Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-369/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı qərarların ləğv olunması və ona birinci dərəcəli əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2156/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh orqanın barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması və ona İ dərəcəli əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh orqanın barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarının və xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və iddiaçıya İ dərəcəli əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o,xx xxxxx 1961-ci il tarixdə anadan olmuşdur. xx.xx.2017ci il tarixdə ona xəstəliyi ilə əlaqədar olaraq İ dərəcə əlillik verilmişdir. Bir müddət sonra onun əlillik dərəcəsi İİ qrup müəyyən olunmuşdur. Daha sonra əlillik dərəcəsi yenidən İ dərəcə müəyyən olunmuş, sonda yenidən İİ dərəcə müəyyən olunmuşdur. Ona İ dərəcə əlillik verilərəkən ona insulindən asılı şəkərli diabet. Böyrək zədələnməsi ilə sağ tərəfli nefroektomiya. (1987) böyrək transplantasiyası əməliyyatından sonra vəziyyət (xx.xx.2017) diaqnozu qoyulmuşdur. O, İİ dərəcə əlilliklə razı olmadığı üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavab məktubunda bildirilmişdir ki, Sizə ümumi xəstəlik səbəbindən xx.xx.2020-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Ona ümumi xəstəlik səbəbindən xx.xx.2020-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar ləğv olunmalıdır. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki,Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza yə X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 20 (iyirmi) nəfər nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 18 nəfərinin və digər tarixə dəvət edilib lakin müayinədə iştirak etməmiş daha 3 nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş, 2 nəfər vətəndaş isə müayinəyə gələmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, ümumilikdə 23 nəfər barəsində aşağıdakıları müəyyən etmişdir. Sumqayıt şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı dair Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 0531003AAH8G nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.2-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Q-3616/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı yüksək arterial təzyiq, ürək nahiyyəsində, ayaqlarında ağrıların olmasından, bulanıq görmədən, ağızda quruluqdan şikayətlənmiş, 1987-ci ildə birtərəfli nefrektomiya əməliyyatı, 2004-cü ildə miokard infarktı keçirdiyini, 2005-ci ildə ürək əməliyyatı, 2017-ci ildə böyrək transplantasiya əməliyyatı keçirdiyi (donoru gəlini olduğunu) bildirmiş, müayinə və müalicə sənədlərini təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında X4 xx.xx.2006- xx.xx.2006-cı il tarixli 096591/0432 nömrəli çıxarışında diaqnoz “Ürəyin işemik xəstəliyi. Qeyri-stabil stenokardiya” kimi qeyd edilmiş və xx.xx.2006-cı ildə “Koronar şuntlama x 3 (LİMA-LAD); Ao-Omx (VSG); Ao- RCA (VSG)” əməliyyatı icra olunduğuna aid sənəd təqdim etmiş, X5 xx.xx.2017-xx.xx.2017-ci il tarixli 6046/1688 nömrəli çıxarışında diaqnoz “Son mərhələ böyrək çatışmazlığı. Böyrək transplantasiya Resipiyenti “ kimi, əməliyyat “Canlı donorlu böyrək əməliyyatı” kimi qeyd edilmişdir. Unikal Klinikada xx.xx.2022-ci il tarixində aşağı ətraf arteriyalarının dopler müayinəsinin nəticəsi “Periferik damar xəstəliyi. Periferik arteriyalarda kobud aterosklerotik dəyişikliklər. Periferik arteriyalarda diabetik angiopatiya “şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, döş qəfəsinin ön səthində və qarmın sağ yan tərəfində əməliyyat çapığ izlənilmiş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları karlaşmış eşidilmiş, AT 170/100 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 75 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixli oftalmoloq müayinə nəticəsi həkim-oftalmoloq müayinəsinin nəticəsi: VİS QD=0,7 (onda yeddi) korreksiya etmir, VİS QS=0,8 (onda səkkiz) korreksiya etmir kimi qeyd edilmiş, diaqnoz "QU başlanğıc katarakta. ” kimi göstərilmiş, uroloji USM nəticəsi “Transplantasiya olunmuş böyrək. Saqtərəfli nefroektomiya. Sol böyrəyin büzüşməsi, kistalar” kimi qeyd olunmuş, qanın biokimyəvi analizlərindən qanda kreatinin miqdarı-114 mkmol/l, aşağı ətraf arteriyaların dopplerografiyasının nəticəsi “Magistral arteriyaların aterosklerozu. Hər iki arxa tibial arteriya - grade 2 (iki) angiopatiya” şəklində göstərilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, obyektiv, instrumental və laborator müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2020-ci il tarixli 2.4.2 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılsın. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2156/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, cavabdehin xx.xx.2020-ci il tarixli və xx.xx.2024-cü il tarixli qərarını rəsmi qaydada almamışdır. Həmin qərarlardan faktiki olaraq xəbərsiz olmuşdur. Məhkəmə gedişatında həmin qərarlardan xəbərdar olmuş və qərarların ləğv olunmasını tələb etmişdir. Qərarları rəsmi qaydada almadığından həmin qərarlardan şikayət vermə müddətini də ötürməmişdir. Bundan əlavə məhkəmə belə nəticəyə gəlib ki, iddiaçı ona 1-ci dərəcəli əlilliyin təyin edilməsini istəyir. Bu halda məhkəmə hesab edir ki, iddiaçı ona 1-ci dərəcə əlilliyin təyin edilməsinə əsas verən diaqnozun mövcudluğunu sübut edən “Forma 88” arayışı ilə yenidən cavabdeh orqana müraciət etməlidir. Məhkəmənin bu mövqeyi ilə də razı deyil. Çünki cavabdeh orqana müvafiq arayışı təqdim etmiş və ona İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Sonradan cavabdeh orqan qanunsuz və əsassız olaraq onun İ qrup əlillik dərəcəsini ləğv etmişdir. Ona görə də həmin qərarın ləğv olunmasını və ona İ qrup əlillik dərəcəsinin təyin edilməsinin xahiş etmişdi. Əslində həmin qərar ləğv edildikdən sonra onun İ qrup əlillik dərəcəsi qüvvədə olmuş olur. Yəni onun “Forma 88”arayışı ilə yenidən cavabdeh orqana müraciət etməyinə zərurət yoxdur. Bu hallar nəzərə alınmalı və qərardad ləğv olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2 Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin predmeti iddiaçıya ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və əlilliyin dərəcəsinin dəyişdiirlməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyinatı aparılmış, bu barədə xx.xx.2020-ci il tarixdə iddiaçıya sms vasitəsilə məlumat göndərilmişdir. Göründüyü kimi iddiaçı ona ikinci dərəcə əlillik təyinatının aparılması barədə həmin vaxtda (2020-ci ildə) məlumatlı olsa da, həmin qərarı 2024-cü ildə mübahisələndirmiş, bununla bağlı cavabdeh inzibati orqana 2024-cü ildə müraciət etmiş və müraciətinə dair qəbul edilmiş qərardan xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia növü məcburetmə iddia növünə aid olmaqla, qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətində qeyd edilən iddia tələbini irəli sürə bilərdi. İndiki halda iş materiallarından görünür ki, iddiaçı onun barəsində məhz ikinci dərəcə əlillik təyinatının aparılması barədə məlumatlı olsa da (bu hal iş materialları əsasında təsdiqini tapır) məhz qeyd edilən müddətdə əlilliyin dərəcəsini mübahisələndirməmiş, bu barədə cavabdeh inzibati orqana müraciət etməmiş və iddia tələbini irəli sürməmiş, 4 ildən sonra mübahisələndirərək, məhkəməyə müraciət etmişdir. Nəticə etibarilə hazırki iş üzrə qanunla tələb olunan müddətlə bağlı şərtə əməl edilmədiyindən, buna dair iddianın mümkünlük şərtləri ödənilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçı qeyd edilən müddətdə müraciət etməməsinin səbəbi kimi 2020-ci ildə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərarın və ona dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ona rəsmi qaydada təqdim edilməməsi, bu səbəbdən də müddətin ötürülməməsi, habelə ona birinci dərəcə əlillik təyin edilməsi, sonradan ləğv edilərək, ikinci dərəcə əlillik kimi təyin edilməsi kimi hallara istinad etmişdir. Bununla bağlı kollegiya onu qeyd edir ki, iddiaçıya 2020-ci ildə ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə xx.xx.2020-ci il tarixdə sms məlumat göndərilmiş, bundan əlavə iddiaçı həmin vaxtdan hazıradək həmin əsasla əlilliyin təyin edilməsinə görə pensiya ödənişi almışdır (hansı ki, əlilliyin dərəcəsi ilə bağlı olan hal pensiya ödənişinin müəyyən eidlməsinə təsir edən zəruri amildir). Bu hallar özlüyündə iddiaçının həmin qərar barədə məhz 2020-ci ildən məlumatlı olmasını deməyə əsas verir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Eyni zamanda kollegiya onu qeyd etməy zəruri hesab edir ki, iddiaçının hüquqi marağı məhz əlilliyin dərəcəsinin dəyişdirilməsindən ibarət olmuşdur, hanıs ki məhz xx.xx.2020-ci il tarixli qərarla əlilliyin dərəcəsi müəyyən edilmişdir. Sonrakı tarixdə qəbul edilmiş qərar məhz xx.xx.2020-ci il tarixli qərarın qüvvədə saxlanması ilə bağlı olmaqla, mübahisə predmetini məhz təyin edilmiş əlilliyin dərəcəsinin dəyişdirilməsi təşkil etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İndiki halda prosessual müddətin ötürülməsi ilə bağlı qeyd olunan istisna halların olması aşkar edilmədiyindən və 1 ildən artıq müddət keçdiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulmuş hallarla bağlı hüquqi yardım göstərilməsi də mümkün olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi məcburetmə iddia növü olmaqla, iddia müddəti ötürüldüyündən, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddia mümkün sayılmaması üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, iddiaçı onun barəsində birinci dərəcə əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin mövcudluğunu ehtimal etdiyi halda, bu barədə “Forma-88” tibbi göndərişin rəsmiləşdirilməsi və həmin tibbi göndərişin cavabdeh inzibati orqana göndərilməsi məqəsədilə müvafiq tibb müəssisəsinə müraciət etmək, habelə əlilliyinin həmin tibbi göndəriş əsasında yenidən qiymətləndirilməsi zamanı onun müraciətindən imtina olunduğu halda, cavabdeh inzibati orqana qarşı qanunla müəyyən edilmiş qaydada və şərtlərdə (30 gün müddətində) yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2156/2025 nömrəli, xx.xx.2025-ci il tarixli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-369/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-369/2025
01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver