Məhkəmə qərarları › İş №2-1(105)-383/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-383/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-383/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi və torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(118)-692/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı onun Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə mülkiyyətinə verilmiş Xaçmaz rayonu Şollar kəndində yerləşən 0.10 ha torpaq sahəsinə, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 16.11.2021-ci il tarixli, **********00 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir.

2. Daha sonra iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Susayqışlaq İƏV nümayəndəsinin 21 may 1997-ci il tarixli 05 nömrəli sərəncamı ilə iddiaçıya Şollar kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi səlahiyyətli komissiya üzvləri tərəfindən yerində ölçülərək iddiaçıya təhkim edilmiş, göstərilən sərhədlərdə torpaq sahəsini hasara alaraq istifadə etməyə başlamışdır. Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə həmin ölçüdə, yəni 0.10 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Baxmayaraq ki, AİK-nın qərarı ilə mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir, DT və XK Xaçmaz rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 12 iyul 2004-cü il tarixdə adına verilmiş JN-197 A KOD 30222048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 05 saylı qərarı ilə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin ölçüsü səhvən 0.06 ha göstərilmişdir. Həmin illərdə iddiaçı şəhadətnamədəki yanlışlığın aradan qaldırılması üçün həm DT və XK-nə, həm də həmin komitənin Xaçmaz rayon şöbəsinə müraciətlər etmiş, lakin məsələ həll olunmamış həmin təşkilatların fəaliyyətinə xitam verildiyindən şəhadətnamədəki yanlışlıq aradan qaldırılmamışdır. Beləliklə, Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. 16 noyabr 2021-ci il tarixdə iddiaçı bütün zəruri sənədləri əlavə etməklə ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək qanuni əsaslarla mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasını xahiş etmişdir. Həmin idarənin rəis vəzifəsini icra edən rəis müavini Fikrət Nuşiyevin imzası ilə 16 noyabr 2021-ci il tarixli **********00 saylı məktubla iddiaçıya cavab verilmişdir ki, onun və ailə üzvlərinin adına Xaçmaz rayonu Şollar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN-197A KOD 30222048 saylı “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə” işlənilib hazırlanmışdır. Xaçmaz rayonu Şollar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə aid JN-197A, KOD 30222048 saylı “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə”də düzəlişin edilməsi və ya torpaq sahəsinin bərpa edilməsi təşkilatın səlahiyyətlərinə aid deyildir. Əlavə olaraq Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyalarının qərarı ilə razılaşmadıqları təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyatı üzrə məhkəməyə şikayət etmək səlahiyyətləri vardır. İddiaçı hesab edir ki, cavabdehin ərizəyə imtina cavabı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı adına olan şəhadətnamədə düzəlişin həyata keçirilməsi barədə müraciət etməmişdir. Cavabdehə ünvanladığı ərizədə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Bundan da əlavə, cavabdeh idarənin məktubunda qeyd olunur ki, “Torpaq islahatı haqqında” Qanununun 22-ci maddəsinə əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyalarının qərarı ilə razılaşmadığı təqdirdə aidiyyatı üzrə məhkəməyə şikayət edə bilər. İddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarını əsas tutaraq cavabdeh idarəyə müraciət etmişdir. Yəni həmin qərarı mübahisələndirmir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(118)-692/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev)

5. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Xaçmaz rayonu Susayqışlaq İƏV nümayəndəsinin 21 may 1997-ci il tarixli 05 nömrəli sərəncamı ilə ona Şollar kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi səlahiyyətli komissiya üzvləri tərəfindən yerində ölçülərək ona təhkim edilmiş, göstərilən sərhədlərdə torpaq sahəsini hasara alaraq istifadə etməyə başlamışdır. Xaçmaz rayonu AİK-nın 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.10 ha həyətyanı torpaq sahəsi ailəsinin mülkiyyətinə verilmişdir. Onun cavabdeh idarəyə ünvanladığı ərizədə tələbi ondan ibarət olmuşdur ki, AİK-nın qərarı ilə mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə hüquqları dövlət reyestrində qeydiyyata alınsın və müvafiq çıxarış verilsin. İşə baxmış məhkəmə həmin maddi hüquq normasının tələblərini pozaraq qərarında yazır ki, iddiaçının iddia etdiyi 0,10 ha torpaq sahəsinin 0.04 ha hissəsinin X3 məxsus olması ilə bağlı qanuni qüvəyə minmiş məhkəmə qərarları vardır. Birincisi, ona mülkiyyət hüququ ilə verilməli 0,10 ha torpaq sahəsinin koordinatları müəyyən deyil. Belə olan halda məhkəmə nəyə əsasən hesab edir ki, həmin 0,10 ha torpaq sahəsinin 0,04 ha hissəsinin Cavahir Bayramovaya məxsus olması məhkəmə qərarları ilə təsdiq olunur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

8. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.04.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

12. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz rayon Susayqışlaq inzibati ərazi vahidi nümayəndəliyinin 21 may 1997-ci il tarixli 05 nömrəli əmrindən çıxarışa, Azərbaycan Respublikası Xaçmaz Rayon Dövlət Arxivinin 03 iyun 2011-ci il tarixli 685 saylı arxiv çıxarışına əsasən Şollar kənd sakini İddiaçı həmin kənddən yaşayış evi tikmək və istifadə etmək üçün həyətyanı sahəsi nəzərdə tutulmuş yerdən 0.10 ha torpaq sahəsi verilmişdir.

13. Azərbaycan Respublikası Xaçmaz rayon Susayqışlaq inzibati ərazi vahidi nümayəndəliyinin 02.06.1997-ci il tarixli 04 saylı sərəncamın Azərbaycan Respublikası Xaçmaz Rayon Dövlət Arxivinin 09 mart 2016-cı il tarixli 196 saylı arxiv çıxarışına əsasən Şollar kənd sakini İddiaçı 0.10 ha torpaq sahəsinin təhkim olunması haqqında 05 saylı 21.05.1997-ci il tarixli əmri təsdiq edilmişdir.

14. Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivinin 20 iyul 2016-cı il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli 05 saylı protokolu ilə Xaçmaz rayonu Susay sovxozu Şollar kəndi üzrə püşk atma yolu ilə fəaliyyət göstərən kəndli-fermer təsərrüfatlarında torpaq almaq hüququ olan vətəndaşların ardıcıllıq siyahısında 196-cı İddiaçı adına qaytanlanmış kitab üzrə 0.10 ha, faktiki 0.10 ha torpaq sahəsi qeyd edilmişdir, lakin JN 197 A, KOD 30222048 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, iddiaçının mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi verilmişdir. Lakin iddiaçı qeyd edilən texniki səhvin düzəldilməsi ilə bağlı zamanında və düzgün hüquq müdafiə vasitələri seçməmiş, nəticədə mübahisəli olan 0.04 ha torpaq sahəsi üzərində X2 hüquqları məhkəmələr tərəfindən tanınmışdır.

15. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında iddiaçılar İddiaçı, X1, X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı adlarına verilmiş JN-197A saylı, 30222048 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə qismən dəyişiklik edilməklə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli, 05 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin ölçüsünün 0,10 ha göstərilməsi, tərəflərindən hasarlanmış və faktiki olaraq istifadələrində olan həmin 0,10 ha torpaq sahəsinə onların mülkiyyət hüquqlarının qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair adlarına reyestrdən çıxarışın verilməsi, Mansurova Yaqutun atasının adının “Hacımurad”, Rəhilənin soyadının “Mansur” yazılması, 3-cü şəxs X2 adına verilmiş JN-301 A saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən ləğv edilməsi və sonuncunun adına rəsmiləşdirilmiş 0,04 ha torpaq sahəsinin onların adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair inzibati iş olmuş, məhkəmənin 2-1(85)-413/2017 saylı, 15 mart 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

17. Həmin qərarda iddiaçılara izah edilmişdir ki, mübahisə kökü aqrar islahat zamanı vətəndaşlara ayrılmış torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrinin sərhəddinin müəyyən olunması ilə bağlı olduğundan buna müvafiq olaraq X4, bələdiyyə və bələdiyyənin X2 torpağına bitişik ərazidə torpaq sahəsi ayırdığı şəxslə müxtəlif razılaşma, bu mümkün olmadıqda isə müxtəlif iddialar qaldırma imkanları vardır.

18. İddiaçıya və ailəsinə aqrar islahat zamanı 0,10 ha torpaq sahəsi ayrılsa da, sənəd üzrə 0,6 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmış, geri qalan 0,4 ha torpaq sahəsi isə X2 adına dövlət qeydiyyatına alınmışdır. Dövlət qeydiyyatına alınmış həmin torpaq sahələrindən sonrakı torpaqlar isə bələdiyyə torpağı kimi digər şəxslərə satılmışdır.

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

20. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarını nəzərə almamış, iddianın mümkünlüyünə hüquqi qiymət vermədən təkrarən eyni predmet üzrə tələbə mahiyyəti üzrə baxmışdır. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(118)-692/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin onun Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə mülkiyyətinə verilmiş Xaçmaz rayonu, Şollar kəndində yerləşən 0.10 ha torpaq sahəsinə, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə ərizəsinin icrasından imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə həmin ölçüdə torpaq sahəsinə dair adına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar