Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-380/2025 09.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli, T00122731SGM nömrəli göndərişə əsasən əlillik təyinatından imtina edilməsi barədə qərarın ləğv edilməsi və iddiaçıya ikinci dərəcəli müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2-1(118)-590/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 37 saylı Tibbi Sosial Ekspert Komissiyasının və məlumat vərəqlərindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək lll dərəcəli (8 il), xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (14 il ərzində) ll dərəcəli əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 470 saylı qərarına əsasən, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Süliddin oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixə kimi M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "Sol budun orta 1/3 hissəsinin ön səthinin kor güllə yarası", xx.xx.1993-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: "Sol budun orta 1/3-nin odlu silahla kor güllə yaralanmasının nəticələri" ve xx.xx.1993-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəliyin nəticəsi - diaqnoz: "Qangrena nəticəsində İİ barmağın amputasiyası, əməliyyatından sonrakı sol ayağın İİ barmaqarası nahiyyəsinin sağalmayan yarası" (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 45 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 67 nömrəli arayışı, M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1993-cü il tarixli 921 nömrəli və xx.xx.1993-cü il tarixli 3475 nömrəli arayışları, MN MHHK-nın həkim mütəxəssisinin cərrahın rəyləri ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: "Xroniki obstruktiv bronxitin kəskinləşməsi, astmatik status" (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-terapevtinin rəyi ilə təsdiq edilir), "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli №********** və xx.xx.2023-cü il tarixli № ********* arayışlarında diaqnoz odlu silah yaralanması, sol baldırın orta 1/3-nin kor güllə yaralanmasından sonrakı vəziyyət, sol baldırın orta 1/3-nin geniş həcmli dartıcı, bərkimiş, ağrılı kelloid çapıqları, sol diz oynağının postravmatik artrozu, 170 dərəcə açıcı, 100 dərəcə bükücü kontrakturası, bel oma osteoxondrozu, artroparozu, L5 fəqərəsinin sakrailiozisi, sağ tərəfli İİ (ikinci) dərəcəli skolioz (15 dərəcə), sol pəncənin İİ barmağın daraq-falanqa səviyyəsində ekzoartikulyasiyası, pəncənin valgus deformasiyası, kökcük ağrı sindromu, yerişin pozulması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Akademik M.A.Topçubaşov adına X4 11,07.2023-cü il tarixli Ambulator kitabçadan çıxarışında diaqnoz “Obleterasiyaedici trombanqit, sol arxa qamış arteriyasının okkluziyası, hər iki ön, sağ arxa qamış arteriyasının stenozu, aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası, sol ayaqda İİ barmağın amputasiyası” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T692/2023 saylı rəyində qeyd edilmişdir ki, “Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli TOO 12273İSGM nömrəli göndərişdə qeyd edilmiş “Əsas diaqnoz: W34-Digər və dəqiqləşdirilməmiş odlu silahdan atəş, odlu silah yaralanması; Ağırlaşmalar: R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, sol diz oynağının kontrakturası (açma- 170dər., bükməlOOdər), yerişin pozulması; Y36- Hərbi əməliyyatlar, sol baldırın kor güllə yaralanması; Z89.0- Barmağın (barmaqların) baş barmaq da daxil olmaqla birtərəfli qazanılma olmaması, sol pəncədə İİ barmağın amputasiyası; M 17.1-Digər birincili qonartroz, soı diz oynağının artrozu; R52.2- Digər daimi ağrı, daimi ağrılar; L91.0- Hipertrofık çapıq, sol baldırın güllə yaralanmasından sonrakı 4 ədəd çapıq toxuması” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulsa da, xx.xx.2022-ci il tarixdə DTSERA-da obyektiv vəziyyətinin əyani müayinəsi zamanı sol aşağı ətrafda hərəkət məhdudluğundan şikayətlənmiş, sol baldır nahiyəsində köhnə, kiçik yumşaq toxuma çapığı və sol ayaqda 2-ci barmağın amputasiyasmdan sonrakı vəziyyət izlənmiş, nevroloji defısit izlənilməmiş, əzələ gücü və tonus dəyişiksiz, reflekslər canlı və bərabər çağırılmış, hərəkətlər tam həcmdə olmuş, atrofıya, iflic, parez aşkar edilməmiş, hazırda heç bir medikamentoz preparatlardan istifadə etmədiyini bildirmiş, dinamikada ağırlaşmalar müşahidə edilməmiş, exokardioqrafık müayinənin nəticəsi, X4 ambulator kitabçasından çıxarışda və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan olan arayışdaki diaqnozlar öz təsdiqini tapmamışdır. Vət.İddiaçı 2006-2021-ci illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilən (L4, 15 f\a diskin soltərəfli yırtığı cərrahi əməliyyatından sonrakı vəziyyət; sol budun orta l\3-nin dəlib keçən odlu silah yaralanmasının qalıq əlamətləri, dəri plastikasından sonrakı vəziyyət; yerişin pozulması (XBT Vİ Sinif- Sinir sistemi xəstəlikləri- G90-G99- Sinir sisteminin digər pozğunluqları-G95- Onurğa beyninin digər xəstəliyi- G95.9- Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi); xəsəliklərdən “L4, 15 f\a diskin soltərəfli yırtığı cərrahi əməliyyatının yerində çapıq toxuma, sol budun orta l\3-nin dəlib keçən odlu silah yaralanmasının qalıq əlamətləri dəri plastikasından sonrakı vəziyyət aşkar edilsə də, əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilməmişdir. -Şəxsin xx.xx.2022-ci il tarixdə DTSERA-da obyektiv vəziyyətinin əyani müayinəsi zamanı nevroloji defısit izlənilməmiş, əzələ gücü və tonus dəyişiksiz, reflekslər canlı və bərabər çağırılmış, hərəkətlər tam həcmdə olmuş, atrofıya, iflic, parez aşkar edilməmiş, yəni əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Bu isə əlillik təyini zamanı olan fərqdir.” Birinci instansiya məhkəməsində icraat və qəbil edilmiş məhkəmə aktı İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, T00122731SGM nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və iddiaçıya ikinci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1967-ci il tarixində Füzuli rayonunda anadan olmuşdur. İki il Sovet Ordusunda, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, iddiaçının xəstəliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qiymətləndirilmişdir. xx.xx.1999-cu ildən xx.xx.2007-cı ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə. xx.xx.2007-ci ildən xx.xx.2021 ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlillik təyin edilmişdir. Lakin qanuna müvafiq olaraq fasiləsiz 10 ildən çox əlil olmasına baxmayaraq cavabdeh tərəfindən sosial və əlil hüquqları kobud şəkildə pozularaq ona müddətsiz əlillik təyin edilməmişdir. Əlillik müddəti bitəndən sonra bir neçə dəfə tibb müəssiəsinın göndərişi cavabdehə göndərilmiş, sonuncu dəfə xx.xx.2023-cü ildə tibb müəssiəsinin göndərişi əsasında növbəti dəfə təkrar səhətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh iddiaçıya müddətsiz əlillik təyin etmək əvəzinə əlillik təyinatından imtina etmişdir. Cavabdehin əlillik təyinatından imtina etməsini əsassız və qanunsuz hesab edir, belə ki, o, 24 ildən çox müharibə əlillidir və müharibədə yaranmış səbəbdən ağır xəstədir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina qanunsuz hesab edilməli və ona müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazlarının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 470 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol budun orta 1/3 hissəsinin ön səthinin kor qüllə yarası Sol budun orta 1/3-nin odlu silahla kor qüllə yaralanmasının nəticələri. Qanqrenə nəticəsində İİ barmağın amputasiyası əməliyyatından sonrakı sol ayağın İİ barmaqarası nahiyəsinin sağalmayan yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Xroniki obstruktiv bronxitin kəskinləşməsi. Asmatik status” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşaqı ətrafda hərəkət məhdudluqundan şikayət etmişdir. Müayinə zamanı sol baldır nahiyəsində köhnə, kiçik yumşaq toxuma çapığı və sol ayaqda 2-ci barmağın amputasiyasından sonrakı vəziyyət izlənilmişdir. Nevroloji defisit izlənilməmiş, əzələ gücü və tonus dəyişiksiz, reflekslər canlı və bərabər çaqrılmış, hərəkətlər tam həcmdə olmuş, atrofiya, iflic, parez aşkar edilməmişdir. Hal-hazırda heç bir medikamentoz preparatlardan istifadə etmədiyinibildirmişdir. Dinamikada ağırlaşmalar müşahidə edilməmişdir” kimi qeyd olunmuşdur. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Aorta kökü cüzi genişlənib (3.7 sm). Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola- diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=65%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=119)” k\m\ müəyyənləşdirilmiş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol aşağı ətrafında hərəkət məhdudluğundan şikayət etmişdir. Baxış zamanı sol baldırın orta 1/3-də çapıq, sol ayağın İİ barmağının amputasiyasından sonrakı vəziyyət izlənmiş, hər iki topuq və ayaqarxası nahiyədə ön və arxa qamış arteriyaları üzərində dolğun nəbz qeyd edilmişdir. Nevroloji müayinə zamanı iflic, parez aşkar edilməmiş, aşağı ətraflarda hərəkət tam həcmdə olmuşdur. Akademik M.A.Topçubaşov adına X4 11,07.2023-cü il tarixli Ambulator kitabçadan çıxarışında diaqnoz “Obleterasiyaedici trombanqit. Sol arxa qamış arteriyasını okkluziyası. Hər iki ön, saq arxa qamış arteriyasının stenozu. Aşağı ətrafların İİİ dər, xroniki işemiyası. Sol ayağın İİ barmağın amputasiyası” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** 4369/2023 nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanması. Sol baldırın orta 1/3-nin kor qüllə yaralanmasından sonrakı vəziyyət. Sol baldırın orta 1/3-nin geniş həcmli dartıcı, bərkimiş, ağrılı kelloid çapıqları. Sol diz oynağının postravmatik artrozu, 170 dərəcə açıcı, 100 dərəcə bükücü kontrakturası. Bel oma osteoxondrozu, artroparozu. L5 fəqərəsinin sakrailiozisi. Sağ tərəfli İİ (ikinci) dərəcəli skolioz (15 dərəcə). Sol pəncənin İİ barmağın daraq-falanqa səviyyəsində ekzoartikulyasiyası, pəncənin valgus deformasiyası. Kökcük ağrı sindromu. Yerişin pozulması" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır.Təqdim etdiyi xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi "Elektroneyromiografiya müayinəsində sol n.peroneus-un hərəki liflərinin stimulyasiyası zamanı geyd olunan M-potensiallarının amplitudu düşükdür. Bu sinir üzrə impulsların ötürülmə sürəti (İÖS) enmişdir. Sol və n.tibialis-in hərəki liflərinin stimulyasiyası zamanı geyd olunan M- potensialın amplitudu və İÖS norma daxilindədir. Sol n.peroneus superficialis-in hissi liflərinin stimulyasiyası zamanı geyd olunan sinir potensialın amplitudu düşükdür, İÖS enmişdir. Sol nouralis hissi liflərinin stimulyasiyası zamanı geyd olunan sinir potensialların amplitudu və İÖS norma daxilindədir. Alınan nəticələr xəstədə neyromotor aparatda nevral tipli zədələnmənin olmasına dəlalət edir (sol incik sinirinin neyropatiyası)” kimi qeyd olunmuş, sensor sinir zədələnməsi olduğundan əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2-1(118)-590/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, T00122731SGM nömrəli göndərişə əsassən əlillik təyinatına imtina edilməsi barədə qərarının ləğv edilməsi, İddiaçı müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci maddəsində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.1-ci bəndinə əsasən hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80- İ80.3, İ83.0-İ83.9) göstərişləri olan hallarda ikinci qrup əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıya müşahidə olunan diaqnoz qeyd olunan əsasnamədə ikinci qrup əlillik təyin edilməsinin əsasları kimi göstərilmişir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi diaqnozlar göstərilən Əsasnamənin 2.2.12-ci maddəsində ikinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Eyni zamanda məhkəmə bildirir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən “Əlilliyin qiymətləndirilməsi” Qaydasının müddəalarına görə, müddət göstərilməklə müəyyən olunmuş orqanizminin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patifunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, iddiaçıya 13 may 2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 52 Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə, iddiaçı cavabdehin əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozda əlillik əlamətinin müəyyən edilməməsi olmuşdur. İşin hallarından müəyyən edilir ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-1994–cü illərdə travma almışdır. İddiaçıya ilk dəfə xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” üçüncü dərəcəli (hər il 1 il müddətinə olmaqla), xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə eyni səbəb əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçıya tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə (forma 88) əsas diaqnoz kimi W34 “digər və dəqiqləşdirilməmiş odlu silahdan atəş, odlu silahdan yaralanma”, ağırlaşmaları kimi R26.8 “hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, sol diz oynağının kontrakturası, (açma 170 dərəc, bükmə 100 dərəcə) yerişin pozulması”, Z89.0 barmağın (barmaqların) baş barmaq da daxil olmaqla birtərəfli qazanılma olmaması, sol pəncədə ll barmağın amputasiyası”, M17.1 “digər birincili qonartroz, sol diz oynağının artrozu” qeyd edilmişdir. Qeyd olunmalıdır ki, sonuncu dəfə iddiaçıya əlillik təyin edilməsi zamanı cavabdehin qərarında (2016-2021) diaqnoz kimi “onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, həmin rəydə ekspertlər sadəcə iddiaçının barəsində müxtəlif vaxtlarda ayrı-ayrı tibb müəssisələri tərəfindən tərtib edilmiş sənədlər sadalanmış və hansı müayinə nəticəsində hansı nəticəyə gəlindiyi təsvir edilmədən iddiaçıda əlilliyin təyin edilməsi üçün patofunksional pozuntuların aşkar edilmədiyi qənaətinə gəlinmişlər. Bu baxımdan məhkəmə kollegiyası ekspert rəyinə tənqidi yanaşaraq onu mötəbər sübut kimi qiymətləndirmir. İddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilsə də, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişdir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 1999-cu il tarixdən üçüncü, 2007-ci ildən etibarən isə ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun ikinci dərəcəli əlillik təyini üçün əsas olmadığını iddia edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 1999-2021-ci illər aralığında qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)-4372024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş göndərişdə göstərilən əsas diaqnoz birbaşa öz əksini tapmasa da, onun ağırlaşması kimi R26.8 (Sinir sistemi xəstəliklərə aid olan sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr) və Z89.0 (endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları, bir və ya hər iki pəncə səviyyəsində amputasiyadan sonrakı vəziyyət (metatarzal səviyyə, Lisfranka, Şopar və ya digər atipik formalar), pəncə barmaqlarının amputasiyası, xoranın residivləşməsinin yüksək riski zonasının formalaşması ilə və (və ya) statodinamikanın mülayim pozulması ilə müşayiət olunan xroniki residivləşən xoralı çatışmazlıqlar) kodlu xəstəliklər Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh tərəfindən digər diaqnozlardan hər hansının mövcudluğu şübhə altına alınacağı mümkün olsa da, iddiaçının “aşağı ətrafında bir barmağının amputasiyası və amputasiyadan sonrakı vəziyyət kimi” diaqnozu labüddür və danıla bilməyən bir faktdır və həmin diaqnoz Meyarların 11.8.2.3-cü bəndinə görə orqanizmin funksiyalarının 65-80 fqaiz pozulması ilə nəticələndiyi üçün müddətsiz əlilliyin təyinaytına əsas verir. R25-R29 kodlu xəstəliyin də qiymətləndirici əlamətləri istinad olunan Meyarların 6.1.10-cu bəndinə əsaəsn başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları olmaqla iddiaçıda müşahidə edilməsi mübahisələndirilmir. Xəstəliklərin səbəbli əlaqəsinə münasibətdə qeyd edilməlidir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2016-cı il tarixli, 470 nömrəli qərarda iddiaçının hazırda onda aşkar edilən “qanqrena nnəticəsində ll barmağın amputasiyası əməliyyatından sonrakı sol ayağın ll marmaqarası nahiyyəsinin sağalmayan yarası” və “sol budun orta 1/3 hissəsinin ön səthinin kor güllə yarası” diaqnozlu xəstəliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Əlilliyin müddətinə münasibətdə isə kollegiya bildirir ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçıya ilk dəfə 2007-ci ildən ikinci dərəcəli əlillik təyin edilmiş və 2021-ci ilədək fasiləsiz olaraq 10 ildən artıq müddətdə əlillik müddəti uzadılmışdır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə dair hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsi rəhbər tutularaq cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilməklə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması faizi nəzərə alınmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddia müddəti ilə qeyd olunmalıdır ki, iddiaçının iddia müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş və buraxılmış müddət bərpa edilmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından apelyasiya şikayəti təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının nəticə hissəsi “cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilsin və İddiaçı orqanizminin funksiyalarının pozulması faizlərinə uyğun əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlinin üzərinə qoyulsun” yazılmaqla qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instanisya məhkəməsi qərarın nəticə hissəsində “xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlillik təyinatından imtina edilməsi barədə qərarı ləğv edilsin və iddiaçıya müddətsiz “azərbacan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulsun” kimi yazılmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin imtinasl xx.xx.2023-cü il tarixə aiddir və hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na görə əlillik dərəcəsinin təyin edilməsi orqanizminin funksiyalarının pozulması faizlərinə uyğun olaraq müəyyən edilməlidir. Kollegiya göstərilənlıəri texniki yanlışlıq kimi qiymətləndirir və nəticə hissəsinə müvafiq düzəliş edilməklə birinci instansiya məhkəmə qərarının dəyişdirilmədən saxlanılmasını məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2025-cı il tarixli, 2-1(118)-590/2025 nömrəli qərarı – qərarın nəticə hissəsi “cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilsin və İddiaçı müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə orqanizminin funksiyalarının pozulması faizlərinə uyğun əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlinin üzərinə qoyulsun” kimi yazılmaqla dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.