Məhkəmə qərarları › İş №2-1(105)-384/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-384/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-384/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavadehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti İctimai Birliyində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-446/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İş materiallarına əlavə olunmuş iddiaçıya aid ИT-İ ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.1975-xx.xx.1976-cı illər (Kompressor zavodunda işlədiyi müddətdə təhsil), xx.xx.1977-xx.xx.1977-ci illər (təhsil illəri), xx.xx.1977-xx.xx.1979-cu illər (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1980-ci illər (Sumqayıt Kompressor zavodu), xx.xx.1986xx.xx.1986-cı illər (Azərbaycan Təbiəti Mühafizə Komitəsi), xx.xx.1987-xx.xx.1988-ci illər (Xaçmaz Rayon Maarif şöbəsi), xx.xx.1989-cu ildən hal-hazıradək (Azərbaycan Təbiəti Mühafizə Komitəsi) olan illərdə təhsil, hərbi xidmət və əmək fəaliyyətilə məşğul olaraq ümumilikdə 40 ildən çox staja malik olmuşdur. İş materiallarına əlavə olunmuş iddiaçıya aid HB № 006564 olan diplomun surətinə görə o, 1981-ci ildə Kirov adına X7 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1986-cı ildə həmin universitetin coğrafiya fakültəsini bitirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti İctimai Birliyinin 28 yanvar 2023-cü il tarixli əmək haqqı cədvəllərinə dair arayışına əsasən iddiaçı xx.xx.1991-ci ildən xx.xx.2023-cü il tarixədək Cəmiyyətin Xaçmaz rayon Mühafizə şöbəsin sədri vəzifəsində işləmiş və əmək haqqı almışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-Ş-xx/xx/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktub onunla əsaslanıdırılmışdır ki, təqdim edilmiş əmək kitabçasının, hərbi biletin və təhsil haqqında diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla) 14 il 1 ay 12 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyanın məbləği isə 280 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmri qeyd edilsə də, işdən çıxma əmri barədə hər hansı bir məlumat qeyd edilməmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və hazırda adına aktiv əmək müqaviləsi (Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsi) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 48 il əmək stajının nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı idida tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1991xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti İctimai Birliyində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1975-ci ildə Sumqayıt Kompressor zavodunun 91 saylı texniki məktəbinə daxil olmuş, xx.xx.1976-cı ildə Sumqayıt Texniki məktəbi bitirmiş, xx.xx.1977-ci ildə 4-cü dərəcə nəzarətçi vəzifəsi ilə Sumqayıt Kompressor zavoduna işə daxil olmuş, xx.xx.1977-ci ildə həmin zavoddan hərbi xidmətə getmiş, xx.xx.1979-cu ildə hərbi xidməti bitirmiş və zavoda qayıtmış, xx.xx.1980-ci ildə zavoddan təyinatla Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. xx.xx.1980-ci ildə Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olmuş, xx.xx.1981-ci ildə hazırlıq kursunu bitirmiş, xx.xx.1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsinə, xx.xx.1986-cı ildə ali təhsilini başa çatdıraraq Azərbaycan Təbiəti Mühafizə Komitəsinə işə qəbul edilmişdir. xx.xx.1987-ci ildə Xaçmaz rayon Maarif şöbəsinə, xx.xx.1989-cu ildə yenidən Təbiəti Mühafizə Komitəsinə işə daxil olmuşdur. xx.xx.1990-cı ildə Təbiəti Mühafizə Komitəsindən işdən çıxaraq, xx.xx.1994-cü ildə Təbiəti Mühafizə Cəmiyyətinə mərhum X5 əmri ilə işə daxil olmuşdur. Hal-hazıra kimi Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsinin İctimai Birliyinin sədri vəzifəsində işləyir. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsinə vergi ödənişləri etmişdir. Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsi xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Cəmiyyətin Xaçmaz rayon şöbəsinin şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə 480,00 manat, pensiya üzrə 69,58 manat, işsizlikdən sığorta haqqı üzrə 19,20 manat, pensiya üzrə 3,45 manat, icbari tibbi sığorta haqları üzrə 38,4 manat, pensiya üzrə 3,86 manat ödəniş etmişdir. Vergi qanunvericiliyi və inzibatçılıq, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet saytına (195) onlayn nömrəyə yazılmaqla Quba rayonu üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə (Quba şəhəri, Yeni Körpü 1) və ya digər bütün vergi xidmət mərkəzlərinə müraciət etmişdir. İddiaçının ümumi 48 il əmək stajına malikdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-87209/2023 nömrəli məktubunda iddiaçının ümumi stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş əmək kitabçası, diplom və hərbi biletin surətlərinə əsasən iddiaçının mübahisələndirilməyən ümumi stajı 14 il 2 gün təşkil edir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsində işləməsi barədə qeydlər mövcuddur. Cəmiyyətin Xaçmaz rayon şöbəsində işlədiyini iddia etdiyi xx.xx.1991-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. İddiaçı fərdi hesabında sözügedən dövr üzrə məcburi sosial sığorta haqlarının mövcud olmaması səbəbindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınması qanunauyğun deyildir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-446/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmət, təhsil illəri və əmək fəaliyyəti cəmləndikdə 40 ildən çox staja malik olması öz təsdiqini tapır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası ilə təsdiq olunduğuna,həmin əmək kitabçasının mötəbərliyinin əksi cavabdeh orqan təərfindən təkzib edilmədiyindən məhkəmə həmin müddətin 23 il 7 ay 21 günə bərabər olmasını müəyyə etmişdir. Bundan sonra iddiaçının işlədiyi müəssisənin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək MDSS üzrə 480,0 manat, pensiya üzrə 69.58 manat, işsizlikdən sıorta haqqı üzrə 19.20 manat, icbari tibbi sığorta haqları üzrə 38.4 manat ödəniş etməsi müəyyən edilmişdir. Bundan başqa iddiaçının işlədiyi müəssisənin 1991- 2023-cü ilin yanvar ayını əhatə edən əmək haqqı cədvəlləri təqdim edilmişdir. Bununla da iddiaçının tələb olunan azı 25 il staja malik olması öz təsdiqini tapmış olur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydas ı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-i il tarixli 175 nömrəli Qərarının 4.1-ci bəndində göstərilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquq aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. Həmin Qaydanın 4.1.2-ci bəndinə əsasən xx.xx.2006-cı ildən sonrakı dövr üzrə işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti əmək pensiyası təyin edilərkən sığorta stajı kimi nəzərə alınır. İş materiallarına əlavə olunmuş əmək kitabçası, diplom və hərbi biletin surətlərinə əsasən iddiaçının mübahisələndirilməyən ümumi stajı 14 il 2 gün təşkil edir. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsində işləməsi barədə qeydlər mövcuddur. Həmin dövr xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından həmin dövr mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir.Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Cavabdehin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının xx.xx.1991-xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti İctimai Birliyində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22-1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır. Hazırkı iş üzrə iddiaçının 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iki şərt mövcud olmalıdır: 1) 63 yaşının tamam olması; 2) 25 il sığorta stajının mövcud olması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olduğu üçün 63 yaşına çatması işin mübahisə edilməyən halıdır. Həmçinin, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1975xx.xx.1976-cı illərdə texniki peşə təhsili, 1981-1986-cı illərdə ali təhsil almış, 1979-1981-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1976-xx.xx.1977-ci illər, xx.xx.1979-xx.xx.1980-ci illər, (təhsil illəri), xx.xx.1977-xx.xx.1979-cu illər (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1980-ci illər (Sumqayıt Kompressor zavodu), xx.xx.1986-xx.xx.1986-cı illər, xx.xx.1987xx.xx.1988-ci illər (Xaçmaz rayon Maarif şöbəsi), xx.xx.1989-cu ildən xx.xx.1990-cı illərdə Təbiətin Mühafizəsi üzrə Xaçmaz Rayonlararası Komitədə, xx.xx.1991-ci ildən xx.xx.1994-cü il tarixədək Azərbaycan Təbiətin Mühafizəsi Cəmiyyətin təlimatçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək həmin Cəmiyyətin məsul katibi, xx.xx.1995-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cəmiyyətin Xaçmaz rayon Şöbəsinin sədri işləmişdir (40 ildən yuxarı). Cavabdeh iddiaçının ümumi iş stajının cəmi 14 il 1 ay 12 gün olmasına, 1991-2023cü illər arasındakı dövrü xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamasına görə sığorta stajına daxil etməkdən imina etmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövrlər ərzində də iddiaçının Azərbaycan Təbiəyin Mühfaizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı da məhkəmənin sorğusuna cavab olaraq sığortaedən X1 Cəmiyyətinin Xaçmaz rayon şöbəsi tərəfindən 2021-ci ilin lll, lV və 2022-ci ilin lll rübləri üçün “Arayış” tipli (fəaliyyətin olmaması barədə) məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmiş, digər illərə dair hesabat məlumatları aşkar edilməmişdir. Kollegiya qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Lakin, hazırkı iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi dövr onun social sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının yuxarıda qeyd edilən müddəalarında xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddətinin fərdi uçot məlumatlarına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət social sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. İnzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət social sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qanunvericiliyin tələbi, eləcə də formalaşmış vahid məhkəmə təcrübəsinə görə işin hazırkı vəziyyətində 1 yanvar 2006-cı il tarixədək iş dövrü sığorta haqqının işəgötürən tərəfindən ödənilməsindən asılı olmayaraq staja daxil edilir, həmin tarixdən sonrakı dövrlər isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən, yəni məcburi dövlət sosial sığorta haqları ödənildiyi təqdirdə daxil edilir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən iş yeri ilə bağlı nəzərə alınan sosial sığorta stajı 1 yanvar 2006-cı il tarixinə qədər hesablandığından və müəssisənin həmin tarixə qədər yaranmış məcburi dövlət social sığorta haqları üzrə borcları silindiyindən cavabdehin həmin dövrləri məcburi dövlət sosial sığorta haqlarının ödənməməsinə görə xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün iş stajına daxil edilməli olmaması ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə həmin müəssisə tərəfindən sığortaolunanlar o cümlədən, iddiaçı barəsində “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilmədiyindən, başqa sözlə, iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən xx.xx.2006-cı il tarixdən sonrakı dövr iddiaçının sığorta stajına daxil edilə bilməz və cavabdehin dəlilləri bu hissədə əsaslıdır. Lakin, qeyd olunan hal iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsinə maneə təşkil etmir. Belə ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (14 il 3 ay 4 gün) işlədiyi dövr nəzərə alındıqda, onun 25 ildən artıq sığorta stajına malik olduğu aşkar edilir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Belə olan halda “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, əmək pensiyası hüququ xx.xx.2023-cü il tarixdən yaranmışdır, lakin birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində həmin tarix texniki yanlışlıq nəticəsində “xx.xx.2023-cü il” göstərilmişdir. Bununla bağlı həmin səhv texniki yanlışlıq hesab edilməklə qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-446/2025 nömrəli qərarı – qərarın nəticə hissəsində əmək pensiyası hüququnun yarandığı tarix “xx.xx.2023-cü il” əvəzinə “xx.xx.2023-cü il” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar