Məhkəmə qərarları › İş №2-1(105)-370/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-370/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-370/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(118)-1101/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, onun 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur.

2. İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletə əsasən o xx.xx.1979-cu ildən 29.10. 1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur.

3. İddiaçıya məxsus xx.xx.1981-ci ildə açılmış ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983cü ildən xx.xx.1987-ci ilədək, xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək, xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən halhazıradək əmək fəaliyyəti ilə məşğuldur.

4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi tərəfindən verilmiş 09 saylı, xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin "xxxx" müəssisəsinin 3 №-li tikinti quraşdırma sahəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə 5-ci dərəcə ilə rəngsaz peşəsində çalışmışdır. xx.xx.2016-cı iltarixdən hal-hazırkı tarixədək 6-cı dərəcə ilə təmirçi çilingər peşəsində çalışır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 qərarları ilə ona pensiya hüququ verilir.

5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi tərəfindən verilmiş 07 saylı, xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin işçilərinin əmək şəraiti ağır və zərərlilik səviyyəsindən asılı olaraq tarif (vəzifə) maaşlarına artımları (faizlər) tətbiq etmək hüququ verən iş yerlərinin attestasiyasının aparılması "xxxx" MMC tərəfindən müəyyən olunmuşdur. Həqiqətən də o, "xxxx" ASCnin "xxxx" müəssisəsinin 3 nömrəli tikinti quraşdırma sahəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə 5-ci dərəcə ilə rəngsaz peşəsində çalışmışdır. xx.xx.2016-cı il tarixdən hal-hazırki tarixədək 6cı dərəcə ilə təmirçi çilingər peşəsində çalışır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinə göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə ona pensiya hüququ verilir.

6. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin (Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.2001-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin "xxxx" müəssisəsinin 3№li tikinti quraşdırma sahəsində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin adıçəkilən müəssisənin ona dair xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq edilən maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq “57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunmasının cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin 01.12. 2021-ci il tarixli imtina məktubunun məzmununa istinad edərək göstərir ki, cavabdehin verdiyi imtinası qeyri-müəyyən və konkret deyildir. Cavabdeh təşkilatın nümayəndəsi ona verilən cavab məktubunda qeyd edir ki, “adıçəkilən müəssisənin sizə dair xx.xx.2021-ci il tarixli 09 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır.” Amma işlədiyi "xxxx" ASC tərəfindən ona verilmiş xx.xx.2021ci il tarixli 09 nömrəli arayışında qeyd olunur ki, "xxxx" ASC-nin "xxxx" müəssisəsinin 3 nömrəli tikinti quraşdırma sahəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək tərkibində təhlükəliliyi üçüncü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə beşinci dərəcə ilə rəngsaz peşəsində çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pesiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə onun pensiya hüququ vardır” göstərildiyi halda, cavabdehin nümayəndəsi cavab məktubunda qeyd edir ki, “arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır.” Çalışdığı rəngsaz işi üzrə qarışığın kodu belədir – XXXİİ kod – 23200000-13450. Amma bu kodu ona verməmişdilər. Beləliklə, təkcə "xxxx" ASC-də işlədiyi və zərərli sahə hesab edilib yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı xx.xx.2001-ci il tarixindən xx.xx.2016cı il tarixinədək 15 il 11 ay 03 gün təşkil edir. Göründüyü kimi, onun 12 il 6 ay stajı sənədlərlə təsdiqini tapmışdır. Beləliklə, cavabdeh təşkilat ona güzəştli pensiya təyinatının təxirə salınmasında haqlı deyildir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

10. Cavabdeh iddia tələbinə qarşı 01.122021-ci il tarixli məktubun məzmununa istinad edərək göstərmişdir ki, , müəssisə tərəfindən verilən arayışda iddiaçının işlədiyi vəzifələrin Nazilər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında hansı bölmə və bənddə əks olunması barədə məlumatlar qeyd olunmamışdır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyn edilməsi üçün güzəşti şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşlərə uyğunluğu dürüstləşdirməkdədir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. Yuxarıda istinad edilmiş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının təqdim etdiyi arayışda müvafiq məlumatlar göstərilmədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

11. Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(118)- 1101/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda hansı koda və şifrəyə uyğunluğunun yuxarıda qeyd edilən arayışda göstərilməməsi iddiaçıya pensiya təyin edilməsi üçün mane deyildir. Belə ki, iddiaçının işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarında (KOD XXXİİİ-23200000-13540) öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik oduğundan ona hüququnun yarandığı 29 may 2021-ci il tarixdən, yəni 60 yaşdan əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayətində iddia ərizəsinə qarşı etirazda göstərilən hallara təkrar olunmaqla yanaşı göstərilir ki, qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının təqdim etdiyi arayışda müvafiq məlumatlar göstərilmədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. 15. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

17. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 (İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar – (23200000—13450).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı": 35. Ümumi peşələr təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar

23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etməklə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məsələsi yuxarıda istinad edilən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiyasının tələblərinə uyğun olaraq həll edilməlidir. Qeyd edilən normanın tələblərinə əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün eyni zamanda 4 əsas mövcud olmalıdır: a) iddiaçının 60 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi.

27. İddiaçının 60 yaşına çatması və 25 ildən artıq ümumi iş stajının mövcud olması işin mübahisəsiz halıdır.

28. İddiaçının güzəştli iş stajına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi tərəfindən verilmiş 09 saylı, xx.xx.2021-ci il tarixli arayışında və əmək kitabçasında göstərilən xx.xx.2001-xx.xx.2016-cı il tarixləri arasında rəngsaz işlədiyi dövrlər həm bu qərarın 21-ci, həm də 22-ci bəndəsində nəzərdə tutulmuş Nazirlər Kabinetinin müvfiq qərarları ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin siyahılarında öz əksini tapmışdır.

29. Cavabdeh orqanın iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya hüququ verən vəzifəyə aid olması ilə bağlı kodun, şifrənin qeyd edilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsinin iddiaçı barədə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda həqiqətən də iddiaçının "xxxx" ASCnin "xxxx" müəssisəsinin 3 nömrəli tikinti quraşdırma sahəsində xx.xx.2001-ci il tarixdən xx.xx.2016cı il tarixədək tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə 5-ci dərəcə ilə rəngsaz peşəsində işləməsi öz əksini tapmışdır. Həmin arayışda həmçinin "xxxx" ASC-nin işçilərinin əmək şəraiti ağır və zərərlilik səviyyəsindən asılı olaraq tarif (vəzifə) maaşlarına artımları (faizlər) tətbiq etmək hüququ verən iş yerlərinin attestasiyasının aparılması "xxxx" MMC tərəfindən müəyyən olunduğu qeyd edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının rəngsaz və təmirçi çilingər peşələrində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifinə daxil olması barədə DƏMX Mərkəzi labaratoriyada təsdiq olunmuş sınaq nəticələrinə dair protokolun təsdiq olunmuş surəti təqdim olunmuşdur.

30. Apellyasiya şikayətinin müvafiq dəlilləri ilə bağlı kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər və şübhələri qeyd edilən arayışın mötəbər olmaması nəticəsinə gəlmək üçün kifayət deyildir. İddiaçının əmək kitabçasında qeyd edilən və müvafiq arayışla da təsdiqini tapan tərkibinndə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsaz peşəsində işləməsini istisna edən hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

31. Beləliklə iddiaçının 60 yaşına çatması və 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli stajının olması iş stajının mövcud olması işin yuxarıda qeyd edilən halları ilə öz təsdiqini tapır.

32. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan sonuncu - fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi ilə bağlı tələbə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan öz imtinasında və iddia ərizəsinə etirazda göstərməsə də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına dair məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubda İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2021-ci il tarixinə 49081,84 manat pensiya kapitalı qeydə alındığı və həmin məbləğin də iddiaçıya minimum məbləğdən az olmayan pensiya təminatına imkan verdiyi göstərilmişdir.

33. Beləliklə, işin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün şərtləri ödədiyindən ona əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(118)-1101/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar