Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-371/2025 08.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (X4 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: bölgü eskizinə, plan və ölçü sənədinə düzəliş edilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçüdə olan koordinatlara düzəlişlərin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2790/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN -1157A Kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə Nümayəndə Mirhəşim (Oqtay) qızı və X11 0,08 ha torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,08 ha torpaq sahəsi Nümayəndə adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 0,036 ha torpaq sahəsi iddiaçıya Nümayəndə və X13 tərəfindən bağışlanmışdır. RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,036 ha torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və plan-ölçü sənədi verilmişdir. **********96 reyestr nömrəli torpaq sahəsinin bölgü eskizinə əsasən ümumi torpaq sahəsi 0,04 ha hissədə X5, 0,036 ha Nümayəndə və X11 və 0,004 ha ümumi yola aid olmaqla bölünmüşdür. Torpaq sahəsinin bölgüsü haqqında sazişə əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi bölgü eskizində göstərilən qaydada təsdiq edilmişdir. AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsi X6 tərəfindən X1 və sonuncunun adına xx.xx.2022-ci il tarixli **********40 nömrəli çıxarış və plan-ölçü verilmişdir. Cavabdehin imtina məktubundan görünür ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, JN-1157A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" də göstərilən və xx.xx.2014-cü il tarixində reyestrdə Nümayəndə və X9 adına qeydə alınmış 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və bölgü eskizi əsasında digər şəxsin adına, 0,036 ha hissəsi isə İradə və Samir Vəlizadələrin adına qeydiyyata alınmışdır. Sonradan 0,036 ha torpaq sahəsi notarial qaydada təsdiqlənmiş bağışlanma müqaviləsi və bölgü eskizi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Özgəninkiləşdirilməmiş yerdə qalan 0,004 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin bölgüsü haqqında Saziş"də istinad olunan və əlavə olunan bölgü eskizinə əsasən, yol (keçid) üçün saxlanılmışdır. Bölgü eskizi əlavə olunmuş Saziş müqaviləsi tərəfinizdən təsdiq edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yol (keçid) üçün ayrılmış 0,004 ha torpaq sahəsi naturada İradə və Samir Vəlizadələrə tanıdılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının faktiki istifadəsində 412 kv.m torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (360 kv.m) 52 kv.m kənara çıxdığı, kənara çıxılan 52 kv.m torpaq sahəsinin 37 kv.m hissəsinin üçüncü şəxs X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Üçüncü şəxs X2 faktiki istifadəsində 435 kv.m torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (400 kv.m) 35 kv.m kənara çıxdığı müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, faktiki istifadə olunan 435 kv.m torpaq sahəsinin 351 kv m hissəsi onun mülkiyyətinə verilmiş torpaq sahəsidir. Yerdə qalan 49 kv.m (400-351=49) torpaq sahəsinin 12 kv.m hissəsi faktiki gedişgəliş yolunda, 37 kv.m hissəsi isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Qərardadın birinci və ikinci suallarının cavablarında qeyd olunanlara əsasən, iddiaçı və üçüncü şəxsin faktiki istifadələrində olan torpaq sahələrinin xx.xx.2018-ci il tarixli bölgü eskizinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-2435/2024 nömrəli mütəxəssis rəyinə əlavəyə əsasən qeyd olunur ki, bölgü sazişində qeyd olunan, bölgü eskizinə əsasən ümumi yol iddiaçının (mütəxəssis rəyində texniki səhv olunmuş və “cavabdehin” olaraq qeyd olunmuşdur) sənəd üzrə mülkiyyətində olmasına baxmayaraq, sonradan 40 kv.metr hissəsi yol kimi azaldılmışdır. Faktiki gediş-gəliş yolunun 12 kv.metr hissəsi sənəd üzrə X2 xüsusi mülkiyyətində, qalan hissəsi jənəd üzrə heç bir vətəndaşın xüsusi mülkiyyətində yerləşmir. Qeyd: İlkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.08 ha olduğu halda plan və ölçü sənədi koordinatlarına əsasən texniki səhv olaraq 0.085 ha tərtib edilmişdir. Bölgü eskizində yalnız sənəd üzrə torpaq sahəsinin azalan hissəsi (40 kv m) göstərilmişdir. Bölgü sxemi tərtib edilərkən plan və ölçüdə qeyd olunan texniki səhv (0.005 ha) ümumi istifadədə olan yol olaraq çıxılmış və texniki səhv aradan qaldırılmışdır. Hüquqmüəyyənedici sənədlərdən (0.08 ha torpaq sahəsindən) 40 kv.m hissəsi yol olaraq çıxarıldığından bölgü eskizində yalnız 40 kv.m qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçüdə olan koordinatlara düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Novxanı kəndi Ş.Qurbanov küçəsində yerləşən 0.08 ha torpaq sahəsi DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1157A nömrəli şəhadətnaməsinə əsasən ona və oğlu Samir Vəlizadənin mülkiyyətinə verilmişdir. Samir Vəlizadə öz payına düşən 0.04 ha torpaq sahəsini 2018-ci ildə Sevinc Turovskayaya satmışdır. Torpaq sahəsi satılarkən cavabdeh qeydiyyat orqanı tərəfindən bölgü eskizi tərtib edilmişdir. Bölgü eskizi onlar tərəfindən razılaşdırılmamış, imzalanmamış və bölgüdən sonra cavabdeh tərəfindən onlara təqdim edilməmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək torpaq sahəsinin sərhədlərinin naturada onlaraq təqdim edilməsini xahiş etmiş, cavabdeh tərəfindən naturada təqdim edilərkən müəyyən edilmişdir ki, Samir Vəlizadə ilə Sevinc Turovskaya razılaşdırılmış hissədə koordinatlar qeydə alınmamışdır. Bu zəmində qonşular arasında narazılıqlar başlamışdır. Torpaq sahəsi faktiki olaraq 0.10 ha-dan ibarət olsa da, sənəd üzrə ona 0.036 ha, S.Turovskayaya isə 0.04 ha, faktiki isə 0.06 torpaq sahəsi ayrılmışdır. Bu onların mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdeh orqana müraciət edərək müvafiq düzəlişlərin edilməsini xahiş etsə də, müraciəti təmin olunmamışdır. Daha sonra Nümayəndə məhkəməyə ərizə təqdim edərək, hazırkı iş üzrə iddiaçı qismində əsl iddiaçı olan İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, iddiaçı Nümayəndə Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinə dair 19 iyul 2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizi və onun əsasında verilmiş plan ölçüdə olan koordinatlara düzəlişlərin edilməsi ilə bağlı cavabdeh orqana 27 yanvar 2023-cü il tarixdə müraciət olmuşdur. Aparılan araşdırma zamanı həmin torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyələnləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmadığı aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2790/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bölgü eskizinin tərəflər (Nümayəndə və S.Vəlizadə və S.Turovskaya) arasında tərtib edilmiş saziş müqaviləsinin şərtlərinə görə tərtib edilməsi, başqa cür desək özgəninkiləşdirilməmiş yerdə qalan 0,004 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişdə istinad olunan və əlavə olunan bölgü eskizinə əsasən, yol (keçid) üçün saxlanılması, habelə ümumi istifadədə olan yolun iddiaçının torpaq sahəsinə aid olmasının üçüncü şəxsin mülkiyyətinə maneə ola bilməsi halı əsas götürülərək iddia tələbi təmin edilməməlidir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunsuz və əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı halda ümumi istifadədə olan yol tərəflərin heç birinin mülkiyyətində olmadığı üçün ümumi istifadəyə də maneə olmamalıdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. İş materillarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi onun mülkiyyətidir. Hazırkı qərar onun mülkiyyət hüququnu pozur. Halbuki qanunverciliyin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mübahisələndirdiyi torpaq sahəsi hazırda üçüncü şəxsin istifadəsindədir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Ona görə də, işə apellyasiya qaydasında baxılarkən iş obyektiv araşdırılmalı, qərar ləğv olunmalı və iddia tələbim təmin olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs apellyasiya şikayətinə qarşı etiraza apellyasiya şikayətinin rədd edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2790/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasında iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. ....
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi ....
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16.Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının tələbi bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçüdə əks olunan koordinatlara düzəlişlərin edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçılara məxsus olan 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi alqı-satqı müqaviləsi əsasında digər şəxsə satıldıqdan sonra yerdə qalan 0,036 ha hissəsi iddiaçının adına mülkiyyət hüququ qeydə alınmış, 0,004 ha özgəninkiləşdirilməmiş hissə notarial qaydada təsdiq edilmiş müvafiq Saziş və bölgü sxeminə əsasən yol (keçid) üçün saxlanılmış, həmin sahə naturada onlara tanıdılmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq Şəhadətnamə əsasında Nümayəndə və onun oğlunun adına 0,08 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, plan və ölçü sənədi verilmişdir. Daha sonra həmin torpaq sahəsinin 0,04 ha hissəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Turovskaya Sevinc adlı şəxsə satılmış, bu əsasla onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Yerdə qalan 0,036 ha torpaq sahəsi üzərində Nümayəndə və onun oğlunun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, daha sonra həmin torpaq sahəsi üzərində bağışlanma müqaviləsi əsasında iddiaçının adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır (2019-cu ildə). Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, satıcı qismində çıxış edən iddiaçı ilə alıcı qismində çıxış edən Sevinc adlı şəxs arasında notarial qaydada torpaq sahəsinin bölgüsü haqqında saziş bağlanmaqla, bölgü eskiz layihəyəyə uyğun olaraq torpaq sahəsinin bölünməsi barədə razılığa gəlmişlər. Həmin bölgü eskiz layihəsində hər bir tərəfə ayrılan torpaq sahələrinin, habelə yol üçün ayrılmış sahənin ölçüsü və yerləşmə sxemi əks olunmuşdur. Qeyd edilən saziş və bölgü eskzi layihəyə əsasən Sevinc adlı şəxsin onun satın aldığı torpaq sahəsinə gediş-gəliş üçün yol ilə təmin edilməsi məqsədilə iddiaçı onun mülkiyyətində qalan 0,04 ha torpaq sahəsindən 0,004 ha hissənin yol-keçid üçün ayırmışdır. İddiaçı da məhz yerdə qalan 0,036 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına (2019-cu ildə) aldırmışdır. Həmçinin, qeyd edilməlidir ki, Sevinc adlı şəxsin satın aldığı həmin 0,04 ha torpaq sahəsini daha sonra xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs Nurlana İsmayılova əldə etmiş, xx.xx.2022-ci il tarixdə isə onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, plan və ölçü sənədi verilmiş, hazırda həmin hissənin mülkiyyətçisi kimi məhz üçüncü şəxs çıxış edir. İndiki halda iddiaçı məhz yol üçün ayrılmış 0,004 ha torpaq sahəsinin bölgü eskizində onun mülkiyyətində olan sahə kimi əks olunmaması halına istinad edərək, bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçü sənədində düzəliş edilməsini, həmin yol üçün ayrılmış 0,004 ha hissənin bölgü eskizində onun mülkiyyətində qalan sahə kimi əks olunmasını, ona uyğun olaraq bölgü eskizi və plan və ölçü sənədində dəyişiklik edilməsini istəyir. İddia tələbinin əsası kimi həmin hallara istinad etməklə, hüquqi marağı məhz bundan ibarət olmuşdur. Cavabdeh tərəf isə həmin hissənin notarial qaydada təsdiq edilmiş bölgü eskiz layihəyə əsasən yol keçid üçün ayrıldığını, tərəflərə naturada həmin hissənin tanıdıldığını bildirərək, plan və ölçü sənədinə düzəliş edilməsindən imtina etmişdir. Üçüncü şəxs isə həmin sahənin yol üçün ayrıldığını, həmin sahə olmadığı halda, ona məxsus torpaq sahəsinə giriş-çıxış üçün sahənin olmadığnı, həmin yol ayrılmadığı halda, torpaq sahəsinin ayrılıb satılmasının mümkün olmadığı halına istinad edərək, etiraz etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, mübahisə predmeti olan 0,004 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi olsa da, iddiaçı özünə məxsus olan digər 0,04 ha hissəni satmaq məqsədilə həmin sahədən təyinatına uyğun istifadə edilməsini (torpaq sahəsinə giriş-çıxışı) təmin etmək məqsədilə özünə aid olan hissədən 0,004 ha hissəni yol üçün ayırmışdır. Başqa sözlə desək, indiki halda iddiaçıya münasibətdə mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin ölçüsünün 0,004 ha hissədə azalması məhz onun öz mənafeyinə uyğun (torpaq sahəsini satmaq üçün) həyata keçirdiyi iradəvi hərəkətlərinin nəticəsi kimi ortaya çıxmışdır. İddiaçı özünə məxsus olan satmaq istədiyi torpaq sahəsinə giriş-çıxış imkanı yaratmadığı halda, həmin torpaq sahəsini başqa şəxsə satması imkanı mövcud olmayacaq idi. Nəticə etibarilə iddiaçı həmin 0,004 ha hissəni yol kimi ayırmaqla və alıcının həmin torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməsinə real imkan yaratmaqla, özünə məxsus olan digər 0,04 ha hissənin satılmasına nail olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı özü də həmin sahənin yol kimi ayrıldığını, hazırda üçüncü şəxsin həmin sahədən yol kimi istifadə etməsini istəmədiyini, əvvəlki mülkiyyətçi Sevinc adlı şəxslə münasibətlərinin normal olduğundan, onun yol kimi istifadə etməsinə razı olduğunu, üçüncü şəxslə aralarında münasibətlər gərginləşdiyindən, ona qarşı etdiyi hərəkətlərə görə üçüncü şəxsin yol kimi istifadə etməsini istəmədiyini, bu səbəbdən də hazırki iddia tələbi irəli sürdüyünü, mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olmadığını bildirdi. Göründüyü kimi iddiaçı özü ona münasibətdə yerdə qalan torpaq sahəsinin ölçüsünün 0,04 ha olduğunu, həmin sahədən 0,004 ha hissənin yol üçün ayrıldığını bilmiş, bu hala məhz özünə məxsus olan digər hissə-0,04 ha torpaq sahəsinin satılması üçün yol vermişdir. Hətta öz adına mülkiyyət sənədi alarkən torpaq sahəsinin ölçüsünün 0,036 ha qeyd edilmiş, üçüncü şəxslə aralarında münasibətlər gərginləşənə kimi həmin 0,004 ha yol kimi istifadə edilmiş, nəticə etibarilə iddiaçı həmin sahənin yol kimi ayrılması barədə tam məlumatlı olmuşdur. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün 40 kv.m. hissədə azalması məhz onun iradəvi və öz mənafeyinə uyğun olaraq həyata keçirdiyi davranışının nəticəsi kimi ortaya çıxmışdır. Bu baxımından kollegiya hesab edir ki, həmin hallar özlüyündə iddiaçının həmin sahənin onun mülkiyyətində olması, yol kimi ayrılmaması və bölgü eskiz layihəsi barədə məlumatlı olmaması kimi istinad etdiyi arqumenti təkzib edir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı isə əvvəlki mülkiyyətçiyə bu imkanı tanıdığı halda sonrakı mülkiyyətçiyə münasibətdə münasibətlərin gərginləşməsi halına istinad edərək, ona qarşı yol üçün ayrıldığı sahənin ona geri qaytarılmasını istəməsi halı üçüncü şəxsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına (əmlakından istifadə etmək imkanının aradan qaldırılmasına) gətirib çıxardır. Halbuki, üçüncü şəxs mövcud vəziyyətdə real olaraq həmin torpaq sahəsinə giriş-çıxış imkanının mövcudluğu və təyinatına uyğun istifadə imkanının olması halına güvənərək, həmin torpaq sahəsini satın almışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının hərəkətləri qanunvericilikdə təsbit edilmiş mülki hüquqların vicdanlılıq prinsipi əsasında həyata keçirilməsi və hüquqdan sui-istifadəyə yol verilməməsi kimi prinsiplərinə də zidd olmuşdur. Belə ki, Mülki Məcəllənin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi;560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;....560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;.... Kollegiya qeyd edir ki, qanunvericilikdə qeyd edilən normaların təsbit edilməsi vasitəsilə bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Hüquqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı məhz ədalətli, dürüst bir davranışa aid meyardır. Kollegiya hesab edir ki, indiki halda iddiaçı tərəfindən üçüncü şəxsin (ondan öncə isə əvvəlki mülkiyyətçiyə) özünə məxsus olan torpaq sahəsindən istifadə imkanı tanınmış və bu imkan tanındığından torpaq sahəsini həmin şəxslər əldə etmiş, fərdi yaşayış evi inşa etməklə, orada yaşayırlar, nəticə olaraq təyinatına uyğun istifadə edirlər. Üçüncü şəxs məhz iddiaçının onlara tanıdığı bu imkana güvənərək həmin torpaq sahəsini əldə etmiş, fərdi yaşayış evi inşa etmiş, hazırda da istifadə edir. İddiaçı da özü bu imkanı yaratmış, 0,004 ha hissəni yol üçün ayırmış, bu halı qəbul etmiş, razılaşmaya uyğun davranmış, aralarında münasibətlər gərginləşənədək həmin hissənin yol kimi istifadə edilməsinə şərait yaratmış və bu halı qəbul etmişdir. İndiki halda isə iddiaçının üçüncü şəxsə münasibətdə aralarında olan münasibətlər gərginləşdiyindən, yol üçün ayırdığı sahəni hazırda öz mülkiyyətinə qaytarılmasını istəməsi ilə bağlı hərəkətləri hüquqdan sui-istifadə halına gətirib çıxardır. Bu baxımından kollegiya hesab edir ki, yuxarıda müəyyən edilmiş işin halları iddiaçının hərəkətlərinin hüquqdan sui-istifadə kimi qiymətləndirilməsinə əsas verir. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçı sənəd üzrə ayrılan ümumi torpaq sahəsinin ölçüsünün 0,10 ha olduğunu qeyd etsə də, həmin hala dair heç bir sübut (həmin ölçüdə torpaq shaəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər) təqdim etməmiş, habelə həmin hal iş materiallarına olan sənədlər (torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin məzmununda torpaq sahəsinin ölçüsü kimi 0,08 ha qeyd edilmişdir) əsasında təkzib olunmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının həmin hissədə də arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, birinci instansiya mhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddiaçının şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2790/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.