Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-370/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(118)-181/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur.
2. İddiaçıya məxsus ******* saylı hərbi biletdə onun 08 may 1975-ci ildən 11 may 1977-ci ilədək hərbi xidmətdə olduğu qeyd edilmişdir.
3. X10 filialının xx.xx.2020-ci il tarixli 37 saylı arxiv çıxarışından görünür ki, iddiaçı S.Ə.Şirvani adına sovxozun 64 saylı, 24 may 1971-ci il tarixli əmri ilə sovxoza fəhlə qəbul edilmiş, 53 saylı, 17 aprel 1975-ci il tarixli əmrlə işdən azad edilmişdir.
4. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək,xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək işlədiyi qeyd edilmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********8 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 1.0.2-ci maddələrinə istinad edilərək göstərilmişdir ki, təqdim edilən xx.xx.1979-cu il tarixində tərtib edilmiş İT-İ №0272522 saylı əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə kimi sığorta stajı 13 il 7 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2021ci il tarixli arayışına əsasən Şamaxı rayon S.Ə.Şirvani adına üzüm istehsalı və email müəssisəsinin 1997-1999-cu illərin və maddi texniki təchizat və mexanikləşdirmə istehsalat birliyinin 1992-1997-ci illərin sənədlərinə baxış zamanı onun haqqında məlumat aşkarlanmadığından həmin dövrlər social sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 65 yaşı var, yaşa görə əmək pensiyası almaq üçün sənədlərini təqdim etmiş, ona pensiya təyin olunmasından imtina olunur. Hesab edir ki, cavabdehin ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, o, xx.xx.1956-cı ildə anadan olmuş, xx.xx.1971-ci ildə S.Ə.Şirvani adına sovxozda işə qəbul olunmuş, 4 il orada işləmiş və sonra hərbi xidmətə çağrılmış, 1977-ci ildə hərbi xidmət başa çatdıqdan sonra yenidən həmin sovxozda işə qəbul olunmuşdur. Mərkəzin verdiyi imtinadan görünür ki, onun Mərkəz tərəfindən qəbul edilən sığorta stajı 13 il 7 aydır. Yəni, yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün 11 il 5 ay sığorta stajı çatmır. Lakin bu staj hesablanarkən onun 1992-1997-ci illərdə Şamaxı rayon Maddi texniki təchizat və mexanikləşdirmə müəssisəsində işlədiyi illər, S.Ə.Şirvani adına üzüm istehsalı və emalı müəssisəsində işlədiyi 1997-1999-cü illər, S.Ə.Şirvani sovxozu, H.Aslanon kolxozunda, Saatlı rayonu “Ulduz” kolxozunda işlədiyi dövrlər pensiyasına hesablanmamışdır. Amma o həmin illərdə işləmişdir. Sənədləri arxivə təhvil verilməmişsə bunda onun bir günahı yoxdur. Onun hesabına sığorta haqqları köçürülmüşdür. Bu illər də hesablanacağı təqdirdə onun 27 il sığorta stajı olmalıdır. Bu da ona pensiya təyin olunmasına tam əsas verir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
9. Cavabdeh iddia tələbinə dair etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə vətəndaşın müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası qismində ərizəçinin 13 il 07 ay sosial sığorta stajının mövcud olması və qanunvericiliklə müəyyən olunmuş minimum pensiya məbləğində pensiya təminatına imkan verən pensiya kapitalının olmamasıdır. Vətəndaşın işlədiyini iddia etdiyi 1992-1997, 1997-1999-cu illər üzrə dövlət sosial sığorta stajına daxil edilməmişdir. X10 filialının Şamaxı rayon Regional ASAN Xidmət Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun mətni aşağıdakı məzmunda qeyd olunmuşdur: “X1 sorğusu ilə əlaqədar bildiririk ki, X10 filialında saxlanılan Şamaxı rayon S.Ə.Şirvani adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin 1997-1999-cu illər üzrə, Şamaxı rayon Maddi-texniki Təchizat və X3 1992-1997-ci llər üzrə sənədlərinə baxış keçirildi və vətəndaş haqqında məlumat aşkar edilmədi.” Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçının sözügedən illərdə mübahisələndirilən müəssisələrdə işləməsinə dair iddiası mötəbər sübutlarla təkzib olunur, əsassızdır. Belə ki, sosial sığorta stajının kifayət etməməsi səbəbindən vətəndaşa yaşa görə əmək pensiyasının təyinatından imtina etməklə cavabdeh inzibati orqan qanunvericilik hədlərində davranmışdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
10. Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(118)-181/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur. Həmçinin yuxarıda qeyd edilən arxiv arayışlarında iddiaçının işlədiyi dövrlərdə əmək haqqı aldığı qeyd edilmişdir ki, bu da iddiaçının həmin dövrlər də ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir.
12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. İddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılan apellyasiya şikayətində X10 17 may 2021-ci il tarixli məktubuna istinad edilməklə göstərilir ki, iddiaçının sözügedən illərdə mübahisələndirilən müəssisələrdə işləməsinə dair iddiası mötəbər sübutlarla təkzib olunur, əsassızdır. Belə ki, sosial sığorta stajının kifayət etməməsi səbəbindən vətəndaşa yaşa görə əmək pensiyasının təyinatından imtina etməklə cavabdeh inzibati orqan qanunvericilik hədlərində davranmışdır. Lakin məhkəmə iş üzrə qərar qəbul edərkən qeyd edilən xüsusatlara düzgün hüquqi qiymət verməmişdir. Şikayətdə daha sonra göstərilir ki, məhkəmə qərarı iş üzrə bütün faktiki hallar araşdırılaraq çıxarılmalıdır. Lakin hazırkı iş üzrə tətbiq edilməli olan hüquq normaları düzgün tətbiq edilmədən çıxarıldığından qanuna zidd və əsassızdır. Bu səbəbdən də qərar ləğv edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1.yaşa görə əmək pensiyası; 4.1.2.əlilliyə görə əmək pensiyası; 4.1.3.ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla)
18. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
20. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
28. Belə ki, işə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubunda bildirilmişdir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi bütün sənədlər nəzərə alınarsa onun ümumi əmək fəaliyyəti dövrü (cavabdeh orqan tərəfindən mübahisələndirilən və mübahisələndirilməyən dövrlər daxil olmaqla) 26 il 08 ay 09 gün təşkil edir. Sözügedən sosial sığorta stajı əsasında hesablandıqda iddiaçının pensiya kapitalının sığorta hissəsi 141.23 manat təşkil edir və həmin məbləğə müvafiq olaraq iddiaçıya təyin ediləcək yaşa görə əmək pensiyasının məbləği aşağıdakı qaydada müəyyən ediləcəkdir: iddiaçıya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən (65 yaş) qanunvericiliyə müvafiq qaydada əmək pensiyasının minimum məbləğinə çatdırılmaqla 200 manat məbləğində yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olacaqdır. xx.xx.2022-ci il tarixdən isə minimum əmək pensiyası məbləğinin 240 manat, indeksasiya dərəcəsinin 3,4% olduğunu nəzərə alaraq pensiya məbləği 248,16 manat təşkil edəcəkdir. (200+40)+3,4%=248.16 manat. Məktubda həmçinin qeyd edilmişdir ki, iddiaçıya hüququnun yarandığı-xx.xx.2021-ci il tarixdən 259.78 manat məbləğdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdən isə indeksasiya səviyyəsinə uyğun olaraq həmin məbləğ 268,61 manat təşkil edir. Qeyd edilənlərdən aydın olduğu kimi iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği hüququnun mövcudluğu məhkəmə tərəfindən müəyyən edildiyi halda ona təyin ediləcək yaşa görə əmək pensiyasının məbləğindən daha artıqdır.
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı ərizə təqdim edərək həyat yoldaşının vəfat etməsi ilə əlaqədar ona xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyini, həmin pensiyanın məbləğinin onu qane etdiyini, lakin yaşa görə pensiya hüququnun xx.xx.2021-ci il tarixdə yarandığını, ona pensiya təyin olunanadək dövrdə ödənilməmiş pensiyanın ödənilməli olduğunu göstərməklə ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
31. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
32. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini, iddiaçıya pensiya təyin edilməsinin cavabdehə də apellyasiya baxışı zamanı məlum olması barədə cavabdehin nümayəndəsinin izahatını, eyni zamanda qanunvericilikdə müxtəlif pensiya hüququ olan şəxsin öz arzusu ilə pensiya növünü seçmək imknının təsbit edilməsini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
33. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş 65 yaş həddinə çatdığına görə və 25 il sosial sığorta stajına malik olmasına istinad etməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. İşdən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən ailə başçısının itirməyə görə əmək pensiyası təyin edilmişdir və o, həmin pensiyanın məbləği ilə razıdır. Lakin, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2021-ci il tarixindən yarandığından hazıra xx.xx.2021xx.xx.2021-ci il tarixədək olan dövrlər üçün yaşa görə əmək pensiyasının təyin edilməsini və ödənilməsini tələb edir.
34. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan iddiaçının əmək kitabçasının əsli və müxtəlif arxiv arayışları ilə iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə 25 ildən artıq sosial sığorta stajının olması müəyyən edildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.
35. Belə ki, cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmiş, iddiaçının xx.xx.1971-ci ildən xx.xx.1975-ci ilədək və xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixə kimi S.Ə.Şirvani adına sovxozda işlədiyi dövrləri və Dövlət X5 xx.xx.2021-ci il tarixli arayışında qeyd olunan 1997- 1999-cu illərdə S.Ə.Şirvani adına üzüm istehsalı və emalı müəssisəsində, 1992-1997-ci illərdə Maddi texniki təchizat və mexanikləşdirmə istehsalat birliyində işlədiyi dövrləri imtinada göstərilən əsaslarla sosial sığorta stajı kimi nəzərə alınmamışdır.
36. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik (hazırkı qərarın 18-23-cü bəndləri) əmək stajının əmək kitabçası ilə yanaşı digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur.
37. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçının işlədiyi dövrlər ona məxsus əmək kitabçası ilə yanaşı aşağıdakı sənədlərlə də öz təsdiqni tapmışdır: - İş materiallarında olan Dövlət X5 29 iyun 2020-ci il tarixli 37 saylı arxiv çıxarışından görünür ki, İddiaçı S.Ə.Şirvani adına sovxozun 64 saylı, 24 may 1971-ci il tarixli əmri ilə Şamaxı rayonu 24 may 1971-ci il tarixdən sovxoza fəhlə qəbul edilmiş, 53 saylı, 17 aprel 1975-ci il tarixli əmrlə işdən azad edilmiş, həmin sovxozun 111 saylı, 07 sentyabr 1977-ci il tarixli əmri ilə sovxoza fəhlə qəbul edilmiş, 149 saylı, 27 noyabr 1978-ci il tarixli əmri ilə işdən azad edilmişdir; - X9 filialının 222 saylı, 24 may 2021-ci il tarixli arxiv arayışında İddiaçı Əsədulla oğlunun ARDA Şirvan filialında mühafizə olunan Saatlı rayon “Ulduz” kolxozunun 1988- 1989-cu illərə aid kolxoz üzvlərinin hesablaşma kitabında 1988-ci ildə 226, 1989-cu ildə 115 adam günü işlədiyi qeyd edilmişdir; - Ağsu rayon Dövlət Arxivinin 30 mart 2021-ci il tarixli 24 saylı arxiv arayışında İddiaçı Əsədulla oğlunun 1990-1991-ci illərdə S.Ə.Şirvani və H.Aslanov adına sovxozun fermasında işləyərkən aldığı əmək haqlarının aylar üzrə məbləğləri qeyd olunmuşdur; - Dövlət X5 xx.xx.2020-ci il tarixli, 37 saylı arxiv arayışında iddiaçının 1971-1975-ci illərdə Şamaxı rayonunun Mirikənd kəndi S.Ə.Şirvani adına sovxozda, 1977-1978-ci illərdə Şamaxı rayonu S.M.D-də işlədiyi qeyd olunmuş və onun həmin dövrlərdə aldığı əmək haqqlarının miqdarı göstərilmişdir; - S.Ə.Şirvani adına Üzüm İstehsalı və Emalı müssisəsinin yerli aqrar islahat komissiyasının sədri tərəfindən tərtib edilmiş 10 yanvar 1997-ci il tarixli protokolda İddiaçı Əsədulla oğluna 1997-1999-cu illərdə hesablanmış əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir; - X10 Filialının xx.xx.2021-ci il tarixli arxiv arayışında İddiaçı Əsədulla oğlunun 1992-1997-ci illərdə Şamaxı rayonunun Maddi-texniki təchizat və Mexanikləşdirilmiş İstehsalat birliyində işlədiyi, həmin illər üzrə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd olunmuşdur; - Dövlət X5 xx.xx.2021-ci il tarixli məktubunda isə İddiaçı X10 filialında saxlanılan, Şamaxı rayon S.Ə.Şirvani adına üzüm istehsalı və emalı müəssisəsinin 1997-1999-cu və Şamaxı rayon Mexanikləşdirmə müəssisəsinin sənədləri tam təhvil verilmədiyi üçün sorğunu tam cavablandıra bilmədikləri qeyd edilmişdir;
38. İddiaçının əmək kitabçasında onun əmək faliyyıti ilə bağlı olan qeydlərlə yanaşı məhkəmə kollegiyası yuxarıda sadalanan arxiv arayışlarını da nəzərə almaqla qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
39. Hazırkı işdə iddiaçının xx.xx.1971-xx.xx.1975, xx.xx.1977-xx.xx.1978, 1992- 1997 və 1997-1999-cu illərdə işlədiyi dövrlər əmək kitabçası ilə yanaşı digər mötəbər sübutlarla təsdiq olunduğundan və həmin dövrlər onun sığorta stajı kimi nəzərə alınmalı olduğundan, beləliklə də yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 ildən artıq sosial sığorta stajı mövcud olduğundan onun xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı hazırda aldığı ailə başçısını itirməyə görə pensiyanın məbləği ilə razı olmaqla və onu seçdiyini bildirməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə yuxarıda qeyd edilən məzmunlu ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(118)-181/2022 nömrəli nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.