Məhkəmə qərarları › İş №2-1(105)-37/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-37/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-37/2020 25.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Məmmədova Lətifə Məhyəddin qızı, hakimlər X6 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, сavadbeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsiniun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(85)-1264/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1970-1980-ci illərdə Sabirabad rayonu, Qəzli kəndində (kolxozda) fəhlə işlədiyi 10 illik əmək stajının sosial sığorta stajına hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1970-1972, 1974, 1977-1978 və 1980-cı illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2007-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin yaşa görə əmək pensiyası təyin edilərkən onun 1970-1972, 1974, 1977-1978 və 1980-cı illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddət nəzərə alınmamışdır. Həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də həmin dövrlərin əmək kitabçasında qeyd olunmaması səbəbindən cavabdeh ona imtina cavabı vermişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(85)-1264/2018 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin üzəriunə qoyulması qərara alınmışdır (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli, 2-1(85)-1264/2018 saylı qərarın ləğv edilməsi xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-213/2019 saylı qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli, 2-1(85)-1264/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh təşkilat kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)1908/2019 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-213/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı tərəfindən təqdim olunan əmək kitabçası üzrə iddiaçının işlədiyi 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə olan dövrlərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə müvafiq olaraq yoxlanılması, müəssisə barəsində heç bir məlumatın mövcud olmaması səbəbindən mümkün olmamışdır. Həmin iş dövrü mötəbər sübutlara əsaslanmır və iddiaçının Sabirabad rayon Leninqrad kolxozunda işləməsi şübhə altına alınır. Yəni vətəndaş həmin müəssisədə ümumiyyətlə işləməyib. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh təşkilatın nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki,İddiaçı və onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə olan dövrün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 4.2.7-ci bəndinə müvafiq olaraq yoxlanılması, müəssisə barəsində heç bir məlumatın olmaması səbəbindən mümkün olmamışdır. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı iddia ərizəsində göstərdiyi 1970-1972 1974, 1977-1978 və 1980-ci il tarixədək iş dövrü mötəbər sübutlara əsaslanmır və onun Sabirabad rayon Leninqrad kolxozunda 1970-1972, 1974, 1977-1978 və 1980-ci il tarixədək işləməsini şübhə altına alır. (Yəni, vətəndaş həmin müəssisədə ümumiyyətlə işləməyib.) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Qərar qəbul edərkən yuxarıda qeyd edilən halları araşdırmamış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, Sosial Sığorta haqqında Azərbaycan Respublikası Qanunun tələblərini nəzərə almamışdır. Bununla yanaşı məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli 2-1(85)-1264/2018 saylı qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı İddiaçı 1970- 1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi hissəsində dəyişdirilməli, İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda faktiki işlədiyi 2 il 9 ay 18 gün müddət onun sosial sığorta stajına daxil edilməli, qərara qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli X4 rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixli, 23 saylı arxiv arayışından görünür ki, İddiaçı 1970-1972, 1974, 1977- 1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işləmiş və əmək haqqı almışdır. Cavabdeh, iddiaçının qeyd edilən dövrdə həmin kolxozda işlədiyi dövrün əmək kitabçasında qeyd edilmədiyini əsas tutaraq həmin dövrü staja daxil etməmişdir. Beləliklə işin mübahisə edilən məqamı arxiv arayışı ilə təsdiq edilən dövrün sığorta stajına daxil edilməsidir. Məhkəmə kollegiyası, cavabdehin imtinası ilə razılaşmayaraq Azərbaycan Respublikasının Milli X4 rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixli, 23 saylı arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi - 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işləməsi barədə Azərbaycan Respublikasının Milli X4 rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixli, 23 saylı arxiv arayışını təqdim etmişdir. İş materaillarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi arxiv arayışına istinadən iddianı təmin etmiş, arxiv arayışına əsasən iddiaçının qeyd edilən illlərdə Sabirabad rayon Leninqrad kolxozunda işləməsi nəticəsinə gəlməkdə haqlı olsa da iddiaçının faktiki işlədiyi günlərə uyğun sosial sığorta stajını müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə ) ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qanunvericilik normasından göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; Həmin Qanunu 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bu səbəbdəndə məhkəmə kollegiyası hesab edir ki, ümumi iş stajı xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. Həmin qanunvericilikdə əmək stajının arayışlar əsasında təsdiq edilməsi göstərilmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)1908/2019 saylı qərarında apellyasiya məhkəməsinin göstərilmiş arxiv arayışına istinad etsə də, lakin həmin arayışda göstərilən dövrlər üzrə qanunvericiliyin əks olunmuş tələbinə əsasən sosial sığorta stajının müddətini müəyyən etməməsi göstərilmişdir. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Belə ki, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçının kolxozda işlədiyi illərdə topladığı sığorta stajına münasibətdə isə kollegiya qeyd edir ki, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İstinad olunan normalara əsasən kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib- yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırki halda da iddiaçı kolxozda işlədiyi 1970-1972, 1974, 1977-1978, 1980-ci illərədə minimum əmək iştirakı normasını qismən ödəmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 23 saylı arxiv arayışından görünür ki, İddiaçı 1970, 1971, 1972, 1974, 1977, 1978, 1980-ci illər üçün minimum adam günü 180 gün müəyyən edilsə də,1970-ci il ərzində 89 gün, 1971-ci ilərzində 96 gün, 1972-ci il ərzində 40 gün, 1974-cü il ərzində 67 gün, 1977-ci ildə 14 gün, 1978-ci ildə 73 gün 1980-ci ildə 125 gün əmək fəaliyyətini yerinə yetirmişdir. Göründüyü kimi, iddiaçı qeyd edilən illər üzrə 180 gün minimum adam gününü nə tamalamış, nə də üstələmişdir. Belə olan halda iddiaçının faktiki işlədiyi günlər üzrə sosial sığorta stajı aşağıdakı kimi hesablanmalıdır. -1970-ci kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 89 gündür. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 5 ay 27 gündür. (89x12=1068:180=5,9) -1971-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 96 gündür. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 6 ay 12 gündür. (96x12=1152:180=6,4) -1972-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 40 gündür. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 2 ay 21 gündür. (40x12=480:180=2,7) -1974-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 67 gündür. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 4 ay 15 gündür. (67x12=804:180=4,5) -1977-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 14 gündür. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 27 gündür. (14x12=168:180=0,9) -1978-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 73 gündür. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 4 ay 27gündür. (73x12=876:180=4,9) -1980-ci il kolxozda minimum əmək günü 180 gün, iddiaçının minimum əmək iştirakı 125 gündür. Belə olduğu halda iddiaçının həmin ildə işlədiyi faktiki müddət 8 ay 9 gündür. (125x12=1500:180=8,3) Beləliklə də iddiaçının Sabirabad rayon Leninqrad kolxozunda olan iş illəri ümumilikdə 2 il 9 ay 18 gün təşkil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi nəticəsinə gələrkən həmin illər üzrə iddiaçının faktik işdə olma müddətini müəyyən etməmiş, iddiaçının iş günlərinin ümumi sayını konkret göstərməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək iddiaçının Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi 2 il 9 ay 18 günü sosial sığorta stajına daxil edilməli və əmək pensiyası yenidən hesablanmalıdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işləməsi Azərbaycan Respublikasının Milli X4 rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixli, 23 saylı arxiv arayışı ilə təsdiq olunduğundan, qeyd olunan müddətlərə görə 2 il 9 ay 18 gün iddiaçının ümumi sosial sığorta stajına hesablanmaqla onun pensiyasının artırılmasından imtina etməkdə cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsi haqlı olmamış, bununla da iddiaçının pensiya almaq hüquqlarını məhdudlaşdırmışdır. Beləliklə, inzibati orqan apelyasiya şikayətinin dəlili kimi - iddiaçının qeyd edilən iş dövrünün mötəbər sübutlara əsaslanmamasını, onun qeyd edilən illərdə Sabirabad rayon Leninqrad kolxozunda işləməsinin şübhə altına alınmasını yəni, vətəndaş həmin müəssisədə ümumiyyətlə işləməməsini) göstərsə də, hansı səbəbdən bu nəticəyə gəlməsini əsaslandırmamış, formal əsasa görə yalnız müəssisə barəsində heç bir məlumatın mövcud olmaması səbəbindən qeyd edilən nəticəyə gəlmişdir. Halbuki, müəssisə barəsində heç bir məlumatın mövcud olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüquq olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Hazırki halda isə iddiaçı qeyd edilən dövlərdə işləməsini sübut edən halı-arxiv arayışını məhkəməyə təqdim etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(85)-1264/2018 saylı qərarı birinci instansiya məhkəməsinin qərarı İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi hissəsində dəyişdirilməli, İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi 2 il 9 ay 18 gün müddət onun sosial sığorta stajına daxil edilməli, qərara qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(85)-1264/2018 saylı qərarı İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi hissəsində dəyişdirilsin. İddiaçı 1970-1972, 1974, 1977-1978 və 1980-ci illərdə Sabirabad rayon Leninqrad kolxozunda faktiki işlədiyi 2 il 9 ay 18 gün müddət onun sosial sığorta stajına daxil edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar