Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-371/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi” barədə qərarların ləğv edilməsi, qanunsuz sərəncam nəticəsində iddiaçıya dəymiş 500.000 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə alınması tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-92/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi” barədə qərarların ləğv edilməsinə, qanunsuz sərəncam nəticəsində iddiaçıya dəymiş 500.000 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə alınması tələbinə” dair iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, iddia tələbində “qərarların ləğv edilməsi” deyildikdə Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamının nəzərdə tutulduğunu bildirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 08.02.2002-ci il tarixli sərəncamı və sərəncam əsasında bağlanmış icarə müqaviləsi ilə iddiaçının icarəsinə "Qonurlu", qış otlaq sahələrindən 370 ha, "Sinədul" adlı yay otlaq sahəsindən 200 ha torpaq sahəsi icarəyə verilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 03.10.2013-cü il tarixli, 95 saylı sərəncamı ilə həmin icarə müqavilələrinə xitam verilmiş, torpaq sahələri iddiaçının icarəsinə verilmiş, icarə müqaviləsinin müddəti 15 il müəyyən edilmişdir. İcarəyə verilmiş torpaq sahəsi naturada müəyyən edilərək sərhədləri iddiaçıya tanıtdırılmış, təyinatı üzrə istifadə edilmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı ilə "icarə müqaviləsi qüvvədən düşmüş" hesab edilmişdir. Sorğuya cavab olaraq sərəncamın surəti iddaçıya verilməmiş, Ş-03-1590 saylı, 29 dekabr 2016-cı il tarixli məktubla torpaqların otlaq sahəsi kimi istifadəsinə imkan verən qanuni əsasların ləğv olunması səbəbindən icarə müqaviləsinin qüvvədən düşdüyü bildirilmiş, əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı sərəncamı ilə 14890,42 ha torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edildiyi göstərilmişdir. Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2-1(85)-1934/2017 saylı 06 sentyabr 2017-ci il tarixli qərarı ilə iddiaçının, X7, X2, X3, X4, X1, X16, İddiaçı, X13 və X5 Şamaxı rayon İcra Hakimiyyətinə qarşı "Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış "torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarların ləğv edilməsi tələbinə dair" iddiaları rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-47/2018 saylı iş üzrə 25 dekabr 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, "Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış "torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarların ləğv edilməsi tələbinə dair" iddiaları mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Barəsində şikayət verilən məhkəmə aktı onunla əsaslandırılmışdır ki, iddiaçılar "Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış "torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarların ləğv edilməsi" tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsində müxtəlif, biri-birinə aid olmayan torpaq sahələri ilə tələblər irəli sürmüşlər. Cavabdehlə aralarında bağlanmış "torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarlar veriləndən dərhal sonra iddianın obyekti olan torpaq sahələri hər hansı bir ödənc verilmədən məhkəmə baxışı zamanı üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MMC-nin istifadəsinə verilmiş, iş üzrə iddiaçı olan icarəçilərin istifadəsindən götürülmüşdür. Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı qanunsuzdur. Belə ki, sərəncam əsasında bağlanmış icarə müqaviləsi icarədar tərəfindən birtərəfli qaydada ləğv edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsi müqavilə münasibətlərində tərəflərin hüquq bərabərliyini tanıyır və tərəflərin müqaviləni birtərəfli qayda pozmaq hüququnu tanımır. Bundan başqa, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2015 -ci il tarixli, 84 saylı sərəncamı və onun əsasında bağlanmış icarə müqaviləsi torpağın təyinatının dəyişdirilməsinə görə müqavilənin ləğvini nəzərdə tutmamışdır. Bundan başqa, cavabdeh torpağın təyinatının dəyişdirilməsi barədə onu xəbərdar etməmiş, icarə müqaviləsinin predmetinin yeni təyinatına uyğun olaraq torpaq icarə müqaviləsinin bağlanmasını ona təklif etməmişdir. Cavabdehin birtərəfli və qanunsuz hərəkəti nəticəsində mal-qara örüşsüz və yemsiz qalmış, qırılmışdır. Müqaviləyə uyğun olaraq torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclər götürülə bilinməyən xərclər idi və həmin xərclər cavabdeh, eləcə də yeni icarəçi tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı çəkdiyi xərcləri 500.000 manat qiymətləndirmiş, cavabdehə təklif etmişdir ki, məruz qaldığı itkilərin ödənilməsinə göstəriş versin. Cavabdeh iddiaçının təklifini qəbul etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevrai tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionların 2014-2018-cı illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq torpaq sahələrindən daha səmərəli istifadə oıunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibatı ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirələrək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı Rayonu İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamı ilə torpaqların qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarına uyğun olaraq həyata keçirilmişdir. Hazırda həmin sahə “xxxx” MMC-nin icarəsindədir. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-92/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 08.02.2002-ci il tarixli sərəncamının və həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsinin tələblərini pozmamışdır. Bu səbəbdən müqavilə müddəti bitsə də, Şamaxı rayon İcra Hakimiyyəti icarəyə götürdüyü torpaq sahəsini boşaltmağı tələb etməmiş və müqavilənin şərtlərinə uyğun olaraq müqavilə eyni müddətə-15 il müddətinə avtomatik olaraq uzadılmışdır. Torpaq sahəsindən istifadə etdiyi müddətdə Şamaxı rayon İcra Hakimiyyətindən heç bir xəbərdarlıq almamış, icarə müqaviləsinin tələblərinin pozulması barədə irad tutulmamışdır. Digır tərəfdən Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 08.02.2002-ci il tarixli saylı sərəncamın və həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsinin birtərəfli qaydada qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul etmək hüququ olmamışdır. Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2-1(85)-1934/2017 saylı iş üzrə materiallarından göründüyü kimi, 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarlar veriləndən dərhal sonra iddianın obyekti olan torpaq sahələri hər hansı bir ödənc verilmədən "xxxx" MMC-nin istifadəsinə verilmiş, torpaq sahəsi istifadəsindən götürülmüşdür. Məhkəmə iddianı rədd edərkən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun normalarının cavabdeh tərəfindən pozulmadığını göstərmiş, həmin Qanunun 2.0.7 və 14-cü maddələrinin normalarına istinad etmişdir . Məhkəmənin gəldiyi nəticə düzgün sayıla bilməz. İstinad edilən norma Qanunun 2.0.7-ci maddəsi direksion səlahiyyətləri, 14-cü maddəsi isə həmin səlahiyyətlərin yerinə yetirilməsi qaydalarını müəyyən edir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-92/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar X17, X14, X8, X9, X10, X11, X6, X25, İddiaçı, X18, X12 cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı cavabdehin 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış torpağın icarəyə verilməsinə dair icarə müqavilələrinin qüvvədən düşməsi barədə qərarların ləğv edilməsi haqqında iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdirlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2017-ci il tarixli, 2-1(85)-1934/2017 saylı qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçılar Z.Məmmədov, H.Yusifov, V.Əhmədov, Ş.Heybətova və F.Sarxanov apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 25.12.2018-ci il tarixli, 2-1(105)-47/2018 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qərarının iddiaçılar Zahir Məmmədova, Heybətağa Yusifova, Vahid Əhmədova, Şirinxanım Heybətovaya və Fərhad Sarxanova dair hissədə ləğv edilməsi, Z.Məmmədovun, V.Əhmədovun, H.Yusifovun, Ş.Heybətovanın nümayəndəsi N.Səfərovun və iddiaçı F.Sarxanovun Şamaxı rayon İcra Hakimiyyətinin 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı Rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış torpağın icarəyə verilməsinə dair icarə müqavilələrinin qüvvədən düşməsi barədə qərarların ləğv edilməsi tələbi barədə iddiaların mümkün sayılmaması, apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(102)-1896/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.12.2018-ci il tarixli, 2-1(105)- 47/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı daha öncə Şamaxı Rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2017-ci il tarixli, 2-1(85)-1934/2017 saylı qərarı ilə iddiası təmin edilməmişdir. İddiaçı həmin qərarı ona aid hissədə apelyasiya qaydasında mübahisələndirməmişdir və qərar qanuni qüvvəyə minmişdir. Hazırda da, iddiaçı Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı Şamaxı Rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tələbin yenidən məhkəmə baxışının və araşdırmasının predmeti olması yolverilməzdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-92/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi” barədə qərarların ləğv edilməsi, qanunsuz sərəncam nəticəsində iddiaçıya dəymiş 500.000 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə alınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-371/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-371/2021
12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver