Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-375/2022 01.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı “0.04 ha torpaq sahəsinin yerində müəyyən edilərək və ayrılaraq sahiblik və istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(118)-247/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli, 21 saylı qərarı ilə Abşeron rayonu Qobu Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi üçün satılmış 0.04 ha torpaq sahəsinin yerində müəyyən edilərək və ayrılaraq sahiblik və istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli, 21 saylı qərarı ilə ona Abşeron rayon Qobu Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi üçün 0,04 ha torpaq sahəsi satılmışdır, torpaq sahəsinin müəyyənləşdirilmiş dəyərini - 2.200 manat məbləğində pulu Abşeron rayon Qobu Bələdiyyəsinin hesabına ödəmişdir. Torpaq sahəsinin satılması barədə qərar müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə göndərilmiş, həmin şöbə tərəfindən torpaq sahəsinin ayrılmasına müsbət rəy verilmiş və torpaq sahəsinin cizgisi təsdiqlənərək Qobu Bələdiyyəsinə göndərilmişdir. Qobu Bələdiyyəsinin sədri ilə arasında “Torpaqların alqı-satqısına dair Akt” imzalanmış və həmin akt 30 dekabr 2012-ci il tarixli, 1776 sayı ilə qeydiyyata alınmışdır. Həmin dövrdən başlayaraq ayrılmış torpaq sahəsinin ölçülərinin yerində müəyyən edilərək sahiblik və istifadəsinə verilməsi barədə dəfələrlə Qobu Bələdiyyəsinə müraciət etmişdir. Lakin bu günədək torpaq sahəsi sahiblik və istifadəsinə verilməmişdir. Sonuncu dəfə 29 iyul 2021 -ci il tarixdə yazılı müraciət etsə də, yenə də müraciətinə cavab verilməmişdir. Qobu Bələdiyyəsinin müraciətlərini cavablandırmamasını qanunsuz və əsassız hesab edir, qeyd edir ki, həmin hərəkətsizlik onun hüquqlarını pozur və məhdudlaşdırır. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(118)-247/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İ.Quliyev). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçı izahatında əlavə olaraq bildirdi ki, Abşeron rayon Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli, 21 saylı qərarı ilə ona 0,04 ha torpaq sahəsi ayrılarkən torpaq sahəsinin yeri bələdiyyə tərəfindən ona göstərilmişdir. O, həmin torpaq sahəsinə daş tökmüş, lakin tökülən daşlar oğurlanmışdır. Daha sonra həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olduğunu və ev tikdiyini görmüşdür. Həmin şəxs sözügedən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bu səbəbdən hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən torpaq sahəsi iddiaçıya ayrılmış, torpaq sahəsinin alqı-satqısı həyata keçirilmiş, torpaq sahəsinin yerquruluşu planından çıxarış verilmiş və həmin sənədlər dövlət arxivinə təhvil verilmişdir. Belə olan halda cavabdeh orqan öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir və zəruri sənədləri iddiaçıya təqdim etdiyi və hazırda həmin sənədlər dövlət arxivinə təhvil verildiyi halda, iddiaçının hazırkı tələbi əsaslı hesab edilə bilməz və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin öz üzərinə düşən öhdəliyi yerinə yetirməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddianın mümkünlük şərtlərini araşdırmadan mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Halbuki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edildiyi kimi, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Abşeron rayonu Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Abşeron rayon X2 02 noyabr 2007-ci il tarixli, 21 saylı qərarına əsasən, Abşeron rayonu Qobu Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı fərdi mənzil tikintisi üçün 0.04 ha torpaq sahəsinin satılması barədə DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması və İddiaçı fərdi mənzil tikintisi üçün torpaq sahəsi satılması qərara alınmışdır. 13 fevral 2009-cu il tarixli, 09 nömrəli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən 13 fevral 2009-cu il tarixdə X1 filialının h/h **********0001 VÖEN ********* nömrəli bank hesabına 2200 (iki min iki yüz) manat pul ödənilmişdir. Qobu Bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış və akt DTXK-nin Abşeron rayon şöbəsində xx.xx.2010-cu il tarixində 1776 nömrə ilə qeydə alınmışdır. İddiaçıya ayrılmış sözügedən 0,04 ha torpaq sahəsinə dair Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib olunmuş, həmçinin DTXK-in Abşeron rayon şöbəsinin xx.xx.2010-cu il tarixli 233 saylı rəyi ilə, iddiaçıya bələdiyyə qərarı ilə satılmış 400 kv.m torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz edilməmişdir. Beləliklə, işin birinci instansiya məhkəməsindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya bələdiyyə qərarı ilə torpaq sahəsinin satılması qərara alınmış, ayrılmış torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib olunmuş və cavabdeh tərəfindən torpaq sahəsinin yeri göstərilərək iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı tələbində bələdiyyə qərarı ilə ona 0.04 ha torpaq sahəsinin satıldığını, lakin torpaq sahəsinin yerinin göstərilmədiyini bildirsə də, məhkəmə iclasında izahatında Qobu bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılarkən, torpaq sahəsinin yerinin ona göstərildiyini, hətta onun tərəfindən torpaq sahəsinə daş töküldüyünü, daha sonra isə torpaq sahəsinin başqa şəxs tərəfindən zəbt edildiyini və həmin şəxsin torpaq sahəsinə çıxarış aldığını bildirmişdir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halına yol verilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilən Plenum qərarının 6-7-ci bəndlərinə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya həmçinin hesab edir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldıdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqlarını məhkəmə qaydasında mübahisələndirməlidir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(118)-247/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-375/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-375/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver