Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-368/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə xx.xx.2000-ci il tarixli order əsasında mərhum həyat yoldaşı X3 adına verilmiş Abşeron rayonu, Saray qəsəbəsi, 20 yanvar küçəsi, ev 6, mənzil 12 üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(118)- 908/2021 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2-1(118)-908/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İsmayıl Quliyev). İddiaçı qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-908/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı iş üzrə qəbul edilmiş qərarın mövcudluğundan məhkəmədə verdiyi iddia tələbi əsasında hakim tərəfindən məlumatlandırılmışdır. Əvvəllər verdiyi iddianın nəticələri ona məlum olmamışdır. Bu səbəbdən də qərardan apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 1 ay müddəti üzürlü səbəbdən buraxılmışdır. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. (-) Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. (-) Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ərizənin dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-908/2014 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair ərizəsi rədd edilməli, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Hazırki iş üzrə iddiaçı tərəfindən məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İndiki halda iddiaçı qeyd edilən prosessual müddətin ötürülməsinə əsas kimi iş üzrə qəbul olunmuş yekun məhkəmə aktından məlumatlı olmaması halına istinad etmişdir. İş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2021-ci il tarixdə yekun məhkəmə aktı qəbul edilmiş, 29 dekabr 2021-cü il tarixdə həmin məhkəmə aktı sifarişli-xəbərnaməli poçt məktubu vasitəsilə tərəflərə, o cümlədən iddiaçının ünvanına göndərilmişdir. İş materiallarında olan xəbərnamənin məzmunundan görünür ki, İddiaçı yekun məhkəmə aktını sifarişli-xəbərnaməli poçt məktubu vasitəsilə xx.xx.2022-ci il tarixdə təhvil almışdır (i/v 171) . Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdə əirzə ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul edilmiş qərarla iddianın rədd edildiyini və qərarın qanuni qüvvəyə mindiyini bildirmiş və bununla bağlı iddia ərizəsi ilə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə həmin ərizə üzrə aparılmış qeyddən görünür ki, iddiaçı iddia ərizəsinə əlavə olunmuş sənədlərin notariat qaydasında təsdiq edilmiş surətlərini qəbul etmişdir (i/v 174). İddiaçı tərəfindən iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti xx.xx.2025ci il tarixdə poçta təhvil verilmiş və xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən ərizədə istinad etdiyi halla bağlı qeyd edir ki, hazırki iş üzrə iddiaçının ünvanına rəsmi qaydada yekun məhkəmə aktı göndərilmiş və iddiaçı onu təhvil almışdır. Bundan başqa nəzərə alınmalıdır ki, xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında, o cümlədən qərarın elan edilməsi zamanı iddiaçı və nümayəndəsi iştirak etmişlər. Qərarın məzmunu və ondan şikayət vermə müddəti onlara izah edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iş üzrə qəbul olunmuş yekun məhkəmə aktından məlumatlı olmaması kimi dəlili əsassız hesab edilməlidir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. “Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli Qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli Qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402- 421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Göründüyü kimi, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-908/2021 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması və müddətin bərpa olunması üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş ərizə əsassız olmaqla, rədd edilməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iş üzrə yekun məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, habelə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə rədd edildiyindən, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-908/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair ərizə rədd edilməli, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 24 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-908/2021 nömrəli qərarından iddiaçı Hüseynova (Bayramova) Turac Ramazan qızının apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi rədd edilsin. Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-368/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-368/2025
19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver