Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-376/2025 07.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1952/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1952/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-171954/2024 saylı məktubla iddiaçıya pensiyanın təyin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi qeyd etmişdir ki, bort operator vəzifəsində işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsi ilə deyil, 9.1-ci maddəsi ilə qanunvercilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilər. Həmçinin cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 231 nömrəli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Cavabdeh inzibati orqanın müvqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydalarının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən "xxxx" QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda "xxxx" QSC-də bort operator vəzifəsi mövcud deyildir. İkincisi araşdırma apardığınız şəxslərin heç biri "xxxx" QSC-nin işçisi deyillər və onlar X5 şirkətinin əməkdaşlarıdırlar. Buna görə də, "xxxx" QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə pensiya təyin edilməsindən imtina edilməsi əsassızdır. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA-nın eləcə də Agnentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir. Qeyd edilənlərdən görünür ki, iddiaçıya pensiyanın təyin edilməməsində ifadə edilən hərəkətlə qanunsuz və əsassız olmuşdur. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalan"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Nəqliyyat” bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının Mərkəzi Filial təqdim etdiyi sənədlərlə xx.xx.2010-cu il tarixdən bugünədək "xxxx" Aviaşirkətində bort operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəflərindən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilmişdir. Bundan başqa, mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən Dövlət Mülki Aviasiya Agentliyi müvafiq sorğuya xx.xx.2023-cü il tarixdə verdiyi cavab məktubunda Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı Beynəlxalq Mülki Aviasiya haqqında 1994-cü il Çikaqo Konvensiyasını da əsas gətirərək bort operatorunun nə uçuş heyət üzvü, nə də digər uçuş mütəxəssisi hesab edilmədiyi bildirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, iddiaçının Mərkəzi Filial təqdim etdiyi sənədlərlə xx.xx.2010-cu il tarixdən bugünədək "xxxx" Aviaşirkətində bort operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Nəqliyyat” bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bu səbəbdən iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş İddiaçı məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq nəzərə alır ki, inzibati icraat materiallarına əlavə edilmiş "xxxx" Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 iyun 2024-cü il tarixli, 99-24/HR/SWA saylı arayışında qeyd edilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixindən "xxxx" MMC-nin Uçuş dəstəsinin İL-76 tipli hava gəmisinin bortoperatoru vəzifəsinə qəbul edilib (xx.xx.2010-cu il tarixli əmr № 43Ş-4) və halhazırda həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı "nın 21.3-cü bəndinə müfaviq olaraq, pensiya hüququ verən hava gəmilərinin bortoperatoru vəzifəsində iş stajı: 14 il 4 ay 16 gün təşkil edir. "xxxx" Aviaşirkəti MMC-nin arayışında qeyd edilmişdir ki, İL76 Hava gəmisinin bortoperatoru İddiaçı uçuş işində xidməti illərinə görə xx.xx.2022-ci il tarixinədək 5400 (beş min dörd yüz) saat olmaqla sığorta stajı 25 il təyin olunmuşdur. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Mübahisənin əsasını iddiaçının sığorta stajı və ya pensiya kapitalı deyil, məhz vəzifə uyğunsuzluğu təşkil edir. Bu kateqoriya işlər üzrə isə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, “analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-992/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1097/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-998/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-891/2024 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi bir-birindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir.
13. “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Qanunun tələbinə görə hava gəmisinin ekipajını müəyyən etmək səlahiyyəti 2 şəxsdədir: 1. hava gəmisinin sahibi 2. hava gəmisinin istismarçısı.
14. Belə ki, sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər.
15. Həmçinin qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən təsdiq olunmuş əmrə əsasən xx.xx.1985-ci ildən qüvvəyə minmiş “İL-76 T (TD)” hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq “İL-76 T (TD)” hava gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: 1. hava gəmisinin komandiri; 2. hava gəmisinin pilotu; 3. naviqatoru; 4. bortmühəndisi; 5. bortradisti; 6. böyük bortoperatoru; 7. bortoperatoru.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bort operator vəzifəsi konkret olaraq qeyd edilməsə də, həmin bənddə digər uçuş mütəxəssisləri söz birləşməsi göstərilmişdir. Bununla da norma yaradan orqan həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmamış və uçuş heyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etmişdir.
17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.” (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 1451/2024 nömrəli qərardadı) “Məhkəmələr və hakimlər haqqında” Qanununun 79-1-ci maddəsinə əsasən Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İddiaçının hüququnun yarandığı tarixin iddia tələbinə uyğunluğu baxımından isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarına əsasən: Bənd 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri)...
3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10a, alınan nəticə isə 12 aya bölünür. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara yaşa görə əmək pensiyası təyin edilərkən həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 402 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, xx.xx.2022-ci il, “Xalq” qəzeti, 5 noyabr 2022-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1339) ilə “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3.2-ci bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən 3.1-ci və 3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara - azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə tətbiq olunur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 - 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, İL76 Hava gəmisinin bort operatoru İddiaçı uçuş işində xidməti illərinə görə xx.xx.2022-ci il tarixədək 5400 saat olmaqla sığorta stajı 25 il olmuşdur və onun xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, iddiaçı hüququnun yarandığı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil etmişdir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1952/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.