Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-38/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X9 nümayəndəsi və üçüncü şəxs X2, Üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair müvafiq reyestr çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-215/2024 nömrəli qərarından iddiaçı və üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı protokol qərarından görünür ki, Novxanı bağları ərazisində sahəsi 1200 kv.m olan 1895 saylı bağ torpaq sahəsinin Əmirşahova (Vəliyeva) Pərvanə İlham qızının mülkiyyətinə verilməsi qərara alınmışdır. 23 mart 2005-ci il tarixli qəbzdən görünür ki, Əmirşahova (Vəliyeva) Pərvanə İlham qızı Sumqayıt bələdiyyəsinin hesabına ******* manat alqı-satqı haqqı pulu ödəmişdir. MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1895 nömrəli 0,06 ha bağ sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdehin imtina bildirişindən görünür ki, Hüseyn İlyas Ağaşükür oğlunun kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli Qətnaməsi ləğv edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli Qətnaməsi əsasında üzərində hüquqlarınızın qeydiyyata alındığı sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddianız rədd edilmişdir və Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(060)1963/2021 nömrəli Qətnaməsi ilə qeydiyyatın ləğv edilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq əməliyyat aparılmışdır. Həmçinin hazırki müraciətə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Bu səbəbdən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1895 saylı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. Sumqayıt Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı qərarı nə bələdiyyə tərəfindən, nə də məhkəmə tərəfindən ləğv edilməmiş və bu günə kimi qüvvədədir. Cavabdehin mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə biri 0.12 ha digəri 0.06 ha ölçüdə olan iki torpaq sahəsi mövcuddur. Sumqayıt şəhəri, Novxanı bağ massivində mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə yerləşən **********53 reyestr nömrəli 0.12 ha torpaq sahəsi Nümayəndə adına, **********54 reyestr nömrəli 0.06 ha torpaq sahəsi isə məhkəmə qərarı əsasında qeydiyyata alınması üçün Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına sənədlər təqdim olunacağı təqdirdə qeydiyyata alınması nəzərdə tutulmuşdur. Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin mövqe planı təqdim olunmadığından üst-üstə düşmə halının müəyyən olması mümkün olmamışdır. Hansı torpaq sahəsinin azalmasından söhbət getdiyi qeyd olunmadığından azalma ilə bağlı məlumatların verilməsi mümkün olmamışdır. Sumqayıt Bələdiyyəsinin 8 saylı, 02 avqust 2005-ci il tarixli qərarı ilə X3 ayrılmış torpaq sahəsinə dair mövqe planı təqdim olunmadığından işin icrası mümkün olmamışdır. Torpaq sahəsinə dair mövqe planı, texniki kadastr göstəriciləri təqdim olunmadığından işin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli,17 saylı iclasının qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən sahəsi sənəd üzrə 1200 kvadrat metr, faktiki isə 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli,17 saylı iclasının qərarı ilə Sumqayıt şəhəri “Novxanı” bağları ərazisində yerləşən sahəsi sənəd üzrə 1200 kvadrat metr, faktiki isə 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin qərar qəbul edilərkən tərəfindən ******* manat məbləğində torpağın alqı-satqı haqqı bələdiyyənin hesabına ödənilmiş, torpaq sahəsinin planı-sxemi çəkilərək ona təqdim olunmuşdur. Lakin adı çəkilən bələdiyyə qərarı qəbul edilərkən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmadığından torpaq sahəsi üzərində mülkiyyət hüququmu dövlət qeydiyyatından keçirə bilmədiyi üçün 2011-cı ildə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli qətnaməsi ilə onun iddia tələbləri təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli,17 saylı iclasının qərarı ilə mülkiyyətimə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Adı çəkilən məhkəmə qətnaməsi əsasında da sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək, adına qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” tərtib edilmışdır. Sonradan o, qeyd edilən bağ sahəsini bağışlama müqaviləsi əsasında yaxın qohumu olan X10 bağışlamış və sonuncunun torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ancaq sonradan Hüseyn İlyas Ağaşükür oğlu mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinə iddia edərək müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmiş və çıxarılmış məhkəmə aktları ilə mübahısələndırilən bağ torpaq sahəsinə dair onunla X13 arasında bağlanmış bağışlama müqaviləsi və torpaq sahəsinə dair onun və X6 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış lar etibarsız hesab edilmişdir. Məhkəmələr bu nəticəyə gələrkən Hüseyn İlyas Ağaşükür oğlunun, onun və digərlərinin iştirak etdiyi başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının tərəflər arasında barışıq sazişinin təsdiq edilməsi barədə 17 aprel 2007-ci il tarixli qərardadına istinad etmişdir ki, həmin qərardada əsasən Hüseyn İlyas Ağaşükür oğluna 400 kvadrat metr, ona da 200 kvadrat metr torpaq sahəsi qalmışdır. Halbuki, bələdiyyə qərarı ilə ona 1200 kvadrat metr torpaq sahəsi ayrıldığı halda məhz bu barışıq sazişi əsasında onun istifadəsində cəmi 600 kvadrat metr sahəsi qalmışdır. Ancaq məhkəmə mübahisələri başa çatdıqdan Hüseyn İlyas Ağaşükür oğlu müvafiq pul məbləği müqabilində iddia etdiyi 400 kvadrat metr torpaq sahəsindən imtina edəcəyinə dair təklif irəli sürmüş, danışıqlar nəticəsində Hüseyn İlyas Ağaşükür oğlu 12.000 manat pul müqabilində sözügedən torpaq sahəsindən imtina etmişdir. Bununla bağlı Hüseyn İlyas Ağaşükür oğlu ilə X12 arasında Sumqayıt şəhər 3 saylı notariat ofisində 10 may 2022-ci il tarixdə saziş (kompensasiya) bağlanılmışdır ki, həmin sazişə əsasən Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsinin mübahisələndirilən 400 kvadrat metrindən imtina etməsi müqabilində Hüseyn ilyas Ağaşükür oğluna X12 tərəfindən 12.000 manat pul ödənilmiş, Hüseyn İlyas Ağaşükür oğlu da bunun müqabilində mübahisələndirdiyi 400 kvadrat metr torpaq sahəsindən və həmin torpaq sahəsi ilə bağlı çıxarılmış bütün məhkəmə aktlarının icrasından imtina etmişdir. Ancaq həmin saziş bağlanılarkən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh tərəfindən artıq icra olunmuş və torpaq üzərində həm onun, həm də X5 mülkiyyət hüququna dair dövlət qeydiyyatı ləğv edilmişdir. Mübahisələndirilən bağ sahəsinin faktiki olaraq onun istifadəsində qaldığını, torpaq sahəsinə dair mübahisənin artıq olmadığını və bağ sahəsinin mülkiyyətimə verilməsinə dair bələdiyyə qərarının halhazırda da qüvvədə olduğunu nəzərə alaraq o, ərizə ilə cavabdehə müracət edərək, Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli,17 saylı iclasının qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən sahəsi sənəd üzrə 1200 kvadrat metr,faktiki isə 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun yenidən qediyyata alınmasını xahiş etmişdir. Ərizəsində də yuxarıda sadalananları qeyd etmiş, torpağa dair mübahisənin artıq qalmadığını bildirərək müvafiq hüquq müəyyənedici sənədləri də müraciətinə əlavə etmişdir. Lakin cavabdeh bağ torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinin müraciətinə verdiyi 30 sentyabr 2022-ci il tarixli, **********47 saylı cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina olunmasının səbəbləri kimi adına aparılmış əvvəlki qeydiyyatın məhkəmə qaydasında ləğv edilməsi və müraciətinə qanunvericiliklə müəyyən edilmiş hüquq müəyyənedici sənədlərin əlavə edilməməsini göstərilmişdir. Cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası üçün göstərdiyi əsaslar formal xarakter daşıyır və imtina tamamilə əsassız və qanuna ziddir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı imtina bilirişinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-215/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlərin etibarsız sayılmasına dair məhkəmə qərarı mövcuddur və həmin qərar qanuni qüvvəsini almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1963/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasından Hüseyn İlyas Ağaşükür oğlunun ərizəsi əsasında X5 xeyrinə imtina edilmişdir. Belə olan halda iddiaçının mübahisələndirdiyi bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənəd mövcud deyildir. Qeyd edilən sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmadığından və iddiaçı tərəfindən hər hansı digər hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə zidd qərar çıxarmışdır. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında xüsusi olaraq vurğulanmışdır ki,”...İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki,"İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir.Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır(“lnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)...Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.“İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur...Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” Mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətinə ayrılmasına dair inzibati akt qüvvədə olduğu təqdirdə, cavabdehin hüququn qeydiyyatından imtinası qanuni və əsaslı sayıla bilməz. Həmçinin, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə, əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə etmişdir. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Cavabdehin imtina məktubunda istinad etdiyi halların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları,o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə tailinməsini” özündə ehtiva edən 15.1-ci maddənin tələblərində göstərilən halların heç biri ilə uzlaşmadığından, onun hüququnun qeydiyyatından cavabdehin imtinası qanuni,əsaslı və ədalətli hesab oluna bilməz. Lakin məhkəmə işə baxarkən qanunveriiliyin bütün bu tələblərini diqqətə almamış, tamamilə əsassız olaraq torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı iclasının qərarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmadığı qənaətinə gələrək onun tərəfindən hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmadığından, cavabdehin müraciətindən imtinasını qanuni və əsaslı saymışdır. Beləliklə, sadalananlardan aydın olur ki, məhkəmə iddiaçı olaraq onun tələbini qanuni və əsaslı saymamaqla yanlışlığa və aşkar qanun pozuntusuna yol vermişdir. Məhkəmə onun adına verilmiş bələdiyyə qərarının inzibati akt olaraq hal-hazırda da qüvvdə olduğuna, həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsi tərəfindən qanunvericiliklə müəyəyn edilmiş qaydada mülkiyyətimə ayrıldığına, torpağın mülkiyyətinə ayrılmasına görə torpağın alqı-satqı haqqının tərəfindən bələdiyyəyə ödənilməsinə, həmin inzibati akt əsasında daha öncə mübahisələndirdiyi torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada mənim mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyatına alınmasına hər hansı hüquqi qiymət verməyərək inzibati- prosessual qanunvericilik normalarının pozuntusuna yol vermişdir. Təəssüf ki, işə baxan məhkəmə bu dəlillərini və iş üzrə müəyyən edilmiş halları heçə sayaraq iddia tələbini əsassız olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verə bilməmiş, formal mülahizələr əsasında cavabdehin müraciətindən imtinası nəticəsində hüququmun pozulmadığına dair əsassız qənaətə gəlmişdir. Bütün bu sadalananlar məhkəmə tərəfindən yol verilmiş qanun pozuntuları ilə çıxarılmış məhkəmə qərarının qeyri-obyektivliyini və müvafiq qanun normalarına zidd olduğunu tam aydınlığı ilə göstərir. Üçüncü şəxs X5 apellyasiya şikayəti iddiaçının apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs X16 apellyasiya şikayətinə qarşı etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətlərinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X9 nümayəndəsi və üçüncü şəxs X8 apellyasiya şikayətlərinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ....7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına 1200 kv.m. ölçüdə olan 1895 saylı bağ torpaq sahəsi mülkiyyətinə verilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə kassa məxaric orderi mövcud olmuş, torpaq sahəsinin plan ölçü sənədi tərtib edilmiş, yerində ölçülərək, iddiaçıya təhvil verilmiş, bu barədə akt tərtib edilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, həmin bələdiyyə qərarı ləğv edilməmiş, hazırda da qüvvədədir. İş materiallarında olan və tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, mübahisəli ərazidə 0,12 ha və 0,06 ha ölçüdə olan iki torpaq sahəsi mövcuddur, 0,12 ha torpaq sahəsi Nümayəndə adına qeydə alınmışdır. İş materiallarında olan əvvəlki müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,06 ha, faktiki 0,063971 ha olmuş, üç tərəfi qonşu ilə həmsərhəddir, mübahisəli hal baş vermədi, yerüstü kommunikasiya xətləri keçmir, heç bir tikinti işləri aparılmır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,06 ha, faktiki ölçüsü 0,0632 ha, üç tərəfdən mişar daş hasar, qonşu, bir tərəf şərti sərhəddir, mübahisəli hal yoxdur, boş torpaq sahəsidir, torpaq sahəsinin cənub hissəsindən 6 kv-luq yüksək gərginlikli elektrik xətti keçir, faktiki 0,0632 ha torpaq sahəsinin 0,0229 ha hissəsi mühafizə zonasına düşür. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı onun adına torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının hazırda da qüvvədə olması, torpaq sahəsinin onun istifadəsində olması halına istinad edərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyir.Cavabdeh inzibati orqan isə müvafiq məhkəmə qətnaməsi ilə iddiaçının müvafiq bələdiyyəyə qarşı “alqı-satqı müqvailəsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” barədə iddia tələbinin təmin edilməməsi, müvafiq məhkəmə qətnaməsi əsasında idiaçının adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və hazırda torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi halına istinad edərək, imtina edir. Bundan əlavə, üçüncü şəxs və üçüncü şəxs X9 nümayəndəsi Hüseyn İlyas isə müvafiq məhkəmə qərardadı ilə iddiaçının adına verilmiş torpaq sahəsinin ölçüsünün 600 kv.m. deyil, 200 kv.m. olduğunu, əsas gətirərək, iddiaçının istədiyi 600 kv.m torpaq sahəsinin X11 verilmiş torpaq sahəsi olduğunu, iddiaçının yalnız 200 kv.m. torpaq sahəsi ilə bağlı hüququnun olduğunu bildirərək, iddia tələbinə etiraz etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı ilk növbədə cavabdeh inzibati orqanın hərəkətlərinin qanuniliyinə münasibətdə qeyd edir ki, iddiaçının adına 0,06 ha torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin arxiv çıxarışları mövcud olmuş, habelə həmin sənədlər hər hansı məhkəmə qərarı əsasında və ya bələdiyyənin özü tərəfindən ləğv edilməmiş, etibarsız sayılmamış, həmin bələdiyyə qərarı hazırda da qüvvədədir, bu hal müvafiq bələdiyyə tərəfindən də təsdiq edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə arqumenti əsassız olmuşdur. Həmçinin, kollegiya cavabdehin digər dəlili ilə bağlı onu qeyd edir ki, iddiaçı müvafiq bələdiyyəyə qarşı “alqı-satqı müqvailəsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” barədə tələbi irəli sürmüş, müvafiq məhkəmə qətnaməsi əsasında onun iddia tələbi təmin edilmiş, nəticədə iddiaçının adına həmin 0,06 ha ölçüdə olan 1895 saylı bağ torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Daha sonra iddiaçı ilə üçüncü şəxs Sadıqova Firuzə arasında bağlanmış 2016-cı il tarixdə bağışlama müqvailəsi əsasında həmin torpaq sahəsinə dair mülkiyyət hüququ adıçəkilən üçüncü şəxsin adına qeydə alınmışdır. Daha sonra üçüncü şəxs Hüseyn İlyasın şikayəti əsasında iddiaçının müvafiq bələdiyyə qraşı irəli sürdüyü qeyd edilən iddia tələbi üzrə qəbul edilmiş müvafiq məhkəmə qətnaməsi kassasiya instansiya qaydasında (xx.xx.2019-cu il tarixli) ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, Hüseyn İlyasın iddia tələbi üzrə müvafiq məhkəmə qətnaməsi ilə (xx.xx.2021-ci il tarixli) sözügedən bağ torpaq sahəsinə dair iddiaçı və üçüncü şəxs Sadıqova Firuzənin adına aparılmış mülkiyyət hüququna dair dövlət qeydiyyatı (çıxarış) etibarsız hesab edilmişdir, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata tam icra olunma (iddiaçı və üçüncü şəxsin adına aparılmış qeydiyyat ləğv edilmiş) əsası ilə 20 iyun 2022-ci il tarixli qərarla xitam verilmişdir. Göründüyü kimi cavabdehin istinad etdiyi müvafiq mülki işlər üzrə iddiaçının adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız sayılması və ya ləğv edilməsi qət edilməmiş, yalnız aparılmış qeydiyyat ləğv edilmişdir. Bundan əlavə, iddiaçının müvafiq bələdiyyəyə qarşı “alqı-satqı müqvailəsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” barədə tələbinə dair mülki iş üzrə iddia tələbinin təmin edilməməsi barədə kassasiya instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının məqsədinin mülkiyyət hüququnun dövlət qeydiyyatına almaqdan ibarət olduğu, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti onun bu tələbini yerinə yetirmədiyindən, iddiaçı bu istəyinə nail ola bilməməsi, iddiaçının torpaq sahəsi üzərində hüququnun müvafiq bələdiyyə qərarı əsasında yarandığı və bu hüququnun dövlət qeydiyyatına alınmaqdan imtina olunduğu halda, bu imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ olduğu qeyd edilmiş, bu əsasla iddia tələbi təmin edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə münasibətdə müvafiq məhkəmə qətnamələri ilə bağlı hallara istinad etməkdə haqlı olmamış, həmin arqumenti iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir, nəticə etibarilə cavabdeh formal olaraq həmin hala istinad etmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür, habelə həmin torpaq sahəsinin iddiaçının adına ayrılması barədə bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi və ya etibarsız hesab edilməsi halı müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən sözügedən hüquqmüəyyənedici sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas hesab edildiyindən, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmış, habelə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin iddiaçı barəsində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı hərəkətləri qanunazidd olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, cavabdehin hərəkətlərinin qanuniliyi qanunvericilik normasının tələbi baxımından düzgün yoxlanılmamış, bununla da həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Həmçinin, kollegiya üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsinin istinad etdiyi arqumentlə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, üçüncü şəxs Sadıqova Firuzənin nümayəndəsi (atası) başqa şəxslərə qarşı həmin bağ sahəsindən çıxarılma barədə iddia tələbi irəli sürmüş, həmin mülki iş üzrə müvafiq məhkəmə qərardadı (17 aprel 2007-ci il tarixli) ilə tərəflər arasında barışıq sazişi imzalanmış, mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 sentyabr 2011-ci il tarixli qərardadı ilə Hüseyn İlyas tərəfindən verilmiş qərardadın icraya yönəldilməsi barədə ərizəsi təmin edilmiş, 17 aprel 2007-ci il tarixli məhkəmə qərardadı icraya yönəldilməsi, 15 aprel 2007-ci il tarixli barışıq sazişinə uyğun olaraq, həmin qərardad üzrə Sumqayıt şəhri Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 2400 kv.m olan bağ sahəsi 1200 kv.m iddiaçı Nümayəndə, 200 kv.m Əmirşahova Pərvanə İlham qızının, 400 kv.m. cavabdeh Hüseyn İlyas Ağaşükür oğlunun, 600 kv.m cavabdeh X9 icarlərinə verilməklə, B-1895 saylı 1200 kv.m bağ torpaq sahəsi bütövlükdə iddiaçı Nümayəndə icarəsində saxlanılmaqla bölünməsi qət edilmiş, həmin qərardada dair icra sənədinə Hüseyn İlyas Ağaşükür oğlunun ərizəsinə əsasən tam icra olunduğundan icraata xitam verilmişdir (11 may 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərar). İndiki halda üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsi hazırki inzibati iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin müvafiq məhkəmə qərardadı ilə 200 kv.m hissəsinin iddiaçıya verildiyindən, həmin hissədə mülkiyyət hüququnun mövcud olduğunu, digər hissədə isə Hüseynova Sonaya aid olan 0,06 ha torpaq sahəsinə aid olduğunu bildirsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə qeyd edilən hal iş materialları əsasın təkzib olunmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mübahisə premdeti olan torpaq sahəsi 0,06 ha ölçüdə naturada mövcud olmaqla, iddiaçı və üçüncü şəxs Sadıqova Firuzənin faktiki istifadəsindədir, yerində müayinə zamanı hər hansı mübahisəli hal baş verməmişdir. Həmçinin, qeyd edilməlidir ki,,cavabdeh inzibati orqan qarşısında sözügedən torpaq sahəsinin müayinə edilməsi ilə yanaşı, başqa şəxslərə aid torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi ilə məsələyə münasibət bildirilməsinə dair sual qoyulsa da, müayinə aktında üst-üstə düşmə halı ilə bağlı heç bir məlumat əks olunmamışdır. Qeyd edilən hallar isə özlüyündə sözügedən torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyini deməyə əsas verir. Üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsi Hüseyn İlyas tərəfindən isə həmin halları təkzib edən heç bir dəlil (Hüseynova Sonaya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi, həmin torpaq sahəsinə dair plan-cizgi, sxem, faktiki istifadə vəziyyətinə dair fotoşəkil və s. ) məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi üçüncü şəxsin nümayəndəsinin həmin hissədə dəlilləri ehtimala əsaslanmaqla, iş materialları əsasında təkzib olunduğundan, əsassız olmuşdur. Bundan əlavə, kollegiya üçüncü şəxsin digər arqumenti ilə bağlı onu qeyd edir ki, üçüncü şəxs Sadıqova Firuzə ilə Hüseyn İlyas arasında 2022-ci il tarixli barışıq sazişi imzalanmış, həmin barışıq sazişinə əsasən Hüseyn İlyas 0,06 ha ölçüdə olan 1895 saylı bağ torpaq sahəsinin 0,04 ha hissəsindən 12000 manat məbləğində pul vəsaitini almaqla, həmin torpaq sahəsinə olan iddiasından və Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(060)-1963/2021 saylı qətnaməsinin icrasından imtina etmişdir. Həmçinin, qeyd edilməlidir ki, üçüncü şəxs Hüseyn İlyas 1895 saylı bağ torpaq sahəsinin ona aid olan hissəsindən (0,04 ha) 12000 manat məbləğində pul vəsaitini almaqla, imtina etdiyini bildirmiş, həmin torpaq sahəsi ilə bağlı hər hansı tələbinin olmadığını qeyd etmişdir, bu barədə bank qəbzi də mövcud olmuşdur. Kollegiya həmin sazişin yaratdığı hüquqi nəticənin iddiaçıya münasibətdə etibarlılığı ilə bağlı onu qeyd edir ki, üçüncü şəxslər arasında həmin saziş bağlandığı vaxtda sazişin tərəfi kimi Sadıqova Firuzə çıxış etsə də, onun adına həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd olmamış, nətciə etibarilə torpaq sahəsinə dair saziş bağlamaq səlahiyyəti olmamışdır, hansı ki bu hal özlüyündə sazişin etibarlılığına birbaşa təsir edən haldır. Bu baxımından kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, həmin saziş bağlanan zaman Sadıqova Firuzənin torpaq sahəsinə dair səlahiyyəti olmasa da, indiki halda bütün tərəflər həmin sazişin şərtlərini qəbul edərək, həmin şərtlərə razılığa-sazişi bəyənməyə dair iradə ifadələrini aşkar şəkildə bəyan edirlər. Həmçinin, qeyd edilməldir ki, iddiaçı və üçüncü şəxs Sadıqova Firuzənin hüquqi marağı eyni olmaqla, həmin torpaq sahəsi faktiki onların istifadəsindədir, onların niyyəti məhz həmin torpaq sahəsinin sənədləşdirilməsindən ibarətdir, üçüncü şəxs Sadıqova Firuzə də məhz iddiaçının adına torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Kollegiya hesab edir ki, qeyd edilən hallara əsasən həmin sazişin yaratdığı hüquqi nəticələr iddiaçı və üçüncü şəxslər üçün etibarlı olmaqla, hüquqi qüvvəyə malikdir. Bu baxımından kollegiya hesab edir ki, üçüncü şəxs Hüseyn İlyasın 400 kv.m torpaq sahəsindən imtina etməsi halı ilə bağlı yaratdığı hüquqi nəticələr etibarlı sayılmalıdır. Belə olan halda, kollegiya hesab edir ki, indiki halda üçüncü şəxs özü həmin torpaq shaəsindən imtina etdiyindən, bu hal iddiaçıya münasibətdə də hüquqi nəticə yaratdığından müvafiq məhkəmə qərardadı ilə iddiaçıya 200 kv.m. torpaq sahəsi verilməsi ilə bağlı hallara istinad etməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin həmin hissədə də hallarına düzgün hüquqi qiymət verilməmiş, həmin hissədə də iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bununla yanaşı kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin faktiki ölçüsünün 0,0632 olduğu, onun 0,0229 ha hissəsinin elektrik xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. İndiki halda iddiaçının tələbi məhz 0,06 ha torpaq sahəsi ilə bağlı olduğundan, mühafizə zonasına düşən hissə artıq olan sahədə yerləşdiyindən, habelə cavabdeh imtina və etirazın əsası kimi həmin hala istinad etmədiyindən, həmin halın əlavə olaraq aydınlaşdırılması zərurəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, hətta iddia tələbinin predmeti olan torpaq sahəsi elektrik xəttinin mühafizəsi zonasında yerləşməsi halı müəyyən edilmiş olsa idi belə, bu hal qüvvədə olan qanunvericilik normalarının (elektrik xəttindən istifadə qaydalarının) tələbinə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış etməyəcəkdi. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı və üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-215/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı qərarı ilə ayrılmış “Novxanı bağları” ərazisində yerləşən faktiki ölçüsü 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi üzərində iddiaçı Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-38/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-38/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver