Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-382/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nöməli hərbi hissəsinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi,, mübahisələndirmə haqqında iddia növü, iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nöməli hərbi hissəsinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin barəsində ehtiyata buraxılma barədə xx.xx.N-ci il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin siyahısına daxil edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(118)-475/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nöməli Hərbi Hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin barəsində ehtiyata buraxılma barədə xx.xx.N-ci il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon sakini 1985-ci il təvəllüdlü iddiaçı hərbi xidmətini ön cəbhədə keçmişdir. Qüsursuz xidmətinə görə tabeçiliyində olduğu zabit və rəisləri tərəfindən daim təşəkkürə layiq görülmüşdür. Xidməti bitirdiyi zaman döyüş və humanitar hazırlığına görə hərbi hissə komandanlığı tərəfindən təltif olunmuşdur, istər mülki həyatda, istərsə də hərbi xidmətdə daim vətənə olan borcunu məsuliyyətlə yerinə yetirmişdir. Bu borcunu ödəmək naminə 2016-cı ildə yenidən hərbi xidmətə qayıtmaq üçün Müdafiə Nazirliyinin 212 saylı Beylaqan korpusuna müraciət etmişdir. İddiaçının müraciəti müsbət qarşılanmış va Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2016-cı il tarixli, 59 nömrəli əmrinə əsasən 212 saylı Hərbi Hissədə xx.xx.2016-cı il tarixdan xx.xx.2016-cı il tarixədək təşkil edilmiş avtomobil sürücülük kursuna daxil olmuşdur. Kursu müvəffəqiyyətlə bitirmiş və qüsursuz xidmətinə görə təşəkkürə layiq görülmüşdür. 212 saylı Beylaqan korpusunun “181” saylı hərbi hissəsində xidmətini icra etmişdir. Kursu bitirdikdən sonra xidməti fəaliyyətinə başlamışdır. Xidmətinin beşinci ayında ailə vəziyyətində yaranan problemlə əlaqəli olaraq 3 yaşlı övladının xəstəliyi ilə bağlı tərxis olunmaq üçün xidmət etdiyi “181” saylı hərbi hissəyə müraciət etmişdir. Müraciəti qəbul olunmuş və rəhbərlik tərəfindən tərxis olunmuşdur. Lakin tərxis olunan zaman iddiaçıya xəbərdarlıq edilmədən xidməti fəaliyyətinə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndi əsas götürülməklə xitam verilmiş və xidmətdən azad edilmişdir. Əsasnamənin 156-cı maddəsinə görə hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. Maddənin dispozisiyasından aydın olur ki, hərbi qulluqçu inzibati xətaya görə yalnız şərəf məhkəməsinin vəsatəti ilə buraxıla bilər. Şərəf məhkəməsinin vəsatəti olmadan birbaşa buraxılma isə yalnız Əsasnamənin 156-cı maddəsinin “Ə” bəndinə əsasən mümkün sayılır. Əsasnamənin 156-cı maddəsinin “Ə” bəndində göstərilir ki, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İşdən görünür ki, iddiaçı şərəf məhkəməsinin vəsatəti olmadan, birbaşa əsasnamənin 156-cı maddəsinin “Ə” bəndi ilə deyil, “e” bəndi ilə ehtiyata buraxılmışdır. Bütün bunlardan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “181” nömrəli Hərbi Hissəsinin barəsində ehtiyata buraxılma barədə əmrinin qanunsuz olduğu aşkar görünür. Bundan başqa həmin Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış xəbərdar edilirlər. Qanunun bu tələbinə əsasən iddiaçıya buraxılmaya iki ay qalmış xəbərdarlıq edilməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, yalnız iddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 147 nömrəli əmrindən çıxarışı təqdim etmişdir. Həmin əmrə əsasən müddətdən artıq həqiqi hərbi ximət hərbi qulluqçusu əsgər İddiaçı, N nömrəli hərbi hissənin minaatan batareya 2-ci minaatan tağım 3-cü minaatan sürücü, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 044 əç nömrəli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinə müvafiq olaraq “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması, N may N-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılması və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Müddətdən artıq həqiqi hərbi ximət hərbi qulluqçusu əsgər İddiaçı, Azərbaycan Respublikasının Müdafiə nazirinin 5 iyun 2002-ci il tarixli 220 nömrəli əmrinə əsasən N-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmində almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi ximət hərbi qulluqçusu əsgər İddiaçı N-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilib, o, N-ci ilin növbəti məzuniyyətindən 20 (iyirmi) gün istifadə edib, əlavə məzuniyyət pulu ilə təmin olunub. Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(118)-475/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İmran Burcayev) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün mümkün sayılaraq icraata götürülməsi barədə qərardad edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassız olduğundan ləğv edilməli, iddia ərizəsi mümkün sayılmalıdır. Belə ki, Xaçmaz rayon sakinidir. Hərbi xidmətini ön cəbhədə keçmişdir. Qüsursuz xidmətinə görə tabeçiliyində olduğu zabit və rəisləri tərəfindən daim təşəkkürə layiq görülmüşdür. Xidməti bitirdiyi zaman döyüş və humanitar hazırlığına görə hərbi hissə komandanlığı tərəfindən təltif olunmuşdur. Bu borcunu ödəmək namina 2016-cı ildə yenidən hərbi xidmətə qayıtmaq üçün Müdafiə Nazirliyinin 212 saylı Beyləqan korpusuna müraciət etmişdir. Müraciəti müsbət qarşılanmış va Silahli Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2016-cı il tarixli, 59 nömrəli əmrinə əsasən 212 sayli Hərbi Hissədə xx.xx.2016-ci il tarixdən xx.xx.2016-ci il tarixədək təşkil edilmiş avtomobil sürücülük kursuna daxil olmuşdur. Kursu müvəffəqiyyətlə bitirmiş və qüsursuz xidmətimə görə təşəkkürə layiq görülmüşdür. 212 saylı Beyləqan korpusunun “181” saylı hərbi hissəsində xidmətimi icra etmişdir. Kursu bitirdikdən sonra xidməti fəaliyyətinə başlamışdır. Xidmətinin beşinci ayında ailə vəziyyətində yaranan problemlə əlaqəli olaraq 3 yaşlı övladının xəstəliyi ilə bağlı tərxis olunmaq üçün xidmət etdiyi N saylı hərbi hissəyə müraciət etmişdir. Müraciəti qabul olunmuş və rəhbərlik tərəfindən tərxis olunmuşdur. Lakin, çox təəssüflər olsun ki, tərxis olunan zaman xəbərlarlıq edilmədən xidməti fəaliyyətinə demə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e) bəndi əsas götürülməklə xitam verilmiş və xidmətdən azad edilmişdir. Həmin Əsasnamənin 156-cı maddəsinə görə hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. Qanunun tələbi cavabdeh qurum tərəfindən pozulmuş və onunla fərdi söhbət aparılmamış, buraxılmanın səbəbləri və əsası ona izah olunmamışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki əmrin mübahisələndirilməsi, yəni onun ləğvi ilə bağlı iddianın qaldırılması müddətinin başlanması əmrin ona rəsmi qaydada təqdim etmə anından deyil, əmrin elan olunduğu andan hesablanmalıdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, ona məxsus olan hərbi biletdə N-ci il tarixində işdən azad edilməyi barədə məlumatın mövcudluğu müddətin başlanması üşün yetərlidir, əmrin rəsmi qaydada təqdim edilməsinə zərurət və ehtiyac yoxdur. Məhkəmənin bu qənaəti yalnışdır və prosessual qanunverciliyin tələblərinə ziddir. Belə ki, hazırki iddia tələbinin mahiyyətindən görünür ki, burada tələblərin birləşdirilməsi baş vermiş, həm mübahisələndirmə, həm də məcburemtə haqqında tələblər qanunverciliyin tələbinə uyğun şəkildə bir iddiada birləşdirilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, təqdim etmə ilə əsas götürüldüyü halda 30 günlük iddia qaldırılması müddəti ötürülməmişdir. Məhkəmə isə əmrin hərbi biletdə qeyd olunmasını inzibati aktın elan olunması kimi qiymətndirməklə müddətin hesablanmasını həyata keçirir. Halbuki, inzibati aktın elan olunması onun hər hansı bir sənəd üzərində yazılması kimi başa düşülməməli, inzibati aktın qəbul edilməsi proseduruna uyğun olaraq inzibati aktı qəbul edən və ya buna səlahiyyətli olan şəxs tərəfindən onun tam məzmunda tərtib olunması və oxunması kimi başa düşülməlidir. İndiki halda tam məzmunlu əmr mənə heç bir şəxs tərəfindən oxunmamış, elan olunmamışdır. Göründüyü kimi inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur, inzibati icraat zamanı iştirakının təmin edilməməsi əmrin ona elan olunmasını istisna etmişdir. Bu əsasdan çıxış edilərsə elan etmə anından hesablansa da onun üçün iddia müddətinin axımı başlana bilməz. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. [31] Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. [27] Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırki mübahisə üzrə iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmçinin, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə mübahisə predmetini iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ehtiyata buraxılma barədə N may N-ci il tarixli Əmr təşkil edir. Həmçinin, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması əsası kimi iddiaçı tərəfindən müvafiq əmrin qanunvericiliklə müəyyən edilmiş müddətdə mübahisələndirilməməsi,nəticə etibarilə inzibati icraat haqqında qanunvericiliklə və inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlərlə bağlı tələblərə əməl edilməməsi halına istinad olunmuşdur. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmr haqqında məlumatlar iddiaçıya məxsus hərbi biletdə ətraflı və aydın şəkildə qeyd edilmiş, habelə iddiaçıya həmin Əmr haqqında məlumat verilmişdir. İddiaçının veridyi izahatından aydın olur ki, hərbi bileti ona müvafiq əmrin verildiyi vaxtdan təxminən iki ay sonra təhvil verilmişdir. Göründüyü kimi, iddiaçı onun barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş həmin əmr haqqında artıq N-ci il tarixdən məlumatlı olmuşdur. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə 5 ildən artıq vaxt keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da iddiaçı inzibati icraat haqqında və inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüş, lakin müddətin üzrlü səbəbdən ötürülməsi hallarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halla bağlı onu qeyd edir ki, iddiaçı müvafiq Əmrin ona elan olunsa da, şəxsən ona təqdim edilmədiyini, bu səbəblə də müddəti ötürməməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, inzibati priosessual qanunvericiliyin müvafiq normasının tələbinə əsasən inzibati aktın mübahisələndiriməsi ilə bağlı başlanğıc müddət inzibati aktın təqdim edilməsi və elan edilməsi vaxtı əsas götürülməklə müəyyən edildiyindən, indiki halda isə iddiaçı müvafiq inzibati akt barəsində məlumatlı olma vaxtı (N-ci ildən) artıq aşkar olduğundan, iddia müddətinin axımı da məhz həmin tarixdən (N-ci il tarixdən) hesablanmalıdır. Göründüyü kimi, iddiaçı müvafiq Əmr barədə məlumatlı olsa da, qeyd edilən halları mübahisələndirməmiş, həmin Əmrlə hüquqlarının məhdudlaşdırıldığını həmin vaxtı bildiyi halda, qanunla müəyyən eidlmiş müddətdə iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir.. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının indiki halda qeyd edilən hala istinad etməsi və həmin tarixdən 5 ildən artıq bir müddətin keçməsi, bu müddət ərzində həmin inzibati aktı mübahisələndriməməsi, indiki halda isə dəlil kimi həmin hala istinad etməsi onun hüquqdan suiistifadə etməsi halı kimi qiymətləndirilməsinə əsas verir. Həmçinin, qeyd olunmalıdır kii, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərədə tutulmadıqda belə, şəxsin həmin inzibati aktdan onun qanuni qüvvəyə mindiyi gündən 6 ay ərzində şikayət vermək hüququ vardır. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən şəxs qanunvericiliklə müəyyən edilmiş müddəti ötürdükdə, 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə vermək hüququnu da itirmiş olur. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini . “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd eidlmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir.Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(118)-475/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-382/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-382/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver