Məhkəmə qərarları › İş №2-1(105)-37/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-37/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-37/2025 14.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhər X4 qarşı (Açar sözlər: torpaq sahəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər X4 qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə, ona Sumqayıt şəhər ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha (7 sot) torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-717/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının iddiaçıya ünvanladığı 16 may 2023-cü il tarixli məktubunun surətindən görünür ki, «Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli, 709-İİİ QD nömrəli Qanununa və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» əsasnamənin tələblərinə uyğun olaraq torpaq sahəsinin ayrılması və sənədləşdirilməsi bələdiyyələrin səlahiyyətlərinə aid olduğundan aidiyyəti üzrə ərazi bələdiyyəsinə müraciət etməniz məqsədəuyğundur. Sumqayıt şəhəri X3 iddiaçıya ünvanladığı 80 saylı, 26 aprel 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Sumqayıt şəhər X3 mülkiyətində hal-hazırda fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsi, həmçinin sahibkarlıq məqsədi ilə icarəyə və ya istifadəyə görə ehtiyyat fond torpağı yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən gələcəkdə Sumqayıt şəhər X4 perespektiv inkişaf üçün və o cümlədən ehtiyyat fond torpaqları ayrıldığı təqdirdə müraciətinizə baxıla bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, istifadəmizdə olan məlumat bazasında üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaklara dair məlumatlar mövcuddur. Sumqayıt şəhər X4 aid olan, başqa şəxslərə məxsus olmayan boş torpaq sahələrinin olub-olmaması barədə məlumatın və çıxarışın təqdim edilməsi mümkün olmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bələdiyyəyə aid ehtiyat fond torpaq sahəsinin olmamasına dair məlumatları əks etdirən sənədlərdən yalnız Bələdiyyə xəritəsi mövcuddur. Qeyd etdiyiniz sxem, ortofoto görünütüsü və.s sənədlərin olmadığına görə məhkəməyə təqdim edilməsi mümkünsüzdür. Bundan əlavə Sumqayıt şəhər X6 tərəfindən 2023cü il dövr ərzində keçirilmiş iclas protokollarının əks olunduğu qeydiyyat kitabının tərtib edilmiş formada məhkəməyə təqdim olunması tərəfimizdən təmin olunacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2019-cu il tarixində təsdiq edilmiş Sumqayıt şəhəri X3 xəritəsi (surəti əlavə olunur) bələdiyyənin xidməti istifadəsinə verilmişdir. Bələdiyyə hüdudları daxilində dövlət mülkiyyətində saxlanmış, xüsusi mülkiyyətə verilmiş torpaq sahələri çıxılmaqla qalan bələdiyyə torpaq sahələri üzərində sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Odur ki, bu məsələ ilə bağlı aidiyyəti üzrə Sumqayıt şəhəri X4 müraciət etməyinizi tövsiyə edirik. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasını əsassız hesab etməklə, ona Sumqayıt şəhər ərazisində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasını əsassız hesab etməklə, ona Sumqayıt şəhər ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha (7 sot) torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti əsl cavabdeh Sumqayıt şəhər X6 ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci ildə anadan olmuş və xx.xx.2009-cu ildən AR MN-nin Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, ali təhsilli olmaqla baş leytenant rütbəsində AR MN-nin N saylı hərbi hissəsində artilleriya- batareya komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci ildə başlamış Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci ildə «partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət» xəsarətini almış, xx.xx.2021-ci il tarixdə AR MN-nin SQ-nin BKH-na göndərilmiş və xx.xx.2021-ci il tarixə kimi stasionar müalicə almış və ona «qastroezofageal reflüks xəstəliyi, eroziv ezofaqit, hiatam hernia, diafraqmanın qida borusu dəliyinin yırtığı, vegetativ damar davamsızlığı» daiqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Respublika Psixiatriya Xəstəxanasında «keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyət pozuntusu, depressiv sindrolm, retroqrad amneziya» diaqnozu ilə stasionar müalicə qəbul etmişdir. xx.xx.2021-ci ildə 2-ci dərəcəli əlillik təyin edilmiş və xx.xx.2022-ci ildə «hərbi xidmətkeçmə» haqqında Əsasnamənin 156 V bəndinə əsasən ordu sıralarından ehtiyyata buraxılmışdır. “Döyüşdə fərqlənməyə”, “Şuşanın azad edilməsi”, Füzulinin azad edilməsi” və “Qubadlının azad edilməsi”nə görə medalları ilə təltif edilmişdir. Ehtiyata buraxılmış zabit kimi kimi yaşadığı Sumqayıt şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin ona ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etməlidir. Cavabdehin bu imtinası tam əsassızdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 2-ci bəndində götərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı ayrı-ayrı vaxtlarda şifahi və yazılı surətdə Sumqayıt şəhər X4 müraciət edərək ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi və sahibkarlıq məşğul olmaq üçün qeyri-yaşayış torpaq sahəsinin ayrılması ilə bağlı müraciətlər etmişdir. Sumqayıt şəhər X3 ehtiyyat fond torpaqları olmadığından vətəndaşın müraciəti müsbət həllini tapmamışdır. X4 gələcəkdə Dövlət mülkiyyətində olan istifadəsiz qalan torpaq sahəsi Bələdiyyə mülkiyyətinə ayrılarsa vətəndaşın müraciətinə baxıla bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-717/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçı Sumqayıt şəhər ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha (7 sot) torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Hansı ki qanunvericilikdə fiziki şəxslərə torpaq sahəsinin ayrılmasının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi birbaşa olaraq göstərilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Sumqayıt şəhər X6 inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynəlxalq qanunvericiliyin tələbləri baxımından, istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılması zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin vətəndaşların mülkiyyətinə ayrılması cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında bələdiyyənin mülkiyyətində boş torpaq sahəsi olduğunu, lakin başqa şəxslər tərəfindən zəbt edildiyindən, iddiaçının müraciətinin təmin edilməsinin mümkün olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ....

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. Maddə 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ Bənd 2.Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. ... Bənd 6. Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər. .... Bənd 10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. 13-1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün, həyətyanı sahə və bağ sahəsi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.... 13-2. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.

14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır.

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. ........ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 29.1. Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir..... Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3. inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya mediada dərc olunduqda; 61.5.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha (7 sot) torpaq sahəsinin verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi qulluqçu olmaqla, xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin, iddiaçı ikinci dərəcə müharibə əlilidir. İndiki halda iddiaçının hüquqi marağı müvafiq qanunla müəyyən edilmiş qaydada fərdi yaşayış evinin tikintisi üçün bələdiyyədən pulsuz torpaq sahəsi almaqdan ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh bələdiyyə hazırki halda ehtiyat fondu (boş) torpaq sahəsi olmadığından, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə sərəncam vermək hüququ məhz bələdiyyələrə məxsusdur. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtlərinə əsasən müvafiq hərbi qulluqçuların, o cümlədən xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçuların bələdiyyədən pulsuz torpaq sahəsi almaq hüququ vardır, habelə bələdiyyələrin hərbi qulluqçuları bu əsasla, o cümlədən xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçuları ilk növbədə torpaq sahəsi ilə təmin etmək vəzifəsi qeyd edilmişdir (“Hərbi qulluqçuların satusu haqqında” Qanunun 12-ci maddəsi). Qeyd edilən normanın dispozitiv şərtinin məzmunundan görünür ki, müvafiq hərbi qulluqçuların bələdiyyələr tərəfindən torpaq sahəsi lə təmin etməsi bələdiyyənin malik olduğu hüquq kimi deyil, daşıdığı vəzifə kimi ehtiva edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, bu hal Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin məzmununda da əks olunmaqla, həmin vəzifənin icrası ilə bağlı bələdiyyə tərəfindən hansı tədbirlərin və ona uyğun hansı sənədləşdirmə işlərinin aparılması öz əksini tapmışdır. Buna baxmayaraq, cavabdeh bələdiyyə tərəfindən səlahiyyətlərinin icrası zamanı qeyd edilən Əsasnamənin və digər qanunvericilik normasının tələblərinə riayət ediməmiş, habelə həmin tələblərə riayət etməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin verdiyi izahatı əsasında iddiaçının müraciətinin təmin edilməməsinin səbəbinin bələdiyyənin mülkiyyətində həmin ərazidə yerləşən boş torpaq sahəsinin olmaması halı deyil, bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin başqa şəxslər tərəfindən zəbt edildiyindən, boş torpaq sahəsinin mövcud olmaması halının olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh bələdiyyə tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının xeyrinə olan bütün hallar araşdırılmalı, ona uyğun inzibati icraat aparılmalı, öz səlahiyyətlərinin icrasının təmin edilməsi istiqamətində mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməklə, qanunla müəyyən edilmiş qaydada araşdırma aparmalı olduğu halda, qeyd edilən hallarla bağlı heç bir araşdırma aparmamışdır. Bununla da, cavabdeh bələdiyyə tərəfindən indiki halda iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun tələbləri də pozulmuşdur. Belə ki, qeyd edilən Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur,16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır, 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdeh bələdiyyə tərəfindən iddiaçının müraciətinə həm “İnzibati icraat haqqında” Qanunun, həm də Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə uyğun olaraq baxılmamışdır. Başqa sözlə desək, qeyd edilən qanunvericilik normalarının tələbinə əsasən iddiaçının torpaq sahəsi almaq hüququnun realizəsi ilə bağlı məhz cavabdeh bələdiyyə tərəfindən qanunvericilik normasının tələbinə uyğun inzibati icraat aparılmalı, bu istiqamətdə qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirləri icra etməli olduğu halda, heç bir hərəkət etməmiş, formal olaraq boş torpaq sahəsinin olmaması halına istinad etmişdir. Halbuki, məhkəmə araşdırması zamanı bələdiyyənin mülkiyyətində boş torpaq sahəsinin olması halı müəyyən edilmiş, bu hal cavabdeh bələdiyyə tərəfindən də təsdiq olunmuşdur. Cavabdehin istinad etdiyi arqumenti-başqa şəxslər tərəfindən zəbt edilmısi halı onun qanunla müəyyən edilmiş qaydada öhdəlik daşıdığı səlahiyyətlərin icrasından azad etmir. Əksinə bu halda bələdiyyənin öz səlahiyyətlətinin lazimi qaydada icrasının təmin edilməsi üçün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olmuşdur. İndiki halda cavbadeh bələdiyyə tərəfindən heç bir araşdırma aparmadan, səlahiyyətlərini lazimi qaydada icra etmədən, qanunla yol verilən tədbirləri həyata keçirmədən iddiaçıya münasibətdə qanunla tanınan hüququnun realizəsindən imtina edilməsi həmin şəxsin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla, qanunvericiliyin qeyd olunan normalarının mahiyyətinə və məqsədinə də zidd olmuşdur. Qeyd edilməlidir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən müvafiq Qanunun və Əsasnamənin tələbinə əsasən hərbi qulluqçu kimi iddiaçının pulsuz torpaq sahəsi almaq hüququ olduğundan, habelə bələdiyyənin bu hüququn həyata keçirilməsini təmin etmək öhdəliyi olduğundan, bələdiyyə məhz yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçının pulsuz torpaq sahəsi ilə təmin etmək vəzifəsinin icrası ilə bağlı qanunla müəyyən edilmiş tədbirləri həyata keçirməli, torpaq sahəsinin yerini müəyyən etməli, qanunla müəyyən edilmiş müvafiq sənədləşdirmə işlərini apramaqla, torpaq sahəsini iddiaçıya təhvil verilməsinin təmin edilməsi istiqamətində qanunla müəyyən edilmiş səlahiyyətlərini icra etməli, qeyd edilən araşdırmanın nəticəsinə uyğun olaraq əsaslandırılmış qərar qəbul etməlidir Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə İPM-in 73.2-ci maddəsinin tələbinə uyğun olaraq, cavabdeh inzibati orqanın üzərinə iddiaçının iddia tələbinə məhkəmənin yuxarıda istinad edilən mövqeyi nəzərə alınmaqla, yenidən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması məqsədəmüvafiqdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslı olub-olmaması məsələsi yuxarıda istinad edilən qanunvericilik normalarının tələbi baxımından araşdırılmamış, iddia tələbinin əsaslı olub-olmaması halının araşdırılmasını mümkün edən halların olub-olmadığını müəyyən etmədiyi halda, iddia tələbinə mahiyyəti üzrə baxaraq, iddia tələbinin rədd olunması barədə nəticəyə gəlmişdir ki, bu hal prosessual qanunvericiliyin tələbinə uyğun olmamış, habelə cavabdehin daşıdığı öhdəliklər və iddiaçıya münasibətdə həyata keçirdiyi hərəkətləri qanunvericiliyin qeyd edilən normalarının tələbi baxımıdan düzgün qiymətləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslı olduğundan, qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, icavabdeh tərəfindən iddiaçının müraciətinə məhkəmənin mövqeyi nəzərə alınmaqla, yenidən baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-717/2024 nömrəli qərarı qismən ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhər X4 qarşı “ona Sumqayıt şəhər ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha (7 sot) torpaq sahəsinin verilməsi” barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Sumqayıt şəhər X3 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar