Məhkəmə qərarları › İş №2-1(105)-376/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-376/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-376/2022 28.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin üzərinə Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edərək ona 2ci qrup əlillik təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(118)-484/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehlərin üzərinə Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edərək ona 2-ci qrup əlillik təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, epilepsiya xəstəsidir və bununla əlaqədar ona 2-ci qrup əlil kimi təyin olunmuş əlillik müddəti bitdiyindən yenidən Sumqayıt şəhərinin 2 nömrəli poliklinikasının həkim məsləhət komissiyasından keçirilmiş və bu barədə göndəriş nazirliyin “tibbi-sosial ekspert komissiyasının (TSEK) göndərişlərin reyestri”nə daxil edilmişdir. İddiaçıya TSEK-dən “əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilməsi barədə cavab göndərilmişdir. Bu qərar qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2-ci bəndində əsasən “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi (G40-G419.) səbəbi ilə 2-ci qrup əlillik müəyyən olunmuşdur (2.2.11.). Epilepsiya, seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40- G40.9) 3-cü qrup əlillik dərəcəsi təyin edilməsi müəyyən olunmuşdur. İddiaçı barəsində Həkim Komissiyası tərəfindən verilmiş göndərişdə və ambulator kitabçadan çıxarışda bir ay ərzində tez-tez təkrarlanan tutmaların sayının 8 olması qeyd edilmişdir. Göründüyü kimi, təsdiq olunmuş meyarlarda 2-ci qrup üçün nəzərdə tutulduğundan iddiaçıda müşahidə edilən tutmaların sayı iki dəfə çoxdur və iddiaçının ikinci qrup əlillik dərəcəsi almaq hüququ yaranmışdır. Müalicəyə iddiaçının daim ehtiyacı vardır, lakin bu ona əlillik qrupu verilməsindən imtina edilməsinə əsas vermir. Ona imtina verilməsi hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını, ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Sumqayıt 2 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamış başqa pozğunluğu; Diaqnozun mətni: Ensefalopatiya. Anamnezində KBT-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə. ANS. Zəif dər. miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli 0530003AABJA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş Ensefalopatiya. Anamnezində КВТ-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə. ANS. Zəif dər. miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş Ensefalopatiya. Anamnezində КВТ-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə. ANS. Zəif dər. miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAHBF saylı göndərişi əsasında baxılmış və “X1 : Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Epilepsiya, Simptomatik. Anamnezində kəllə beyin travması.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicə müddəti azdır. Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.

4. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər 2 nömrəli şəhər poliklinikası üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(118)-484/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edərək iddiaçı X3 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. (hakim İmran Burcayev)

6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən bildirmişdir ki, İddiaçı iddia tələbi araşdırılarkən müəyyən edilmişdir ki, Sumqayıt şəhər 4 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən İddiaçı müayinə olunmuş və ona tez-tez təkrarlanan (ayda 8 dəfə) generalize olunmuş qıcolma tutmaları (R56), dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya (G93.4), xoşxassəli kəllədaxili hipertenziya (G93.2), nevrasteniya, asteno nevrotik sindrom diaqnozları qoyulmuşdur. İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə nevropotoloq tərəfindən G40 epilepsiya, epilepsiya simptomatik. Anamnezində kəllə beyin travması qeyd olunmuşdur. Qeyd olunan məlumatlar əsasında “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinanın əsas səbəbi kimi xəstənin son 5 il ərzində stasionar müalicəsi haqqında məlumatın olmaması göstərilmişdir. Məhkəmə inzibati orqanının bu səpkidə gətirdiyi arqumenti əsassız hesab edərək qeyd edir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən inkar edilməməklə yanaşı iddiaçının ev şəraitində, o cümlədən, Sumqayıt şəhər 2 nömrəli şəhər poliklinikasında müalicə alması onun tərəfindən təqdim edilmiş müayinə vərəqələri ilə müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus tibb müəssisəsi tərəfindən qeydiyyat aparılmış, xəstəlik kitabçasından çıxarışa əsasən o, müxtəlif vaxtlarda - xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə müalicələr almışdır. Xəstədə baş ağrıları, baş gicəllənmə, huşun itməsi, qıcolma kimi hallar müəyyən edilmiş və ona ensefalopatiya, simptomatik epilepsiya diaqnozları qoyulmuşdur. Təqdim edilən resept müayinələrindən isə iddiaçının daim ambulator müayinə alması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının ev şəraitində və tibb müəssisəsində müalicə və müayinələri cavabdeh tərəfindən verilən imtinanın əsassız olmasına dəlalət verir. Nəticədə iddia qismən təmin edilmiş, Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edərək İddiaçı 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Agentliyin üzərinə qoyulmuşdur. İddiaçının əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirilməsi 2015-ci ildə həyata keçirilmiş, 2016-cı ildə isə elektron təyinatla əlillik vəziyyəti avtomatik olaraq 5 il müddətinə uzadılmışdır. Beləliklə, iddiaçının əlillik vəziyyəti 6 il müddətində (2015-ci ildən, sonuncu göndərişin verildiyi xx.xx.2021-ci il tarixinə qədər) yoxlanılmamışdır. İddiaçının 2015-2021-ci illər ərzində stasionar müalicə müddətləri əlillik təyinatı üçün müraciət etdiyi göndərişdə göstərilməmişdir. Hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsasdır. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməkdən haqlı olaraq imtina edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək etirazında göstərmişdir ki, birinci instansiyada məhkəmə baxışı zamanı, həmçinin apellyasiya şikayətində, iddiaçının epilepsiya xəstəsi olmağı və bundan əvvəl də 2-ci qrup əlil kimi pensiya almağı, eyni zamanda, bu xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasanamə”yə uyğun olması cavabdeh tərəfindən təkzib edilmir. Yalnız cavabdeh formal olaraq ziddiyətli dəlillərlə ona əlillik dərəcəsi verilməsindən imtina edilməsinin düzgünlüyünün əsaslandırılmasına çalışır. O, iddiaçı barəsində elektron göndərişdə 2015-2021-ci illər ərzində stasionar müalicə müddətlərinin göstərilmədiyini bildirir, habelə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndində (1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması) nəzərdə tutulmuş stasionar müalicə üsulunun əlillik təyin edilməsi üçün məcburi əsas olduğunu göstərir və buna görə ona verilən göndərişdə ambulator müalicə göstərilsə də göndərişin düzgün olmadığını sübut etməyə çalışır. Həmin Qaydanın 1.1-ci bəndinə əsasən bu Qayda “əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir”. Yəni göndərişi verən tibb müəssisəsi ilə qərar qəbul edən inzibati qurum arasında prosedur münasibətləri müəyyən edir. Göndərişin tibb müəssəsi tərəfindən düzgün təqdim olunmaması və ya hər hansı məlumatı əhatə etməməsi və yaxud digər formal olaraq aradan qaldırıla bilən hallar inzibati quruma üçüncü şəxsin (xəstənin) hüquqlarının təmin edilməsindən imtina edilməsinə əsas vermir. İnzibati qurum imtina qərarını yalnız xəstədə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasanamə” də göstərilən xəstəlik və ya hal olmadığı sübut olunduğu təqdirdə verilə bilər. Eyni zamanda, məzmunundan anlaşılır ki, cavabdeh tərəfindən istinad edilən Qaydanın müddəası düzgün şərh edilmir. Həmin müddəaya əsasən göndərişin alternativ əsasla ya ambulator müalicə, və ya stasionar müalicə ilə bağlı təqdim edilə bilməsi və qiymətləndirilməsi imkanları nəzərdə tutulmuşdur. Buna görə də, cavabdehin Sumqayıt İnzibati Məhkəməsinin yalnız xəstənin ambulator (həkimin müəyyən etdiyi reseptlər əsasında ev şəraitində) qaydada daim müalicə olunmasını əsas tutaraq çıxardığı qərarını əsassız sayması məntiqə uyğun deyil və qaydanın müddəası onun tərəfindən düzgün şərh edilmir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir.

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.

2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır.

2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.

2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.

2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda.

3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.11-ci bəndinə əsasən, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi (G40-G419.) səbəbi şəxsə ikinci dərəcə əlillik təyin edilir. Əsasnamənin 2.3.4cü bəndinə əsasən Epilepsiya, seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40- G40.9) 3-cü dərəcə əlillik təyin edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

17. İş materiallarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya ünvanlanmış imtina bildirişində onun əlavə müalicəyə ehtiyacı olması səbəbindən əlillik təyinatından imtina edilmişdir.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən iddiaçıya Epilepsiya, Simptomatik. Anamnezində kəllə beyin travması diaqnozu qoyulmuşdur.

19. Sumqayıt Tibbi Mərkəzi PHŞ 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli, 375 nömrəli arayışına əsasən iddiaçı “epilepsiya” diaqnozu ilə Sumqayıt şəhər 2 nömrəli ASM-də dispanser qeydiyyatdadır.

20. Sumqayıt Tibb Mərkəzi PHŞ X5 Stansiyasının xx.xx.2021-ci il tarixli 2590 nömrəli arayışına əsasən xx.xx.2021-ci il tarixdə saat 11:32-də ünvan 1 ünvanında yaşayan 1984cü il təvəllüdlü İddiaçı adına ünvan 2 ünvanına 25 saylı çağırış daxil olmuşdur.

21. İddiaçıya dəqiqləşdirilməmiş epilepsiya tutmasından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur.

22. İş materiallarına iddiaçıya məxsus müxtəlif xəstəlik vərəqələri əlavə edilmişdir. Mərkəzi Neftçilər Xəstəxanasından verilən epikrizə əsasən (yatış tarixi xx.xx.2015; çıxış tarixi xx.xx.2015) iddiaçıya əsas Mediastinal törəmə, yanaşı: Epilepsiya klinik diaqnozu qoyulmuşdur.

23. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti ilə bağlı məlumatlara əsasən iddiaçıya əsas diaqnoz olaraq epilepsiya (G40), simptomatik. Anamnezində kəllə beyin travması qoyulmuşdur. Ağırlaşma diaqnozu kimi başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, tez-tez təkrarlanan (ayda 8 dəfə) generalizə olunmuş qıcolma tutmaları (R56), dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya (G93.4), xoşxassəli kəllədaxili hipertenziya (G93.2), nevrasteniya, Asteno nevrotik sindrom (F48.0) qeyd edilmişdir.

24. İşdə olan TSEK müayinələrinə əsasən iddiaçıya xx.xx.2014-cü ildə bir il müddətinə, xx.xx.2015-ci ildə bir il müddətinə, xx.xx.2016-cı ildə beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Diaqnozun mətni dəqiqləşdirilməmiş ensefalopatiya, anamnezində KBT-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə, ANS, zəif dər miopiya olmuşdur. xx.xx.2021-ci ildə iddaçıya əlilliyin verilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, son illərdə müalicə müddətinin az olması, əlavə stasionar müalicəyə ehtiyacının olması qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik verilməsindən yenidən imtina edilmişdir. Səbəb kimi göndərişin natamam doldurulması, son 5 il ərizndə stasionar müalicəsi haqqında məlumatın olmaması olmuşdur.

25. İş materiallarından göründüyü kimi iddiaçı Sumqayıt şəhər 4 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən İddiaçı müayinə olunmuş və ona tez-tez təkrarlanan (ayda 8 dəfə) generalizə olunmuş qıcolma tutmaları (R56), dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya (G93.4), xoşxassəli kəllədaxili hipertenziya (G93.2), nevrasteniya, Asteno nevrotik sindrom diaqnozları qoyulmuşdur. İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə nevropotoloq tərəfindən G40 epilepsiya, epilepsiya simptomatik. Anamnezində kəllə beyin travması qeyd olunmuşdur. Qeyd olunan məlumatlar əsasında “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinanın əsas səbəbi kimi xəstənin son 5 il ərzində stasionar müalicəsi haqqında məlumatın olmaması göstərilmişdir.

26. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən inkar edilməməklə yanaşı iddiaçının ev şəraitində, o cümlədən, Sumqayıt şəhər 2 nömrəli şəhər poliklinikasında müalicə alması onun tərəfindən təqdim edilmiş müayinə vərəqələri ilə müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus tibb müəssisəsi tərəfindən qeydiyyat aparılmış xəstəlik kitabçasından çıxarışa əsasən o, müxtəlif vaxtlarda – xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə müalicələr almışdır. Xəstədə baş ağrıları, baş gicəllənmə, huşun itməsi, qıcolma kimi hallar müəyyən edilmiş və ona ensefalopatiya, simptomatik epilepsiya diaqnozları qoyulmuşdur. Təqdim edilən resept müayinələrindən isə iddiaçının daim ambulator müayinə alması müəyyən edilmişdir.

27. Belə olan halda, cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən imtina edərək düzgün nəticəyə gəlməmişdir.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməlidir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(118)-484/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar