Məhkəmə qərarları › İş №2-1(105)-371/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-371/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-371/2024 06.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrinin ona aid hissədə ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında N nömrəli hərbi hissə (5-ci Ordu Korpusunun) komandirinin 27 yanvar 2022-ci il tarixli 04 “əç” nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3796/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Əliyeva (İsayeva) Natella İsa qızının xidmət dəftərçəsindən görünür ki, o, xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbqaycan Respublikası Silahlı Qüvvlərində qulluq edir. N nömrəli hərbi hissə (5-ci Ordu Korpusunun) komandirinin 27 yanvar 2022-ci il tarixli 04 “əç” nömrəli əmrdən görünür ki, İddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır. N nömrəli həbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 164 nömrəli əmrindən görünür ki, İddiaçı həqiqi hərbi xidmətdən istefaya buraxıldığına görə xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxaırılmış, hərbi qeydiyyata alınması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə göndərilmişdir. Şəxsi işdə olan 1-ci söhbət vərəqindən görünür ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə keçirilmiş söhbət zamanı o, iki övladı olduğunu, həyat yoldaşının vəfat etdiyini, ailə vəziyyəti ağır olduğunu nəzərə alaraq xidmətini davam etməsinə köməklik göstərilməsini xahiş etmişdir. Şəxsi işdə olan 2-ci söhbət vərəqindən görünür ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə keçirilmiş söhbət zamanı o, bir daha xidmət müddətini uzadılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında N nömrəli hərbi hissə (5-ci Ordu Korpusunun) komandirinin 27 yanvar 2022-ci il tarixli 04 “əç” nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə edənədək hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında N nömrəli hərbi hissə (5-ci Ordu Korpusunun) komandirinin 27 yanvar 2022-ci il tarixli 04 “əç” nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 14 iyun 2004-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. N nömrəli hərbi hissə (5-ci Ordu Korpusun) komandirinin 27 yanvar 2022-ci il tarixli 04 “əç” nömrəli əmri ilə o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Həmin əmr barədə ona heç bir məlumat verilməmişdir. Əmr N nömrəli hərbi hissə komandiri tərəfindən yalnız 01 iyun 2022-ci il tarixdə icraya yönəldilmiş, həmin tarixdən o, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çxarılmışdır. Həmin əmr haqqında isə ona 3 gün sonra, yəni 04 iyun 2022-ci il tarixdə məlumat verilmişdir. Bu isə onu göstərir ki, onun istefaya buraxılma qaydası (proseduru) qanunvericiliyin tələblərinə zidd həyata keçirilmişdir. O, 27 fevral 2017-ci il tarixdən istefaya buraxıldığı 01 iyun 2022-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. İstefaya buraxılarkən onun 18 il stajı var idi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməyi üçün cəmi 2 il müddəti qalmışdır. 2021-ci ilin iyun ayında N nömrəli hərbi hissə komandiri istefaya buraxılmaq istəyib-istəməməyi ilə onunla fərdi söhbət apararkən ona qanunvericiliklə nəzərdə tutulmuş hüququnu xatırladaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə edənədək xidmətdə saxlanılmasını xahiş etmişdir. Lakin cavabdeh onun xahişini nəzərə almadan ehtiyatdan buraxıması barədə əmr qəbul etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2014-cü ildən N nömrəli hərbi hissədə xidmətə başlamış, xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. N nömrəli hərbi hissə komandirinin müvafiq əmrinə əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək 3 (üç) il, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 3 (üç) il, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 1 (bir) il, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1 (bir) il xidmət müddəti uzadılmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına göndərilməsinə baxmayaraq, söhbətləşmə vərəqəsində buna ehtiyacının olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı barəsində N nömrəli hərbi hissədə təqdimat hazırlanaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “a” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Komandanlıq tərəfindən müsbət qərar qəbul olunaraq N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən iddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə tanış olmaqla “göndərilən sənədlərin uçotunun aparılması jurnalı” nda imza edilərək təyinat vərəqəsini almışdır. Həmçinin, iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. İddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3796/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici həqiqi hərbi xidmətdə olmağın son yaş həddi ilə ehtiyatda olmağın son yaş həddini fərqləndirmişdir və qadınlar (qadın zabitlər istisna olmaqla) üçün bu hədd 45 yaşdan yuxarı deyildir. Hazırda iddiaçı güzəştli şərtlərlə pensiya tələb etmək hüququnu əldə edənədək son iki ilinin qaldığını bildirərək cavabdeh tərəfindən onun hərbi xidmətinin uzadılmasını xahiş edir. Lakin bu hüquq müddətdən artıq həqiqi hərbi xidmətdə olan qadınlar üçün nəzərdə tutulmamışdır. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 14 iyun 2004-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. N nömrəli hərbi hissə (5-ci Ordu Korpusun) komandirinin 27 yanvar 2022-ci il tarixli 04 “əç” nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) həqiqi hərbi xidmətdən istefaya buraxıldı. Həmin əmr barədə heç bir məlumat verilməmişdir. Əmr N nömrəli hərbi hissə komandiri tərəfindən yalnız 01 iyun 2022-ci il tarixdə icraya yönəldilmiş, həmin tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Bu əmr haqqında isə 3 gün sonra, yəni 04 iyun 2022-ci il tarixdə məlumat verilmişdir. Bu da onu göstərir ki, işçinin istefaya buraxılma qaydası (proseduru) qanunvericiliyin tələblərinə zidd həyata keçirilmişdir. 27 fevral 2017-ci il tarixdən istefaya buraxıldığı 01 iyun 2022-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. İstefaya buraxılarkən 18 il iş stajı var idi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməyi üçün cəmi 2 il müddəti qalmışdır. 2021-ci ilin iyun ayında N nömrəli hərbi hissə komandiri istefaya buraxılmaq istəyib-istəməməyi ilə bağlı onunla fərdi söhbət apararkən qanunvericiliklə nəzərdə tutulmuş hüququnu xatırladaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə edənədək xidmətdə saxlanılmasını xahiş etmişdir. Lakin cavabdeh onun xahişini nəzərə almadan ehtiyata buraxılmağı barədə əmr vermişdir. İddia ərizəsində və birinci instansiya məhkəməsinin iş üzrə qərarında da yazıldığı kimi Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə görə hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar "(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). “Hərbi xidmət və vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən müddətdən artıq xidmət edən hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər. Aşkar görünür ki, həm “Hərbi xidmət və vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsində, həm də Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində onun iddia tələbinin qanuni və əsaslı olması təsbit olunmuşdur. Yəni müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həqiqi hərbi xidmətdə olmağının son yaş həddinə çatarkən xidmət illərinə görə pensiya hüququ əldə etmirsə, bu halda öz arzusu ilə həqiqi hərbi xidmətini bu pensiya hüququnu əldə edənə qədər davam etdirə bilər. Bu zaman qadınlar üçün hərbi xidmətin müddətinə dair son yaş həddinin 45 yaş olması əsas meyar deyildir. Sumqayıt İnzibati Məhkəməsi 2-1(118)-3796/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında – həm “Hərbi xidmət və vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsində yazılanları və həm də Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində yazılanları düzgün təfsir və tətbiq etməyərək onun hüquqlarını pozmuşdur. Açıq-aşkar görünür ki, həm sözügedən Əsasnamədə, həm də qanunda iddia tələbinin haqlı və əsaslı olması birbaşa göstərilsə də birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və qanunlar və normativ aktlar düzgün təfsir və tətbiq edilməmişdir. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. ... “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Maddə 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Maddə 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). Madd 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ....41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda;... 44.1. Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar:... Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar: - birinci dərəcə 35 yaş, ikinci dərəcə 45 yaş, üçüncü dərəcə 50 yaş 44.2. Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün – 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün – 45 yaşdır (22 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən ləğv edilmişdir) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:

5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər.

13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5 yaş; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 48 yaş; kiçik zabitlər üçün - 48 yaş; baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş.

14. Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar "(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi onun həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə əmrin ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ əldə edənədək hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı qanunvericiliyin tələbinə əsasən onun xidmət müddətinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edənədək artırılması hüququnun olduğunu bildirir. Cavabdeh inzibati orqan isə iddiaçıya münasibətdə qanunvericilik normasının tələbinə əsasən həqiqi hərbi xidmət üzrə son yaş həddinin və ehtiyatda olmağın son yaş həddinin 45 yaş olduğundan, iddiaçının həmin yaş həddini keçdiyindən, ehtiyata buraxılması halına istinad edərək, iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən həqiqi hərbi xidmətdə olmağı son yaş həddinə çatmış hərbi qulluqçular ehtiyata və ya istefaya buraxılırlar. Qeyd olunan normanın dispozitiv şərtlərində qeyd edilən tələbə dair istisna hal kimi həqiqi hərbi xidmətdə olmağı son yaş həddinə çatmış və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edə bilmədikdə, öz arzuları ilə bu hüququ əldə edənədək həqiqi hərbi xidmətini davam etdirmək hüququnun olması qeyd edilmişdir. Digər normanın dispozitiv şərtlərində isə hətta hərbi qulluqçu həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqdan sonra öz razılığı ilə xidməti davam etdirdkdə belə, bu müddətdə ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həyata keçirilə bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən görünür ki, həqiqi hərbi xidmtədə olmağın son yaş həddinə çatdıqda hərbi qulluqçu xidmətini davam etdirmək arzusunda olduqda, xidmətini davam etdirdikdə belə, bu müddət ehtiyatda olmağın son yaş həddindən artıq olmamalıdır. Göründüyü kimi bu hal imperativ norma kimi müəyyən edilmişdir. İndiki halda iddiaçıya münasibətdə qanunla tələb olunan həqiqi hərbi xidmətdə olmağın son yaş həddi və ehtiyatda olmağın son yaş həddi 45 yaş kimi müəyyən edilmişdir. 23 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən isə həmin normaya dəyişiklik edilərək, ehtiyatda olmağın son yaş həddi 48 yaş kimi müəyyən edilmişdir. İddiaçı xx.xx.1974-cü il təvəllüdlü olmaqla, hər iki halda qanunla tələb olunan ehtiyatda olmağın son yaş həddini keçmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3796/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar