Məhkəmə qərarları › İş №2-1(105)-384/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-384/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-384/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri “Əşya bazarı” rayonunda fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv.m olan avtomobillərin təmir sexlərinin X3 istifadəsində olmasının qeydiyyatdan keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-158/2021 saylı, 29 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri “Əşya bazarı” rayonunda fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv.m olan avtomobillərin təmir sexlərinin X3 istifadəsində olmasının qeydiyyatdan keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 ilə uzun müddət rəsmi nikahda birgə yaşamışdır. X4 2018-ci ildə vəfat etmişdir. Bundan sonra iddiaçı rəsmi nikah dövründə əldə etdikləri əmlakları vərəsəlik qaydasında qəbul etmişdir. Həmin əmlaklardan biri “xxxx” MMC-dir. Həmin MMC-də ərinə məxsus olan 17 % pay da onun mülkiyyətinə keçmişdir. Mübahisə obyekti olan Sumqayıt şəhəri “Əşya bazarı” ərazisində fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv.m olan avtomobillərin təmir sexləri mərhum ərinin istifadəsində olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 25.05.2016-cı il tarixli 2(060)- 4252/2016 saylı qətnaməsi ilə həmin təmir sexlərinin X3 istifadəsində olması faktı müəyyən edilmişdir. İddiaçı müvafiq sənədləri və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini cavabdehə təqdim edərək istifadə hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin müraciətinə imtina cavabı almışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-158/2021 saylı, 29 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Vəfa Əzizova) Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 25.05.2016-cı il tarixli 2(060)-4252/2016 saylı qətnaməsi ilə onun rəsmi nikahda olan əri X3 Sumqayıt şəhəri “Əşya bazarı” rayonunda fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv.m olan avtomobillərin təmir sexlərinə istifadə hüququ tanınmışdır. Məhkəmə qətnaməsi qərardad çıxan günə qədər qüvvədə olmuş və mövcud qanunvericiliyə uyğun olaraq icra olunmalı idi. X1 məhkəmə qətnaməsinin icrası ilə bağlı tədbirlər görməmişdir. Lakin onun ölümü ilə məhkəmə qətnaməsində müəyyən edilmiş hal aradan qalxmır. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, X4 20.12.2018-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş və ölən gününə qədər onun rəsmi nikahda olan arvadı olmuşdur. Məhkəmə hesab etmişdir ki, “Arsenal 93” firması ilə “xxxx- 99” MMC-nin heç bir əlaqəsi yoxdur. Bu halı qəbul edir. “xxxx 99” MMC-nin sənədlərini X3 vərəsəsi olmağı baxımından təqdim etmişdir. Vərəsə miras əmlakın bir hissəsini qəbul edirsə digər hissəsini də qəbul etmiş olur. Məhkəmə isə yuxarıdakı sənədlərə istinad etməklə “Arsenal 93” firması ilə “xxxx 99” MMC arasındakı əlaqəni müəyyən etmək istəmişdir. Lakin yuxarıda hər iki müəssisənin sənədlərinin məhkəməyə təqdim olunmasının məqsədini göstərmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25.05.2016-cı il tarixli qətnaməsindən görünür ki, “Arsenal 93” firmasının bir təsisçisi 2012-ci il tarixə, biri isə 2015-ci il tarixdə vəfat etmişlər. Digər iki təsisçi isə paylarından X3 xeyrinə imtina etmişlər. Onun bu iddianı qaldırmağa subyektiv hüququ məhz X3 rəsmi nikahda olan arvadı olmağıdır. Bu səbəbdən məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir və İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü ilə bağlı məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar”. İddia tələbindən göründüyü kimi iddiaçı, Sumqayıt şəhəri “Əşya bazarı” rayonunda fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv.m olan avtomobillərin təmir sexlərinin mərhum əri X3 istifadəsində olmasının qeydiyyatdan keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 26.03.1997-ci il tarixli 146 saylı sərəncamı ilə “Arsenal-93” firmasına avtomobillərə texniki xidmət məntəqəsi tikintisi məqsədi ilə əşya bazarı rayonundakı ərazidə 70 kv.m torpaq sahəsi ayrılmışdır. “xxxx-99” MMC “Elmar-99” firmasının bazasında yaradılmış və 17.12.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı 17 % payla həmin MMC-nin təsisçilərindən biridir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 25.05.2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri “Əşya bazarı” ərazisində fəaliyyət göstərən 2 ədəd, hər biri 35 kv.m olan avtomobillərin təmir sexlərinin X3 istifadəsində olması faktı müəyyən edilmişdir. Qətnamənin əsasladırma hissəsində ona istinad olunmuşdur ki, sözügedən torpaq sahəsi və tikililər “Arsenal-93” firmasına məxsusdur. Həmin firmanın təsisçilərindən biri ərizəçi X3 oğlu X7 olmuşdur. Firmanın yaradıldığı gündən sexlər ərizəçi xxxx Məmmədovun istifadəsində olduğundan bu barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 29.11.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “Arsenal-93” firması 08 aprel 1993-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin 961 saylı sərəncamına əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin firma vergi uçotuna alınmamış və başqa müəssisəyə çevrilməsi barədə vergi orqanında məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi avtomobil təmir sexlərinin yerləşdiyi torpaq sahəsi “Arsenal-93” firmasına ayrılmışdır və həmin torpaq sahəsi üzərində S.R.Məmmədovun və ya İddiaçı hər hansı hüququ tanınmamışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olması müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-158/2021 saylı, 29 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar