Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-381/2022 25.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdeh Abşeron rayon Novxanı bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X3 iştirakları ilə İddiaçı cavabdeh Abşeron rayon Novxanı bələdiyyəsinə qarşı “cavabdehin Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün açıq müsabiqə keçirilməsi barədə qərarı və həmin qərarın nəticələrinin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-757/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Abşeron rayon Novxanı bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına (əvvəlki 5 saylı torpaq müsabiqə və hərrac komissiyası) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2016-cı il tarixli, 361 nömrə ilə qeydə alınmış hərracın nəticələrinin, Abşeron rayonu Novxanı bələdiyyəsi ilə X7 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız sayılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Birinci instansiya məhkəməsindəki birinci icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,01311 ha ərazidə yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmış, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014cü il tarixli, ******* saylı çıxarış verilmişdir. Sonradan o, evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini (0.08 ha) xx.xx.2015-ci il tarixdə öz adına özəlləşdirmiş, onun adına torpaq sahəsi və fərdi yaşayış evinə vahid əmlak kimi xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Abşeron rayonu Novxanı kəndində ona məxsus torpaq sahəsinə bitişik 0.12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə xx.xx.2014- cü il tarixdən etibarən Abşeron rayon Novxanı Bələdiyyəsinə məxsus olmuşdur. Bələdiyyənin 12 fevral 2016-cı il tarixli, 02 saylı iclasının qərarı ilə 0.12 ha torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqə keçirilməsi qərara alınmış və 05 may 2016-cı il tarixdə 15:00-dan 18:00-dək 1200 kv.m torpaq sahəsi müsabiqəyə çıxarılmış, Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilən AM seriyalı, 000873 saylı şəhadətnaməyə əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üzrə X2 5 saylı torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən keçirilmiş 05.05. 2016cı il tarixli torpaq müsabiqəsinin qalibi olmuş, 10 may 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə bələdiyyə öz mülkiyyətində olan Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini X1. Həmin torpaq sahəsi X3 adına xx.xx.2016cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-461/2021 saylı qərarına əsasən mülki işə baxılarkən həmçinin müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinə bitişik sahə olub, mişar daşından olan vahid köhnə hasar daxilində yerləşməklə, iddiaçıya qədər bir sıra şəxslərin istifadəsində olmuşdur. Bu o deməkdir ki, fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsi ayrılmış olsa da, evin tikilməsi zamanı hasar çəkilərkən 0.12 ha torpaq sahəsi zəbt edilmiş, ümumilikdə 0.20 ha torpaq hasara alınmışdır. Həmin sahə iddiaçıya qədər bir sıra şəxslərin (müvafiq olaraq X9, X8, X6 və “M.E.S.” firmasının) istifadəsində olmuş, sonradan isə fərdi yaşayış evi ilə birlikdə faktiki olaraq iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Göründüyü kimi, mübahisəli 0.12 ha torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanununun 16.3-cü maddəsinin tələblərinə müvafıq olaraq yuxarıda qeyd edilən əsaslarla iddiaçının mülkiyyətinə verilməli olduğu halda, bələdiyyə bunu qərəzli olaraq etməmiş, sonradan isə formal hərrac vasitəsi ilə həmin torpağı Təranə Əfəndiyevaya satmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)-912/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(105)-595/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(118)- 912/2021 nömrəli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. (hakim H.Babayeva). c) Birinci instansiya məhkəməsindəki ikinci icraat Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13- cü maddəsinə uyğun olaraq iddiaçıya “tələbin dəqiqləşdirilməsinə dair” ərizə ünvanlanaraq hüquqi yardım olunmuş və ona işə mahiyyəti üzrə baxılanadək iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq çıxarışın ləğvinə dair hissədə dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehin Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün açıq müsabiqə keçirilməsi barədə xx.xx.2016-cı il tarixli 2 saylı qərarının və həmin qərarın nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-757/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva) . İddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-757/2022 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən iddia tələbi ilə bağlı ilkin olaraq 2017-ci il tarixdə Abşeron rayon Məhkəməsində iddia qaldırmış, həmin iddianın predmeti hazırkı iddia tələbinin predmeti ilə eyni olmuşdur. Abşeron rayonunda yerləşən 0,12 ha torpaq sahəsi bələdiyyə tərəfindən hərraca çıxarılarkən həmin torpaq sahəsinə bitişik 0,08 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hesab edir ki, belə olan halda məhkəmənin iddiaçının hüquq sahibi olmadığını əsas gətirməsi və bu səbəbdən iddianı mümkün hesab etməməsi əsassızdır. Məhkəmə Təranə Əfəndiyevanın 0,08 ha torpaq sahəsinə olan mülkiyyət hüquqlarının xx.xx.2019-cu il tarixdə qeydiyyata alındığını və iddiaçı tərəfindən isə 2017-ci il tarixdə iddia qaldırıldığını, iddiaçının vahid hasar daxilində və onun faktiki istifadəsində olan torpaq sahəsinin bələdiyyə tərəfindən qanunsuz satıldığını mübahisələndirmək hüququnun mövcud olduğunu nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-610/2018 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehlər Abşeron rayon Bələdiyyəsi, X5, Hərracların təşkili üzrə Auksion Mərkəzinə və Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə müəyyən edilmişdir ki, DƏDRX tərəfindən verilən xx.xx.2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndi ərazisində 0.01311 ha ərazidə yerləşən fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. DƏDRX tərəfindən verilən ******* nömrəli çıxarışla müəyyən edilir ki, Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsi və həmin sahə üzərində yerləşən bir otaq və yardımçı sahədən ibarət fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İşin məhkəmə baxışında keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus sözügedən 0,08 ha torpaq sahəsi üzərində yerləşən bir otaq və yardımçı sahələrdən ibarət fərdi yaşyış evidir. Həmin torpaq sahəsinə bitişik vahid hasar daxilində Təranə Əfəndiyevanın mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi yerləşir. Mübahisəli torpaq sahəsi 20 ha olmaqla vahid hasar daxilində yerləşməsi məhkəmə qərarında öz təsdiqini tapır. Qeyd olunan xüsusatlar Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında mülki işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı da müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd edilir ki, tərəflərin mülkiyyətində olan torpaq sahələri vahid hasar daxilindədir, Təranə Əfəndiyevanın mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,0678 ha hissəsi faktiki olaraq iddiaçı tərəfindən istifadə edilir, Təranə Əfəndiyevanın mülkiyyətində olan 0, 12 ha torpaq sahəsinin 56 kv.m hissəsindən ümumi gediş-gəliş yolu kimi istifadə edilir, ümumi torpaq sahəsindən əlavə çıxış yolu yoxdur. Məhkəmə mübahisəsi dövründə iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin də Təranə Əfəndiyevanın mülkiyyətinə keçdiyi müəyyən edilmişdir. İddiaçıya məxsus tikililərdən biri 0, 12 ha torpaq sahəsinin daxilində yerləşir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Novxanı Bələdiyyəsinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apelyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi nəinki 0,12 ha torpaq sahəsi, hətta fərdi yaşayış evi və onun yerləşdiyi 0,08 ha torpaq sahəsi də hal-hazırda onun mülkiyyətindədir. Belə olan halda, başqasının mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,08 ha torpaq sahəsinə bitişik bir ərazidə yerləşən, başqasının mülkiyyətində olan 0,12 ha ölçüdə olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ləğvi barədə iddia tələbi əsassızdır. Məhkəmə düzgün olaraq iddianı mümkün saymamışdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla bələdiyyə qərarını və onun nəticələrini mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının əvvəllər mülkiyyətində olan 8 sot torpaq sahəsi hazırda X3 mülkiyyətinə keçmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair isə iddiaçı tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətində olan hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyildir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin sahəyə dair bələdiyyə tərəfindən verilmiş qərarı mübahisələndirmək hüququna malik deyildir. İddiaçının sözügedən torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni, onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Abşeron rayon Novxanı Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Abşeron rayon Novxanı Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Abşeron rayonu Novxanı Bələdiyyəsinin 12 fevral 2016-cı il tarixli, 02 saylı iclas qərarı ilə Novxanı Bələdiyyəsinin alqı-satqı predmeti olan 0,12 ha torpaq sahəsində yaşayış evi tikmək məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, həmin torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə mülkiyyətə verilməsi üçün ilkin qiyməti bir sotuna 376 manat olmaqla açıq müsabiqə keçirilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyasına müraciət olunması qərara alınmışdır. İşdə olan olan ƏMDK yanında Hərracların Təşkili üzrə Abşeron rayonu X4 Mərkəzi tərəfindən verilən AM seriyalı, 000873 saylı şəhadətnamədən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üzrə X2 5 saylı torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş xx.xx.2016-cı il tarixli torpaq müsabiqəsinin qalibidir. İş materiallarında olan 10 may 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Novxanı Bələdiyyəsi öz mülkiyyətində olan Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini T.Ə.Əfəndiyevaya satmışdır. xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, iş materiallarından olan sənədlərdən görünür ki, mübahisələndirilən 0,12 ha torpaq sahəsi əvvəllər Novxanı bələdiyyəsinin mülkiyyətində olmuş, hazırda isə X3 mülkiyyətindədir. İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində subyektiv hüquqa malik olduğunu mübahisəli 0,12 ha torpaq sahəsi bələdiyyə tərəfindən hərraca çıxarılarkən həmin torpaq sahəsinə bitişik 0,08 ha torpaq sahəsinin onun mülkiyyətində olması ilə əsaslandırmışdır. İddiaçının dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələblə bağlı subyektiv hüququ o halda ola bilərdi ki, qeyd etdiyi 0,08 ha torpaq sahəsi onun mülkiyyətində olsun və mübahisəli 0,12 ha torpaq sahəsi həmin 0,08 ha torpaq sahəsinə bitişik olsun. İşin hallarından görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Belə ki, İddiaçı cavabdehlər X7, Abşeron rayonu Novxanı Bələdiyyəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi və həmin Mərkəzin 5 saylı torpaq müsabiqə və hərrac komissiyasına qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunmasına dair iddia tələbi və cavabdeh qarşılıqlı iddiaçı X7 torpaq sahəsinin boşaldılması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(012)-610/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, iddiaçının cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(105)-294/2020 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(012)- 610/2018 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, mütəxəssis rəyinə əsasən aparılmış araşdırmalar nəticəsində cavabdehin mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 56 kv.m hissəsindən iddiaçı tərəfindən faktiki olaraq gediş-gəliş yolu kimi istifadə edildiyi, baxış zamanı iddiaçının istifadə etdiyi 0,08 ha torpaq sahəsinin faktiki hasara alındığı və torpaq sahəsindən əlavə çıxışın olmadığı, lakin tədqiq olunan torpaq sahələrinin bir tərəfdən fərdi yaşayış evi ilə əhatə olunduğu nəzərə alınaraq iddiaçının istifadə etdiyi 0,08 ha torpaq sahəsindən həmin torpaq sahəsinin arxa və yan tərəfində yerləşən məhəllə daxili yola çıxış yolunun açılmasının mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-461/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(105)- 294/2020 nömrəli qətnaməsi qismən- ilkin iddiaya aid hissədə ləğv edilmiş və iş üzrə icraata həmin hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş və qətnamə qalan hissədə- qarşılıqlı iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Beləliklə işin sadalanan xüsusatları ilə mübahisəli torpaq sahəsinin üçüncü şəxsin mülkiyyəti olmaqla, iddiaçı tərəfindən faktiki olaraq zəbt edilən sahə olduğu, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin sahədən çıxarıldığı, həmçinin iddiaçının istifadə etdiyi 0,08 ha torpaq sahəsindən yola çıxış yolunun açılmasının mümkünlüyü müəyyən edilir. Bundan başqa, işin hallarından görünür ki, sözügedən 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə də iddiaçı və üçüncü şəxs arasında məhkəmə mübahisələri olmuşdur. Belə ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı “evin boşaldırlaraq təhvil verilməsi və evə köçürülmə” tələbinə dair iddia ilə məhkəməyə müaciət etmiş, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X3 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı hesabına boşaldılması və Təranə Əfəndiyevanın həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(105)-1112/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-3477/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və bundan sonra xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, iddiaçının mülkiyyətində olduğu iddia etdiyi 0,08 ha torpaq sahəsi də hazırda üçüncü şəxs X3 mülkiyyətindədir. Belə olan təqdirdə kollegiya hesab edir ki, mübahisələndirilən 12 sot torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Bu isə o deməkdir ki, İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Bu baxımdan, işə baxan birinci instansiya məhkəməsi isə işin qeyd edilən xüsusatını nəzərə alaraq iddianı mümkün saymayarkən haqlı olmuşdur. Beləliklə kollegiya hesab edir ki, 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin mülkiyyəti olaraq qeydə alınması iddiaçının hər hansı hüququna toxunmadığından, onun belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ da müəyyən olunmur. Bununla da, iddiaçının hazırkı iddianı qaldırmaqda hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-757/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-381/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-381/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver