Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-369/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(118)-551/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xaçmaz rayon Şollar bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli 14 saylı qərarına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə Şollar bələdiyyəsinin ehtiyat fondundan 1200 kvm (0,12 ha) torpaq sahəsi ayrılmışdır.
2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin xx.xx.2006cı il tarixli, 31 nömrəli məktubuna əsasən Şollar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı predmeti olması və satılmasının qanuna müvafiq olması qeyd olunmuşdur.
3. Qeyd edilən torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair Akt” tərtib edilmiş və həmin akt vlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 234 nömrə ilə qeydə alınmışdır.
4. Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin 05 fevral 2021-ci il tarixli, 28 nömrəli arayışına əsasən iddiaçıya Şollar kəndi ərazisində 28 yanvar 2006-cı il tarixli 14 saylı qərar ilə fərdi mənzil tikintisi məqsədilə 0,12 ha torpaq sahəsi ayrılmış və hazırda həmin qərar qüvvədədir.
5. İş materiallarına müvafiq torpaq sahəsinin yerləşmə yerinin əks olunduğu Xaçmaz rayon Şollar bələdiyyəsinin Şollar kəndinin Baş Planından çıxarış və Susayqışlaq bələdiyyəsi tərəfindən təsdiqlənmiş xəritədən çıxarış da əlavə edilmişdir.
6. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məktubda göstərilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona satılmış 0,12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq sahəsidir. Bundan əlavə torpaq sahəsi üzrə 0,12 ha ölçüdə göstərilməsinə baxmayaraq faktiki vəziyyətdə azalma mövcuddur və torpaq sahəsi yerində 0,0864 ha ölçüdə öz əksini tapmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ilkin olaraq cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayon Susayqışlaq Şollar kənd ərazisində yerləşən iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, daha sonra iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Xaçmaz rayon Susayqışlaq Şollar kənd ərazisində yerləşən ona məxsus 0,0864 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin Şollar kəndi ərazisində 28 yanvar 2006-ci il tarixli 14 saylı iclasın qərarı ilə mənzil tikintisi məqsədilə 0,12 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Həmin sözügedən torpaq sahəsi qərar əsasında iddiaçıya satılan vaxtdan indiyə qədər onun istifadəsindədir. Bununla yanaşı həyətyanı sahədə 30 kv taxtadan daşınması mümkün olan yaşayış məqsədi üçün ev tikmiş və yaşıllaşdırma məqsədi ilə 150 ədədə yaxın müxtəlif meyvə ağacları əkmişdir. Xaçmaz rayon Susayqışlaq bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinə aid bütün sənədlər iddiaçıya verilmişdir. Yaşlı insan olması və qanunu bilməməsi səbəbindən həmin sənədləri mülkiyyət sənədi kimi qəbul etmişdir. Torpaq sahəsini vaxtında almamasının səbəbi kürəkəni Nümayəndə həmin sözügedən torpaq sahəsinə bitişik ərazidə mülkiyyət sənədi əsasında ayrılmış 0.10 ha torpaq sahəsi üzərində evinin olmasıdır. İddiaçının adına satılmış 0.12 ha torpaq sahəsinin kürəkəni Nümayəndə həyətyanı torpaq sahəsinə bitişik olması Xaçmaz rayonu Şollar bələdiyyəsinin Şollar kəndinin Baş planından Çıxarış əsasında həmin torpaq sahələrinin girişçıxışının iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsinə düşməsi göstərilmişdir. Hazırda da həmin torpaq sahəsini kürəkəninə bağışlamaq fikiri var. Çünki torpaq sahəsini aldığı zaman torpağın pulunu kürəkəni Nümayəndə ödəmişdir. Torpaq sahəsini bağışlamaq fikriylə Notariat kontoruna yaxınlaşarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət əsasında çıxarış verilməlidir. Kürəkəni Nümayəndə tərəfindən mülki etibarnamə əsasında Xaçmaz rayon Susayqışlaq bələdiyyəsi tərəfindən verilmiş 0.12 ha torpaq sahəsinə mülkiyyət sənədini almaq məqsədi ilə rəsmi müraciət edilmişdir. Müraciət əsasında mütəxəssis tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və şifahi cavab olaraq bildirilmişdir ki, həmin torpaq sahəsi sənəd üzrə 0,12 ha ölçüdə göstərilməsinə baxmayaraq, faktiki vəziyyətdə azalma mövcuddur. Torpaq sahəsi yerində 0.0864 ha ölçüdə öz əksini tapmışdır. Bildirmişlər ki, torpaq sahəsi üzərinə mülkiyyət sənədi verilməsi mümkündür. Bununla əlaqədar razılıq ərizəsi verilməlidir. İddiaçı deyilən formada razılıq ərizəsini təqdim etmiş və çıxarışın verilməsini gözləməsinə baxmayaraq heç bir əsas olmadan həmin torpaq sahəsi barədə imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı müraciət edilən Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq sahəsidir. Bundan əlavə torpaq sahəsi sənəd üzrə 0,12 ha ölçüdə göstərilməsinə baxmayaraq, faktiki vəziyyətdə azalma mövcuddur və torpaq sahəsi yerində 0,0864 ha ölçüdə öz əksini tapmışdır. Lakin qeyd olunmalıdır ki, həmin torpaq sahəsi yaşayış mənzili tikmək məqsədi daşımış və mübahisəli torpaq sahəsinin ətrafında da hazırda çox sayda yaşayış məntəqəsi vardır.
9. Cavabdeh inzibati orqan iddia tələbinə etirazda imtina məktubunun məzmununa istinad edərək göstərmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən Xaçmaz rayon Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq sahəsidir. Bundan əlavə, torpaq sahəsi sənəd üzrə 0.12 ha ölçüdə göstərilməsinə baxmayaraq, faktiki vəziyyətdə azalma mövcuddur və torpaq sahəsi yerində 0.0864 ha ölçüdə öz əksini tapmışdır. Etirazda Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə istinad olunmaqla göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin kateqoriyaya aid torpaq sahələrinin fərdi ev tikmək məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
10. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(118)-551/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Xaçmaz rayon Susayqışlaq Şollar kənd ərazisində yerləşən İddiaçı Qahifonaya məxsus 0,0864 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya).
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatİ Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci i tarixli qərarı
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş cavabdeh inzibati orqanın məktubuna əsasən Xaçmaz rayon Şollar bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli 14 saylı qərarı ilə həyətyanı məqsəd üçün ayrılmış Xaçmaz rayonu, Şollar kəndi ərazisində yerləşən iddiaçıya məxsus 0,12 ha torpaq sahəsindən, faktiki istifadəsində 0,0864 ha təşkil edir. Torpaq sahəsi elektron baza məlumatlarına əsasən heç bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Köhnə məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq sahəsi olmasına baxmayaraq, hazırda yeni uçot xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı (şərti yararsız, iaşə) torpaq sahəsidir.
26. Cavadehin hazırkı apellyasiya şikayətinin, habelə imtinasının və etirazının yuxarıda qeyd edilən dəlillərinə uyğun araşdırma aparan birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, torpaq sahəsi iddiaçının istifadəsindədir, həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi xx.xx.2006-cı il tarixdə verilmişdir. Torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına köçürülmüş və alqı-satqı aktı tərtib olunmuşdur, həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyatına alınmasına bələdiyyənin etirazı yoxdur.
27. Cavabdehin imtinasının və apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, torpaq sahəsi ayrılarkən onun kateqoriyasının kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq şoranlıq torpaq olması, hazırda isə yeni uçot xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı (şərti yararsız, iaşə) torpaq sahəsi olması işin mübahisəsiz halıdır. Yuxarıda istina edilən qanunvericilik normaları isə bələdiyyələrin kənd təsərrüfatına azyararlı və yararsız torpaqlarının xüsusi mülkiyyətə verilməsinin mümkünlüyünü nəzərdə tutur və digər qanunvericilik aktlarında da qeyd edilən kateqoriyadan olan torpaq sahələrinin vətəndaşların xüsusi mülkiyyətinə ayrılmasına hər-hansı qadağa nəzərdə tutulmamışdır.
28. Kollegiya qeyd edir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin sərəncamı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan sərəncama etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı ona torpaq sahəsi ayrılması barədə 16 ildən artıqdır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə fakitiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
29. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Xaçmaz rayon Susayqışlaq Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2006-cı il tarixli 14 saylı qərarı həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatdı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(118)-551/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.