Məhkəmə qərarları › İş №2-1(105)-385/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-385/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-385/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən vurulmuş maddi ziyana görə 150000 manat, mənəvi ziyana görə 72000 manat məbləğində kompensasiyanın tutulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-3/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron İcra Hakimiyyətinə, üçüncü şəxslər X4, Azərbaycan Respublikası Mərkəzi Bank nəzdində İpoteka Fondu, "xxxx" ASC və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və üçüncü şəxslərdən vurulmuş maddi ziyana görə 170000 manat, mənəvi ziyana görə 30000 manat, kirayə tutduğu evə görə hər ay üçün ödədiyi 250 manat hesabı ilə 36 ay üçün 9000 manat, ümumilikdə 231000 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Abşeron İcra Hakimiyyətindən vurulmuş maddi ziyana görə 150000 manat, mənəvi ziyana görə 72000 manat məbləğində kompensasiyanın tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 09.03.2018-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində İpoteka Fondu, "xxxx" ASC və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbiçi olan İddiaçı 04.06.2010-cu il tarixdə kreditor – ipotekasaxlayan "xxxx" ASC-dən 42000 manat götürüb İpoteka Fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu yoncalıq ərazisində yeni yaşayış massivində X3 tikinti briqadası ilə birlikdə tikib öz adına rəsmiləşdirdiyi və satdığı evlərdən birini 70000 manata əldə etmişdir. İddiaçı xidməti vəzifəsi ilə əlaqədar ötən 4 il ərzində həmin evdə yaşamamış, 2014-cü ilin may ayında qayıdıb gəldikdə isə evin yaşamaq üçün yararsız vəziyyətdə olduğunu aşkar etmişdir. Belə ki, evin bütün divarlarında iri çatlar əmələ gəlmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq əşyaların əksəriyyətini evdə yerləşdirərək ailə üzvləri ilə birlikdə bu günə kimi hər ay 250 manat ödəməklə başqa evdə kirayədə yaşayır. Bundan başqa həmin evə görə aylıq 146 manat "xxxx" ASC-yə kredit borcu ödəyir. İddiaçı evin vəziyyəti ilə əlaqədar ilkin olaraq evi ona satan Fuad Əliyevə, Azərbaycan Respublikası İpoteka Fonduna, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası İpoteka Fondunun əməkdaşları yerli baxış zamanı evin dörd tərəfini qazdırdıqları vaxt evin bünövrəsinin bəzi yerlərdə 7 sm, bəzi yerlərdə isə 14-17 sm olduğunu və heç bir yerdə dəmir karkasın olmadığını aşkar etmişlər. Bu səbəbdən də evin tikinti normalarına uyğun tikilmədiyini, evin ağırlığa davam gətirməyərək bünövrədəki çatların divarlara və arakəsmələrə təsir göstərdiyi üçün qəzalı vəziyyətə düşdüyünü, evi tikib satanla sığorta fonduna müraciət edilməsini iddiaçıya bildirmişlər. Lakin iddiaçının müvafiq orqanlara müraciətlərinə və şikayətlərinə baxmayaraq məsələnin həlli bu günə kimi nəticəsiz qalmaqdadır. X2 polisə də şikayət etmiş, lakin istintaq orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı evi istismara qəbul edən Cavabdeh rəyinə inanaraq, yəni evin tikinti inşaat normalarına tikildiyinə əmin olaraq əldə etdiyi üçün ilk növbədə həmin orqanı cavabdeh hesab edir. Belə ki, cavabdeh sözügedən evi dövlət qeydiyyatına alarkən evin istismara yararlı olubolmaması, tikinti norma və qaydalarına uyğun tikilməsini ciddi yoxlamalı və Azərbaycan Respublikası FHN-nin evin istismara qəbulu haqqında tətbiq etdiyi aktdan sonra evi istismara yararlı hesab edib qeydiyyata salmalı idi. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-3/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi və hazırda ipoteka predmeti olan ev tikinti norma qaydalarına uyğun olmayan keyfiyyətsiz tikinti materiallarından keyfiyyətsiz tikildiyi üçün, yararsız hala, qəzalı vəziyyətə düşdüyü halda, istismara qəbil etdiklərinə görə cavabdeh qismində Abşeron RİH-ə qarşı məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi isə qərarda gözlə görünən fakt və sübutları foto və video görüntüləri ekspertlərin rəylərini belə əsas götürməyib iddianın rədd edilməsinə dair qərar qəbul etmişdir. Yerli baxış keçirməsi üçün vəsatət versələr də, məhkəmə tərəfindən heç bir zaman həmin qəzalı evə baxış keçirilməmiş, vəsatətləri cavabsız qalmışdır. Vizual baxışdan da görünür ki, evin təkcə bünövrəsi deyil, bütün hissəsi çat verib və keyfiyyətsiz materiallardan inşa olunub, dəmir beton karkasların aqibətini də rəylərdə görərdi. Evin iki mərtəbə ara döşəməsi 12-14 sm olmalıdır, evdə isə 7-8-9 sm nazik armaturla karkas edilib, dəmir-beton döşəməsi nazik və keyfiyyətsiz inşa edilib. Bu da normadan çox azdır. İki mərtəbə arası döşəmə üçün tökülən, beton olduğu otağa daxil olan zaman döşəmələr silkələnir. Evin birinci mərtəbəsində iki otaq ara kəsməsi taxta və DVP-ilə arakəsmə hörülüb. Onun üstündə 7-8 sm., bəzi yerlərdə isə 9 sm olan arakəsmə döşəmə üstündə ikinci mərtəbədə isə otaqların arakəsməsi mişar daşından hörülüb. Otaqların taxta arakəsməsinin üzərində 2-ci mərtəbədə mişar daşından olan hörgüsü, analoqu olmayan inşaat üsulu ilə tikilmişdir. Evin giriş-çıxış qapısının üstündə olan dəmir beton plitə keyfiyyətsiz olduğundan hətta günəş şüalarına, yağışlara dözməyərək çökmüş və sökülüb dağılmışdır. İddia ərizəsində texniki səhvə yol verilərək, iddia ərizəsində texniki səhv olaraq maddi və mənəvi ziyanla, evə görə tələbin yerlərini dəyişik yazmışdır. Əslində o, evə görə tələbi 70.000 (yetmiş min) manat, maddi və mənəvi ziyanı isə 150.000 (yüz əlli min) manat dəyərləndirir. Hesab edir ki, iş üzrə sədrlik edən hakim işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual qanun pozuntularına yol verməklə yalnış nəticəyə gəlmiş və qanuni və əsaslı faktlarla sübuta yetirilən iddia tələbini hansı maraqdansa əsassız olaraq təmin etməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda,nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin hallarından görünür ki, İddiaçı, yəni iddiaçı, ipoteka yolu ilə X2 alqı-satqı əsasında daşınmaz əmlak-torpaq sahəsi və üzərində fərdi yaşayış evi əldə etmişdir. Belə ki, "xxxx" ASC, X4 və İddiaçı arasında bağlanmış 04.06.2010-cu il tarixli N İP- 446 saylı alqı-satqı və ipoteka müqavilələrinə əsasən satıcı X4 özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi, Yeni yaşayış massivi ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 165,8 kv m, o cümlədən yaşayış sahəsi 58,4 kv m olan 2 mərtəbəli fərdi yaşayış evini və 0,04 ha torpaq sahəsini alıcı – ipotekaqoyan İddiaçı mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 42000 manatdır, mənzilin dəyərinin 7000 manatı alıcı ipotekaqoyanın özü tərəfindən, 35000 manatı isə kreditor - ipotekasaxlayan tərəfindən 04.06.2010-cu il tarixli kredit müqaviləsinə əsasən alıcı - ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı N0081654-li 16.06.2010-cu il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi Yeni yaşayış massivi 0.04 torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Hazırda yaranmış mübahisə də iddiaçının 04.06.2010-cu il tarixdə alqı-satqı yolu ilə aldığı həmin fərdi yaşayış evi, daha doğrusu həmin evdə aşkara çıxmış qüsurlar barədədir. İddiaçı bildirir ki, fərdi yaşayış evini aldıqdan bir müddət həmin evdə yaşamamış, bir neçə il keçdikdən sonra qayıdıb gəldikdə sonuncunun yaşayış üçün yararsız olduğunu müəyyən etmişdir. Məlumdur ki, qüsurlar müxtəlif səbəblərdən (baxımsız qalma, düzgün olmayan qulluq, təyinatsız istifadə, qarşısı alına bilməyən fors-major hadisə, istismar müddətinin bitməsi və s.) yarana bilər. Eyni zamanda istifadəyə yararlılığa mane olmayan, ağlabatan müddətdə və münasib xərclə aradan qaldırılması mümkün olan cüzi qüsur və yaxud da bunun tam əksinə, keyfiyyətə aid tələbləri əhəmiyyətli dərəcədə pozan, aradan qaldırılması mümkün olmayan və ya tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən, dəfələrlə aşkar edilib aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan ciddi qüsurlar ola bilər. İddiaçı iddia edir ki, ona satılmış fərdi yaşayış evi keyfiyyətsiz tikinti materiallarından keyfiyyətsiz tikildiyi üçün yararsız hala, qəzalı vəziyyətə düşmüşdür. İş materiallarından görünür ki, X2 almış olduğu evin yararsız hala düşməsi ilə bağlı iddiaçının müraciəti əsasında Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru Fuad Məmmədov tərəfindən araşdırma aparılmış və araşdırmanın davam etdirilməsi üçün material rayon polis idarəsinin təhqiqat şöbəsinə göndərilmiş və təhqiqatçısı Rahib Yunusov tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı Fuad Əliyev tərəfindən ona satılmış həmin evin təməlinin yararsız hala düşməsi, həmin evdə yaşayışın olmaması və evin baxımsız qalması, yağış sularının evin altına axması səbəbindən evin özülünün boşalması və bu səbəbdən də evin divarlarında və hasarda çatlar əmələ gəlməsi müəyyən edilmişdir. Ona görə də Fuad Əliyevin əməlində cinayət tərkibi olmadığından 01 may 2015-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Material Abşeron rayon prokurorluğu tərəfindən tələb edilərək öyrənilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar 06 avqust 2015-ci il tarixdə ləğv edilərək əlavə araşdırma aparılmasından ötrü rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. 14 avqust 2015-ci il tarixdə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Material yenidən tələb edilib öyrənilmiş və qəbul edilmiş qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin 18.05.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi mütəxəssis qismində cəlb edilməklə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 1889 nömrəli 18.03.2019-cu il tarixli məhkəmə-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu, eləcə də həmin evin gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa-gücləndirmə işlərinin aparılmasının vacib hesab olunduğu müəyyən edilir. tədqiq olunan yaşayış evinin divarlarında çatların əmələ gəlməsi haqqında yekun rəyi ərazidə mühəndis-axtarış işləri aparıldıqdan və bünövrə alt qrunt əsas öyrənildikdən sonra vermək olar. Lakin bununla belə mütəxəssis rəyinə əsasən, tədqiq olunan fərdi yaşayış evinin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi, həmçinin bina ətrafı sel səkisi olmadığından atmosfer (digər kənar sular) sularının mütamadi olaraq bünövrəyə axması, eləcə də bünövrənin dərinliyinin və eninin mövcud qrunta uyğun seçilməməsi səbəbindən yaşayış evinin tikildiyi vaxtdan indiyə qədər keçən müddət ərzində bünövrəaltı qrunt əsasında (islanıb, quruması səbəbindən) tədricən qeyri-bərabər çökmə baş verdiyi və nəticədə son vaxtlarda binanın ön, arxa və orta boyuna divarlarında iki tərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunur. İddiaçının nümayəndəsinin vəsatətinə əsasən sözügedən yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa-gücləndirmə işlərinin aparılması üçün nə qədər vəsaitinin tələb olunmasının müəyyən edilməsi məqsədi ilə məhkəmənin 10.06.2019-cu il tarixli qərardadına əsasən "xxxx" MMC mütəxəssis qismində cəlb edilməklə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 18893 saylı 19.11.2019-cu il tarixli məhkəmə-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş 18.10.2019-cu il tarixli 102 saylı mütəxəssis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri, Yoncalıq ərazisi Yeni yaşayış massivində yerləşən İddiaçı məxsus 3 otaqlı, ümumi sahəsi 165,8 kv m olan iki mərtəbəli fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olması, ikinci mərtəbədə dəmir-beton sütünların olmaması, bünövrəaltı dəmir-beton konstruksiyanın müxtəlif ölçülü 15,0 sm və 7,0 sm olması, hamar olmaması və birinci mərtəbənin tavanına qədər olan sütunların ovulması səbəbindən həmin fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa-gücləndirmə işlərinin aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/613 saylı 02.11.2020-ci il tarixli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 04.09.2020-ci il tarixli 85 saylı mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən 5 otaqlı, 165,8 kv m olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82183,0 manat məbləğində vəsaitin tələb olunduğu müəyyən edilmişdir. Ekspert rəyinin əsaslanıdığı mütəxəssis rəyində göstərilmişdir ki, tədqiq olunan fərdi yaşayış evinin dövrə boyu qazıntı işləri aparılmış və tikilinin üç tərəfində və arakəsmə divarı altında mövcud olan dəmir-beton kəmərinin hündürlüyü 15,0 sm, tikilinin bir divarının bünövrəsinin isə 7,0 sm olduğu müəyyən edilmişdir. Həmin yük daşıyan divarın dəmirbeton bünövrə altı və arakəsmə divarlarının altındakı dəmir-beton konstruksiyasının ovxalanması, hamar olmaması hallarının olduğu və tikinti texnologiyasına uyğun olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 04.06.2010-cu il tarixdə alqı-satqı yolu ilə aldığı fərdi yaşayış evinin yaşayış üçün yararsız olduğunu bildirərək, ona vurulmuş zərərin əvəzinin ödənilməsini (həmin evin bərpasına çəkilməli xərclərin, eyni zamanda mənəvi zərərin ödənilməsi) tələb edir. Demək ki, iddiaçı, ona lazımi keyfiyyətdə olmayan malın (əmlakın) verildiyini əsas gətirir və məhz bu əsasa söykənərək ona zərər vurulduğunu iddia edir. İddiaçının belə bir tələbi qanunun göstərişindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə əsasən, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. İstinad olunan normalardan da göründüyü kimi alqı-satqı müqaviləsinin predmetinin istər daşınar, istərsə də daşınmaz əşya olmasından asılı olmayaraq, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Hazırkı halda da əgər satıcı iddiaçıya fərdi yaşayış evi satmışdırsa, həmin əmlak ən birinci növbədə ağlabatan istismar müddəti ərzində yaşayış üçün yararlı olmalıdır. Əks təqdirdə sonuncunun ona vurulan zərərin əvəzini satıcıdan tələb etmək hüququ yolveriləndir. Lakin hazırki işin hallarından görünür ki, iddiaçı hazırki iddiasını ona mübahisəli fərdi yaşayış evini satmış şəxsə, yuxarıda sadalanan normalara əsasən belə məqamlarda yaranacaq iddialara cavab verməli olan satıcıya qarşı deyil, Cavabdehnə qarşı yönəltmişdir. İddiaçı evi istismara qəbul edən Cavabdeh rəyinə inanaraq, yəni evin tikinti inşaat normalarına uyğun tikildiyinə əmin olaraq əldə etdiyi üçün ilk növbədə həmin orqanı cavabdeh hesab edir. Belə ki, Cavabdeh tərəfindən 330 saylı 14.10.2005-ci il, 375 saylı 06.10.2006-cı il və 1046 saylı 17.12.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” aktdan görünür ki, X4 tərəfindən Xırdalan şəhərində yerləşən inşası başa çatmış ikimərtəbəli fərdi yaşayış evi istifadəyə qəbula təqdim edilmişdir. İnşa edilmiş binanın tikintisi X4 tərəfindən özünümaliyyələşdirmə şəklində yerinə yetirilmişdir. Komissiya işlərin inşaat normaları və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək yaşayış evini istismara qəbul etmişdir. Kollegiya qeyd edir ki, prosessual hüquq nəzəriyyəsində cavabdeh - iddia tələbinin yönəldiyi şəxs, başqa sözlə iddiaya cavab verməli olan şəxsdir. İddiaçının tələbinə görə cavabdeh onun subyektiv hüququnu və ya qanunla qorunan marağını pozur və ya ona mübahisə edir. Məhkəmə icraatında iddiaçı və cavabdeh ona görə “tərəflər” adlandırılır ki, digər şəxslər deyil, məhz iddiaçı ilə cavabdeh hüquq münasibətinin və ya mübahisəsinin yaranmasında bilavasitə iştirak edir və bununla da bu prosedurun iştirakçısına çevrilirlər. Bu səbəbdən də onlara “tərəf” adının verilməsi təsadüfi deyil. Başqa sözlə, iddiaçı və cavabdeh mübahisəli hüquq münasibətinin tərəfi olurlar. Kollegiya qeyd edir ki, ikitərəfli müqavilələrdə də (məsələn elə alqı-satqı müqaviləsi) nəzərdə tutulan öhdəliklərdə tərəflər həmin hüquq münasibətlərinin subyekti olur və tərəflərin müəyyən olunması onlar arasında hüquq və vəzifənin bölünməsindən irəli gəlir. Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Göründüyü kimi öhdəlik onda iştirak edən konkret tərəflər arasında hüquq və vəzifə yaradır. Bu qaydadan istisna iki halda ola bilər. Başqa sözlə, üçüncü şəxslər mülki-hüquqi öhdəliklərdə iki formada iştirak edə bilər: 1) Öhdəlik üçüncü şəxsin xeyrinə olduqda; 2) Öhdəliyin icrası üçüncü şəxsə tapşırıldıqda. Əgər bu iki halın heç biri yoxdursa, öhdəlikdə, onda iştirak etməyən üçüncü şəxsin üzərinə vəzifə qoyula bilməz. Bəhs olunanların hazırki işə tətbiqi onunla bağlıdır ki, hazırda yaranmış mübahisəli hüquq münasibətinin bir tərəfi iddiaçı, digər tərəfi Cavabdeh deyil. Çünki sonuncu mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı, tərəfi deyil, zərərin ödənilməsi tələbi üzrə cavabdehlik daşıya bilməz, buna görə də onun üzərinə hər hansı vəzifə ( məsələn zərərin ödənilməsi) qoyula bilməz və bu səbəbdən də bu iddiaya cavab verməli olan orqan deyil. Belə ki, iddiaçının marağını ona lazımi keyfiyyətdə olmayan daşınmaz əmlak satmış satıcı pozmuşdur. Bu səbəbdən də iddiaçı ona vurulmuş zərərin əvəzini Cavabdehndən deyil, lazımi keyfiyyətdə olmayan malın ona satılmasına nail olmuş şəxsdən - X2 tələb etməli idi. Kollegiya hesab edir ki, iddiaçı öz hüquqlarının müdafiəsi üçün düzgün iddia növündən istifadə etməyib, inzibati orqanla iddiaçı arasında hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı hər hansı hüquq münasibəti yaranmayıb, cavabdeh bilavasitə iddiaçının hüququnu pozan hərəkətə yol verməyibdir. Göründüyü kimi hazırkı halda iddiaçı mülki hüquqi əqd olan alqı-satı müqaviləsinə əsasən, əldə etdiyi daşınmaz əmlakın yaşayış üçün yararlı olmadığını, üçüncü şəxsin ona lazımi keyfiyyətdə olmayan əşya satdığına istinad edərək, üçüncü şəxs Fuad Kərimovdan aldığı evin pulunu qaytarmağı və yaxud evi təmir etməyi tələb etmiş, hətta bununla əlaqədar Fuad Kərimovun hərəkətlərindən hüquq mühafizə orqanlarına şikayət etmiş, əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçıya dəymiş zərərə görə məsuliyyəti həmin evi istismara qəbul etmiş orqan daşıya bilməz. Həmin orqanla iddiaçı arasında hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə bağlı inzibati münasibət yaranmamış, iddiaçıya ziyanın vurulmasına səbəb məhz evin istismara qəbul edilməsi olmamış, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halına yol verilməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndində deyilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə də müəyyən olunur ki, hazırki iddia mümkünlük şərtlərinə cavab vermir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 saylı qərarda qeyd edilir ki, iddianın mümkünlüyü ilə bağlı məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar” Lakin qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Həmçinin qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə cavabdehin əsl cavabdehlə əvəz olunması ilə bağlı məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım edilməsinə zərurət görməmişdir. Belə ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi nəticə etibarilə yenə də, iddianın mümkünsüzlüyünə səbəb olacaqdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki iddianın yönəlməli olduğu şəxs isə nə inzibati orqandır, nə də inzibati akt qəbul etmək səlahiyyətinə malik fiziki şəxsdir. Bundan əlavə, mülki hüquqi əqd olan alqı-satqı müqaviləsi zamanı lazımi keyfiyyətdə olmayan əmlakın satılması səbəbindən vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Çünki, hazırkı halda ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmamış, bu münasibətlər xüsusi hüquqla tənzimlənir. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. “İnzibati məhkəmə içraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxüd, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. İddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-3/2021 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar