Məhkəmə qərarları › İş №2-1(105)-381/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-381/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-381/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “onun mərhum həyat yoldaşı X4 verilmiş 21 noyabr 2002-ci il tarixli JN 0530 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və X8 verilmiş 06.01.2006-cı il tarixli JN- 716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuzluqların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-109/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “onun mərhum həyat yoldaşı X4 verilmiş 21 noyabr 2002-ci il tarixli JN 0530 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və X8 verilmiş 06.01.2006-cı il tarixli JN-716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuzluqların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmınin 23.10.2020-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icaatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X4 21 noyabr 2002-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Lakin həmin Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatları digər şəxsə məxsus olan və ona 06.01.2006-cı il tarixdə verilmiş dövlət aktında da öz əksini tapmışdır. Halbuki, bu torpaq sahələri naturada üst-üstə düşmür, yəni tamam ayrı, bir-biri ilə əlaqəsi olmayan torpaq sahələridir. Göründüyü kimi, cavabdeh tərəfindən səhvə yol verilərək X4 verilmiş 21 noyabr 2002-ci il tarixli Dövlət Aktında göstərilən torpaq koordinatları X8 06.01.2006-cı il tarixdə verilmiş Dövlət Aktında göstərilmişdir. Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 23.09.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı ona 21 noyabr 2002-ci il tarixli JN 0530 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 20.11.2019-cu il tarixli 2-1(105)-754/2019 nömrəli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadda göstərilmişdir ki, iddiaçı ilk öncə koordinatların uyğunlaşdırılması tələbi ilə cavabdehə müraciət edərək mövcud uyğunsuzluğun aradan qaldırılmasını tələb etməli, cavabdeh imtina etdikdə isə inzibati məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmalıdır. Bundan sonra iddiaçı cavabdehə rəsmi qaydada müraciət edərək, sözügedən dövlət aktlarında göstərilmiş koordinatlar ilə bağlı uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdehin 12 dekabr 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Aleksandrovanın mərhum həyat yoldaşı X4 ləğv olunmuş DTXK tərəfindən 21.11.2002-cı il tarixdə verilmiş JN -0530 ( kod ********) nömrəli dövlət aktında qeyd olunan sahə, X10 06.01.2006-cı il tarixdə verilmiş JN - 716 ( kod ********) nömrəli dövlət aktında da öz əksini tapmışdır və M.A.Aydınov Şamaxı rayon DNK-da təsdiq olunmuş 07.07.2008-ci il tarixli 4Ə-2/379 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 1.0 ha sahəni alqı-satqı etmiş, yerdə qalan hissələrə, o cümlədən həmin sahəyə 08.08.2008-ci ildə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi mübahisəli, yəni başqa şəxsin mülkiyyətində olduğuna görə ərizənin icrası qeyri-mümkün olmuşdur. Birinci instansiya məhkəməsində iştirak etmiş üçüncü şəxs X11 izahat verərək bildirmişdir ki, o, torpaq sahəsini 2004-cü ildə X5 alqı-satqı yolu ilə almış və 2008-ci ildə başqa şəxsə satmışdır. Sözügedən torpaq sahəsi ilə bağlı heç kimlə mübahisəsi yaranmamışdır. Torpaq sahələri bir-biri ilə həmsərhəd deyillər. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi icarədədir. Onun torpaq sahəsinin həmin mübahisəli torpağa aidiyyəti yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-109/2021 saylı qərarı ilə iddia təmin edilmiş, mərhum X4 verilmiş 21 noyabr 2002-ci il tarixli JN 0530 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında və X8 verilmiş 06.01.2006-cı il tarixli JN-716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyi cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Aleksandrovanın mərhum həyat yoldaşı X4 ləğv olunmuş DTXK tərəfindən 21.11.2002-cı il tarixdə verilmiş JN -0530 ( kod ********) nömrəli dövlət aktında qeyd olunan sahə, X10 06.01.2006-cı il tarixdə verilmiş JN - 716 ( kod ********) nömrəli dövlət aktında da öz əksini tapmışdır və M.A.Aydınov Şamaxı rayon DNK-da təsdiq olunmuş 07.07.2008-ci il tarixli 4Ə-2/379 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 1.0 ha sahəni alqı-satqı etmiş, yerdə qalan hissələrə, o cümlədən həmin sahəyə 08.08.2008-ci ildə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırmanın nəticəsində məhkəmə belə bir nəticəyə gəlmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X4 məxsus 21 noyabr 2002-ci il tarixli 0530 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında və X8 verilmiş 06.01.2006-cı il tarixli 716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etiraz məktubunda qeyd olunmuşdur ki, mübahisələndirilən sahəyə X7 adına 08.08.2008-ci ildə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi qeydiyyata alınan zaman sözügedən sahəyə torpaq sahəsinin planı və ölçüsü sənədi də tərtib olunmuşdur. Göründüyü kimi, həmin sahə hal-hazırda X7 mülkiyyətindədir. Məhkəmə qərarı əsasında həmin sahənin X2 adına işləniləcəyi təqdirdə, X1 hansı sahəyə (hansı koordinatlar daxilində) işləniləcəyinə məhkəmə qərarında hər-hansı bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsində X7 faktiki istifadə ediyi torpaq sahəsinin kimin mülkiyyətində olmasını aydınlaşdırmaq üçün əlavə araşdırma işləri aparılmamış, müvafiq sorğular verilməmiş və maraqlı şəxs qismində Şamaxı rayonun Məlhəm ( keçmiş Çuxuryurd) Bələdiyyəsi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri məhkəmə prosesinə cəlb olunmamışdır. X11 tərəfindən faktiki istifadə olunan torpaq sahəsi hal-hazırda başqa yerdə yerləşməsinə baxmayaraq, Torpaq İslahatı zamanı tərtib olunmuş baza xəritəsində cizgi ilə əhatə olunub, lakin həmin sahənin kimin adında olması barədə məlumat qeyd olunmayıb. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən Ərazi İdarəsinin üzərinə qoyulmuş öhdəliyin icrası mümkün deyil. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin 18.02.2021 -ci il tarixli, 2-1(118)-109/2021 saylı qərarının ləğv edilməsi və işin tam və hərtərəfli araşdırılması üçün yenidən birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini və işin tam və hərtərəfli araşdırılması üçün yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək işin tam və hərtərəfli araşdırılması üçün yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən “mərhum həyat yoldaşı X4 verilmiş 21 noyabr 2002-ci il tarixli JN 0530 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və X8 verilmiş 06.01.2006-cı il tarixli JN-716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuzluqların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə iddianı təmin etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, göstərilən dövlət aktları arasında yaranmış uyğunsuzluqların aradan qaldırılmasını tələb etmək üçün iddiaçının subyektiv hüququ yaranmışdır. Torpaq sahəsinin yerində koordinatlarının düzgün və dəqiq müəyyən edilməməsi iddiaçının ərindən miras qalmış həmin torpaqdan sahiblik, isifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. İşdən görünür ki, hazırki iş üzrə cavabdehin imtinasının əsas dəlili İddiaçı Aleksandrovanın mərhum həyat yoldaşı X4 ləğv olunmuş DTXK tərəfindən 21.11.2002-cı il tarixdə verilmiş JN -0530 ( kod ********) nömrəli dövlət aktında qeyd olunan sahənin X10 06.01.2006-cı il tarixdə verilmiş JN - 716 ( kod ********) nömrəli dövlət aktında da öz əksini tapması olmuşdur. Lakin işdən görünür ki, iddiaçı üçüncü şəxs X12 ilə hər hansı mübahisəsinin olmadığını, başqa sözlə hər hansı zəbt faktının müəyyən olunmadığını bildirir. Bunu birinci instansiya məhkəməsində iştirak edən üçüncü şəxsin özü də bildirmişdir. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin naturada faktiki vəziyyəti və faktiki istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatları müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan sadəcə baza məlumatlarına əsasən X4 ləğv olunmuş DTXK tərəfindən 21.11.2002-cı il tarixdə verilmiş JN -0530 ( kod ********) nömrəli dövlət aktında qeyd olunan sahənin X10 06.01.2006-cı il tarixdə verilmiş JN - 716 ( kod ********) nömrəli dövlət aktında da öz əksini tapmasını bildirmişdir. Belə olduqda isə tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirilməsi məqsədilə mübahisənin obyektiv həlli üçün iş üzrə mütəxəssis rəyi alınmalı, iddiaçının faktiki istifadəsində olan hazırda istifadə etdiyi torpaq sahəsinin faktiki olaraq hər hansı şəxsin ərazisi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməli idi. Başqa sözlə, hazırki iş üzrə ilk öncə koordinatlar arasında olan uyğunsuzluğun konkret olaraq harada – yalnız hüquqmüəyyənedici sənədlərdə, yoxsa həm də faktiki istifadədə də olduğu müəyyən edilməlidir. Bu ona görə vacibdir ki, koordinatlar arasında olan uyğunsuzluq faktiki istifadə vəziyyətində müəyyən olunmayıb, yalnız hüquqmüəyyənedici sənədlərdə olduğu təqdirdə, yaranmış bu uyğunsuzluğu aradan qaldırmaq cavabdeh inzibati orqanın vəzifəsidir. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilsin. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Koordinatlar arasında olan uyğunsuzluq faktiki istifadə vəziyyətində də müəyyən olunduğu təqdirdə isə işə baxan məhkəmə araşdırmanı davam etdirməli və zərurət olduğu təqdirdə mübahisəli torpaq sahəsinin satılmasına dair Abşeron rayonu 1 saylı DNK-nun 3M/559 saylı, 03.09.2002-ci il tarixli alqı-satqı müqaviləsinə dair tərtib olunmuş, X6 ilə X12 arasında bağlanmış, 3M-560 saylı, 03.09.2002-ci il tarixli alqı-satqı müqaviləsinə dair tərtib olunmuş notariat işləri tələb olunmalıdır. Qeyd olunan hallar araşdırılmadan isə iddiaya qiymət vermək və iş üzrə yekun nəticəyə gəlmək mümkün deyil. Lakin işə baxan məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmamış, cavabdehin imtina dəlillərini araşdırmadan cavabdehin imtinasını əsassız saymışdır. Halbuki İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Göründüyü kimi, məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçinın arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda bələ şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzıbati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinə ünvanlanmış etirazında qeyd etmişdir ki, İddiaçı Aleksandrovanın mərhum həyat yoldaşı X4 ləğv olunmuş DTXK tərəfindən 21.01.2002-cı il tarixdə verilmiş JN -0530 ( kod ********) nömrəli dövlət aktında qeyd olunan sahə, X10 06.01.2006-cı il tarixdə verilmiş JN - 716 ( kod ********) nömrəli dövlət aktında da öz əksini tapmışdır və M.A.Aydınov Şamaxı rayon DNK-da təsdiq olunmuş 07.07.2008-ci il tarixli 4Ə-2/379 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 1.0 ha sahəni alqı-satqı etmiş, yerdə qalan hissələrə, o cümlədən həmin sahəyə 08.08.2008-ci ildə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi mübahisəli, yəni başqa şəxsin mülkiyyətində olduğuna görə ərizənin icrası qeyri-mümkün olmuşdur. Hazırki iş üzrə isə məhkəmə xidməti vəzifəsi olmağına baxmayaraq, iddiaçının iddia etdiyi torpaq sahəsinin, X7 faktiki istifadə ediyi torpaq sahəsinin kimin mülkiyyətində olmasını aydınlaşdırmaq üçün araşdırma aparmamış, müvafiq sorğular verməmişdir. İşdən görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarının hazırki iş üzrə üçüncü şəxs X7 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi ilə bağlı olmuşdur. Kollegiya qeyd edir ki, həmin sahənin X2 adına işləniləcəyi təqdirdə, X1 hansı sahəyə (hansı koordinatlar daxilində) işləniləcəyi məsələsi açıq qaldığı üçün işin halları araşdırılmadan cavabdehin imtinasının əsassız sayılmaqla iddianın təmin edilməsi, üçüncü şəxsin hüquqlarının pozulmasına səbəb ola bilər. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (68.2.) İstinad olunan normalardan da göründüyü kimi, məhkəmə, onda yaranmış daxili inam əsasında qərar qəbul etsə də, bu inam, ehtimal, fərziyyə, güman əsasında deyil, məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlar əsasında formalaşır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki iş, yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya həmçinin qeyd edir ki, işə yenidən baxılarkən aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İPM-in 28.1-ci maddəsində deyilir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). (28.2) Göründüyü kimi, qanunverici məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini təsbit etmişdir. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, X11 tərəfindən faktiki istifadə olunan torpaq sahəsi hal-hazırda başqa yerdə yerləşməsinə baxmayaraq, Torpaq İslahatı zamanı tərtib olunmuş baza xəritəsində cizgi ilə əhatə olunub, lakin həmin sahənin kimin adında olması barədə məlumat qeyd olunmayıb. Kollegiya qeyd edir ki, qeyd olunan halların araşdırılması Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin də işə üçüncü şəxs qismində cəlb edilməsini istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq İnzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-109/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “onun mərhum həyat yoldaşı X4 verilmiş 21 noyabr 2002-ci il tarixli JN 0530 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və X8 verilmiş 06.01.2006-cı il tarixli JN- 716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuzluqların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar