Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-370/2021 30.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı iddiaçının 08.07.2020-ci il tarixdən Xaçmaz RİHB-nın Yalama İƏD nümayəndəsi vəzifəsindən Ləcət kənd İƏD üzrə nümayəndə müavini vəzifəsinə keçirilməsi barədə Cavabdeh Başçısının 08.07.2020-ci il tarixli 45 saylı əmrinin ləğv edilməsi və Xaçmaz rayon Yalama İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsinə bərpa edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 240/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 08.07.2020-ci il tarixdən Xaçmaz rayon Yalama kənd İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsindən Ləcət kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi müavini vəzifəsinə keçirilməsi barədə Cavabdeh Başçısının 08.07.2020-ci il tarixli 45 saylı əmrinin ləğv edilməsi və Xaçmaz rayon Yalama İnzibati Ərazi Dairəsi nümayəndəsi vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1988-ci ildən Xaçmaz rayon Yalama kənd XDS İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən 1998-ci ilədək Cavabdeh Başçısının Yalama İnzibati Ərazi Vahidliyində nümayəndə vəzifəsində işləmişdir. 07.03.2013-cü il tarixdə yenidən həmin vəzifəyə təyin edilmiş və 08.07.2020-ci il tarixədək həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə heç vaxt intizam tənbehlərinə məruz qalmamışdır. 2020-ci ildə “Covid-19” virusunun yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin qaydalarına riayət olunması ilə bağlı aparılmış tədbirlər çərçivəsində o, daimi sakinlər arasında maarifləndirmə xəbərdarlıq işləri aparmış, bununla bağlı rayon icra hakimiyyətinə gündəlik məlumatlar vermişdir. 05.07.2020-ci il tarixdə həftənin bazar günü, onunla qonşuluqda yaşayan Elmira Ağayeva və Nahidə Babayeva məlumat vermişlər ki, kənd qəbirstanlığı yaxınlığında 10-15 nəfər toplaşmışlar. Ona məlum olduğuna görə həmin şəxslər vəhabi təriqətinə mənsub olan şəxslər olmuşlar və dini toplantı keçirmişlər. İddiaçı qeyri-iş günündə başqa heç bir tədbir görə bilmədiyindən dərhal Cavabdeh Başçısının l müavininə, köməkçisinə, şöbə və sahə müdirlərinə, sahə inspektoruna və DTX-nın yerli bölməsinə məlumat vermişdir. Lakin 1 gündən sonra başçının l müavini onu çağırıb kənddə toy edən şəxslər barədə məlumat verməməsi və karantin qaydalarının pozulması ilə bağlı ona iradını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Xaçmaz rayon Polis şöbəsi X18 ilə birgə Yalamada əməliyyat keçirmiş və nəticədə karantin qaydalarını pozaraq “toy məclisinə toplanmışlar” adı ilə 12-13 nəfər şəxs saxlanmaqla cərimə edilmişdir. Halbuki, həmin yığıncaq vəhabi təriqətinə qulluq edən şəxslərin dini yığıncağı olmuş, toy mərasimi olmamışdır. Əməliyyat yerində hər hansı toy atributları, bər-bəzək, musiqi, əyləncə, rəqs, bəy-gəlin, video-fotograf və s. aşkar edilməmişdir. İddiaçı ona məlum olanları izah etməyə çalışsa da, ondan könüllü olaraq işdən çıxması barədə ərizə verməsi tələb edilmişdir. O, imtina etmişdir, buna baxmayaraq 08.07.2020-ci il tarixdə axşam saatlarında isə ona işdən azad olunduğu bildirilmişdir. Əmr ona təqdim edildikdən 1 ay müddətində müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-240/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyri-iş günü olsa da, işdə olmaqla, bu məsələ ilə bağlı bütün tədbirləri görmüşdür. Vəhabi təriqətli İbrahim Rüstəmova məxsus evdə həqiqətən də bir qrup təriqətçinin toplandığı dəqiqləşdiriləndən sonra, dərhal sahə inspektoruna, icra hakimiyyəti başçısının 1-ci müavininə, şöbə müdirinə, DTX-nın yerli bölməsinə məlumat vermiş, sonradan isə icra hakimiyyətinin sektor müdiri və icra hakimiyyəti başçısının köməkçisi ilə də danışmışdır. Toyun yerli adət-ənənələrə uyğun olmadığı polis tərəfindən keçirilən əməliyyat videosundan da bilinir. Əməliyyat görüntüləri bu saxta işin sifarişçi və təşkilatçıları tərəfindən ictimailəşdiriləndə də, bütün kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə “vəhabilərin toyuna polis müdaxilə etdi”, bir qrup radikal dini təriqətçiyə polis basqısı” və s. bu kimi söhbət getmişdir. Cavabdeh tərəfin izahatında icra başçısının işdən azad edildiyi əmrində səbəb olaraq həm də toy mərasimi keçirildiyi göstərilir. Toy etmiş 36 yaşlı şəxs nikah və ya yığıncaq üçün İƏD-yə müraciət etməyib, razılıq və iştirakları yoxdur. Qərarın təsviri hissəsində guya ertəsi gün icra hakimiyyəti başçısının 1-ci müavini tərəfindən çağırılmaqla, ona məlum olanları izahat vermək istəsə də işdən çıxma barədə ərizənin tələb edildiyini, imtina etdiyini göstərir, lakin 3 gün ərzində 06.07.2020-ci il tarixdən 08.07.2020-ci il tarixədək rayon icra hakimiyyəti başçısı, 1-ci müavini, ərazi idarəetmə, hüquq şöbə müdirləri və başqaları tərəfindən işdən çıxma, sonradan başqa işə keçmə barədə ərizə verməyi üçün etdikləri təzyiqlər barədə dəlillərə əhəmiyyət verməyib. 07.07.2020-ci il tarixdə özləri tərəfindən rayon icra hakimiyyətinə çağırılıb təzyiqlər edilməsi, günortadan sonra icra aparatında 1 otaqda qalmağı israr edilməklə, nəhayət yol maşınları ola bilməyəcəyini deyib çıxıb getdiyində, ona ərazi idarəetmə və hüquq şöbə müdirləri E.Tağıyev tərəfindən zəng olunmaqla harada olmağının soruşulması, yolda olmaqla hələ iş yerinə çatmadığı bəlli olan kimi, ondan tez iş yerinə gedib, saat 6-nın yarısında guya işdə olmadığı barədə birgə akt bağlamaları, müavininin elə özləri tərəfindən çağırılmaqla rayonda olduğu deməsinə baxmayaraq məcburən akta imza etdirmələri, sonra telefon danışığında ərazi üzrə şöbə müdirinin əraziyə gəlib akt bağlamalarını inkar etməsi, hüquq şöbə müdirinin isə gəldiklərini etiraf edib, guya Ləcət İƏD-yə aparmaq istədiklərini bildirməsi hallarını araşdırıb, işin qərəzli, sifarişli tərəflərinə, icra etdiyi vəzifənin əsassız olaraq əvvəldən başqasına verilmə istəyi və s. hallara, sübutlara baxmayaraq qiymət verilməmişdir. Qeyri-iş günü, sərt karantinin 1-ci günü olmaqla, ərazidə bir neçə yerləri gəzməklə saat 11:00 radələrində mərkəzi yolda xarici görkəmindən təriqətçi olduğu bilinən şəxsi gördükdən sonra dərhal dəqiq araşdırmayla tərəfindən Ş.Rüstəmovun yaşadığı tərəfdə, daha dəqiq İ.Rüstəmova məxsus evdə toplantı olduğu müəyyən edilmişdir. Bu haqda sahə inspektoruna demiş, daha sonra rayon icra hakimiyyəti başçısının 1-ci müavininə, ərazi-idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, DTX-nın yerli bölməsinə məlumat vermişdir. Bundan başqa, işdən çıxarılması barədə əmrdə istinad olunan rayon icra hakimiyyəti başçısının 16 mart 2020-ci il tarixli, 42 saylı sərəncamı nümayəndəliyə göndərilməmiş, rayon icra hakimiyyətinin sərəncamların qeydiyyat kitabında imza etdirilməklə tanış edilməmişdir. Qeyd olunan sərəncam üzrə nümayəndələrə, vətəndaşların xüsusi karantin rejimi qaydalarına əməl etmələri ilə əlaqədar maarifləndirmə xəbərdarlıq işlərinin aparılması və vətəndaşlar tərəfindən həmin qaydalara riayət etmələrinə nəzarət edilməsi barədə tapşırıq rəsmən verilməmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iştirak etmiş cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2, 25.2.3-cü maddələrinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi növündə intizam tənbeh tədbiri tətbiq edilə bilər. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyəti başçısının 08.07.2020-ci il tarixli 45 saylı əmrindən çıxarışından görünür ki, Xaçmaz RİHB-nın Yalama İƏD üzrə nümayəndəsi İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.3-cü maddəsinə əsasən 08.07.2020-ci il tarixdən Ləcət kənd İƏD üzrə nümayəndə müavini vəzifəsinə keçirilmişdir. Xaçmaz RİHB-nın 1-ci müavini Şahid tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı 31.12.1991-ci il tarixdə Xaçmaz RİHB-nın Yalama İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. 26.11.1998-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İşlədiyi müddət ərzində fəaliyyəti kafi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Xaçmaz rayonunda sərtləşdirilmiş karantin rejimi dövründə yol verdiyi nöqsana görə intizam məsuliyyətinə cəlb olunaraq 08.07.2020-ci il tarixdən Ləcət kənd İƏD üzrə nümayəndə müavini vəzifəsinə keçirilmişdir. İş materiallarında olan ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 27.09.1988-ci il tarixdə Yalama kənd XDS İcraiyyə Komitəsinin sədri seçilmişdir, 31.12.1991-ci il tarixdə Xaçmaz rayon İHB-nın Yalama inzibati ərazi vahidliyində nümayəndə təyin edilmiş, 26.11.1998-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, 07.03.2013-cü il tarixdə rayon İHB-nın Yalama İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və 07.08.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə bağlı tədbirlar barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarından müəyyən edilir ki, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh Başçısının 16.03.2020-ci il tarixli, 42 saylı sərəncamından çıxarışdan görünür ki, koronavirus xəstəliyinin rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısı yanında aidiyyəti yerli dövlət qurumlarının iştirakından ibarət qərargah yaradılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən irəli gələn tapşırıqların Xaçmaz rayonunun ərazisində həyata keçirilməsi ilə əlaqədar rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrinə rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların xüsusi karantin rejimi qaydalarına əməl etmələri ilə əlaqədar maarifləndirmə-xəbərdarlıq işlərinin aparılması və vətəndaşlar tərəfindən həmin qaydalara riayət etmələrinə nəzarət edilməsi barədə tapşırıqlar verilmişdir. İş materiallarından müəyyən olunur ki, 05.07.2020-ci il tarixdə Yalama kənd sakini X6 yaşadığı evin həyətində çadır quraraq xüsusi rejimli karantin qaydalarını pozmaqla həyətində qonaqlar dəvət edib özünə toy məclisi keçirmişdir. Həmin vaxt Cavabdeh Başçısının Yalama İnzibati Ərazi Dairəsinin nümayəndəsi işləmiş İddiaçı keçirilən toy məclisi barədə xəbərdar olsa da, Cavabdehnə məlumat verməmişdir. İddia ərizəsinin və apelyasiya şikayətinin iddiaçının toy məclisinin keçirilməsi barədə icra hakimiyiyyəti başçısının köməkçisi X4, İ müavini işləmiş Şahid, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X11, informasiya təminatı və təhlil sektorunun müdiri X7 və digər orqanlara məlumat verilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı icra hakimiyyətinin göstərilən əməkdaşlarına toy məclisinin keçirilməsinə dair məlumat verdiyini göstərsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Cavabdeh Başçısının köməkçisi X8 ifadəsində bildirmişdir ki, İddiaçı axşam saatlarında təxminən saat 18:00-dan sonra baş vermiş hadisə barədə onlara məlumat vermişdir. Ümumiyyətlə, ərazilərində baş verən bütün hadisələr barədə əvvəlcədən və vaxtında icra hakimiyyəti aparatına məlumat vermək yerli icra nümayəndələrinin vəzifə borcudur. 05.07.2020-ci il tarixdə baş tutan toy məclisini polis aşkar etmişdir. Toy məclisinin keçirilməsi barədə İddiaçı icra hakimiyyəti aparatına məlumat verməmişdir. İcra hakimiyyətinin nümayəndələri bu hadisədən internetdə yerləşdirilmiş xəbərlər vasitəsilə məlumat almışdırlar. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Cavabdeh informasiya təminatı və təhlil sektorunun müdiri X9 ifadəsində bildirmişdir ki, 05.07.2020-ci il tarixdə Yalama kəndində toy məclisi keçirilmişdir. Lakin, İddiaçı bu barədə icra hakimiyyətinə məlumat verməmişdir. Məsələ ictimailəşdirildikdən sonra İddiaçı bu barədə icra hakimiyyətinə məlumat vermişdir. Bundan əlavə, Xaçmaz RPŞ X13 sahə rəisi X1 19.10.2020-ci il tarixdə verdiyi izahatdan görünür ki, 05.07.2020-ci il tarixdə X16 məlumat daxil olmuşdur ki, Yalama kənd sakini vəhabi təriqətinə meyilli olan X6 yaşadığı evin həyətində çadır quraraq xüsusi rejimli karantin qaydalarını pozmaqla həyətində qonaqlar dəvət edib özünə toy məclisi keçirir. Dərhal əməliyyat qrupu çəkilişlə birlikdə hadisə yerinə qeyd olunan ünvana getmiş və həqiqətən də verilmiş məlumat öz təsdiqini tapmışdır. Rüstəmov Şaveled 10 sutka inzibati həbs cəzası almış, toyda iştirak edən şəxslər isə cərimə olunmuşlar. Əməliyyat tədbiri keçirilib qurtardıqdan sonra İƏD üzrə nümayəndə İddiaçı onun mobil telefonuna zəng edərək nə baş verdiyini soruşmuşdur. Həmin toy barədə İddiaçı ona əvvəlcədən heç bir məlumat verməmişdir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1, 5.1.1-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifələrinə aiddir. Göründüyü kimi, İddiaçı dövlət qulluqçusu olaraq ona həvalə edilmiş vəzifəni yerinə yetirməmiş, ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə toy məclislərinin keçirilməsinin qadağan olunmasına baxmayaraq inzibati ərazi dairəsi üzrə nümayəndəsi olduğu Yalama kəndində X6 tərəfindən toy məclisinin keçirilməsi barədə məlumatlı olsa da, müvafiq orqanlara məlumat verməmiş, vəzifə funksiyalarını lazımınca yerinə yetirmədiyi üçün onun barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Apelyasiya şikayətinin keçirilən yığıncağın toy məclisi olmaması barədə dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin hal işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş məclisdə iştirak edən şəxslərin yazılı izahatları ilə onların X2 toy məclisində iştirak etdikləri öz təsdiqi tapır. Azərbaycan Respublikasl DİN-in Xaçmaz rayon Polis Şöbəsi X13 20.10.2020-ci il tarixli 162-309-1220 saylı məktubundan da həmçinin görünür ki, İddiaçı tərəfindən 05.07.2020-ci il tarixdə yaşadığı evin həyətində X2 özünə toy etməsi ilə bağlı sahə rəisi polis kapitanı X5 heç bir məlumat verilməmişdir. Özünə toy etmiş X6 Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə karantin qaydalarını pozduğuna görə 10 gün həbs edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-240/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-240/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-370/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-370/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver