Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-37/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-175/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) yaşa görə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə ( bundan sonra mətndə cavabdeh) müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan kişilərin yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlüdür, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 17245.17 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabının sığorta hissəsində 15533.01 manat pensiya sığorta kapitalının olması səbəbindən, yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərın hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizikı şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasen, sığorta stajı müvəfiq icra hakimiməti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi bərədə verilən sənədlə təsdiq olunur. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaolunanlar xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1973–cü il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Əlavə olaraq məlumat üçün bildirilmişdir ki, iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.2004–cü il tarixdən xx.xx.2010–cu il tarixədək sosial sığorta stajın yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından və xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1970-1973-cü illərdə Peşə Məktəbindəki təhsil illərini və xx.xx.2004cü il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxx” Kiçik Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-175/2020 saylı qərarı ilə iddia təmin edilərək İddiaçı 1970-1973-cü illərdə Peşə məktəbində təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək, xx.xx.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması” qərara alınmışdır. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)361/2020 saylı. xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına əsasən bildirilir ki, 2006-cı il 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməsi və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə uyğun aparılması tapşırılmışdır. Vətəndaşa pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması və müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilməsi barədə məlumat olmaması səbəbindən qeyd olunan illərin sığorta stajına hesablanması qanuna ziddir. Bu səbəbdən də vətəndaşa əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövrə uyğun olaraq fərdi uçot, fərdi hesab müəyyənləşdırilmişdir. Vətəndaşın xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək fərdi uçot məlumatlarında heş bir ödənişin olmaması səbəbindən qeyd olunan dövrlərin sığorta stajı kimi hesablanması qanunsuzdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib onun məzmuna uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)- 175/2020 saylı ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd hissəsinə əsasən, 7-ci maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İşin hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin sonuncu iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək dövrün yoxlanılmasının mümkün olmadığını, müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyini nəzərə alaraq, həmin illərin sosial sığorta stajına daxil edilməsindən və müvafiq olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək 1970-1973cü illərdə Peşə Məktəbindəki təhsil illərini və xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxx” Kiçik Müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasında xxxx” Kiçik Müəssisəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda 2004- 2010-cu illərdə “xxxx” Kiçik Müəssisəsində kassir vəzifəsində işləməsi öz əksini tapmışdır. Müəssisə tərəfindən sosial sığorta haqlarının dövlət büdcəsinə ödənilməməsi məhz cavabdehin səlahiyyətində olan vəzifədir. Bu səbəbdən də cavabdehin həmin yanaşması məqsədəmüvafiq deyildir. Məhkəmə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasının və arayışın mövcudluğunu mübahisənin həlli üçün yetərli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İddia tələbindən görünür ki, iddiaçı 1970-1973-cü illərdə Peşə Məktəbindəki təhsil illərini və xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxx” Kiçik Müəssisəsində işlədiyi müddətin sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin dəlillərindən göründüyü kimi, peşə təhsilinin sığorta stajına daxil edilməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Cavabdehin şikayətində mübahisələndirdiyi yeganə hal xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək iddiaçının “xxxx” Kiçik Müəssisəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsidir. xx.xx.1973-cü il tarixdə iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, iddiaçı 1970-1973-cü illərdə Peşə məktəbində təhsil almış, xx.xx.1973-cü il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1995-ci il tarixədək hərbi xidmətdə olduğu və təhsil aldığı müddət də daxil edilməklə 24 il 05 4 ay sığorta stajına malik olmuşdur. Əmək kitabçasının 57-ci səhifəsində yazılmış qeyddən isə görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdə 02 nömrəli əmrə əsasən, “xxxx" Kiçik Müəssisəsinə kassir(xəzinədar) işinə qəbul edilimiş, xx.xx.2010-cu il tarixdə öz xahişi ilə işdən azad edilir. Cavabdehin imtinasından, eləcə də, apelyasiya şikayətindən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək fərdi uçot məlumatlarında heş bir ödənişin olmaması səbəbindən qeyd olunan müəssisədə işlədiyi dövrün sığorta stajı kimi hesablanması mümkün olmamışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş,hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.6-cı maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8.-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İstinad olunan normalardan göründüyü kimi qanunverici xx.xx.2006-cı il tarixdən etibarən sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğunu təsbit etmişdir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2004-cü il tarixdə “xxxx” km-də işə qəbul edilsə də, əmək fəaliyyətini əmək kitabçasındakı qeydə əsasən, xx.xx.2010-cu il tarixədək davam etdirmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarına görə isə, “Əmək pensiyaları haqqında” AR qanunu qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən sonra əgər iddiaçı həqiqətən də, bildirdiyi kimi xx.xx.2010-cu il tarixədək “xxxx” KM-də işləmişdirsə, onun həmin müəssisədəki sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxslərin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzinə sorğu verilərək iddiaçının işlədiyi və sosial sığorta haqlarını ödədiyini iddia etdiyi “xxxx” Kiçik Müəssisəsində xx.xx.2004-xx.xx.2010-cu illər ərzində sosial sığorta haqları və digər ödənişlər barəsində məlumat verilməsi xahiş olunmuşdur. Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi sorğuya cavab olaraq bildirmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün İddiaçı xx.xx.2004cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın verilməsi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən mümkün olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, “xxxx” Kiçik müəssisəsi tərəfindən 2006-2010-cu illər üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan, İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən sığorta stajının tanınması üçün mühüm şərt məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi olmuşdur. Hazırki halda isə iddiaçının xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, ümumiyyətlə onun işəğötürən “xxxx” KM tərəfindən sığorta olunan kimi qeydə alınması faktı öz təsdiqini tapmır. Bu nəticə isə öz növbəsində iddiaçının xx.xx.2004-xx.xx.2010-cu illərdə “xxxx” KM-də işləməsini şübhə altına almış olur. Eləcə də məhkəmə kollegiyası tərəfindən “xxxx” kiçik müəssisəsinə xx xxxxxxxx 2020-ci il və təkrarən xx xxxxxx 2020-ci il tarixlərdə sorğu verilərək İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2010-cu il tarixə kimi “xxxx” kiçik müəssisəsində işləməsi ilə bağlı 2004 və 2010-cu illər üzrə əmrlər kitabından çıxarışın, eyni zamanda işlədiyi müddət ərzində İddiaçı əmək haqqı ödənilməsinə dair cədvəllərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş edilsə də, məhkəmənin sorğusu icra edilməmiş, tələb edilən sənədlər məhkəmə kollegiyasına təqdim edilməmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının” tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, Qaydaların 3.2-ci maddəsinin tələbinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Hazırkı iş üzrə əmək kitabçasında iddiaçının xx.xx.2004-cü il tarixdə 02 nömrəli əmrə əsasən işə götürülməsi qeyd edilsə də, işdən azad edilməsi qrafasında əmrin tarixi və nömrəsi göstərilməmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu ilə kimi “xxxx” kiçik müəssisəsində işlədiyi, xx.xx.2006-cı il tarixdən etibarən müəssisənin işçisi olaraq əmək haqqından sığorta ödəmələrinin tutulması iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, göstərilən dövr iddiaçının yaşa görə pensiya hüququnun yaranmasında sosial sığorta stajı kimi nəzərə alına bilməz. Beləliklə, müəyyən olunur ki, 1970-1973-cü illərdə Peşə məktəbində təhsil aldığı, eləcə də hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla əmək kitabçası üzrə cavabdeh tərəfindən mübahisələndirilməyən dövrlər, eyni zamanda xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək- 1 il 2 ay 8 gün, xx.xx.1977-ci ildən xx.xx.1977-ci il tarixədək 7 ay 7 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 5 ay 7 gün, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi 2 il 2 gün, xx.xx.1980-ci ildən xx.xx.1995-ci il tarixədək 15 il 2 ay 6 gün sığorta stajı nəzərə alındıqda iddiaçı cəmi 24 il 5 ay sığorta stajı toplamış olur Hazırda qüvvədə olan qanunvericiliyə görə isə yaşa görə pensiyanın təyini üçün iddiaçının ya minimum 25 il sığorta stajı olmalı, ya da fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalıdır. Hazırkı halda isə iş materialları ilə müəyyən edilir ki, iddiaçı nə minimum sığorta stajına, nə də ki pensiya təyini üçün kifayət edən minimum kapitala malik olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan iddia tələbində sadalanan bütün dövrləri sosial sığorta stajı kimi nəzərə alaraq iddianın təmin edilməsi nəticəsinə gəlmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-175/2020 saylı qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-175/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-37/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-37/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver