Məhkəmə qərarları › İş №2-1(105)-38/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-38/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-38/2022 13.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında MH seriyalı ******* nömrəli 18 iyun 2007-ci il tarixli “çıxarışla” mülkiyyət hüququ tanınmış Abşeron rayonu, Fatmayı kəndi ərazisindən keçən şosse yolunun kənarında yerləşən 0,10 ha ölçüdə torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 50.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair iş üzrə açar sözlər: öhdəliyin icrası, dövlət ehtiyacları üçün alınmış torpağa görə kompensasiya ödənilməsi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Şirinova Şəfəq Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında MH seriyalı ******* nömrəli 18 iyun 2007-ci il tarixli “çıxarışla” mülkiyyət hüququ tanınmış Abşeron rayonu, Fatmayı kəndi ərazisindən keçən şosse yolunun kənarında yerləşən 0,10 ha ölçüdə torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 50.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair Sumqayit İnzibati Məhkəməsinin 01.06.2021-ci il tarixli 2-1(118)-679/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında MH seriyalı ******* nömrəli 18 iyun 2007-ci il tarixli “çıxarışla” mülkiyyət hüququ tanınmış Abşeron rayonu, Fatmayı kəndi ərazisindən keçən şosse yolunun kənarında yerləşən 0,10 ha ölçüdə torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 50.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması“ barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında MH seriyalı ******* nömrəli 18 iyun 2007-ci il tarixli “çıxarışla” Abşeron rayonu, Fatmayı kəndi ərazisindən keçən şosse yolunun kənarında yerləşən və fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququ tanınmışdır. 2014-cü ildə Cavabdeh (sabiq "xxxx" ASC) Bilgəh-Sumqayıt şossenin tikintisini icra edərkən yolun kənarında yerləşən ona məxsus torpaq sahəsi tikinti altına düşdüyündən heç bir razılıq olmadan həmin sahəni zəbt edib yerində 10 metr dərinliyində özül qazaraq istifadəyə tam yararsız hala salmışdır. Həmin vaxtdan başlayaraq Azərbaycan Respublikasının müxtəlif hakimiyyət orqanlarına və ünvanlı olaraq Cavabdeh rəhbərliyinə dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə saysız rəsmi müraciətlərinin heç bir nəticəsi olmamışdır. Qanunvericiliklə qorunan mülkiyyət hüququ bərpa edilməmiş, əmlakının əvəzi olaraq kompensasiya verilməsindən müxtəlif bəhanələrlə imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Cavabdehin etirazları:

3. İddiaya qarşı cavabdeh etiraz təqdim etməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2-1(118)-679/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia tələbi qismən təmin edilərək İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisindən keçən şosse yolunun kənarında yerləşən və fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsi tikinti altına düşdüyü üçün 45.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan Cavabdeh səlahiyyətli nümayəndəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2-1(118)-679/2021 saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri

5. Cavabdehin səlahiyyətli nümayəndəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmaqla düzgün tətbiq edilməmiş, işin faktiki halları tam araşdırılmamış, onlara düzgün qiymət verilməmişdir. Bu fikirini əsaslandırmaq üçün cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35 və 36-cı maddələrinə istinad etməklə onu da vurğulayır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikintisi altına düşməsi işin mübahisəsiz halıdır və cavabdehə ünvanlanmış məktubda bu qeyd edilmiş, lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Yəni torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümükünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən düzgün nəticəyə gəlməmişdir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

6.Apelyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə etiraz edirək əlavə olaraq göstərdi ki, həyat yoldaşının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisindən keçən şosse yolunun kənarında yerləşən və fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha ölçüdə torpaq sahəsi 2014-cü ildə Cavabdeh tərəfindən Bilgəh-Sumqayıt şossenin tikintisinin icrası ilə əlaqədar onlara məlumat belə verilmədən zəbt edilərək yerində 10 metr dərinliyində özül qazılaraq istifadəyə tam yararsız hala salınmış, həmin vaxtdan başlayaraq o, müxtəlif hakimiyyət orqanlarına və ünvanlı olaraq Cavabdeh rəhbərliyinə dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə saysız rəsmi müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır. Qanunvericiliklə qorunan mülkiyyət hüquqları bərpa edilməmiş, əmlaklarının əvəzi olaraq kompensasiya verilməsindən müxtəlif bəhanələrlə imtina olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında cavbdehin nümayəndəsi bəhanə gətirərək ekspertiza keçirilməsi bildirmiş olsa da, cavabdeh agentliyin rəsmi mıəktubunda heç yolun layihə smeta sənədlərinin olmaması vurğulanırsa deməli ekspertizanın keçirilməsi də mümkünsüz olacaq. Digər tərəfdən cavabdeh bütün müraciətlərində bizə məxsus torpaq sahəsinin həqiqətəndə yeni çəkiləcək yol altına düşdüyünü və kompensasiyanın ödəniləcəyini bildirmiş, hətta cavabdehin özünün təqdim etdiyi sənədlərdə bizim torpaq sahəsinə görə 40.000 manat və üstəgəl 20 faiz əlavə olmaqla ümümilikdə 48.000 manat kompensasiya hesablanması göstərildiyindən həmin məbləğin ödənilməsini tələb edirik. Lakin bu hələ bizim tam razı olmağımız demək deyil, ona görə ki, bu hesablanan məbləğ 7-8 il bundan əvvəlki qiymətlərə görə idi, hazırda isə həmin torpaq sahəsinin qiyməti 70-80000 arasında dəyərləndirilir. Ona görə də ədalətli məhkəmə qərarının qəbul edilməsini xahiş edirlər.

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə onu da göstərmişdir ki, X2 məxsus olan torpaq sahəsinin yerindən maqistral yol tikintisi nəzərdə tutulmuş və tikinti işlərinə başlanılmış, sonradan həmin yolun tikintisi maliyyə vəsaitinin ayrılmaması səbəbindən yarımçıq saxlanılmış, hal-hazırda yol yoxdur. Onlar torpaq sahəsinin layihəyə düşməsini mübahisələndirmirlər. Əmlak Komitəsi iddiaçıya məxsus torpaq sahəsini qiymətləndirmiş və həmin torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim edə bilərlər. Torpaq sahəsinə müdaxil olunub, ancaq iddiaçının torpaqdan sərbəst istifadə edib-etmədiyini deyə bilmir və düşünürlər ki, ekspertiza təyin edilməli idi. Ona görə də qeyd edilənlərin nəzərə alınmasını və apelyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

9. İş üzrə müvafiq sorğular cavabdeh tərəfindən cavablandırıldıqdan sonra məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

16. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

18. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

19. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

20. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

21. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

22. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

23. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

24. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

25. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

26. Azərbaycan Respublikasının Konstitusiyası (-). Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-). Maddə 29. Mülkiyyət hüququ (-). İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlə ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (-).

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

28. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi.

29. “İnzibati icraat haqqında” Qanun Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hazırki qərarın 11-20-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatlarını, tələb olunan sənədlərlə apelyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tətqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, cavabdehin təqdim etdiyi sənədlərə əsasən iddiaçının mülkiyyətində olmuş Abşeron rayonu, Fatmayı kəndi ərazisindən keçən şosse yolunun kənarında yerləşən və fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha ölçüdə torpaq sahəsi dövlət əhəmiyyətli “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi altına düşmüş, layihəni icra edən subyekt tərəfindən tikinti altına düşən 1000,00 kv.metr torpaq sahəsinə görə iddiaçıya ödənilməli olan kompensasiya məbləği müstəqil qiymətləndirici vasitəsilə 48000,00 manat məbləğində hesablanmış (i.v. 108-109), qeyd olunan torpaq sahəsi yol yatağının altına düşsə də, iddiaçıya hesablanmış kompensasiya məbləği ödənilməmişdir.

32. Tərəflərin arasında yaranmış mübahisə alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməsi ilə bağlı münasibətlərdən yaranmışdır və mübahisənin həllinə mülkiyyətin müdafiəsi haqqında Konstitusiya müddəaları rəhbər tutulmaqla, əlaqəli hüquq normaları tətbiq edilməlidir.

33. Konstitusiyanın 15-ci maddəsinin İ hissəsində deyilir ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.

34. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Qeyd edilən Konstitusiya Qanununda o da vurğulanır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

35. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.

36. İşin hallarından görünür ki, iddiaçının torpaq sahəsi dövlət əhəmiyyətli yolun inşası ilə əlaqədar alınmadır. Lakin iddiaçıya həmin torpaq sahəsinə görə hesablanmış kompensasiya ödənilməmişdir. Hakbuki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsi, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməsini mümkün saymışdır. Cavabdeh isə iddiaçının mülkiyyətində olan torpaqdan yol çəkməsinə və bundan xeyli müddət keçməsinə baxmayaraq, hesablanmış kompensasiyanı ödəməmişdir. Buna görə də iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

37. Apelyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri biri diğərini təkzib edir. Belə ki, cavabdeh şikayətinin əvvəlində qeyd edir ki, “iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikintisi altına düşməsi işin mübahisəsiz halıdır”, lakin sonrada şikayətdə vurğulanır ki, “məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş...”, halbuki cavabdehin iddiaçının müraciətinə əsasən ünvanladığı 5 yanvar 2021-ci il tarixli cavab məktubunda da qeyd edilmişdir ki, “Sizin Azərbaycan Respublikasının Prezidentinə, Cavabdehnə ünvanladığınız torpaq sahənizə dəymiş ziyanla bağlı ərizəniz aidiyyəti üzrə baxılaraq bildirilir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər dayandırılmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunanacaqdır. Əlavə olaraq bildirilir ki, qeyd olunanlara narazılığınız olduğu halda məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır”(i.v.15).

38. Apelyasiya şikayətində qeyd edilən “mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsi və əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsi”nə dair xüsusatın aydınlaşdırılması məqsədilə cavabdehə məhkəmə sorğusu verilərək mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazidən keçən yolun layihə-smeta sənədlərinin təsdiq edilmiş surətinin göndərilməsi tələb edilmiş, lakin cavabdeh Agentliyin 05.11.2021-ci il tarixli cavab məktubunda “... sözügedən layihənin 2015-ci ildən dayandırıldığı, vətəndaş İddiaçı məxsus torpaq sahəsinin yerləşdiyi əraziyə aid layihə-smeta sənədinin hazırlanması və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi proseduru başa çatmadığından, məhkəməyə təqdim edilmiş sənədlərə əlavə layihə-smeta və digər sənədlərin hal-hazırda təqdim edilməsi deyri-mümkün” olması göstərilmişdir(i.v.115).

39. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin işin hallarının araşdırılması prinsipi təkcə işə baxan məhkəmələrə aid deyildir. Həmin norma işin düzgün həlli üçün proses iştirakçıları üçün də prosessual vəzifələr müəyən etmişdir. İPM-nin 12.3-cü maddəsində imperativ şəkildə göstərilmişdir ki, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında məhkəməyə yardım etməyə borcludur. Cavabdeh mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsi, əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin, torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyrimümkünlüyünün müəyyən edilməsinin zəruriliyini əsaslandırmamış, özü tərəfindən qəbul olunan faktların nəyə görə yenidən yoxlanmalı olduğunu izah etməmiş, irəli sürdüyü dəlillərə dair heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh iddiaçıya kompensasiya ödəmə öhdəliyini, kompensasiyanın məbləğinin hesablanaraq 48000 manat müəyyən edildiyini, layihə üzrə çəkilən yolun altına iddiaçıya məxsus torpaq sahəsinin düşdüyünü istər iddiaçıya ünvanlanan cavablarda, istər apelyasiya şikayətində, istərsə də məhkəmə iclasında nümayəndəsi vasitəsilə etiraf etməklə kompensasiyanın ödənilməsindən imtina edilmədiyi bildirildə də, kompensasiya ödənilməsi üçün vəsait ayrılmadığı əsas gətirilir və bu səbəbdən də iddia tələbinin təmin olunmaması xahiş edilir.

40. Beləliklə, məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qismən əsaslı olması barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı olduğundan cavabdehin apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2-1(118)-679/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2-1(118)-679/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar