Məhkəmə qərarları › İş №2-1(105)-372/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-372/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-372/2025 25.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), X7 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(118)-229/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 024400AANVH nömrəli göndərişə görə, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. TSEK-in xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi “diaqnozun əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 2014-cü ildən 2021-ci ilədək üçüncü dərəcəli əlillik verilmişdir. Məhkəmə-tibb ekspertizasının 3863 saylı xx.xx.2022-ci il tarixli rəyindən görə, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində tərtib edilmiş 0244003AANVH saylı göndərişlə göndərilmiş N088 saylı arayışda qeyd edilən diaqnozdakı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya, sağ ağ ciyərin tikilməsi cərrahi əməliyyatı (1995) kürəyin sağ bazunun, sağ budun, sol aşıq baldır oynağının çox saylı qəlpələri və cərrahi əməliyyatından sonraki vəziyyət,ətrafın cox saylı yad cisimləri, əsas xəstəlik və onun ağırlaşmaları” nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün deyildir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Quba Rayon Mərkəzi Xəstəxanasının 0244003AANVH nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı sağ döş qəfəsinin, hər iki aşağı ətrafların qəlpə yaralanmasından sonrakı çapıqlar izlənilsə də, ətraflarda hərəki məhdudiyyət müşahidə olunmamışdır. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, keçiriciliyi simmetrik, qanda oksigenin saturasiyası 97%, boy-172 sm, çəki- 76 kg, boy/çəki defisiti müəyyən edilməmişdir. Hazırda əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Quba Rayon Mərkəzi Xəstəxanasının 0244003AANVH nömrəli göndərişi əsasında 11.12 2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyariarı”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Mərkəzinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək yanlış qərarın dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və yaralanmışdır. 2014-cü ildə ona 1 il müddətinə 3-cü dərəcəli əlillik dəyin edilmişdir. Ona “mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi, açıq hemopnevmotoradaks, sağ bazunun, kürəyin yad cisimləri, sağ açıq daban oynağının kontrakturası, sağ bazu oynağının kontrakturası" diaqnozu qoyulmuşdur. Qeyd olunan travma hərbi travma olmaqla, hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar alınmışdır. 2015-ci ildə əlillik dərəcəsi 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə uzadılmışdır. 2021-ci ildə əlilliyin müddəti bitdikdən sonra ona əlilliyin təyin olunması üçün tibb müəssisəsi tərəfindən göndəriş veirlmişdir. Lakin cavabdeh diaqnozun və ağırlaşmasının əlilliyin təyininə əsas verməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina etmişdir Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif -Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08-T14Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => T1Diaqnozun mətni: Bədənin çoxsaylı qəlpə yaraları; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S27 Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travması.; Diaqnozun mətni: mina partlayışı nəticəsində çoxsaylı qəlpə yaraları; 2.3. Üçüncü dərəcə əlillik => digər səbəblə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 Döş qəfəsinin travmaları => S27-Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travm...; Diaqnozun mətni: mina partlayışı nəticəsində çoxsaylı qəlpə yaraları; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 Döş qəfəsinin travmaları => S27 - Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travm...; Diaqnozun mətni: “mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi, açıq hemopnevmotoradaks, sağ bazunun, kürəyin yad cisimləri, sağ açıq daban oynağının kontrakturası, sağ bazu oynağının kontrakturası" Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankil..” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmmasının nəticələri, sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya, sağ ağ ciyərin tikilməsi cərrahi əməliyyatı (1995) kürəyin sağ bazunun, sağ budun, sol aşıq baldır oynağının çox saylı qəlpələri və cərrahi əməliyyatından sonraki vəziyyət,ətrafın cox saylı yad cisimləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(118)-229/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya təyin edilmiş diaqnoz X1 J35-J36 kodu altında göstərilmiş xəstəliklərin tənəffüs sisteminin xəstəliklərinə aid edilmişdir. İddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və iddiaçı barədəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsinə baxmayaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin imtina cavabında iddiaçıda müəyyən olunmuş əsas xəstəliyin mövcudluğu inkar edilməmişdir. İddiaçıda yuxarıda qeyd edilən xəstəliklər və ağırlaşmalar cavabdeh tərəfindən formal əsaslarla ona əlliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərfən düzgün istifadə etməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(105)-32/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2-1(102)- 73/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(105)-32/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə-tibb ekspertizasının 3863 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində tərtib edilmiş 0244003AANVH saylı göndərişlə göndərilmiş N088 saylı arayışda qeyd edilən diaqnozdakı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya, sağ ağ ciyərin tikilməsi cərrahi əməliyyatı (1995) kürəyin sağ bazunun, sağ budun, sol aşıq baldır oynağının çox saylı qəlpələri və cərrahi əməliyyatından sonraki vəziyyət,ətrafın cox saylı yad cisimləri, əsas xəstəlik və onun ağırlaşmaları” nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün deyildir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə” Xidmətin vəzifələri Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununa və Azəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və(vəya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya electron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddiaçının hüquqi marağı 3-cü dərəcə əlilliyinin təyin edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi iddiaçı barəsində göndərilmiş müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərə aid diaqnoz və ağırlaşmaların əlilliyin təyin etməsinə əsas verməməsi halına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçıya təyin edilmiş diaqnoz X1 Y35-Y36 kodu altında göstərilmiş xəstəliklərin tənəffüs sisteminin xəstəliklərinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən reyestrə daxil edilmiş göndərişdə əlillik səbəbinin qeyd olunmasına baxmayaraq, əlilliyin təyin edilməsi üçün ambulator və ya stasionar müalicədə 6 aydan az müddətdə olması əsas götürülərək Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.9-cü bəndində qeyd olunan xəstəliyi olan şəxslərə ikinci dərəcə əlillik təyin edilir və Agentlik həmin Əsasnamənin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və iddiaçı barədəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsinə baxmayaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X6” X9in xx.xx.2022-ci il tarixli T437/2022 nömrəli ekspert rəyinə görə, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində tərtib edilmiş 0244003AANVH saylı göndərişlə göndərilmiş N088 saylı arayışda qeyd edilən diaqnozdakı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya, sağ ağ ciyərin tikilməsi cərrahi əməliyyatı (1995) kürəyin sağ bazunun, sağ budun, sol aşıq baldır oynağının çox saylı qəlpələri və cərrahi əməliyyatından sonraki vəziyyət,ətrafın cox saylı yad cisimləri, əsas xəstəlik və onun ağırlaşmaları” nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnaməin meyarlarını aid etmək mümkün deyildir. Qeyd: Ekspertiza cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmişdir. (i.v 51). Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi ekspertizası təyin edilmiş və əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X6” X9in xx.xx.2024-cü il tarixli T155/2024 nömrəli ekspert rəyinə görə, Səhiyyə Nazirliyinin „MTE və PA Birliyi” Phş-si müalicə müəssisəsi olmadığından iddiaçının hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən ... və həmin xəstəliklərə aid qiymətləndirmə meyarları üzrə əlamətləri .... aşkar edilmir. Diaqnoz hazırda əlillik səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndinə aid etmək mümkün olmadı. Qeyd: Ekspertiza cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmişdir (i.v 176). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə görə, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Ümumiyyətlə qeyd edilməlidir ki, iş üzrə keçirilmiş ekspertizalarda cavabdehin nümayəndəsinin bilavasitə iştirak etməsi və rəyə imza etməsi yuxarıda göstərilmiş səbəbdən istisna olunur, çünki cavabdeh işdə maraqlı şəxsdir. Lakin buna baxmayaraq işin nəticəsində birbaşa maraqlı olan cavabdehin ekspert həkimi iddiaçının tibbi müayinəsində iştirak edir və 01 mart 2024-cü il tarixli, T155/2024 saylı ekspert rəyini imzalayır. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsinin əvvəlki baxışı zamanı qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadda Səhiyyə Nazirliyinin Məhkəmə X4 həkimekspertinin mütəxəssis qismində cəlb edilməsinin zəruri olduğu yazılsa da, sözügedən həkim-ekspert həmin ekspertizaya cəlb edilməmişdir. Ali Məhkəmənin qərarında qeyd edildiyi kimi sonuncu ekspert rəyi 11 səhifədən ibarət olsa da, konkret olmamaqla yanaşı, onun əksər hissəsi təsviri xarakter daşıyır və “Nəticə” hissəsinin birinci bəndinin elə ilk cümləsində mücərrəd və çox çətin anlaşılan bir fikir söylənilir, belə ki, ekspertlər yazırlar ki, “Səhiyyə Nazirliyinin” MTE və “PA Birliyi” PHŞsi müalicə müəssisəsi olmadığından onun (yəni, İddiaçı – qeyd: Ali Məhkəmənindir) hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə fikir söyləmək mümkün olmadı.” Halbuki iş materiallarında olan xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş Forma 88 göndərişində yazılmışdır ki, Əsas diaqnoz: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri, sağ ağ ciyərin sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya sağ ağciyərin tikilməsi cərrahi əməliyyat (1995) kürəyin sağ bazunun sağ budun sol aşıq baldır oynağının çoxsaylı qəlpələri və cərrahi əməliyyatdan sonrakı vəziyyət ətrafın çoxsayı yad cisimləri. (i.v 12-17) Ağırlaşma: J93- Pnevmotoraks, sağ plevranın qalınlaşması; J96.1- Xroniki respirator şatmamazlıq, tənəffüs çatışmazlığı İİ dərəcə, M24.5- oynaqların kontrakturası, sab bazu oynağının uzaqlaşdırıcı kantraktura oynaqda funksiyanın kəskin pozulması, J43.0- MakLeoda sindromu, sağ tərəfli emfizema, M86.3- Xroniki çox ocaqlı osteomielit, sağ aşıq baldır oynağının xroniki ostemielitoi funksiya edən fistula, J95.3- Cərrahi əməliyyat nəticəsində yaranan xroniki çatışmazlığı, c/ə sonrakı xroniki ağ ciyər çatışmamazlığı, R26.8- Hərəkətin və yerişin digər və dədiləşdirilməmiş pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması. Yanaşı xəstəliklər: F48.0- Nevrasteniya, kəskin asteno nevrotik sindrom, İ20.8Stenokardiyanın digər formaları, üix stabil gərginlik stenokardiyası İİ fs. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Arayışa görə, Diaqnoz: Odlu silah yaralanması, partlayış travması. Sağ çiyin, döş qəfəsi, qarın və hər iki aşağı ətrafların çoxsaylı qəlpə yaralanmaları, postravmatik kobud çapıqlar. Sağ kürək nahiyəsində 0.6 sm ölçüdə yad cisim- metal qəlpə. Sağ borunun uzaqlaşdırıcı kontrakturası, əzələ atrofiyası. Sağ Xİ qabırğa formunda metal qəlpə. Daimi ağrı sindromu (iş səh. 26). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 902 nömrəli qərarda göstərilmişdir ki, Diaqnoz: Mina partlayış travması, bədənin çoxsaylı odlu qəlpə yaraları: sağ ağciyərin əzilməsi və zədələnməsi, açıq homopnevmotoraks ilə döş qəfəsinin sağ yarısının nüfüz edən kor yaralanması, kürəyin, sağ bazunun, budun, baldırın və sol aşıq oynağının kor qəlpə yaralanması. Səbəbli əlaqə: Hərbi travmadır. Hərbi xidmət vəzifələrinin yeirnə yetirərkən alınmışdır (i.v 28). Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə: Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1, J41.0-J70.9,J84-J86.9,J91-J95.8) əlilliyin təyin edilməsi üçün əsas verir. Yuxarıda göstərilənlərə əsasən nəzərə alınmalıdır ki, ekspertiza prosesi cavabdehin nümayəndəsinin, yəni işin nəticəsində bilavasitə maraqlı olan şəxsin iştirakı ilə həyata keçirildiyindən ekspert rəyi mötəbər sübut sayıla bilməz. Ona görə də yuxarıda qeyd edilmiş hər iki ekspert rəyi qanunun sözügedən müddəalarına cavab vermədiyindən, qeyrilegitim sayılır. Buna görə də məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə təkrar məhkəmə tibbi ekspertizası təyin edilməsi barədə qərardad qəbul edilmiş, Ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın mütəxəssisləri cəlb edilmədən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X4 həkim-eksperti mütəxəssis qismində cəlb edilməklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X9inə tapşırılaraq, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. İddiaçı canlı müayinə olunmaqla, onda aşağıda sadalanan xəstəliklər aşkar edilirmi: 1) Əsas diaqnoz olan hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasının nəticələri sağ ağ ciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoras torakotomiya sağ ağciyərin tikilməsi cərrahi əməliyyatı (1995), kürəyin sağ bazunun sağ budun sol aşıq baldır oynağının çoxsaylı yad cisimləri (Y36.2). 2) Əsas diaqnozun ağırlaşması olan Pnevmotoraks, sağ plevranın qalınlaşması (J93), Xroniki respirator çatmamazlıq, tənəffüs çatışmazlıq İİ dərəcə (J96.1), Oynaqların kontrakturası, sağ bau oynağının uzaqlaşdırıcı kantraktura oynaqda funksiyanın kəskin pozulması (M24.5), Mak-Leoda sindromu, sağ tərəfli emfizema (J43.0), Xroniki çox ocaqlı osteomielit, sağ aşıq baldır oynağının xroniki ostemielitoi funskiya edən fistula (M86.3), Cərrahi əməliyyat nəticəsində yaranan xroniki ağciyər çatmamazlığı, c/ə sonraki xroniki ağciyər çatışmazlığı (J95.3), Hərəkətin və yerişin digər və dədiləşdiirlməmiş pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması (R26.8). 3) Yanaşı xəstəliklər Nevrasteniya, kəskin asteno nevrotik sindrom (F48.0), Stenokardiyanın digər formaları, üix satabil gərginlik stenokardiyası İİ f.s (İ20.8) 4) Qeyd edilən xəstləkilərə aid qiymətləndirmə meyarları üzrə əlamətləri aşkar edilirmi? Əgər aşkar edilirsə, həmin xəstəliyin və qiymətlədirmə meyarı üzrə əlamətlərin müəyyən edilməsinə əsas olan hallar (tibbi sənədlərə istinad edilməklə), habelə aşkar edilməməsi halı əsaslandırılmaqla ətraflı qeyd edilmişdir. T 301/2025 saylı ekspertiza rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir. - Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travmasınm nəticələri, sağ ağciyərin əzilməsi və zədələnməsi açıq hemipnevmotoraks, torakotomiya, sağ ağciyərin tikilməsi cərrahi əməliyyatı (1995), kürəyin, sağ bazunun, sağ budun, sol aşıq-baldır oynağının çoxsaylı yad cisimləri. Ağırlaşmalar: J93-pnevmotoraks, sağ plevranm qahnlaşması, J96.1-xroniki respirator çatmamazlıq, tənəffüs çatışmazlığı İİ dərəcə, M24.5-oynaqların kontrakturası, sağ bazu oynağının uzaqlaşdırım kontrakturası, oynaqda funksiyanın kəskin pozulması, J43.0-Mak-Leoda sindromu, sağ tərəfli emflzema, M86.3-xroniki çox ocaqlı osteomielit, sağ aşıq-baldır oynağının xroniki osteomieliti, funksiya edən fistula, J95.3-cərrahi əməliyyat nəticəsində yaranan xroniki ağciyər çatmamazlığı, c/ə sonrakı xroniki ağciyər çatışmazlığı, R26.8- hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması. Yanaşı xəstəliklər: F48.0-nevrasteniya, kəskin, asteno-nevrotik sindrom, 120.8-stenokardiyanm digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİ f.s” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, auskultasiya zamanı hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, tənəffüs hərəkətlərinin sayı 16, boyu 172 sm, çəkisi 70 kq, BKİ 23,7 kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. - Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Elmi-Tədqiqat ağciyər Xəstəlikləri İnstitutu”na göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “S27.3-Döş qəfəsinin qəlpə yaralanmasından sonrakı vəziyyət, J42xroniki bronxit” diaqnozu qoyulmuş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəfus eşidilmiş, döş qəfəsi orqanlarının rentgenoqrammasmda hər iki tərəfdə plevra qalmlaşmaları, sağ tərəfdə fibroz izlənilmiş, spiroqramma müayinə nəticəsində ventilyasiya pozğunluğu qeyd olunmamışdır. - Qərardadın müvafiq yarımbəndlərində göstərilən hallar meyarların təyininə aid olduğundan onların həlli məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Yuxarıda qeyd edilən ekspert rəyi natamam olduğu üçün məhkəmə tərəfindən Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 27 avqust 2025-ci il tarixli məktub ünvanlmış, məktubda iddiaçının travmotoloq tərəfindən əyani müayinəsi aparılmaqla onda M24.5 “Oynaqların kontrakturası, sağ bazu oynağının uzaqlaşdırıcı kontraktura oynaqda funksiyanın kəskin pozulması” xəstəliyinin aşkar edilib-edilməməsi barədə müvafiq sual qoyulmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli arayış ilə müəyyən olunur ki, iddiaçıda müvafiq xəstəliklər ilə yanaşı, M24.5 “Oynaqların kontrakturası, sağ bazu oynağının uzaqlaşdırıcı kontraktura oynaqda funksiyanın kəskin pozulması” xəstəliyi də aşkar edilir. Göründüyü kimi iddiaçının əyani müayinəsi zamanı M24.5 diaqnozu açıq şəkildə təsdiq edilmişdir ki, bu da onun hərəkət qabiliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşdığını, yuxarı ətrafın hərəkət imkanlarının kəskin şəkildə azaldığını, gündəlik fəaliyyətlərdə və əmək qabiliyyətinin həyata keçirilməsində ciddi çətinliklər yaratdığını göstərir və bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən üçüncü dərəcə əlilliyin təyin olunması üçün hüquqi əsas yaradır, çünki qeyd edilən kontraktura orqanizmin həyat fəaliyyətinin mühüm funksiyalarını, yəni hərəkətetmə və özünə xidmətetmə bacarıqlarını kəskin şəkildə məhdudlaşdırır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, İddiaçı 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X9inin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(118)-229/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X9inin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar