Məhkəmə qərarları › İş №2-1(105)-379/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-379/2020

17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-379/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X3 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Şamaxı rayon şöbəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli **********3 saylı imtinasının əsassız hesab olunması və onun xx.xx.1976-cı ildən xx.xx.1978-ci il tarixə kimi Şamaxı rayonu 9 saylı səyyar Mexanikləşdirilmiş dəstəsində, 1978-1985-ci illərdə Şamaxı rayonu X1 və 1987-1992-ci illərdə Şamaxı rayon 10 saylı X2 işlədiyi müddətlərin sosial sığorta stajına hesablamaqla ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-969/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Şamaxı rayon şöbəsitərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Şamaxı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək,cavabdehin xx.xx.2020-ci il tarixli **********3 saylı imtinasının əsassız hesab olunması və onun xx.xx.1976-cı ildən xx.xx.1978-ci il tarixə kimi Şamaxı rayonu 9 saylı səyyar Mexanikləşdirilmiş dəstəsində, 1978-1985-ci illərdə Şamaxı rayonu X1 və 1987- 1992-ci illərdə Şamaxı rayon 10 saylı X2 işlədiyi müddətlərin sosial sığorta stajına hesablamaqla ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-969/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Şamaxı rayon şöbəsi tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-969/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Şamaxı rayon Nağaraxana kəndində yaşayan İddiaçı təqdim etdiyi arxiv arayışlarında xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə kimi Şamaxı rayon 9 saylı Səyyar Maexanikləşdirilmiş dəstəsində, 1978-1985-ci illərdə Şamaxı rayon X1 və 1987-1992-ci illərdə Şamaxı rayon 10 saylı X2 işləyərək əmək haqqı almışdır. Bu qeydlərin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması “Əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” nın 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qaydalardan göründüyü kimi, vətəndaşların sosial sığorta stajı əmək kitabçası əsasında götürülür. Vətəndaşların keçmiş kolxozda və müəssisədəki əmək stajı həmin müəssənin əmr kitablarına əsasən nəzərə alınır və işə girib çıxma əmrləri əmək kitabçasında qeyd olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsindən görünür ki, 5 gün müddət ərzində işçiyə əmək kitabçası açmalıdır. Lakin göründüyü kimi, İddiaçı həmin illər ərzində əmək kitabçası açılmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehinapelyasiya şikayəti təmin edilməməli və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-969/2020 saylı xx xxxx 2020-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Dövlət Arxivinin Şamaxı filialının xx xxxxxxxx 2019-cu il tarixli, 585 saylı arxiv arayışlarından görünür ki, iddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə 9 nömrəli səyyar Mexanikləşdirilmiş dəstəsində, 08.1978-1982-ci illərdə X1, 1983-1985-ci illərdə X1, 1987-1988-ci illərdə 10 nömrəli X2, 1989-1992 ci illərdə 10 nömrəli X2 işləmiş və əmək haqqı almışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli imtina məktubundan görünür ki, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə kimi Şamaxı rayon 9 saylı Səyyar Maexanikləşdirilmiş dəstəsində, 1978-1985-ci illərdə Şamaxı rayon X1 və 1987-1992-ci illərdə Şamaxı rayon 10 saylı X2 işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı əmək pensiyası təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının işlədiyi dövlər əmək kitabçasında öz əksini tapmadığına görə həmin dövrün onun sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Qeyd olunan qərar ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, iddiaçı müxtəlif illərdə- xx.xx.1976-cı ildən xx.xx.1978-ci il tarixə kimi Şamaxı rayonu 9 saylı səyyar Mexanikləşdirilmiş dəstəsində, 1978-1985-ci illərdə Şamaxı rayonu X1, 1987- 1992-ci illərdə Şamaxı rayon 10 saylı X2 (arxiv arayışlarına əsasən) və əmək kitabçasında qeyd olunan müəssisələrdə işləmişdir və bu səbəbdən qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddədlər əmək kitabçasına və arxiv arayışlarına əsasən hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd etdiyi illəri mübahisələndirməmiş, mübahisə yalnız arxiv arayışlarında qeyd olunmuş illərin əmək kitabçasında öz əksini tapmaması ilə bağlıdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, iddiaçının arxiv arayışlarında qeyd edilən işlədiyi illər üzrə vəzifəli şəxs tərəfindən əmək kitabçasında lazımi qeydlərin aparılmaması, yəni başqa bir şəxsin hərəkəti (hərəkətsizliyi) iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, əmək kitabçasında müvafiq qeydlərin aparılması qanunvericilklə onun vəzifəsi deyil. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X7 xx xxxxxxxx 2019-cu il tarixli, 585 saylı arxiv arayışlarından iddiaçının xx.xx.1976-xx.xx.1978-ci illərdə 9 nömrəli səyyar Mexanikləşdirilmiş dəstəsində, 08.1978-1982-ci illərdə X1, 1983-1985-ci illərdə X1, 1987-1988-ci illərdə 10 nömrəli X2, 1989-1992-ci illərdə 10 nömrəli X2 işləməsi öz təsdiqini tapır. Əmək kitabçasında qeyd olunan müəssisələrdə və arxiv arayışlarına görə iddiaçının əmək stajı 26 il 08 ay 28 gün təşkil edir. Yaş həddi ilə bağlı isə kollegiya qeyd edir ki, 2020ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğu nəzərə alındıqda onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64 il (6 ay) yaşında, xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-969/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Şamaxı rayon şöbəsininapelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Şamaxı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-969/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar