Məhkəmə qərarları › İş №2-1(105)-374/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-374/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-374/2021 24.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı hərbi xidməti vəzifəsini yerinə yetirərkən 2-ci qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının cavabdehə həvalə olunması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-363/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “2-ci qrup Qarabağ Müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 27 il hərbi xidmətdə fasiləsiz xidmət etmiş hərbi qulluqçudur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “Hərbi travma, hərbi xidmət vəzifələrini xidməti vəzifələri yerinə yetirərkən almışdır” diaqnozu ilə döyüş postunda xəsarət, zədə almış və 2-ci qrup Qarabağ Müharibəsi əlilidir. Xidmətdən təxris edilməmişdən öncə və sonra Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13-də yerləşən, 3 otaqlı, sahəsi 46,47 kv.metr olan 39 saylı mənzildə 5 nəfərdən ibarət ailə üzvləri ilə yaşamış və qeydiyyatda olmuşdur. Daha sonra mənzildə müvəqqəti qeydiyyatda qalmaq şərtilə mənzilini qızı X2 bağışlamışdır. İİ qrup Qarabağ Müharibəsi əlili imtiyazı əsasında mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə, mənzil sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə alınmağı üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Şəhər İcra Hakimiyyəti mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin müdiri Gülsarə Əhmədovaya müraciət etmişdir. 22.02.2010-cu il tarixdən imtiyazları əsasında şəhər icra hakimiyyətinin nəzdində mənzil növbəsinə qəbul edilmiş, həmin dövrdə sıra növbəsi 63 olmaqla mənzil növbəsinə alınmışdır. Daha sonra, Sumqayıt Şəhər İcra Hakimiyyətinin heç bir rəsmi sərəncamı və məhkəmə qərarı olmadan mənzil növbəsində olmağına baxmayaraq Sədaqət Əsədovanın imzası ilə təsdiq edilmiş yüzlərlə imtiyazlı şəxslər kimi iddiaçı da Sumqayıt Şəhər İcra Hakimiyyətində rəsmi olaraq buraxılmış ciddi və ayrı nöqsanların qanunvericilikdə olmayan dürüstləşdirmə adı bəhanəsi ilə sıra növbəlik siyahısından 2013-cü ilin dekabr ayının 10-da 0-2/5 nömrəli məktubu ilə əsassız və qanunsuz olaraq çıxarılmışdır. Bununla bağlı çoxsaylı rəsmi müraciətlər etməyinə baxmayaraq, müraciətləri nəticəsiz qalmış və mənzilini 23 sentyabr 2009-cu ildə qızı X2 bağışlamağı bəhanə gətirilməklə mənzil növbəsinə bərpa edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102) 2728/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qərarının surətini aldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İddiaçı mənzilini hər hansı niyyət olmadan qızı X2 bağışlamış və bağışlamadan sonra özü mənzil növbəsinə alınmışdır. Eyni zamanda mənzilinin qızına bağışlanmasından on bir ildən çox vaxt keçmişdir. Hal-hazırda Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13-də yerləşən, 3 otaqlı, sahəsi 46,47 kv.metr olan 39 saylı mənzildə onunla birgə 10 nəfər pasport qeydiyyatındadır. 4 nəfər (gəlin və nəvələr) qeydiyyatsız olmaqla, 14 nəfər yaşayır. Ona görə də, iddiaçı haqlı olaraq təxminən 7 dəfə 2-ci qrup Qarabağ Müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmaq üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətlərinə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının aparatının mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədova tərəfindən müxtəlif tarixlərdə qərəzli imtina məktubları ünvanlanmış və “iddiaçının imtiyazı əsasında yeni tarixlə təkrar mənzil uçotuna alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına ərizə ilə müraciət edərək qərar qəbul edilməsini xahiş etməyi və məhkəmənin 2-1(102)-2728/2019 saylı, 25.12.2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2018-ci il tarixli, 2-1(105)-580/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması əsas göstərilməklə qaldırılan məsələyə məhkəmə qaydasında hüquqi qiymət verildiyindən müraciətinin müsbət həllinin mümkün olmadığı” bildirilmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)-2728/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar (baxmayaraq ki, o belə bir niyyətli hərəkətə yol verməmişdir) göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İddiaçı qeyd etmişdir ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13-də yerləşən, 3 otaqlı, sahəsi 46,47 kv.metr olan 39 saylı mənzilini 23 sentyabr 2009-cu ildə qızı X2 bağışlamışdır. Lakin həmin mənzildə 10 nəfər qeydiyyatda olan, 4 nəfər qeydiyyatda olmayan, cəmi 14 nəfər ailə üzvləri yaşayır. İddiaçı isə yaşayış şəraitləri ağır olduğundan həmin ünvanda yaşamır, kirayədə qalır, mənzilə ehtiyacı vardır. Hazırda mübahisənin başqa yolla həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-363/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, hərbi döyüş postunda hərbi xidməti vəzifəsini yerinə yetirərkən İİ qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı apelyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 izahatında bildirmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil kirayə haqqının ödənilməsi haqqında Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 nömrəli, 13 iyul 2020-ci il tarixli sərəncamı əsasında hərbi xidmət vəzifəsini yerinə yetirərərkən 2-ci qrup əlil olmuş İddiaçı imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, kirayə müqaviləsinə əsasən mənzil kirayə haqqının ödənilməsi qanunda nəzərə tutulmuş qaydada təmin edilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-363/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməli, apelyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı 2-ci qrup Qarabağ Müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə olunması üçün cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən 2-ci qrup hərbi xidmət əlilidir. 23.09.2009-cu ildən mülkiyyətində olmuş, 04.12.2009-cu il tarixdə isə bağışlama müqaviləsi əsasında subay (07.07.2011-ci il tarixdən evli) qızı Elza Orucovanın mülkiyyətinə keçirdiyi, yaşayış sahəsi 47,05 kvadrat metrdən ibarət 3 otaqlı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13, mənzil 39-da 5 nəfər ailə tərkibi ilə qeydiyyatda olmaqla 22.02.2010-cu il tarixdən mənzil uçotuna alınmışdır. 2013-cü ilə mənzil növbəlilik siyahıları dürüstləşdirilərkən iddiaçının ailəsində adambaşına düşən yaşayış sahəsinin qanunla müəyyən olunmuş uçot normasından (7,0 kv.metr) çox olmaqla növbəyə alındığı aşkar olunmuşdur. Nəticədə uçotda qalmasına hüquqi əsasları olmayan şəxslər, o cümlədən, iddiaçı Mənzil Məcəlləsinin 55-ci maddəsinin tələblərinə uyğun olaraq siyahıdan çıxarılmışdır. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış 2-ci qrup müharibə əlillik imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində yeni tarixlə təkrar mənzil uçotuna alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına ərizə ilə müraciət edərək qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 2-1(102)-2728/2019 saylı, 25.12.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2018-ci il tarixli, 2-1(105)-580/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qaldırılan məsələyə məhkəmə qaydasında hüquqi qiymət verildiyindən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı 2-ci qrup Qarabağ Müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hərbi döyüş postunda hərbi xidməti vəzifəsini yerinə yetirərkən 2-ci qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə məhkəmədə baxılarkən tərəflər arasında yaranmış mübahisənin hüquqi nəticəsi dəyişmişdir. Belə ki, apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil kirayə haqqının ödənilməsi haqqında Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 362 nömrəli, 13 iyul 2020-ci il tarixli sərəncamdan müəyyən olunmuşdur ki, hərbi xidmət vəzifəsini yerinə yetirərərkən 2-ci qrup əlil olmuş İddiaçı imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, kirayə müqaviləsinə əsasən mənzil kirayə haqqının ödənilməsinin qanunda nəzərə tutulmuş qaydada təmin edilməsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi və şəhər icra hakimiyyətinin mühasibatlığının sərəncamdan irəli gələn məsələləri həll etməsi qərara alınmışdır. İddiaçının hazırki iddianı qaldırmaqda məqsədi hərbi xidməti vəzifəsini yerinə yetirərkən 2-ci qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının cavabdehə həvalə olunması barədə qərar qəbul olunması idisə, işə məhkəmədə baxılarkən iddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirərkən 2-ci qrup əlil olması imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, bununla da tərəflər arasında mövcud mübahisəyə son qoyulmuşdur. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki,apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-363/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-363/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı hərbi xidməti vəzifəsini yerinə yetirərkən 2-ci qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının cavabdehə həvalə olunması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar