Məhkəmə qərarları › İş №2-1(105)-372/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-372/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-372/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi hakim), Qafari Səyyad Ağaəli oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X5 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi və yenidən struktur dəyişikliyi ilə əlaqədar işə qəbul barədə ərizələrini nəzərə alaraq, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(118)-652/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmağı barədə və yenidən struktur dəyişikliyi ilə əlaqədar işə qəbul barədə ərizələrini nəzərə alaraq, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə yeni yaranmış “X4” müvafiq işlə təmin olunmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnizbati Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadı ilə yeni yaranmış “X4” müvafiq işlə təmin olunmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində iddia mümkün sayılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 21 il yəni 04.04.2000-ci il tarixdən Quba rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Hal-hazırda 64 yaşı var, İİ qrup əlildir, protezlə gəzir, ali təhsillidir, 42 il, o cümlədən 25 il dövlət qulluğunda əmək fəaliyyəti olmuşdur. Cavabdeh ƏƏSMN-nin 28 iyul 2020-ci il tarixli **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifəsindən azad olunmuş və bağladığı əmək müqaviləsinə xitam verilmişdir. Əslində əmək müqaviləsinə xitam verilməsi aşağıdakı əsaslarla həyata keçirilmişdir. 13 iyun 2020-ci il tarixli nazirlikdə struktur dəyişikliyi ilə əlaqədar Nazirliyin tabeçiliyində olmaqla "X6" yaradılması səbəbindən bütün işçilərdən (əməkdaşlardan), o cümlədən ondan da struktur dəyişikliyi əsasında öz arzusu ilə işdən çıxma və yeni yaradılan "X6”nin Quba rayon Şöbəsində müvafiq işlə təmin olunacağı haqqında ərizələr alınmışdır. Həmin ərizələrdən işdən öz arzusu ilə çıxmağı barədə ərizəsi təmin edilmiş, işə qəbul ərizəsi isə icra olunmayaraq saxlanılmaqla Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə qorunan "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüquq”u pozulmuşdur. Yuxarıda göstərilənlərdən aydın olur ki, nazirlikdə struktur dəyişikliyi aparılmış və o öz arzusu ilə işdən çıxmışdır. Digər işə qəbul ərizəsi isə qanunsuz olaraq baxılmadan saxlanılmışdır. Bu zaman cavabdeh orqanın vəzifəli şəxsləri onun əlil və 64 yaşında olmasını, 25 il dövlət qulluğunda işləməsini nəzərə almayaraq qüvvədə olan qanunvericiliyə əməl etməmiş, əmək pensiyasına çıxmasına 1 il müddət qalmasını nəzərə almadan ərizəsinə baxılmadan saxlamaqla işsiz qoymuşlar. Cavabdeh orqanın vəzifəli şəxsləri həm Əmək Məcəlləsinin, həm də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələblərini pozmuşlar. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 28 iyul 2020-ci il tarixdə ərizə ilə müraciət edərək həmin tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna 28 iyul 2020-ci il tarixli **********2 nömrəli əmrlə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: dövlət qulluqçusunun öz arzusu ilə; dövlət orqanı ləğv edildikdə; dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən 3-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Yuxarıda yazılanlardan göründüyü kimi, iddiaçı 28 iyul 2020ci il tarixdə öz ərizəsi ilə işəgötürənə müraciət edərək onu 28 iyul 2020-ci il tarixdə 1 ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad etməyi xahiş etmişdir. Bu halda işəgötürən “Dövləq qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3cü maddəsində qeyd edilən hüququndan istifadə etməmiş və ərizədə qeyd edilən gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Daha sonra iddiaçı Nazirliyə müraciət edərək onun ərizəsinin əsassız sayılmasını xahiş etmişdir. Ərizə Nazirliyə 28 iyul 2020-ci ildə daxil olmuş və 1/D-591129 nömrəsi ilə qeydiyyata alınmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(118)-652/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Nazirlikdə struktur dəyişikliyi aparılmış və öz arzusu ilə işdən çıxmışdır. Digər işə qəbul ərizəsi isə qanunsuz olaraq baxılmadan saxlanılmışdır. Məhkəmənin gəldiyi nəticə aşağıdakı əsaslara görə ədalətli və qanuni hesab edilə bilməz. Qərardan məlum olur ki, ərizənin 28 iyul 2020-ci ildə cavabdeh orqana daxil olaraq l/D-591129 nömrəsi ilə qeydiyyata alınmasını göstərsə də, ərizənin nəticəsi ilə maraqlanmamış, həmin hissədə heç bir araşdırma aparmamışdır. Məhkəmə özünün əsaslandığı prosessual normaları da pozmuşdur. Belə ki, cavabdehin imtinasında yazdığı əsaslara istinad edərək təkrar ərizənin 1/D nömrəsi ilə qeydiyyatdan keçməsinə baxmayaraq, nəticəni araşdırmadan qərar qəbul etmişdir. Bundan başqa, AR Əmək Məcəlləsinə zidd olaraq 27 iyul 2020-ci il tarixdə 04 saylı ezamiyyə vərəqəsinə əsasən ezamiyyətdə olduğum zaman əmrlə çıxarılmışdır. Yuxanda qeyd edilmiş hallar həm maddi, həm də prosessual hüquq normaları baxımından birbaşa qərarın ləğvi və iddia tələbinin təmin olunması üçün əsasdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2- 1(118)-652/2021 saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, İddiaçı 13 iyul 2020-ci il tarixində nazirliyə müraciət edərək öz xahişi ilə işdən azad olunmağını istəmiş və iddiaçının xahişi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli **********2 nömrəli əmrilə onun dövlət qulluğuna xitam verilmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: dövlət qulluqçusunun öz arzusu ilə; dövlət orqanı ləğv edildikdə; dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Kollegiya qeyd edir ki, iddiaçının müvafiq tutuduğu vəzifədən azad olunması barədə ərizə həmin əmrin verilməsi üçün əsas olmuşdur. Bu səbəbdən həmin ərizə əsasında işdən azad olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli **********2 nömrəli əmrinin ləğv edilməsi mümkün deyil. Çünki mübahisə predmeti olan 28 iyul 2020-ci il tarixli əmr X3 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış 28.07.2020-ci il tarixli ərizəsi əsasında qəbul edilmişdir. İş materiallarında X8 direktoru vəzifəsinin icra edən C.X7 Xidmətinin rəisinə ünvanlanmış xidməti məruzədən görünür ki, Nazirliyin 20 noyabr 2019-cu il tarixli, **********8 nömrəli əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Quba rayon Məşğulluq Mərkəzinin bir neçə əməkdaşına, o cümlədən aparıcı məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı töhmət verilmişdir. Məruzə də qeyd olunmuşdur ki, Mərkəzin Aktiv məşğulluq tədbirləri sektorunda böyük məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı 2019-cu ilin sonundan indiyədək əmək fəaliyyəti olmamışdır. Belə ki, 30 dekabr 2019-cu il tarixdən 18 fevral 2020-ci il tarixədək əmək məzuniyyətinə çıxmış, məzuniyyət dövründə 16 gün bülletendə olduğu üçün məzuniyyət müddəti uzadılmış, 10 mart 2020-ci il tarixdə işə çıxmışdır. Daha sonra da karantin zamanı yaşına görə işə çıxmamışdır. Özünüməşğulluq proqramının icrası zamanı çoxlu vətəndaş şikayətləri yaratdığı üçün Mərkəzin direktoru işləmiş Ayaz Qədirov öz fəaliyyəti dövründə onu bu proqramın icrasından uzaqlaşdırmışdır. Fəaliyyəti mərkəzə gəlib getmək olmuşdur, fəaliyyəti hiss olunmur. İddiaçı hazırda da bülletendir. Daha sonra məruzədə töhmət verilməsinə baxmayaraq işlərində dönüş yaratmadıqlarına, verilmiş intizam tənbehi tədbirindən nəticə çıxarmadıqlarına görə, üzərilərinə qoyulmuş vəzifələri tələb olunan səviyyədə yerinə yetirmədiklərinə görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Quba rayon X1 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda qulluq keçən bir neçə işçi, o cümlədən aparıcı məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən birinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı həmin xidməti məruzənin onun işdən çıxarılması ilə heç bir bağlılığı olmadığını bildirmiş, bundan sonra mükafatlar aldığını qeyd etmişdir. Cavabdehin nümayəndəsi həmin dəlillə bağlı bildirmişdir ki, iddiaçının fəaliyyətində xidməti məruzədə sadalanan nöqsanlar aşkar olunmuş, bu səbəbdən Nazirliyə dəvət olunmuş, öz arzusu ilə işdən çıxması təklif olunmuş, əks təqdirdə pozuntularla işdən çıxarılacağı bildirilmişdir. İddiaçı da cavabında artıq işdən çıxma barədə ərizə yazdığını və Nazirliyə göndərildiyini bildirmişdir. İddiaçı öz növbəsində müvafiq əmrin hansı səbəbdən məhz 28.07.2021-ci il tarixdə qəbul edildiyini mübahisələndirmişdir. İş materiallarına əlavə edilmiş həmin ərizədən görünür ki, iddiaçı 13.07.2020-ci il tarixdə 1 ay xəbərdarlıq müddəti gözləmədən tutduğu vəzifədən azad etməyi xahiş etmişdir. Ərizə Nazirliyə 28 iyul 2020-ci ildə daxil olmuş və 1/D-591129 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının ərizəsi nəzərə alınaraq elə həmin gün 28 iyul 2020-ci il tarixli **********2 nömrəli əmr verilmiş, əmrə əsasən 29.07.2020-ci il tarixdən iddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin əmrinin ləğvini labüd edən halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-652/2021 saylı 16 mart 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-652/2021 saylı 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar