Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-369/2021 03.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN -351A KOD 30218018 saylı şəhadətnamədə İmanov soyadlarını İmamov soyadlarına, Vəzufə adının Vəzurə və Malik adının Mais kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-593/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN-351A KOD 30218018 saylı şəhadətnamədə İmanov soyadlarını İmamov soyadlarına, Vəzufə adının Vəzurə və Malik adının Mais kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN-351A KOD 30218018 saylı şəhadətnamə ilə Xaçmaz rayon ərazisində 0,24 ha torpaq sahəsi iddiaçılardan olan İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd olunan şəhadətnamədə ailə üzvləri olan həyat yoldaşı və uşaqlarının da adları göstərilmişdir. Lakin həmin şəhadətnamədə həm onun, həm də ailə üzvlərinin soyadları İmamov əvəzinə İmanov, həmçinin həyat yoldaşının adı Vəzurə əvəzinə Vəzufə və oğlu Maisin adı Malik kimi göstərilmişdir. Şəhadətnamə verilərkən həm soyadlarında, həm də adlarda olan yanlışlığa fikir verilməmişdir. Bu yanlışlığı gördükdən sonra tərəflərindən DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN-351A KOD 30218018 saylı şəhadətnamədə olan yanlışlıqların aradan qaldırılması məqsədilə müraciətinə cavab olaraq cavabdeh tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, göstərilən yanlışlıqların aradan qaldırılması səlahiyyətinə malik deyillər və bu səbəbdən də məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddia tələbində qeyd olunan sənəddə olan səhvlərin düzəldilməsi onların səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onlar yalnız özləri tərəfindən verilmiş sənədlərə düzəliş edə bilərlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-593/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov) Qərardaddan İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardadın əsası kimi Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməyə istinad edərək həmin qurumun daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanı olduğu qeyd edilir və bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu iş üzrə cavabdeh kimi göstərilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı deyil, məhz Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı qaldırılmalı idi. Həmçinin iddiaçının subyektiv hüququnun olmaması səbəbi ilə iddia mümkünsüz hesab edilmişdir. Hər iki əsas iddianın mümkünsüz hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd olunan əsasnamədə xidmətin fəaliyyət istiqamətləri göstərilmişdir ki, orada da sənədlərdə olan yanlışlıqların aradan qaldırılması öz əksini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianının mümkün sayılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-593/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. İş materiallarından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarına əsasən vətəndaş X1 və onun ailə üzvlərinə Xaçmaz rayonu Niyazoba kəndində yerləşən 0.24 ha torpaq sahəsi ayrılmış və həmin hüquqlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 332 nömrəsi ilə qeydiyyatdan keçərək, 06 fevral 2002-ci il tarixli JN-351A KOD 30218018 saylı şəhadətnamə verilmişdir. Qeyd olunan şəhadətnamə ilə DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət edən İddiaçı müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydiyyata almaq istəmişdir. Lakin, DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən vətəndaşın müraciəti təmin edilməmişdir. Əsas olaraq 06 fevral 2002-ci il tarixli JN-351A KOD 30218018 saylı şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi idarənin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Bu səbəbdən torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilə bilməmişdir. Göründüyü kimi, iddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 06 fevral 2002-ci il tarixli JN-351A KOD 30218018 saylı şəhadətnamədə İmanov soyadlarını İmamov soyadlarına, Vəzufə adının Vəzurə və Malik adının Mais kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni vermiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, iddia tələbində göstərilən vəzifənin şəhadətnəməyə düzəliş etmək səlahiyyəti olmayan 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması isə mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən normaların hazırkı işin hallarına tətbiqi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində göstərilən məsələnin həlli üçün iddiaçı müvafiq hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə tələblə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ərizə ilə ümumi məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apelyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-593/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-369/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-369/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver