 nömrəli cavab məktubunda Azərbaycan Beynəlxalq Universitetinin adından diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı toplanmış materialların Baş İdarənin İstintaq idarəsində hazırda istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edildiyi bildirilmişdir. Müvafiq məsələ haqqında, həmçinin xx.xx.2021-ci il tarixli 01/xx-xx/2016 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verilmiş, xx.xx.2021-ci il tarixli 01/xx-xx/2019 nömrəli məktubla Quba Rayon İcra Hakimiyyətinə təkrar müraciət edilmişdir. Reyestr vasitəsi ilə müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1950/2021 nömrəli, 20 dekabr 2021ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət X4 Hüquqi Şəxsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-297/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. İddiaçının nümayəndəsi və vəkili tərəfindən tərtib edilmiş apellyasiya şikayətində iddia ərizəsinin məzmununa və birinci instansiya məhkəməsinin qərarına istinad edilərək qərarın əsassız və ləğv edilməli olduğu, məhkəməyə təqdim edilmiş sübutlar arasındakı təzadların qiymətləndirilmədiyi göstərilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə 2. Dövlət qulluğu 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 9. Dövlət qulluğu vəzifəsinin anlayışı Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri 13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. Maddə 14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır

Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;

15. 7 oktyabr 1992-ci il tarixıli Azərbaycan Respublikasının Təhsil Qanunu (19 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir) Maddə 8. Təhsil haqqında sənəd

1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.

16. Ali təhsilin bakalavr pilləsi üçün təhsil sənədlərinin nümunələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 yanvar 1997-ci il tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 6 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir) Azərbaycan Respublikası Təhsil Qanununun 8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Ali təhsilin bakalavr pilləsi üçün diplomun, ona əlavənin və akademik arayışın Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş nümunələri təsdiq edilsin (əlavə olunur).

17. İnzibati Prosessual Məcəllə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Hazırkı mübahisənin predmeti iddiaçının cavabdeh inzibati orqanda dövlət qulluğuna xitam verilməsi barədə 30 avqust 2021-ci il tarixli, 71 nömrəli əmrin ləğvindən ibarətdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılaraq bu nəticəyə gəlinmişdir ki, məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Təhsil Nazirliyi xx.xx.2022-ci il tarixli, 18-18-02/12 saylı cavab məktubunda bildirmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı adına yazılmış B seriyalı 450368 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinə əsasən təhsil sənədinin nümunəsini hökümət təsdqi edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi verir. Eyni zamanda B seriyalı 450368 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən heç bir ali təhsil müəssisəsinə verilməmişdir.

22. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət X4 Hüquqi Şəxsi etirazından və əlavə edilmiş sənədlərdən görünür ki, Dövlət Qulluqçularının Reyestrinə dövlət qulluqçuları barəsində daxil edilən məlumatların yoxlanılması məqsədilə Mərkəzin elektron arxiv məlumatları araşdırılmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2004-2005-ci tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə İİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, test imtahanı nəticəsində 166 bal toplayaraq heç bir ali təhsil müəssisəsinə qəbul olmamışdır. Belə ki, həmin il üzrə müsabiqədə iştirak balı 200 bal olaraq müəyyən edilmişdir. Mərkəzin elektron arxiv məlumatlarında X5 (ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən İddiaçı hər hansı təhsil müəssisəsinə qəbul əmrinin verilməsi aşkar edilməmişdir.

23. İş materiallarında olan təhsil nazirinin X3 direktorlar şurasının sədrinə ünvanladığı xx.xx.2020-ci il tarixli 01-31-955/16 nömrəli məktubda İddiaçı aid В seriyalı 450368 nömrəli diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir.

24. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli, 58-0506597/65 saylı məktubda Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş В№450368 diplomun dövlət nümunəli sənəd olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin məktub 10 il əvvəl Təhsil Nazirliyinin Aparat rəhbəri tərəfindən imzalanmışdır. Hazırkı halda isə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X5 tərəfindən Dövlət Qulluqçularının Reyestrinə dövlət qulluqçuları barəsində daxil edilən məlumatların yoxlanılması məqsədilə Mərkəzin elektron arxiv məlumatlarının araşdırılması nəticəsində iddiaçının 2004-2005-ci tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə İİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak edərək test imtahanı nəticəsində 166 bal toplayaraq heç bir ali təhsil müəssisəsinə qəbul olmaması müəyyən edilmişdir. Bundan əlavə, ləğv edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən İddiaçı hər hansı təhsil müəssisəsinə qəbul əmrinin verilməsi aşkar edilməmişdir. Bununla əlaqədar Mərkəzin sorğusuna Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli 01-31-955/16 nömrəli məktubunda İddiaçı aid В seriyalı 450368 nömrəli diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda qeyd edilən halları ilə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan, yəni cavabdeh Quba rayon İcra Hakimiyyəti həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu –iddiaçıya məxsus diplom blankının hüquqi əsasının olmamasını X3 xx.xx.2021-ci il tarixli 01/xx-xx/2019 saylı məktubu ilə sübut etmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da bu fakt öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2012-ci il tarixli, 58-0506597/65 saylı məktub istisna olmaqla ona məxus Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş “B” seriyalı, 450368 nömrəli diplom blankının hüquqi əsası barədə hər hansı mötəbər sübutu, habelə müvafiq ali məktəbə hansı qaydada qəbul olunması barədə sübutları nə cavabdeh inzibati orqana, nə də məhkəmə kollegiyasına təqdim etməmişdir.

26. Beləliklə, iddiaçının 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirməsinə dair “B” seriyalı, 450368 nömrəli diplomun hüquqi əsası müəyyən edilmədiyindən yuxarıda istinad edilən müvafiq qanunvericilik normalarının tələbləri baxımından həmin diplom iddiaçının müvafiq əmək fəaliyyətinə başlamaq və inzibati vəzifə tutmaq üçün əsas kimi çıxış edə bilməz. Çünki, məhkəmə araşdırması zamanı həmin diplom blankının Təhsil Nazirliyi tərəfindən heç bir ali təhsil müəssisəsinə verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən cavabdeh inzibati orqan “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunun 33.1.4-ci (qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə) maddəsinə istinad etməklə iddiaçının dövlət qulluğuna xitam verməkdə haqlı olmuşdur. Belə ki, istinad edilən qanunun 13.2-ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-297/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar