Məhkəmə qərarları › İş №2-1(105)-373/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-373/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-373/2025 07.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-335/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Lelya Mirzəyeva) xx.xx.2023-cü il tarixli 2-1(118)- 335/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi-hakim Hökümə Babayeva, hakimlər İsmayıl Quliyev və Gülnar Cabbarovadan ibarət tərkibdə) xx.xx.2024cü il tarixli 2-1(105)-68/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçihakim Zakir Quliyev, hakimlər Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə) xx.xx.2025-ci il tarixli 2-1(102)-102/2025 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Qərar qətidir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli 0215003AAC69 nömrəli göndərişə əsasən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdə aldığı xəsarətlərlə bağlı xx.xx.2015-ci il tarixdə onun barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul edilmişdir. 2016-cı ildə ona beş il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. O, tibb müəssisələrində müayinə və müalicələrdə olmuş, səhhətində olan ağır nevroloji və psixoloji xəstəliklərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün onun barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli göndəriş cavabdeh orqana təqdim edilmişdir. Lakin, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ona əlillik təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o ağır xəstədir, bu səbəbdən də cavabdeh tərəfindən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlillik təyin edilməlidir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, orta ağırlıqda kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş posttravmatik hidrosefaliya. Xroniki posttravmatik baş ağrısı.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> T90 -T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya sadə parsial tutulmalarla müşahidə olunan lokalizə olunmuş, genaralizə olunmuş qıcolma tutmaları nevrasteniya,; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: “Diqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası xx.xx.2021-ci il tarixdə iddiaçı da daxil olmaqla, 33 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1264 nömrəli qərar verilmişdir. Həmin qərarda “Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsılması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri epitutmalar üçün səciyyəvi müəyyən edilməmişdir. Klinik məlumatlarda nevroloji ocaqlı patologiya izlənilməmiş, təqdim olunan xx.xx.2021-ci il tarixli EEQ nəticəsi “Beyin qabığında ləngimə müşahidə olunur” kimi müəyyənləşdirilmişdir. Digər instrumental müayinələr aparılmamışdır. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, eyni zamanda, apellyasiya instansiyası məhkəməsinə xx.xx.2023cü il tarixdə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək (cild 1, iş v. 212-213), xx.xx.2021-ci il tarixli 0215003AAC69 nömrəli göndərişə əsasən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə 5 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Eyni zamanda, ərizə təqdim edərək, buraxılmış iddia müddətinin bərpa edilməsini xahiş etdi. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)- 373/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdeh orqanın ona xx.xx.2021-ci il tarixli 0215003AAC69 nömrəli göndərişə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə 5 il müddətinə əlillik təyin edilməsindən imtina barədə qərarından məhkəməyə şikayət verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti bərpa edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarındakı göstərişlərini yerinə yetirərək, iddiaçının iddia tələbininin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsini, iş materiallarında olan sənədləri, ekspert rəylərini araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyinə görə, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli 1264 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü il tarixdə aldığı və Qazax rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və travma - diaqnoz: “Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsılması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. TSEK-nin elektron informasiya sistemindən çıxarışlara əsasən İddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixdə TSEK-də müayinədən keçmiş və ona beş il müddətinə xx.xx.2021-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra İddiaçı barəsində Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli 0215003AAC69 nömrəli göndəriş tərtib edilmişdir. Göndərişə əsasən İddiaçı son 1 il ərzində - xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərində XBT 10 T90.5 kodlu xəstəliyi ilə ambulator müayinədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Qazan Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı 3 nömrəli Şəhər Klinik Xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron Saray qəsəbə Xəstəxanasında stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu - XBT 10 Əsas diaqnoz: T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya”; Ağırlaşma: G40.1 “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları”; Yanaşı xəstəliklər: F48.0 “Nevrasteniya”; F45.3 “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz”; H52.4 “Presbiopiya”; İ10 “Essensial (birincili) hipertenziya, arterial hipertenziya”; K26 “Onikibarmaq bağırsağın xorası, xroniki pankreativ”; F07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, kəllə beyin travması nəticəsində əmələ gələn yaddaş pozulması” qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtina qərarından İddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 24 dekabr 2021-ci il tarixdə onun əlavə əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən 12 yanvar 2022-ci il tarixli **********9 nömrəli qərar qəbul edilmişdir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri epitutmalar üçün səciyyəvi müəyyən edilməmişdir. Klinik məlumatlarda nevroloji ocaqlı patologiya izlənilməmiş, təqdim olunan xx.xx.2021-ci il tarixli EEQ nəticəsi “Beyin qabığında ləngimə müşahidə olunur” kimi müəyyənləşdirilmiş, digər instrumental müayinələr aparılmamışdır. Nəticədə, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozda əlillik əlamətinin müəyyən edilməməsi olmuşdur. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş 0215003AAC69 nömrəli göndərişə əsasən onda əsas diaqnoz XBT10 T90.5, ağırlaşması G40.1, yanaşı xəstəliklər kimi F48.0, F45.3, H52.4, İ10, K26, F07.0 kodlu xəstəliklər mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Qaydaların 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qaydaların 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qaydaların 2.1-ci bəndinə əsasən şəxsin Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qaydaların 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qaydaların 29-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qaydaların 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydaların əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ndə tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin müddətsiz təyin edilmə halları qeyd edilmişdir. Həmin maddənin 9.1-ci bəndinə əsasən qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri H60-H95 arası, o cümlədən 9.1.4-cü bəndinə əsasən eşitmə zəifliyi İV dərəcə, ikitərəfli göstərişləri olan hallarda ikinci qrup əlillik müddətsiz olaraq təyin edilir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2023-cü il tarixli T 99/2023 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 9.1.4-cü maddəsinə əsasən ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər qeyd edilməsinə, iddiaçının iş materiaları ilə öz təsdiqini tapan uzun müddət stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozun diaqnostik müayinələrdə təsdiq olunmasına baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü maddəsinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01- İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45- F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). TQS № 88, 0531003AAKC3 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişdən görünür ki, iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2016-cı il tarixdə Abşeron Rayon Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98- Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90- Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, orta ağırlıqda kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş posttravmatik hidrosefalsiya. Xroniki posttravmatik baş ağrısı.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” diaqnozlarə ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli T 99/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı “X5”nin nevrologiya şöbəsində stasonar müalicədə olarkən təyin edilmiş G93 “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri”, T90.5 “Kəllədaxili hipertenziya ilə təzahür edən postravmatik ensefalopatiya”, G40.2 “Tez-tez təkrarlanan ikincili epileptik qıcolma tutmaları ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları”, İ10 “Hipertoniya xəstəliyi İİ mərhələ”, F98.0 “Asteno-nevrotik sindrom”, İ67.2 “Baş beynin atrofik xəstəliyi”, H90.7, H52.0 “İkitərəfli koxlear nevrit, sensonevral ağıreşitmə İV dərəcə, OU-hipermetriya” və Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında həkim-psixiatr komissiyasında isə təyin edilmiş F06.6 “Üzvi (keçirilmiş qapalı kəllə beyin travması) emosional-labil pozuntu” diaqnozları onun hazırki vəziyyətini əks etdirir, tibbi sənədlərdə əsas xəstəliyin ağırlaşmalarında olan patofunksional dəyişikliklər (yaddaş zəifliyi, emosional labillik, vestibulyar pozuntular görmə pozutuları, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyası pozuntuları) hazırda da rast gəlinir. İddiaçı xəstəlikləri tam reabilitasiya olunmur və kəskinləşdikcə əlavə müalicəyə cəlb olunurlar. İşə baxan birinci instansiya məhkəməsi öz qərarında xx.xx.2023-cü il tarixli ekspert rəyinə istinad edərək, iddiaçıya əvvəllər əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklərin hal-hazırda davam etdiyini qeyd edərək, cavabdehin imtinasını əsassız hesab etmiş və iddianı təmin etmişdir. İlk dəfə işə baxmış apellyasiya instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ilə iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə alınmış ekspert rəyi ilə, həmçinin, bu rəyi tərtib edən tibb-sosial ekspertin izahatından müəyyən edildi ki, iddiaçıda T90 kodlu xəstəlik, eləcə də, onun ağırlaşması olan G40 kodlu epilepsiya xəstəliyi müşahidə edilmir. Hətta göndərişdə qeyd edilən T90 və G40 kodlu xəstəliklər hazırda iddiaçıda aşkar edilsə belə, həmin xəstəliklər Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli 1264 nömrəli qərarında göstərilmədiyindən, ona məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi dair iddia tələbi təmin edilə bilməzdi. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatı üzrə Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli T 76/2024 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının müayinəsi zamanı onda “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya”, “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz”, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” onun əyani müayinəsində öz təsdiqini tapmamışdır. Eləcə də, onda “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları” diaqnozlu xəstəlik də aşkar edilməmişdir. Belə ki, təqdim edilən videogörüntülərdəki tutmalar epileptik xarakter daşımır, elektroensefaloqrafik görüntülərdə hər-hansı epileptik ocaq aşkarlanmır. Publik hüquqi şəxs müalicə müəssisəsi olmadığından ekspert qarşısında qoyulmuş göndərişdə göstərilən yanaşı xəstəliklər - “Onikibarmaq bağırsağın xorası, xroniki pankreativ”, “Essensial (birincili) hipertenziya, arterial hipertenziya” və “Presbiopiya” xəstəliyinin aşkar edilib-edilməməsi ilə əlaqədar sualların cavablandırılması isə mümkün olmamışdır. Ekspert rəyindən müəyyən edilir ki, göndərişdə göstərilən T90.5 kodlu “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya” diaqnozlu əsas xəstəlik və onun ağırlaşması G40.1 kodlu “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları” xəstəlikləri iddiaçıda aşkar edilməmişdir. Ali Məhkəmə apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ləğv edərək, işi yeni apellyasiya baxışına göndərən zaman öz qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə yuxarıda göstərilmiş əsaslandırılması ilə razı deyil, hesab edir ki, apellyasiya məhkəməsi inzibati mübahisənin həll olunmasına səthi, qeyri-obyektiv və formal yanaşmış, işdə olan sübutları və işin hallarını tam və hərtərəfli araşdırmamışdır, buna görə də yanlış məhkəmə qərarı qəbul etmişdir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə əsasən məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Yəni məhkəmə ekspertizası keçirildiyi zaman tərəflərin konkret halda cavabdehin, o işin nəticəsində maraqlı olduğuna görə, ekspert kimi iştirak etməsi istisna olmaqla, yolverilməzdir. Lakin apellyasiya məhkəməsi istinad etdiyi Məhkəmə Tibbi Ekspertiza və X3 publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, ekspertizanın keçirilməsi zamanı həmin Birliyin məhkəmə tibb ekspertinin iştirakı ilə yanaşı, cavabdehin işçisi olan Vəfa Həşimova “tibbi-sosial eksperti” adı ilə ekspertizaya qoşulmuş və ekspert rəyində onun imzası da vardır. Bundan başqa V.Həşimova apellyasiya məhkəməsində mübahisəyə dair geniş izahat vermiş və hər iki sənəd (ekspert rəyi və izahat) mötəbər sübut kimi qəbul edilmişdir. Halbuki yuxarıda artıq göstərildiyi kimi, işin nəticəsində maraqlı olan şəxsin, konkret halda cavabdehin ekspertizada iştirakı qanuna ziddir (“Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsi). Birinci instansiya məhkəməsində işə baxılan zaman “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli T 99/2023 saylı ekspert rəyindən görünür ki, iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Birinci instansiya məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Bu arada xüsusi olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli T 99/2023 saylı ekspert rəyi tərtib olunduğu zaman cavabdeh, yəni işin nəticəsində bilavasitə maraqlı olan tərəfin nümayəndəsi həmin ekspertizada iştirak etməmişdir ki, bu da “məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə uyğundur. Bu baxımdan apellyasiya məhkəməsinin hansı səbəblərdən xx.xx.2023-cü il tarixli T 99/2023 saylı ekspert rəyinə deyil də, xx.xx.2024-cü il tarixli T 76/2024 saylı ekspert rəyinə istinad etməsi ümumiyyətlə əsaslandırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, işdə olan bir sıra digər sübutlar da cild 1, iş səhifələri 47-51 xx.xx.2021-ci il tarixli 0215003AAC69 nömrəli Forma 88 göndərişi: Əsas diaqnoz: T90.5 - “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya”; Ağırlaşma: G40.1 - “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları”; Yanaşı xəstəliklər: F48.0 - “Nevrasteniya”; F45.3 - “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz”; H52.4 - “Presbiopiya”; İ10 - “Essensial (birincili) hipertenziya, arterial hipertenziya”; K26 - “Onikibarmaq bağırsağın xorası, xroniki pankreativ”; F07.0 - “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, kəllə beyin travması nəticəsində əmələ gələn yaddaş pozulması” qeyd edilmişdir. Cild 1, iş səhifəsi 9 - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 25 dekabr 2015-ci il tarixli 1264 nömrəli xəstəlik haqqında şəhadətnamədə diaqnoz: Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsılması. Travmanın səbəb əlaqəsi - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir. Cild 1, iş səhifəsi 118 - Həkim-Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən üzvi (keçirilmiş qapalı kəllə-beyin travmasının) emosional-labil pozuntu F06.0 - nəzərə alınmamış, halbuki onlar da işin düzgün həll edilməsi baxımından əhəmiyyət kəsb edir. Belə olan halda Ali Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X6 tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli T 76/2024 nömrəli ekspert rəyi, həmin rəyin tərtib və təsdiq edilməsində cavabdehin nümayəndəsi iştirak etdiyinə, buna görə də bu rəy “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə zidd olduğundan mötəbər olmamaqla yanaşı, qeyri-legitimdir. Bütün yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmə iddiaçının kassasiya şikayətini qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarını ləğv etmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini icra etmiş, işi tam və hərtərəfli araşdırmış, xx.xx.2023-cü il tarixli T 99/2023 saylı ekspert rəyini mötəbər qəbul etmiş, xx.xx.2024-cü il tarixli T 76/2024 nömrəli ekspert rəyi isə “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə zidd olduğundan onu mötəbər sübut kimi qəbul etməmiş, iddiaçının xəstəliyinin və diaqnozunun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyini və iddiaçının dəqiqləşdirilməsi barədə ərizəsini əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixli 0215003AAC69 nömrəli göndərişə əsasən “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” olaraq 5 (beş) il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-335/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixli 0215003AAC69 nömrəli göndərişə əsasən “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” olaraq 5 (beş) il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar