Məhkəmə qərarları › İş №2-1(105)-370/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-370/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-370/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 3 oktyabr 2003-cü il tarixli, 92 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4081/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçıya ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, müraciətinizə dair sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına uyğun olaraq bələdiyyənin 03 oktyabr 2003-cü il tarixli 92 nömrəli qərarı ilə torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi və alqı-satqı aktı tərtib edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 20 kv.m zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Həmçinin torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 3 oktyabr 2003-cü il tarixli, 92 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ilin sentyabr ayında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində ərazinin Baş planına uyğun olaraq fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Onun müraciəti müsbət qarşılandığından Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt Bələdiyyəsinin müraciətinə cavab olaraq Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 30 sentyabr 2003-cü il tarixli, 02/396 saylı rəy verilərək torpaq sahəsinin alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasının mümkün olduğu bildirilmişdir. Bundan sonra torpağın tələb olunan alqı-satqı haqqı olan ******* (bir milyon beş yüz min) manat məbləğində pulu Sumqayıt Bələdiyyəsinin hesabına ödəmiş və ona 08 oktyabr 2003-cü il tarixli CZX 022562 saylı kassa mədaxil orderinin qəbzi verilmişdir. Bundan sonra Sumqayıt Bələdiyyəsinin 03 oktyabr 2003-cü il tarixli 92 saylı qərarı ilə Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 212 saylı həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi ilə əlaqədar Sumqayıt Bələdiyyəsi tərəfindən “Torpaq sahəsinin ayrılmasına dair İnşaat Pasportu” da hazırlanaraq ona verilmişdir. Ancaq həmin dövrdə hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq onun mülkiyyətindədir. Bu səbəbdən o, bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsinin mülkiyyət çıxarışının alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişdir. Ancaq sonradan o, torpağın sənədləşmə işlərinin tam başa çatdırılmadığını öyrənərək torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin ərizəsinə verdiyi 23 iyun 2023cü il tarixli,3-21-3-31/2-A0046-8/2023 saylı cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina torpaq sahəsinin ayrılması zamanı müvafiq icra hakimiyyəti orqanlarının rəyinin, eləcə də torpaqların alqı-satqısına dair aktın tərtib edilməməsi, torpaq sahəsinə müayinə baxışı keçirilərkən əlavə 20 kvadrat metr torpaq sahəsinin istifadə edildiyinin müəyyən edilməsi, həmçinin torpağın dəyərinin bank vasitəsi ilə deyil, bilavasitə bələdiyyənin özünə ödənilməsi ilə əsaslandırılmağa çalışılmışdır. Cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası tamamilə əsassız və qanunaziddir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi kassa mədaxil orderinin surətindən də görünür ki, o, hələ 2003-cü ilin oktyabr ayında torpağın alqı-satqı haqqı olaraq ******* manat məbləğində pulu Sumqayıt Bələdiyyəsinə ödəmiş və sonuncu həmin pul ödənişini ondan qəbul etmişdir. Sumqayıt Bələdiyyəsinin 03 oktabr 2003-cü il tarixli, 92 saylı qərarından da görünür ki, qanunvericiliyə əsasən torpağın alqı-satqı aktının tərtib edilməsi onun deyil, Sumqayıt Bələdiyyəsinin səlahiyyətinə aid edilmişdir. Sözügedən alqı-satqı aktının bələdiyyə tərəfindən tərtib edilməməsi nəticəsində onun hüququ pozulmamalı olduğu kimi, tərəfindən hələ 2003-cü ilin oktyabr ayında torpağın alqı-satqı haqqı olaraq ******* manat məbləğində pulun Sumqayıt Bələdiyyəsinə ödənilməsi onunla Sumqayıt Bələdiyyəsi arasında mübahisələndirilən torpaq sahəsinə dair alqı-satqı aktının mövcudluğunu özü-özlüyündə ehtiva edir. Eyni sözləri cavabdehin torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması dəlilinə də şamil edə bilər, çünki sözügedən sənədləşmə işlərinin aparılması yerli özünüidarə orqanının səlahyyətlərində olan bir məsələ olduğundan, torpaq sahəsinin ayrılması üçün müraciət etmiş şəxs aidiyyəti inzibati orqan tərəfindən həmin sənədləşmənin aparılmasına görə məsuliyyət daşıya bilməz. Həmçinin, cavabdeh onun müraciətinə baxarkən bu cür işlər üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi də nəzərə almamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına uyğun olaraq bələdiyyənin 03 oktyabr 2003-cü il tarixli 92 nömrəli qərarı ilə torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi və alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 20 kv.m zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4081/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt bələdiyyəsinin 3 oktyabr 2003-cü il tarixli, 92 saylı qərarı ilə fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər Bələdiyyə şurasının 03 oktyabr 2003-cü il tarixli, 92 saylı protokol qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin rəyi nəzərə alınmaqla, şəhər bələdiyyəsi torpaq komissiyasının 02 oktyabr 2003-cü il tarixli, 83 saylı protokoluna əsaslanaraq, İddiaçı fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. CZX seriyalı, 022562 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Sumqayıt bələdiyyəsinə ödənilmişdir. Cavabdeh torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi və alqı-satqı aktı tərtib edilmədiyini, torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənildiyi, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmadığını qeyd etsə də, bu səbəblərə görə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt Şəhər Bələdiyyəsinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. İş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış 600 kv.m torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının rəyi və alqı-satqı aktının tərtib edilməməsi, 20 kv.m zəbt sahəsinin olması, torpağın dəyərinin bank vasitəsilə deyil, bilavasitə ödənilmiş mədaxil qəbzinin bələdiyyə tərəfindən təsdiq edilməsi halına istinad etməklə, sözügedən torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq 03 oktyabr 2003-cü il tarixli bələdiyyə qərarı iddiaçının adına ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılmasının məqsədəuyğun olmasına dair rəy verilmişdir. Həmin torpaq sahəsinin plan sxemi tərtib edilərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmişdir. Sözügedən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi haqqında akt tərtib edilərək, torpaq sahəsi naturada müəyyən edilərək, iddiaçıya təhvil verilmişdir. Torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödönilərək, bu barədə kassa mədaxil qəbzi verilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinə dair texniki baxış keçirilməklə, bu barədə müayinə aktı tərtib edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə həmin sənədlər müvafiq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). İndiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi sözügedən torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının rəyi və alqı-satqı aktının tərtib edilməməsi halı iddiaçının təqsiri ilə əhatə olunamamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, torpaq sahəsi naturada mövcud olmaqla, hazırda da iddiaçının faktiki istifadəsindədir, bu hal cavabdehin özünün təqdim etdiyi müayinə aktı əsasında da öz təsdiqini tapır. Müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,06 ha, faktiki istifadə üzrə 0,062 ha olduğu qeyd edilmişdir. Göründüyü kimi, müvafiq sənəd əsasında iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir. Belə olan halda iddiaçının faktiki istifadəsində artıq zəbt sahəsinin olması halı hüquqmüəyyənedici sənəd üzrə onun adına ayrılmış 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılasına gətirib çıxarda bilər. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4081/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar