Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-383/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən onun adına açılmış ********** saylı VÖEN şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(118)-742/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh tərəfindən onun adına açılmış ********** saylı VÖEN şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2020-ci ildə özünə avtonəqliyyat vasitəsi almaq məqsədi ilə "xxxx" Bank ASC-nin Sədərək filialından 15400 ABŞ dolları məbləğində pul almışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, qeyd etdiyi pulu aldığına görə cavabdeh tərəfindən onun adına məcburi qaydada ********** №-li VÖEN açılmış və o, vergi uçotuna alınmış vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyata alınmışdır. O, hər hansı sahibkarlıq fəaliyyəti və ya dollar alqı-satqısı ilə məşğul deyil. Cavabdehin onu vergi uçotuna alınmış vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatdan keçirməsində ifadə olunan hərəkətləri qanunsuz və əsassızdır. Vergi ödəyicisi kimi şəxsin qeydiyyata alınması yalnız könüllülük prinsipi əsasında həyata keçirilir. Bu əsasdan onun adına məcburi qaydada VÖEN açılması qanunsuzdur. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumata əsasən iddiaçı tərəfindən 12.03.2020-ci il tarixdə xxxx Bankda 26216,65 manatın 15400 ABŞ dollarına konvertasiya edilməsi əməliyyatının aparılması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi məsələsinin ətraflı araşdırılması məqsədi ilə iddiaçıya 01.04.2020ci il tarixli **********205600 nömrəli məktub göndərilərək vergi orqanına dəvət edilmişdir, iddiaçı heç bir açıqlama vermədən vergi orqanına gəlməmiş və məktuba münasibət bildirməmişdir. Eyni zamanda yaranmış kənarlaşma ilə bağlı 04.06.2020-ci il tarixli **********234900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. İddiaçı tərəfindən konvertasiya əməliyyatı ilə bağlı heç bir məlumat təqdim etmədiyinə görə 26216,65 manat vəsaitin 14% dərəcə ilə vergiyə cəlb edilməsi barədə 18.06.2020-ci il tarixli **********942800 nömrəli Qərar qəbul edilmişdir. Eyni zamanda bildirmişlər ki, iddiaçı tərəfindən cavabdeh vergi orqanına inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müraciət edilməmişdir. Bu hal hazırki iddianın mümkünlük şərtlərinin pozulmasına və dolayısı ilə iddia ərizəsinin mümkün sayılmamasına hüquqi əsaslar yaradır. Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2-1(118)-742/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim L.Mirzəyeva) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını, işin yenidən baxılması üçün İ instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmə mübahisə predmeti olan VÖEN şəhadətnaməni inzibati akt hesab etməmişdir. Lakin bununla bağlı əsaslandırma apararkən qeyd etdiyi bütün kriteriyalar mübahisə predmeti olan VÖEN şəhadətnaməyə uyğun gəlir. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun 2-ci maddəsinə əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll emək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; AR Konstitusiya Məhkəməsinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmağı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır; Qeyd olunan hüquq normaları və həmin normaların şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarından belə aydın olur ki, hazırda mübahisə predmeti olan VÖEN şəhadətnamə inzibati akt hesab edilməlidir. X1 istinad etsək həmin Qərarda qeyd edilən kriteryalar VÖEN şəhadətnaməyə aid edilir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının vergi ödəyicisi hesab olunması barədə hakimiyyət tədbiri görülmüş və bu hakimiyyət tədbiri özünü şəhadətnamə formasında təzahür etmişdir. Eyni zamanda qəbul edilmiş hakimiyyət tədbiri növü ümumi publik hüquq sahəsinə aid olan vergi ödəyiciləri ilə inzibati orqan arasında mövcud olmalı olan məsələləri nizamlayır. Bundan başqa mübahisə predmeti olan şəhadətnamə hazırkı iş üzrə iddiaçı üçün müəyyən hüquqi nəticələr yaratmışdır (iddiaçı fərdi sahibkar statusu almış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi statusuna keçmiş, dövlət büdcəsinə vergi məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə müvafiq vergiləri ödəməklə mükəlləf edilmiş, öz gəlir və xərcləri barədə vergi məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə və vaxtlarda vergi bəyannamələri vermək vəzifəsi yaranmış və.s). Göründüyü kimi mübahisə predmeti olan şəhadətnamə bütün göstərilən kriteriyalara uyğundur. Lakin işə baxan birinci instansiya məhkəməsi nədənsə həmin şəhadətnaməni inzibati akt hesab etməmiş və ümumyyətlə irəli sürdükləri iddia növünü ruhuna zidd olaraq öz mülahizəsi ilə başqa bir iddia növü kimi qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ : Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini, şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun adına açılmış **********№li VÖEN şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Vergi Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2000-ci tarixli 222 nömrəli qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməklə aparılır. Normaların tələblərindən göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxslərin vergi uçotuna alınması nəticəsində onlara vergi orqanı tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) haqqında şəhadətnamə verilir. Qeyd edilən şəhadətnamə özü-özlüyündə iddiaçı üçün heç bir hüquqi nəticə yaratmir, şəhadətnamə vergi ödəyicisinin uçotunu əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsində qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur. “İnzibati icraat haqqında” Qanununun 1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. AR İPM-nin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddiaçının fərdi sahibkar kimi vergi uçotuna alınması inzibati orqanın faktiki xarakterli hərəkəti sayılır və iddiaçı, öhdəliyin icrası haqqında iddia qaldıraraq, cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Lakin işin hallarından görünür ki, iddiaçı hazırki iddia üzrə qanunsuz olaraq vergi uçotuna alınması ilə bağlı vergi orqanına müraciət etməmişdir. İPM-nin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(118)-742/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-383/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-383/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver